525.Az

Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln


 

Amerikanın xilaskar peyğəmbəri - <b style="color:red">Abraham Linkoln</b>

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti, ölkəsinin və xalqının tarixində dərin və silinməz iz buraxan Abraham Linkoln Vətəndaş müharibəsi ərzində (1861-1865-ci illər) Birliyi qoruyub saxlamış və ölkədəki qulları bütünlüklə azadlığa çıxarmışdı.
 
Amerikan qəhrəmanları arasında Linkoln öz həmvətənlərinə və həmçinin, digər ölkələrin xalqlarına ünvanladığı unikal bir çağırışını indiyədək davam etdirir. Onun nöqteyi-nəzərinə görə, Birlik təkcə özünün naminə deyil, həm də nəcib bir idealı təcəssüm etdirdiyinə görə xilas edilməyə layiq idi. Bu, özünü idarəetmə idealı olan dövlət, bütün dünyanın xalqları üçün xüsusi maraq kəsb edirdi. Müasir ABŞ xarici siyasətindən fərqli olaraq, o vaxtkı dövlət başqa ölkələrin və xalqların işinə qarışmır, özünün taleyinə aid məsələləri həll etməyə çalışırdı. Malik olduğu cazibə qüvvəsi də, Linkolnun yaddan çıxmayan çağırışının universallığı da həmin vaxtdan mövcuddur.

Məgər bu müqayisəsi çətin tapılan ideyanın və fəaliyyətin vəhdəti onu Bibliya qəhrəmanları sayılan peyğəmbərlərin - Moisey və ya adını daşıdığı Abrahamın səviyyəsinə qaldırmırmı? Bibliyadakı Abraham əgər Allaha sədaqətinə görə oğlu İsaakı qurban verməyə hazır idisə, ancaq Allahın mərhəməti hesabına bu fədakarlıq da heç ona qismət olmamamışdı. Abraham Linkoln isə öz ölkəsi və amerikan xalqının gələcəyi naminə ən ağır sınaqlardan keçdi və nəhayət, məqsədi əsasən həyata keçdikdə məhz bu yolda da həlak oldu, milli şəhidə çevrildi.

Moisey Allahın köməyi ilə öz xalqını - Misirdə əsarətdə olan yəhudiləri köləlikdən azad edərək vətənlərinə - Xanaana çatdırmağa can atırdı. Abraham Linkoln isə öz ölkəsində köləliyə bütünlüklə son qoyaraq, afroamerikalıları - qara rəngli ölkə vətəndaşlarını azadlığa çıxardı və ABŞ-ı, bütün insanların azad yaşayacağı bir məkana çevirməyə çalışdı.

Linkoln haqqında çox yazılmışdır, bu yazılanlar həqiqətdən nə qədər uzaq olmasa da, əslində bir əfsanə təsəvvürü yaradır. O, bu əfsanə çərçivəsinə də öz amalı və əməli hesabına tam qaydada sığışırdı. Əfsanə şəklində təsvir olunanlar kənara qoyulsa, real, həqiqi Linkoln daha çox bir müəmma idi və əsr yarımdan sonra da məhz elə olaraq qalır. O, öz daxili hisslərini açan adam deyildi, həmin hisslər onun obrazını əhatə edən əfsanə tərəfindən də həmçinin bir qədər gizlədilmişdir.

Ancaq bir cəhət də nəzərə alınmalıdır ki, Linkoln əfsanəsi heç də uydurma deyildir, lakin bu janra məxsus olan bir qayda üzrə onun həqiqi xüsusiyyətlərinin və nailiyyətlərinin çox vaxt böyüdülməsidir. Əfsanə qəhrəman imici yaradır, axı meşənin dərinliklərində yaşayan bir adam ətraf dünyadan virtual çəpər vasitəsilə təcrid olunmuşdu. Özünü üzə çıxaran şəxs kimi rəsmi təhsildən kənarda qalsa da, imkanına uyğun şəkildə tonqal işığında mütaliə ilə bilik qazanmışdı. Siyasi həyata atıldıqdan sonra o, bir iri cüssəli adam olsa da, ancaq siyasət aləmindəki bu kiçik David nəhəng Qoliafla vurulmuş, Bibliyadakı kimi primitiv silahla - adi bir sapandla deyil, ölkənin taleyini müəyyən edən prezident seçkisində öz natiqliyi və fərasəti hesabına ona qalib gəlmişdi.

Həmin mübarizə illəri artıq Linkolna milli populyarlıq və nüfuz qazandırmışdı. O, müharibə illərinin müdriki və “Abraham Ata”sı, bütöv bir xalqın zəncirlərini qırmaqla, ona Böyük Azadlıq verəni, yıxılan, Müqəddəs cümə günündə (İisus da məhz həmin gün çarmıxa çəkildiyindən, bu gün belə adlanır) şəhid olan lider və çox sürətlə öz apofeozuna yüksələn bir insan olmuşdu. Linkoln həm də müharibə dövründə bir siyasətçi kimi yaxın niyyətini gizlətməməklə yanaşı, adətən, düşündüyünü müvafiq qaydada ifadə etmə üsuluna meyil edən bir adam idi. Linkoln yaxşı halda quldarlığın laqeyd bir opponenti idi və qara dərili xalqın heç də böyük dostu sayıla bilməzdi. Şimallılar abolyutsionist hərəkata (Şimal ştatlarında quldarlığın ləğv edilməsi uğrundakı hərəkat) böyük önəm verdikləri halda, o, quldarlığa qarşı həmin kəskin mübarizəyə qoşulmamışdı. O, amerikan irqçiliyinin əsasında dayanan bu ciddi problemlə əvvəllər heç vaxt yaxından məşğul olmamışdı.

Linkolnun həyatının və fəaliyyətinin təsvirində müəyyən mübaliğələrə, hiperbolalara yol verilirsə, buna adi hal kimi yanaşmaq daha düzgün olardı. Axı həmin mübaliğələr onun həyat tərzi və fəaliyyəti ilə heç də əkslik təşkil etmir, əksinə, onun portretini daha canlı və maraqlı təsvir edən yaxşı çalarlar rolunu oynayır. İdealizə edilmiş portret romantik millətçilik ənənəsinə xasdır, çünki millətçilik təkcə real düşüncə ilə qidalanmır, ona daha parlaq cazibə qüvvəsi vermək üçün palitranın müxtəlif boyalarından (rənglərindən) istifadə edir. Linkolnun şəxsiyyətinin təsvirinə gəldikdə, əgər antiəfsanələrə yol verilsəydi, bu, Amerikanın keçmişi ilə ölkənin sonrakı günlərinin uyğun gəlməməsini əks etdirərdi. Həm də, tarixi şəxsiyyətlərin ölçüsü heç də müasir dünyanın standartlarına və tələblərinə uyğun gəlmir. Bir məsələni də unutmaq olmaz ki, hansısa şəxs əfsanəyə çevrildikdə onun tərcümeyi-halı hər dəfə təzədən yazılır.

Həqiqətən də, Linkoln öz dövrünün olduqca böyük adamı idi və bəlkə də, bir əsr sonra prezident seçilə bilməzdi. Kamil olmayan və kənd təsərrüfatı sərhədində, təcrid olunmuş bir cəmiyyətdə böyüməklə o, öz iradəsinin gücü ilə həmin mühitdən çıxmağı bacarmışdı. Onun pionerlik (ABŞ-da Qərbi ilk məskunlaşdıranlara “pioner” deyilir) təcrübəsi də Linkoln üslubunda görülən kimi qalmışdı. İlk bir imkan düşən kimi o, fermerlikdən, kəndlilikdən hüquqşünaslıqla və siyasətlə məşğul olan şəhər adamına çevrilmişdi. Tezliklə o, hər iki sahədə tədricən uğur qazandı. Onun davranışı və yaxşı hissiyyatı fəaliyyətinə göstəriləcək etimadı ilhamlandırırdı. O, qızğın işləməyə alışmışdı və məsələnin bilavasitə özəyinə nüfuz etmək kimi nadir qabiliyyətə malik idi. O, şamın alovunu küləyin əsdiyi istiqamətdə tutmağı da bacarırdı, elə bil ki, bu onun taleyi və həyatının mənası idi. Hər şeydən əvvəl Linkoln ingilis dilindən istifadədəki ustalığı ilə özünü üzə çıxarmışdı, onun ilhamlı danışığı dövrün ibarəli danışığı ilə kəskin əkslik təşkil edirdi. Dili səfərbərliyə ala bilməsi prezident seçilmək üçün onu yarışa girməyə cəsarətləndirmişdi, baxmayaraq ki, o, son bir dekadanın çox illəri ərzində heç bir ictimai vəzifə tutmamışdı və senatorluğa nail olmaq üçün hətta seçkilərdə məğlub olmuşdu.

Geniş mənada götürüldükdə, Linkoln öz təbiəti etibarilə islahatçı deyildi. Lakin onun müharibədəki qələbədən sonra ölkəni birləşdirmək planı, məğlub olan Cənuba yumşaq münasibət timsalı olmaqla yanaşı, islahat yaradıcılığından xəbər verirdi. O, quldarlığa nifrət etsə də, Konstitusiyada onun ləğv edilməsi barədə heç bir yol göstərilmədiyindən, bunu həll etmək üçün milli siyasəti hazırlamağa diqqət verirdi. Ona bir şər institutu kimi yanaşırdı, quldarlığın yayılmasının qarşısını almağa çalışırdı və “bütöv ölkə”yə aid olan bir günü nəzərdə tuturdu. Bir prezident kimi onun birinci vəzifəsi, heç şübhəsiz, Birliyi xilas etmək idi. O, elə bir hüquqa malik deyildi ki, bu müharibəni quldarlığa qarşı səlib yürüşünə çevirsin. Çünki belə hərəkət, həmçinin, Birlik uğrunda vuruşmağa xüsusi ehtiyacın olduğu amerikanların çoxunu bu taleyüklü işdən uzaqlaşdıra bilərdi. Beləliklə, Linkolnun təklif etdiyi Azadlıq Proklamasiyası həm Konstitusiya tələblərinə, həm də siyasi səbəblərə görə sırf hərbi tədbir kimi gündəliyə çıxarılmalı idi.

Bu sənəd, əslində, müharibəni sosial inqilaba çevirdi. Müharibə isə milləti irqi uyğunlaşmanın yeni problemi ilə üz-üzə qoymuşdu. Linkoln dövrünün nəsli bu məsələnin həlli üçün biliyə və mənəvi resurslara malik deyildi. Problem onu narazı salmırdı və Linkolnun yenidənqurma proqramı buna az diqqət yetirirdi. Linkoln təkid edirdi ki, qaralar İstiqlaliyyət Deklarasiyasının təminat verdiyi bütün hüquqlara yiyələnsin. O çalışırdı ki, ağ amerikanların irqi məsələ barədəki qorxusunu sakitləşdirsin və o, ölüm ərəfəsində israr etməyə başlamışdı ki, azad olunan qaralara  siyasi sistemdə hökmən yer verilsin. Həm də o, öz həmvətənlərinin məhdud düşüncəyə malik olduğunu bildiyindən, iki irqli cəmiyyət kimi Birləşmiş Ştatların gələcəyi barədə müəyyən qədər pessimist idi. Qul problemi irqi uyğunlaşma kimi daha çətin problemdən ayrı saxlansa, bunun daha effektli olacağı barədə onun mühakiməsi, güman ki, düzgün idi. Əlbəttə ki, quldarlıq Linkoln və onun müasirlərinin əksəriyyəti üçün daim ən böyük məsələ idi.

Linkoln nəzakətli adam idi, lakin hər şeyi sınaqdan keçirmək istəyirdi. O, yaxşı düzəldilmiş kağız dəstəsini papağının içində saxlayırdı. O, özünü vicdanlı Eyb adlandırırdı, bir sıra böhran anlarında belə, onun nəzakətliliyi, adamların ləyaqətinə həssaslıqla yanaşması, hər kəsə öz təmiz vicdanının güzgüsündə baxması faktları buna əyani misal ola bilər.

Onu öz ətrafında olanlardan bir cəhəti də fərqləndirirdi. Bu adamların üzləri təmiz qırxıldığı halda, Linkoln saqqal saxlayırdı. O, sifətinin kəskin cizgilərini yumşaltmaq üçün saqqal saxlamışdı və nəhayət, bu qaydada bir prezident kimi görünəndə, millət tərəfindən əsl Abraham Ata kimi qəbul edilmişdi. O, ABŞ tarixində ilk saqqallı prezident idi.

Linkolnun ABŞ tarixi üçün nəhəng şəxsiyyət olduğuna şübhə etmək, Yerin Günəş ətrafında fırlanmasını inkar etməyə bərabər olardı. Lakin XXI əsrin əvvəllərində zövqlərin dəyişilməsi hətta tarixi dəyərlərə münasibəti dəyişdirməyə, dəqiq deyilsə, korlamağa da səbəb olur. Bunun utandırıcı nümunəsini Linkolnun siyasi fəaliyyət məkanı olmaqla, vətəni saydığı İllinors ştatının iqtisadi mərkəzi olan Çikaqoda da görürük. Bu şəhərin mərkəzi meydanında məşhur amerikan kinoaktrisası və seks-simvolu olan Merilin Monroya, onun eyni ilə populyar fotoşəklində olan kimi, yubkasını küləyin qaldırdığı formada təsvir edən heykəl qoyulmuşdu. Turistlər buraya axışır, heykəlin yanında şəkil çəkdirir və şıltaqlıq naminə yubkanın qalxan yerindən onun bədəninin intim hissəsini görmək məqsədilə yuxarı da boylanırdılar. Bu, Çikaqoda əxlaq təmizliyi uğrunda mübarizə aparan yaşlı adamlara xoş gəlmədi və onların tələbi ilə heykəl həmin meydandan uzaqlaşdırıldı.

“Müqəddəs yer boş qalmır” zərb-məsəlinə uyğun olaraq, həmin yerdə Abraham Linkolnun heykəli qoyuldu. Buraya turist axını tamamilə dayandı, Monrodan fərqli olaraq, Linkolnun abidəsinə tam laqeydlik hökm sürdü. Gənclər üçün aktrisa Merilin Monronun böyük tarixi şəxsiyyət olan Linkolndan daha yüksək hörmətə layiq olduğu barədə əcayib bir fikir meydana gəldi. Birləşmiş Ştatları, həmin gənclərin yaşadığı ölkəni xilas edən, quldarlığı bütünlüklə ləğv edən dahi siyasətçi əbləhləşmiş, primitiv zövqlər hesabına sənətindən daha çox, seks-simvol kimi tanınan adi bir kinoaktrisaya uduzmalı olmuşdu. Bu da bizim əsrin paradoksallığı, dəqiq desək, daha çox, nadanlığı.

(Ardı var)

 





22.01.2018    çap et  çap et