525.Az

Orfoqrafiya qaydaları ciddi məsələdir


 

Orfoqrafiya qaydaları ciddi məsələdir<b style="color:red"></b>

Azərbaycan əlifbasının yaradılması, Azərbaycan türkcəsinin orfoqrafiya qaydalarının tərtibi və təkmilləşdirilməsi, bu qaydalara əsaslanan mükəmməl orfoqrafiya lüğətlərinin nəşri uğrunda mübarizənin 250 ildən artıq tarixi var.

Böyük mütəffəkkir Mirzə Fətəli Axundzadənin başladığı bu işi sonralar Ömər  Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Sultan Məcid Qənizadə, Əhməd bəy Ağaoğlu kimi vətənpərvər ziyalılarımız davam etdirmişlər. Bu sahədə ilk praktik addım isə 1919-cu ildə atılıb. Həmin ilin martında yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə milli hökumətin yaratdığı xüsusi komissiyaya üç layihə təqdim olunmuş, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdi.

Bu sahədə əsas inkişaf isə Sovet hakimiyyəti illərində olmuşdur. 1926-cı ildə I Ümumittifaq Türkologiya qurultayında orfoqrafiya məsələsinə də xüsusi yer verilmiş, bir qədər sonra isə Azərbaycanın, demək olar, bütün qəzet və jurnallarında (“Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Molla Nəsrəddin”, “Maarif və mədəniyyət”) orfoqrafiya məsələsi daimi müzakirə obyektinə çevrilmişdi. Mübahisə və müzakirələrə yekun vurmaq məqsədilə 1928-ci ildə I Azərbaycan İmla Konfransı çağırılmış, 1929-cu ildə həmin konfransda qəbul olunaraq Dövlət Elm Şurasının və Maarif Komissarlığının Kollegiyasında təsdiqlənmiş “Azərbaycan dilinin imla lüğəti və imla qaydaları” Vəli Xuluflunun imzası ilə nəşr olunmuşdu. 1931-ci ildə II İmla Konfransı keçirilmiş, burada yeni “Qaydalar” qəbul edilərək 1936-cı ildə nəşr edilmişdi.

Kiril əlifbası əsasında yaradılmış yeni Azərbaycan əlifbasına keçidlə əlaqədar olaraq 1940-cı ildə ilk yeni orfoqrafiya qaydaları və lüğəti, 1954-cü ildə isə “Qaydalar”ın yeni, təkmilləşdirilmiş variantı buraxılmışdır.

1955-ci ilin yayında Azərbaycan SSR Elmlər Akademiyasında S.Vurğunun sədrliyi ilə keçirilmiş orfoqrafiya müşavirəsində respublikanın tanınmış alimləri, yazıçıları, müəllimləri bir sıra təkliflər irəli sürürlər. 14 nəfərlik (Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Cəfər Xəndan Hacıyev, Mir Calal Paşayev və b.) komissiya “Qaydalar”da edilən dəyişikliklərə və təshihlərə yenidən baxaraq 1957-ci ilin aprelində Mirzə İbrahimovun sədrlik etdiyi müşavirənin müzakirəsinə verir. Qəbul olunmuş layihə 1957-ci il sentyabrın 4-də “Kommunist”, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində müzakirə üçün dərc olunur, 1958-ci ildə orfoqrafiya qaydaları, 1960-cı ildə isə orfoqrafıya lüğəti çap edilir. Lüğətin 1975-ci ildə kitab şəkilində buraxılmış (artırılmış və təkmilləşdirilmiş) 3-cü nəşri 2004-cü ilədək qüvvədə olmuşdur.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən (1991) sonra Azərbaycan əlifbasının latın qrafikası əsasında yenidən tərtibi və tədricən Kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi barədə qərar qəbul edilmişdir.

2001-ci il iyunun 18-də verilmiş Prezident fərmanına əsasən, həmin il avqustun 1-dən bütövlükdə latın qrafikasına keçildi və 2004-cü və 2013-cü illərdə yeni orfoqrafiya lüğətləri işıq üzü gördü.

Nəhayət, 2017-ci ilin dekabrında yeni “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanaraq müzakirəyə verilib.

Mən də layihə ilə bağlı redaktə xarakterli qeydlərimi sevimli qəzetimizin oxucularının və AMEA-nın Orfoqrafiya Komissiyası üzvlərinin nəzərinə çatdırmaq istəyirəm.

1. Layihənin 2-ci bəndində deyilir ki, “son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər q hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s.

Əslində isə lüğəvi şəraitdə bu sözlərin heç birinin son səsi [ğ] kimi tələffüz olunmur. Ona görə də “və ya [ğ]” ifadəsi çıxarılmalıdır. Elə buradaca Qazax və Yevlax sözlərinə də aydınlıq gətirmək lazımdır. Məncə, onlar etimologiyalarına uyğun olaraq Qazaq və Yevlaq kimi yazılmalı, Qazax və Yevlax kimi  tələffüz olunmalıdır.

2. 3-cü bəndin “Qeyd” hissəsində deyilir ki, “söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə isə bu qayda şamil edilmir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, texnik-texnikin və s”.

Buradakı mexanik, texnik sözləri bu bəndə uyğun deyil, onların son səsi [k?] kimi tələffüz olunur.

3. 5-ci bənd: “Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng və s.

Qeyd: Bu qayda ahəng, qəşəng, nəhəng kimi alınma sözlərə də şamil edilir”.

Məncə, bu iki cümləni birləşdirib belə yazmaq olar: “-əng sonluqlu milli və alınma sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng,  ahəng, qəşəng, nəhəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir”.

4. 6-cı bənd: “Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc və s”. Buradakı “həm [c]” hissəsi artıqdır.

5. 9-cu bənd: “İkinci hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən, i ilə yazılır: külli (miqdarda), müdir, müdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s”.

Bu bənd belə yazılsa, daha yaxşıdır: “Son hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır”. Çünki bu qaydaya çoxhecalı sözlər də daxil ola bilər. Məsələn, təsadüfi.

6. 11-ci bənddə və sonrakı bəndlərin bəzilərində “sonu filan səslə bitən” ifadəsi var. Buradakı “sonu” sözü pleonazm, yəni artıq sözdür.

7. 14-cü bənd: “Rus dilində tərkibində ü samiti olan Avropa mənşəli alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür”. Bu samit təkcə rus dilində işlənmir, latın, ingilis, alman dillərində də var. Buna görə də həmin bənd belə yazılmalıdır: “Latın və ingilis dillərində tərkibində c, alman dilində z, rus dilində ü olan Avropa mənşəli alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür”.

8. 16-cı bənd: “Rus dili vasitəsilə dilimizə keçmiş aşağıdakı alınma sözlər (ümumi və xüsusi isimlər) əslinə uyğun olaraq h hərfi ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, heroqlif, Heyne, hidrogen, himn, hospital, Höte, humanizm və s”. Burada Höte sözü alman dilində h ilə deyil, G ilə yazılır: Goethe. Azərbaycan dilində bu söz mənbə dildəki tələffüzə uyğun olaraq Qoythe kimi, Heyne isə Hayne kimi işlənməlidir.

9. 17-ci bənd: “Birinci və ikinci hecasındakı samiti, əsasən [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zənbil.

Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.

Buradan belə çıxır ki, cəmi 4 söz m ilə yazılır. Halbuki tambur, tamburin, müşəmbə, vampir kimi m ilə yazılan xeyli söz var. Bunu da nəzərə almaq lazımdır ki, dilimizdə həm Qənbər, həm də Qəmbər sözləri var.

10. 21-ci bənd: “Mənbə dildə g samitli alınma sözlər g ilə də yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, gimnastika, gitara və s”. Burada verilmiş gigiyena sözü mənbə dil olan yunan dilində g ilə yox, h ilə başlanır: hygieinos. Deməli, bizim dildə o, higiyena formasında olmalıdır. Eyni fikir Praqa sözünə də aiddir (Mənbə dildə: Praha). Alman dilindən alınmış qalstuk sözü halstux kimi yazılmalı və deyilməlidir (almancası: halstuch. Hals - boyun, tux - mahud, parça).

11. 34-cü bənd: “Mənbə dildə ss qoşa samiti ilə başlanan ssenari sözünün əvvəlində bir s hərfi yazılır: senari”. Ssenari mənbə dildə (İtaliya) ss qoşa samiti ilə deyil, sc samitləri ilə başlanır: scenario. Ona görə də bu sözü əvvəlki formada (ssenari) saxlamaq lazımdır. Bundan başqa, dilimizdə ssuda sözü də var. Bəs o necə yazılsın?

12. 35-ci bənd 30-cu bəndlə ziddiyyət təşkil edir. 30-cu bənddə deyilir ki, “iki sait arasında gələn qoşa samitli sözlər qoşa samitlə yazılır: ballada, kapella, kassa, klassik, qəyyum, libretto, nəqqaş, operetta, səyyar, şassi, vassal, və s”. 35-ci bənd isə belədir: “Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s”.

13. 43-cü bənd: birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çalarlığı bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər defislə yazılır: açıq-sarı, ala-seyrək, tünd-göy və s.” Zənnimcə, açıq-sarı, tünd-göy defissiz (ayrı) yazılsa, daha yaxşıdır.

14. 45-ci bəndin “qeyd” hissəsində deyilir: “Xas qoşması istisnadır, aid olduğu sözdən ayrı yazılır: Bu dilə xas xüsusiyyət”. Məncə, buradakı xas sözü, qoşmadan daha çox sifət rolunda çıxış edir. Qeydlərin 1-ci bəndində ikivariantlılığa yol verilib: “İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: çəkiclə, qatarla, qələmlə və s”.  Zənn edirəm ki, birmənalı olmalıdır: “İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazılır: çəkiclə, qatarla, qələmlə və s.

15. “Birinci hərfi böyük yazılan sözlər” bölməsində (51-61-ci bəndlər) fakültə və kafedra adlarının necə yazılmalı olduğuna aydınlıq gətirilməlidir.

16. 62-ci bənd. AzərTAC-dakı c Acans sözünün 2-ci hərfi olduğu üçün, məncə, kiçik hərflə yazılsa, yaxşıdır: AzərTAc. Eyni qaydada YUNESKO sözündə də u kiçik hərflə yazılmalıdır: YuNESKO.

Son olaraq qeyd etmək istəyirəm ki, “Orfoqrafiya qaydaları” çox ciddi məsələdir. Ona görə də müvafiq qurumlardan xahişim budur ki, layihəni təsdiqə verməyə tələsməsinlər. Geniş müzakirə olunsun, rəylər toplanıb ümumiləşdirilsin, bir də baxılsın və mükəmməl şəkildə nəşr olunsun.

Nəsir ƏHMƏDLİ
Professor

 





20.01.2018    çap et  çap et