525.Az

Gülən qarı - hekayə


 

Gülən qarı - <b style="color:red">hekayə </b>

Oleq Alekseyeviç Jdan (Puşkin) görkəmli Belarus sovet yazıçısıdır. O, 1938-ci ildə Smolenskdə anadan olub.

Gənclik illərində Minskə gəlib və bu günə kimi orada yaşayır. Bədii yaradıcılığa ötən əsrin 60-cı illərində başlayan Oleq Alekseyeviç onlarla hekayə, povest və roman müəllifidir. "Özgə yerdə və evdə", "Zinaida Neqlyadova", "Knyaz Mstuslavskiy", "Cizgilər və üzlər", "Azad həyat" və bir çox başqa əsərləri ilə yüzlərin, minlərin ürəyinə yol tapıb. Yaratdığı xarakterlərin psixoloji, sosioloji durumunu, istər bugünkü, istər ötən illərdəki həyat tərzini ustalıqla təsvir edir. Dili elə anlaşılan və rahatdır ki, asanlıqla oxucunu qəhrəmanın yaşadığı illərə, mühitə, hətta mənzilə apara bilir. Yaratmaq, yaşamaq sevgisi tükənməyən yazıçının bu il 80 yaşı tamam olur. Yazıçını təbrik edir, ona elə yaşamaq və yaratmaq sevgisiylə dolu illər arzulayırıq.

Yazıçının “Gülən qarı” hekayəsini oxuculara təqdim edirik. 

Oleq JDAN (PUŞKİN)

Küçə geniş idi, maşınlar sürətlə şütüyürdülər. Vanyanın əhvalı yaxşı olanda işıqforun yaşıl işığı yanıb-sönənəcən küçəni keçib gedirdi. Kefi olmayanda yolun təhlükəsiz hissəsində dayanmalı olurdular. Sürücülər onu keçilərlə görəndə səsləyir, siqnal verir, gülüşürdülər. Özü də sürücülərə qoşulub gülmək istəyirdi, amma Vanya istənilən anda qaça bilərdi. O, Vanyanı sağ, Manyanı isə sol əli ilə möhkəm tuturdu. Olan-qalan qiymətli nəyi var, hamısını toplayıb yığdığı kisəsi isə kürəyində olardı.

Onlar hər gün səhər və axşam bu küçəni iki dəfə keçərək daimi müştərilərinin yanına gedirdilər. Əlbəttə, o, Manyanı evdə sağıb, Vanya ilə birlikdə gölün sahilindəki ağaca bağlaya, südü özü apara bilərdi. Amma müştəriləri südün öz qablarına sağılmasını görmək, səhər tezdən təzə keçi südü içmək istəyirdilər. Ona görə də hər gün yarım litr, hərdən də bir litr süd alırdılar. Manya yaxşı süd verirdi, dörd litrə qədər südü olurdu. Müştəriləri pis deyil, yaxşı pul verirlər. O, bu pulla özünə çörək, pendir, kolbasa və bu kimi ərzaq ala bilir. Əlbəttə, o, Vanyanı ağaca bağlayıb həyətdə qoya bilərdi. Buna cəhd etmişdi. Amma Vanya o qədər dartınmışdı ki! Vanyanın boğulacağından qorxmuşdu. O, Manyanı sevirdi, tək qalmağa qorxurdu. Axı Manya əla keçi idi, həm də gözəldi.

Manya da onu sevirdi. Hər halda, qarı onu sağanda Manya Vanyaya baxır, yəni gör necə süd verirəm, gör necə zərif, çəhrayı əmcəklərim var. Hələ gör məmələrim necə yeməlidir! Hətta hansısa şirəli otu bir ucundan yeyirdi, o biri ucunu Vanyaya uzadırdı, yəni Vanya, sən də ye.

Katya nənə süd satmaqla dolanırdı, öz cüzi təqaüdünü isə yığırdı; bu, o qədər az idi ki, əmanət bankında da təqaüdün bu qədər az olmağına inana bilmirdilər. Kompüterə iki dəfə baxırdılar. Bilmək istəyirdilər - xırda rəqəmlər düzdümü. O, sonuncu ilin təqaüdünü almamışdı, "qoy yığılsın" deyə düşünmüşdü. "Bəlkə ilin sonuna əməlli məbləğ oldu, sonra onu hara və necə xərcləmək barədə fikirləşmək olar". Ah pullar, pullar! Sizdən yaxşı nə var dünyada? Pul hər şeydir! Sadəcə O, bunu çox gec anladı. Çox gec! Əlbəttə, O da başqaları kimi pulu ömrü boyu sevmişdi, amma indiki qədər yox. Ah, pullar, pullar! İnsanlar pula görə nələr etmirlər? Qarı bunu görüb yaşamışdı.

Manya həvəslə gedir, əmcəklərini ləyaqətlə daşıyırdı. Gecə məmələri tamam dolurdu. Yol gedərkən yağlı südü asfalta damcılayır. Manya bilir ki, tezliklə o gözəl evlərin yanında rahatlayacaq. Hətta ona çörək, ya da konfet verən də olacaq. Vanyasa gah dala qalır, gah qabağa qaçırdı. Hər zibil yeşiyinə tərəf dartınır, dikbuynuz başını qaldırır, sulanmış saqqalını yellədir. Ona elə gəlir ki, Manya onun qəşəngliyinə heyran olur. Manyaya demək olar ki, hamı çörək verir. Təkcə hündür evdə yaşayan Nina nənənin nəvəsi Lenoçka ona hər dəfə konfet gətirir. Lenanın ailəsində xoşagəlməz hadisələr baş verib. Atası bütün günü avaralanırdı. Anası pul qazanmaq üçün Moskvaya gedib, ondan xəbər-ətər yoxdur.

Lenoçka çox mehriban, üzügülər qızdır. O, anasının tapılacağına və evə dönəcəyinə inanır. Bəs axı necə tapılacaq? Artıq bir ildi yoxdu, öldü-qaldısı da bilinmir. Lena balaca açılıb - yığılan kətilini də götürüb gəlir, Manyanı konfetə qonaq edir, öz stəkanına zərif barmaqlarıyla süd sağanda həyəcandan qızı tər basır. Nənə onlara südü bir azca ucuz vermək istərdi, amma pula ehtiyacı var. Pul lazımdı Katya nənəyə.

- Katya nənə, Vanya və Manya ailədir? - Lena soruşur.

- Ailədir.

- Onların çəpişləri olacaq?

- Olacaq.

- Mən də çəpiş istəyirəm, - deyə qız Nina nənəsinə baxır.

- A bala, bəs biz onu harda saxlayarıq?

Ötən ilin payızında Manyanın iki balası oldu. Katya nənə nə edəcəyini bilmədi. Onları kəsməyə əli qalxmadı. Satmaq qərarına gəldi, Jdanoviç bazarına apardı. Adamlar yanından ötüb keçir, arada gülümsəyir, uşaqlar çəpişləri tumarlayırdılar. Amma kimsə almırdı. Axırda lap ucuz qiymətə bir kənddən gələn qoca qadına satdı.

Qonşu binadan olan cavan qadın Katya nənənin ən şıltaq alıcısıdır. Özü ilə salfetka gətirir ki, Katya nənə onun üçün süd sağmazdan əvvəl əllərini silsin. Elə baxır, üz-gözünü elə turşudur ki, elə bil yovşan suyu içib.

- Ona süd satmasam yaxşıdı... Eh... axı mənə yaxşı pul verir. Özü də süd xəstə ərinə lazımdı...

Katya nənənin dörd daimi alıcısı var. Bu xanımlar artıq bir-birini tanıyır, hətta dost olublar. Süd alandan sonra tələsmir, müxtəlif mövzularda söhbətləşirlər: kürəkən, ya gəlindən, evə səhərə yaxın gələn, cibində siqaret gəzdirən nəvələrindən danışırlar. Bu qadınlar cavan deyil. Cavanların belə dedi-qodulara vaxtı olmur. Onlar tək qalmasınlar deyə cavanların kənddən öz yanlarına aldıqları yaşlılardır. Hətta Ona bu yaxınlarda dul qoca ilə tanış olmağı təklif etdilər. Qoca ikiotaqlı mənzildə tək yaşayır. Əlbəttə, təklif cəlbedici idi, amma Manya və Vanya necə olacaq? Neçə il onların hesabına dolanıb, indi onları atsın? Yox, bu, mümkün deyil. Evlərini buldozer dağıdana qədər onlar bir yerdə yaşayacaq. Heç buldozer  gərək deyildi əslində. Öz köhnəliyindən utanan daxma günahkar kimi əyilmişdi. Təbii ki, qapıları, pəncərələri də köhnədi, yaxşı örtülmür. Amma yaydı, birtəhər yaşamaq olur.

Yenə qocanın pulu olsaydı... Amma insan qocaldıqca xəsisləşir. Ölsə də, pulunun yerini deməz. O da xəsis olub. Belə lazımdı. Xəsislik ağılsızlıq deyil, özünü qorumaqdı, rahatlığın təminatıdır. Hər kəsin görmək istədiyi son işləri var. Bunun üçün pul lazımdı. Onun da vacib görülməli işi var, özü də çox vacib. Sonra rahatca ölə bilər.

Gölün sahilində onun ömrü boyu yaşadığı kənd vardı. Amma bir il əvvəl kəndin sakinləri kəndi tərk etdi. Yüz addım o yana təpənin arxasında artıq şəhər salınıb. Hamıya ev verdilər, hamı köçüb getdi. İndi yay-qış rahat mənzillərdə yaşayırlar. Hətta bütün günü deyinən: "heç yerə köçmərəm, pul versələr də köçmərəm" -  deyən Zoska da köçdü. "Neyniyim? Hamı necə, mən də elə" - dedi. Eşitdiyinə görə, o evlər isti idi. Qışda belə bir mənzilin ola, elə siçan kimi bir küncə qısılıb yatasan. O da köçə bilərdi. Sevinc göz yaşları ilə mahnı oxuya-oxuya köçə bilərdi. Ona da mənzil verdilər. Amma o vaxt oğlu gəldi:

- Ana, xilas elə. Mən batmışam, tamam məhv olacam. Kömək elə.

Oğluna pul lazım idi, çoxlu pul. Onun mənzilini satdı. O, nə mənzili, nə pulları bircə dəfə də görmədi, hər şeyi oğlu həll etdi. O pullar onsuz da bəs etmədi. Oğlu canını qurtarmaq üçün harasa - dünyanın o başına getdi. Bircə dəfə məktub aldı. Məktubun göndərildiyi ünvan yox idi. Bu önəmli deyildi, önəmli olan o idi ki, oğlu sağ-salamatdı və nə vaxtsa görüşəcəklər. Bax, onda pul gərək olacaq. O, pulu oğlunu didərgin salan adamlara verəcək. Ah, pul! Onunla ölümü də, həyatı da satmaq və almaq olar. Xüsusilə böyük şəhərlərdə pul hər şeydi.

Yay çox gözəl keçirdi, havalar günəşli idi və yağış az yağırdı. Yağış yağanda qarı daman yerlərə vedrə, kiçik ləyən qoyur. Dözülməz deyildi - yaşayırdı.

Onu burda görənlər təəccüblənir. Elə bilirlər kənddə heç kim yaşamır. Bir dəfə təsadüfən bir kişi bu yerlərə gəlib çıxdı. Kəməri yekə qarnına güclə çatdığından Katya onun rəis olduğu qənaətinə gəldi. Kişi inamsız halda soruşdu:

- Nənə, sən burda yaşayırsan?

Heç qarı etiraf edər?

- Mən? Yox. - şəhəri göstərdi. - Orda yaşayıram.

Kişi gedəndən sonra nənə xeyli güldü. Rəislərlə, komandirlərlə necə danışacağını bilir.

Amma bir dəfə buldozer gəlmişdi. Cavan, yaraşıqlı sürücü qarının daxmasını dağıtmaq istəyirdi. Buldozer yerindən tərpənən kimi qarı onun qarşısını kəsdi:

- Sənin başın xarab olub? Tutarlar. Bu ev qorunur. Ən azı cərimə olunacaqsan.

Sürücü bir xeyli ətrafına baxdı, var-gəl etdi və çıxıb getdi.

Hərdən evin yaxınlığındakı cökənin altında bir neçə kişi içir, sonra boş içki şüşələrini Ona verirlər: "Təhvil verərsən, nənə". Keçisi var, boş şüşələr Ona lazım deyil. Amma bir söz demədən şüşələri götürür. Hərdən şüşədə azca içki də olur. "Ana, iç ". O da gülümsəyib "yaxşı" deyir. "Neçə yaşın var, nənə?" soruşanda "Yüz" deyərək gülür. Onlar da gülür:

- Afərin. Maaş alanda yenə gələcəyik. Yaşa.

Şirin çaxır olanda içir. Arağı isə saxlayır. Gecələr ayaqları çox ağrıyır, o araqla ayaqlarını ovur, bunun köməyi olur. Boş şüşələrisə hər gün daxmasının yanından keçən bomja verir. Bomj yaxşı həmsöhbət deyil. Ona boş şüşələrdən başqa heç nə lazım olmur. Katya milis şalvarı, qadın köynəyi geyinmiş, başına yekə şlyapa qoyan bomja maraqla baxır. Bomj hirslənir: "Nə baxırsan?" "Yaraşıqlısan" - deyir. "Ağlına gələni danışma" deyə acıqlanan bomj şüşələri götürüb gedir. Heç vaxt təşəkkür də etmir. Heç lazım deyil.

"Niyə gülürsən? Nəyə gülürsən? Qəhqəhə çəkirsən - filan?" - ömrü boyu hamı soruşur. O, cavab vermirdi. Axı onlara nə desin? O, kədərlənmir. Hətta şənlənir. Məgər gülmək qadağandır? Qadağan deyil.

"Ağla, Katya, ağla. Yüngülləşərsən" - bunu da ömrü boyu eşidirdi. Bəkə də O, ağlayırdı, amma kimsə görmürdü. Niyə görsünlər? Sel kimi axan göz yaşlarınının arasında gülən çöhrəni görürdülər. Əri İvan hərdən hirslənirdi. - Sən qəbirdə də güləcəksən yəqin.


- Ağlamayacağımı dəqiq bilirəm, - deyə gülümsəyərdi. Evinin, pullarının, oğlunun yoxa çıxdığını anlayanda da xeyli gülmüşdü.

Bəs 91-ci ildə pulları itəndə? 10 il qəpik-qəpik nəvəsi üçün pul yığmışdı. Ərə gedəndə ona paltar, ya üzük almaq istəyirdi. Oğurladılar! Əmanət bankından qayıtmışdı. Göz yaşları tökülməsin deyə gözlərini göyə zillədi: "Ay adamlar, siz neynəmisiz? Mənim pulum sizin nəyinizə lazımdı?" Sonra... Heç xatırlamaq da istəmir. Oğlu yoxa çıxdı, bir il sonrasa gəlini Klava özünə sevgili tapdı, qızını da götürüb getdi. Hara getdiyini bir allah bilir. Katya növbəti dəfə onlara baş çəkməyə gedəndə heç birini tapmadı, evdə başqaları yaşayırdı.

- Kim lazımdı, nənə?

- Heç kim...

- Nəyə gülürsüz?

Necə gülməsin? Yaşamaq xoşdur.

lll

Üçüncü müştəri ciddi qadın idi. Söhbətə qoşulmur, başqaları çox danışanda qaş-qabağını tökür. Görünür iş qadınıdı. Heç kimin onun haqqında məlumatı yoxdu. O yaxınlaşanda çox vaxt susurlar, elə bil ondan çəkinirlər. Südü kimə aldığını da bilmirlər. O biri müştərilər onu qınayır: Adam bir dərdləşər, söhbətləşər. Lal-dinməz gəlir, gedir... Bir-iki dəqiqə dayanıb söhbət etsə, kəlmə kəssə nə olar? Yoxsa südü alan kimi çıxıb gedir. Amma bir gün o da danışdı:

- Harda yaşayırsan, nənə? Ailən varmı?

- Əlbəttə, - deyə nənə həmişə olduğu kimi gülümsədi. - Bax, Manya və Vanya mənim ailəmdi.     

- Mən ciddi soruşuram.

- Mən də ciddi deyirəm.

Əlbəttə, O, ciddi idi. Niyə zarafat etsin ki, 80 yaşın astanasında? Umumiyyətlə, O, heç zarafat etməzdi.

- Mənim həyat yoldaşım sizi Qocalar evinə düzəldə bilər.

- Qocalar evinə? Niyə? - deyə çiyinlərini çəkdi, hətta azca incidi elə bil. - Mən hələ cavanam.

- Siz niyə gülürsüz? Mən ciddiyəm.

- Elə mən də.

Müştəriləri bunu biləndə Katya nənənin razılaşmadığına sevindilər: - Qoy, özü qocalar evinə getsin.

- Axı o, cavandır.

- Harası cavandır? 50 yaşını haqlayıb.

Onun dördüncü müştərisi cavan dul qadın idi. Həmişə hamıdan sonra qaçaraq gəlir, həmişə harasa tələsir, iki yerdə işləyir. Hər gələndə də "Ah, çatmaram deyə, qorxurdum" - deyir.

Qadınlar onu görəndə sevinirlər: Həmişə 2-3 dəqiqə dayanır, söhbətləşir, keçmiş əri, Moskvada, Mogilyovkada olan qohumları haqda danışır. Daha çox keçmiş əri barədə məlumat verir: ayrılmaqlarından, qısqanclığı ilə zəhləsini tökməyindən, tez-tez dava-dalaş salmağından. İndi adı dilindən düşmür, ayrıldıqları üç il ərzində qapısında keşik çəkir. "Başqa biri ilə görsəm, ikinizi də öldürərəm" - deyə xəbərdarlıq da edib. "Öldürər" - qadın gülürdü. - Dəlicəsinə sevir məni. Qadın südü qızı üçün alırdı. Qızın qanı az idi, amma südü də güclə, könülsüz içirdi.    

Adamların həyatı fərqlidir: Kimi yaxşı, kimi pis yaşayır. Kimi həyatından razıdır, kimi də yox. Məsələn, Zoska. Həyatı qaydasındadır: nəvələrinin, övladlarının yanında yaşayır. Heç biri sərxoşluq etmir, dava salmır, təzə, gözəl mənzil də alıblar. Zoskasa "Niyə ölmürəm" - deyə narazılıq edir. Nədən narazısan? Nə deyirsən Zoska? Yaşamaq gözəldir. Necə çətinliklər olsa da, həyat maraqlıdır. Nə bilim, mənə yaxşıdır... Maraqlıdır.

Zoskanın əşyaları ilə yüklənmiş yük maşını küçədə görünəndə O öz düşüncələrinə qapılmışdı. Zoska berezent örtüyün altından başını çıxarıb hamıya əl yellədi. Yox, Zoska haqlı deyil. Yaşamağa dəyər. Əgər ona kiçik bir mənzil versələr, lap əla olardı. Amma indi kimə mənzil verirlər ki? Hər kəs özü almalıdır. O qədər pulu hardan tapa bilər? Hardan?

İlk vaxtlar adamlar kənddən köçdükcə qorxurdu. Axşamlar pəncərələrin istiliyi, işığı azalır, bacalar tüstülənmirdi. O, boşalan evlərə baxmırdı. Zoskanın da evinə heç getməmişdi... 

Bu gün söhbətləri uzandı. O, yubandı. Getmək lazım idi. Yelinləri yüngülləşən Manya evə qayıdanda həvəslə qaçır. Vanyasa yox - ona böyük binaların arasıyla getmək xoş gəlir. Bir də gördün uşaqlara rastladılar. Uşaqlar ona konfet, ya çörək verirdi. Hərdən Vanya özü də nəsə kağız parçası, ya siqaret kötüyü tapıb çeynəyirdi. Nənə onu dartmalı olur. Axı hələ dükana getməli, çörək almalıdı. Əvvəllər nənə Vanya və Manyanı dükanın qarşısındakı işıq dirəyinə bağlayırdı. Burda həmişə kiçik itlər də olurdu. Onların sahibləri Vanya və Manyaya qəribə baxırdılar. Onları xoşlamırdılar. Bir dəfəsə dükanın sahibi keçiləri görüb qışqırmağa başladı: "Bu nə biabırçılıqdı? Bircə keçilərim çatmır - deyib Manyaya bir təpik ilişdirdi. Ona görə də indi onları evə gətirib çökə ağacına bağlayır, sonra çörək almaq üçün qayıdır. Buranın havası çox gözəldi, yazda hər tərəfdən çiçək ətri gəlir. Yayda ətraf otla, qışda tərtəmiz qarla örtülür. Kerosin, ya benzin qoxusu duymazsan. Bu nədi? Bu gün nəsə benzin qoxusu hiss etdi. Buldozer ağac kötüklərini bir yerə yığırdı. Sürücünü gördü. Hə, özü idi, əvvəl gələn o yaraşıqlı cavan. Dalğalı saçları ona xüsusi gözəllik verirdi. Belə gözəl traktorçunu o ömründə görməyib. Əvvəlcə bu kötük yığnağının onun evi olduğunu anlamadı. Diqqətlə baxdı. Oğlan həvəslə işləyirdi, görünür, işi ona zövq verir, ya da qazancı yaxşıdı - gülümsəyirdi. Kənarda, bir vaxt onu sorğu-suala tutan yekəqarın rəis dayanıb. Başı tamam tüksüzdü, yumurtaya oxşayır. Deyəsən, bu iş onun da xoşuna gəlir, o da gülür. Başqa necə ola bilər: günəş, göldən əsən təmiz hava, quşların səsi, pulu da var. Yalnız Manya ilə Vanya gülmürdü. Manya həmişə Vanyaya baxdığından gülmürdü. Vanyasa heç nə başa düşmürdü, həm də axı, o da Manyadan başqa heç kimi görmürdü.  Bir də... Bir də Katya nənə gülmürdü. Aydındı - qocalıb, kifayət qədər gülüb, gülməyin də sonu var... Bir də nə evdi ki bu? Yazda, payızda rütubətli olurdu, qışda - soyuq... Amma yayda yaxşıdı, yayda çökə ağacının altında da yaşamaq olar, Manya və Vanya kimi... Qarı gülümsədi: qışa hələ çox var.

Tərcümə edəni: KAMALƏ ABİYEVA

 





25.01.2018    çap et  çap et