525.Az

Musiqiyə və ulu tara sonsuz sevgiylə...


 

TANINMIŞ MUSİQİÇİ ARİF AZƏRTÜRK MİLLİ İFAÇILIQ SƏNƏTİMİZİN XARİCDƏ TANIDILMASI YOLUNDA ARDICIL FƏALİYYƏT GÖSTƏRİR

Musiqiyə və ulu tara sonsuz sevgiylə...<b style="color:red"></b>

Vətən yalnız şəhidləri, qəhrəmanları, sərkərdələri ilə deyil, həm də onun adını dünyaya tanıdan, milli adət-ənənələrini, özünəxas dəyərlərini müxtəlif ölkələrdə minlərlə, milyonlarla insanların tanımasına səbəb olan vətəndaşları ilə də öyünür.

Belə insanlardan biri də yalnız Azərbaycanda deyil, xaricdə də tanınan mahir musiqiçi Arif Azərtürkdür.  O, 1967-ci ildə Bakıda doğulub. Hələ uşaq vaxtından musiqini çox sevən Arifdəki istedadı sezən valideynləri onu 1977-ci ildə uşaq musiqi məktəbinə yazdırıblar. Orta məktəblə musiqi məktəbini birgə oxuyub və 1983-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə daxil olub. 1987-ci ildə buranı bitirərək təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Azərbaycan Dövlət Musiqi Akademiyası) davam etdirərək, 1993-cü ildə tamamlayıb.

Arif Azərtürk hələ tələbəlik illərindən peşəkar musiqi karyerasına başlayır. O, 1983-1985-ci illərdə Mədəniyyət Nazirliyinə bağlı “İRS” Folklor Ansamblında ud və saz ifaçısı kimi çalışır. 1984-1985-ci illərdə həmçinin Opera və Balet Teatrının semfonik orkestrında tarzən-orkestrant olaraq yarım-ştat işləyir. 1985-1988-ci illərdə Əhməd Bakıxanov adına Azərbaycan Dövlət Radio və Televiziyasının Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi çalışan sənətçi hərbi xidmətini başa vurduqdan sonra 1989-1991-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında ud ifaçısı, 1990-1991-ci illərdə isə Konservatoriyada repetitor vəzifələrini icra edir.

1991-ci ildə hələ tələbə ikən keçmiş SSRİ Mədəniyyət Nazirliyi tərəfindən Suriyaya göndərilərək oradakı Dəməşq Konservatoriyasında ud müəllimi kimi 2 il dərs deyir.

Arif Azərtürk artıq 15 ildir ki, fəaliyyətini Türkiyədə davam etdirir. 1993-cü ildə qardaş ölkəyə üz tutan sənətçi burada Sivas Dövlət Türk Xalq Musiqi Xorunda Tar ifaçısı kimi bir il çalışır. 1994-cü ildən 2002-ci ilə kimi Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında dərs verir.

Sənətçinin fəaliyyəti bununla da yekunlaşmır. O, hələ könül verdiyi sənətə gəldiyi ilk illərdən Azərbaycan musiqisini, Azərbaycanın ən qədim simli alətlərindən tarı bütün dünyada tanıtmağı qarşısına məqsəd qoyub. Buna görə də 1980-ci ildən bəri Türkiyə, Suriya, Rusiya, Ukrayna, İngiltərə, İtaliya, İspaniya, Fransa, Kanada, Amerika, Belçika, Danimarka, İsveçrə, Misir və digər ölkələrdə müsabiqələrə, konsertlərə və festivallara qatılıb, solo və orkestrlərlə birgə konsertlər verib.

2003-2011-ci illərdə İstanbul Texnik Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 2011-2015-ci illər arasında Hollandiya Den Haaq Universitetində “etno muzikal” olaraq dərslər verir. 2016-cı ildən etibarən Türkiyəyə qayıdıb Mədəniyyət Nazirliyi Türk Dünyası Rəqs və Musiqi Topluluğunun rəhbəri kimi vəzifə alır.

Bioqrafiyasından da göründüyü kimi, Arif Azərtürkün yaradıcılığı yalnız tar ifaçılığı və ya musiqinin bir sahəsilə məhdudlaşmır, daha geniş sahəni əhatə edir.

Azərbaycanın qədim tarixə malik milli aləti olan tar əvvəllər dünya ölkələrində çox da tanınmırdı. Özünün də dediyi kimi, tarın mürəkkəb quruluşu və onda ifa etməyin çətinliyi bəlkə də bir çoxlarını bu gözəl musiqi alətindən uzaq salırdı. Amma Arif Azərtürk Suriyada, Türkiyədəki Konservatoriyalarda tələbələrinə bu sənətin və tarın sirlərini öyrədərək, onun dünyada tanınmasında mühüm iş görmüş olur. Yəni qəhrəmanımız “tar çətin alət olsa da, onu Türkiyədə sevdirməyə qərarlıyam” - deyir.

O, həmçinin, Türkiyəyə getdikdən sonra türklərin Anadolu bağlaması adlanan milli musiqi alətində ifa etməyi öyrənərək özüylə birgə Azərbaycana gətirib, bu alətin azərbaycanlılar tərəfindən tanınıb qəbul olunmasına yol açıb. Bu cür fərqli musiqi alətlərinə marağını və sevgisini dilə gətirən ifaçı tarın onun dünyasında ayrı bir yerdə olduğunu tez-tez vurğulayır: “Hərdən dostlarım buna görə mənə sataşıb zarafat edirlər. Mən də onlara deyirəm ki, məqsədim hər işə əl atmaq deyil, sevdiyim işlə məşğul olmaqdır və mən də bunların hamısını sevirəm, musiqini sevirəm. İfa etdiyim bütün alətlər sultanlarım, baş tacımdır. Tar isə onların imperatorudur”.

Arif Azərtürkün tara olan sevgisi o qədər dərin və içdəndir ki, o, təkcə tarın ifası, tədris və təbliğilə kifayətlənməyib, özü də tar düzəltməyi öyrənib. O, tarı özünə məxsus olan emalatxanasında hazırlayır. Tarın hazırlanmasının çox çətin və ağır zəhmət, yüksək diqqət tələb edən iş olduğunu deyən sənətkar sevgi olan yerdə hər bir işin öhdəsindən gəlməyin mümkünlüyünə əmindir: “Tarı özün hazırlayıb özün də ifa edə bilməyin möhtəşəm və fərqli bir hissdir. Düşünün ki, çox uzun müddət bir tarı hazırlamaq üçün zəhmət çəkirsən və iş bitəndən sonra sinənə sıxıb tellərini dilləndirirsən. İnsan bütün yorğunluğunu beləcə unudur. Sanki öz övladın kimidir. Üzərində çalışırsan, zəhmətini, nazını çəkirsən, sonra isə bəhrəsini görürsən”.

İstəyi hələ tələbə ikən Türkiyəyə gedib, musiqi təhsilini orada davam etdirmək olan Arif Azərtürk mövcud quruluşun, Sovetlər Birliyinin Türkiyə ilə bağları qopardığı bir zamanda bu arzusuna nail ola bilmir. Onun istəyi Türkiyədən sonra Ərəb ölkələrinə getmək olsa da, həyat ona əksini yaşadır, yəni Ərəb ölkələrindən sonra Türkiyəyə gedir və orada məskunlaşır.

O, əsas məqsədinin Şərq ölkələrinin mədəniyyətlərini araşdırmaq, onların arasındakı tarixi bənzərliyi, ortaqlığı öyrənmək və əlbəttə ki, Azərbaycan musiqisini, tarı dünyada tanıtmaq olduğunu deyir.

Türk sənətçisi Ənvər Merallı onun haqqında “həddindən artıq məsuliyyətli insan” - deyə bəhs edir. Xalq artisti Brilliant Dadaşova isə: “Musiqiçilər həssas, ətrafına xoşbəxtlik yayan insanlardır. Arif də ruhu ilə, varlığı ilə musiqi adamı olduğundan ən azından pis ürəyə sahib ola bilməz” - deyir.

1995-ci ildə Türkiyədə tar və piano ifalarından ibarət albom hazırlamaq istəyərkən gözlənilməz qəza onun bu istəyinin 10 il ləngiməsinə səbəb olur. Beləliklə, o, 2005-ci ildə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Ay işığı” albomunu buraxır. Yer alan 17 əsərdən yalnız “Ayrılıq” və “Nazəndə sevgilim” mahnıları türkiyəli dinləyiciyə tanış olan albomda digər 15 əsərin hər biri Azərbaycanın görkəmli bir bəstəkarına aiddir. “Ay işığı” albomu ümumilikdə dünyanın 120 ölkəsinə göndərilib və böyük marağa səbəb olub.

Arif müəllimi sevindirən bir iş də artıq Azərbaycan tarının Türkiyənin bir çox Konservatoriyalarında tədris olunmasıdır. Heç təsadüfi deyil ki, o, bir baxımdan, özünü Azərbaycanla Türkiyə arasında mədəniyyət elçisi adlandırır.

Arif Azərtürk eyni zamanda, səmimi və təvazökar insandır. Bunu onun müsahibələrindən və dostlarının, həmkarlarının onun haqqındakı fikirlərindən də öyrənmək olur. Musiqiyə bütün qəlbilə bağlı olan, həyatını işinə həsr edən sənətkarın gələcək planları da məhz işi və çox sevdiyi tarla bağlıdır.

Tez-tez müxtəlif ölkələrdə qastrollarda, konsertlərdə olan tarzən gələcəkdə də  daimi məskəni kimi Türkiyədə - İstanbulda yaşamağı düşünür. Özünün sözlərinə görə, İstanbulda onu özünə cəlb edən ən böyük özəllik qədim tarixi ilə yanaşı, fərqli ölkələrdən, fərqli yerlərdən olan insanların məhz bu şəhərdə qaynayıb-qarışması, bu fərqlilikdən yaranan çağdaş və özünəxas mədəniyyətdir. Buna görə də o, Türkiyəni, xüsusən İstanbulu dünyaya açılan böyük qapı adlandırır.

 





20.01.2018    çap et  çap et