525.Az

Taleh Həmidin şeirləri


 

Taleh Həmidin <b style="color:red">şeirləri</b>

Ey bahar, anama oxşatdım səni!

 

Baharın nəfəsi dəydi üzümə,

Elə bil anamın nəfəsi idi.

Qapıda qayğılı bir quş oxudu,

Nəğməsi anamın nəğməsi idi.

 

Əsdi sərin-sərin xəfif küləklər,

Durnalar göylərdən bir köç saldılar.

Uçduqca havada göy kəpənəklər,

Qızılı şəfəqlər yarpaqladılar.

 

Laləli düzlərin rəngi qırmızı,

Çiçəkli çöllərin naxışı min-min.

Yağış titrədəndə körpə yarpızı,

Sandım şah damarı əsdi qəlbimin.

 

Elə bil səmada alışdı odlar,

Şimşəklər oynadı, ildırım çaxdı.

Göydə gözlərini sıxdı buludlar,

Yerdə çiçəklərin göz yaşı axdı.

 

Ey bahar, qarşıma gülərüz çıxdın,

Anama oxşatdım, anama  səni.

Ruhuma hopdurub, köksümə sıxdım

Sənin nəfəsini, sənin nəğməni.

 

Eşqinlə köklədim şair eşqimi,

Köçdü təravətin duyğularıma.

Anam yuxulara döndüyü kimi,

Sən də dönərmisən yuxularıma?

 

Bir həsrət üşüdür nədən qəlbimi,

Əlimin altında sinəm ocaqdı.

Nəfəsin anamın nəfəsi kimi,

Bir payız gizlicə soyuyacaqdı...

 

Göz dikili qalıb sonsuz yollara,

Duyğular ürəyin toyu, yasıdı.

Demə, anam hara, bəs bahar hara? –

İnsan təbiətin bir parçasıdı.

 

Hər köçən yarpağın göynəkdi yeri,

Sızlayan budaqlar bir də isinməz.

Bahar qayıdacaq, dönəcək geri,

Anamın səfəri sonsuz, tükənməz...

 

Bir çiynimdə sevinc, bir çiynimdə qəm,

Qoymadım içimdə ümidlər ölə.

Deyirəm bir zaman bu bahar kimi

Anam da dünyaya təzədən gələ.

 

Ey bahar, anama oxşatdım səni!

Hicranmı dolaşdı, de, yollarında?

Sən hələ, sən hələ heç gəlməmişdən

Harasa köçürdün xəyallarımda.

13-15.02.2013

 

lll

Bir ömürdə –

Bir gizli sevgi yaşadılar...

Görüşdülər gizli,

Bu dünyanın sevincini, qəmini

Bölüşdülər gizli.

İki qəlbin çırpıntılarını

Eşitdilər, duydular gizli.

Oğrun-oğrun keçdilər

İnsanların axınından.

Nə məclislərdə birgə göründülər,

Nə küçədə, yolda birgə addım atdılar.

Nə toya, nə şənliyə getdilər,

Nə birlikdə şəkil çəkdirdilər.

Vaxt oldu, sübhədək

O burda, bu orda yatmadılar,

Hamını aldatdılar.

Təkcə ürəklərini aldatmadılar

Bu məhəbbət oğruları...

Yanvar 2013-cü il

 

Şaiq ölən gün

 

O dəm, o an,

O vaxt, o zaman

İçimdən ilğımlar, odlar keçən

Səhra idim, çöl idim.

Şaiq Vəli ölən gün

Mən də öldüm...

 

Amma məni

Sonra dəfn edərsiniz –

ən sonda...

Şairi öldürüb,

Ağlamaq nədir? –

bilərsiniz onda...

 

Bilərsiniz ölümdən betərdir

Bir ürəyin göynəmi.

Sorarsınız, nə idi,

Şairin dərdi, qəmi?!

 

Mən azdan-çoxdan bilirdim

Şaiqin dərdini.

Şaiq ölən gün

Hirsimdən öldürdüm

Olmayan imkanımı...

 

Bizi birgə dəfn edərsiniz,

Bütün imkansız şairlər

Bir sinif kimi öləndə...

Bir də

Şaiqin məzarı üstə

Yovşan güləndə...

08.02.2013

 

Dağ çayı

 

Sıldırım daşların,

Sərt qayaların

Tutub əllərindən,

Ətəklərindən –

Axır dağ çayı.

 

Əl uzadıb

Sağ sahildən,

Sol sahildən

Çiçək dərir...

Dənizə tələsir –

Sonsuz dənizə.

Dağlar uca,

Dəniz nəhəng...

 

Belə kükrəyəsən,

Belə daşasan.

Bir ucadan ayrılanda,

Bir ucaya qovuşasan...

15.02.2013

 

Ürək, ağrımağın zamanı deyil

 

Hərdən gizli-gizli, hərdən aşikar,

Sinəmi göynədən ağrılarım var.

Bir ömrü isidib, onu yaşadan

Neçə şirin-şirin duyğularım var.

Qoy səni yormasın yoxuşlar, yollar,

Ürək, ağrımağın zamanı deyil.

 

Sənsiz nə karəyəm danışam, güləm,

Bu alovlu sinəm, bu odlu sinəm

Sevgi təşnəsidir əzəldən, bilsən.

Çox əllər tutsa da bəzən əlimdən,

Yüz əl itələdi geri sinəmdən.

Yaxın gəl, düşünək, bir sən, bir də mən,

Ürək, ağrımağın zamanı deyil.

 

Təkcə sevinc deyil, bilirəm, həyat,

Beş-on işləyib, yorulur saat.

O, zamanı sayır, sən ömrü saydın,

Çox çətin olardı sən vurmasaydın,

Xeyirxah, rəhmli, mərd olmasaydın.

 

Geriyə baxanda dönərək indi,

Qəlbimdə nə qədər suallar dindi.

Atəşindən illər, günlər isindi,

Hərdən yorulanda, fikrə dalanda,

Sən mənə söylədin – həyat şirindi,

Ürək, ağrımağın zamanı deyil.

 

Nə çəkmişik, bilən olnsuz biləcək,

Ötən çox günləri ulduz biləcək.

Dostlar kədərlənib, düşmən güləcək,

Darıxma, ürəyim, olanlar olur,

Bir gün ağrımağın vaxtı gələcək,

İndi ağrımağın zamanı deyil.

17.02.2013

 

Özüm bilə-bilə

 

Səni soraqladım, səni axtardım,

Dolandım yaxını, gəzdim uzağı.

Arzum, həsrətim oldun,

Bunu məndən yaxşı kim bildi axı?!

 

Elə  mənim dedim, mənim olmadın,

Könlümə, ruhuma axıb dolmadın,

Sakit həyatıma kəsildin qənim,

Uzaq ulduz kimi, gözəlim mənim.

 

Hər səhər, hər axşam yolunda durdum,

Küçənizdə bitən salxım söyüdün

Ürkək tellərini oxşadım, hördüm,

Ona ürək verdim, o, sən deyilsən.

Bəlkə həsrətim də uçub gedərdi,

Söyüdtək üstümə bir yol əyilsən.

 

Yox, indi bunu da istəmirəm mən,

Gözümdən düşərsən bir gün əyilsən.

Arxanca kölgətək sürünəsiyəm,

Özüm bilə-bilə mənim deyilsən...

 

Bağışlamaz

 

Olarmı bu eşqi salmamaq yada?

Hesabı hesaba qatma heç zaman.

Çiynində xalqının əli varsa da,

O əli çiynindən atma heç zaman!

Alovlara çaxıl, odlara qalan,

Günəşə üz çevir, aydan daldalan,

Xalqa üz çevirmə, xalq bağışlamaz!

 

Tanrı bəxşişiyik, doğuluruq biz,

Ata çörəyilə, ana südüylə

Güclənir dizimiz, vurur qəlbimiz.

Naxələf yaransaq mindən birimiz,

Ata bağışlayar, ana unudar,

Xalqa xəyanəti xalq bağışlamaz!

 

Onsuz da qısadır ömrün möhləti,

Xalqdan uzaqlarda gəzmə şöhrəti,

Gözləsən, sən ondan gözlə hörməti.

Dolanıb gizlində, gəzib xəlvəti,

Adına nahaqdan yazsan töhməti,

Allah bağışlayar, xalq bağışlamaz!

 

27-28  fevral2013.

Şəmkir, Dəllər-Cəyir

 

Atamın şəkli

 

Bir yanda saatın dəmir əqrəbi,

Bir yanda zamanın suları axır.

Başımın üstündə atamın şəkli,

Gözləri gözümün içinə baxır.

 

Mənim iş otağım, mənim öz dünyam,

Kitablar, varaqlar, sözüm-söhbətim.

Burda çarpışıram hər səhər, axşam,

Xəyaldı, sualdı ömür möhlətim.

 

Dünəndə nə qaldı? – Bir həsrət yeri,

Anlar, dəqiqələr sanlı, çəkili.

Zaman ötüşdümü – qayıtmır geri,

Mənə nələr demir atamın şəkli!

 

Atalı anlar da xatirə olur,

Analı dünya da xatirə olur.

Elə zaman gəlir, elə vaxt gəlir

Gördüyün röya da xatirə olur.

 

Şəkil mənə baxır sağdan, solumdan,

O, mənim ömrümü-günümü sayır.

Mehriban-mehriban tutur qolumdan,

Bir arzu qurtarır, biri başlayır.

 

Vaxtın hesabını istəyir məndən,

Arzular sevdalı, ömür istəkli.

Daha çoxdan çıxıb şəkilliyindən,

Atamın özüdü atamın şəkli.

 

Vaxtı sakit-sakit seyr eləsək də,

Vaxt gəlir sükut da haray qoparır.

Atamın şəkili tutub əlimdən,

Məni haralara çəkib aparır?!

 

İnana bilmirəm ömrün hökmünə,

Könlümə uşaqlıq həvəsi gəlir.

Atamın şəklinin qaçır üstünə,

Atamın  oğlunun nəvəsi gəlir.

 

Sizdədir mənası uzaşan anın,

Şəkillər, şəkillər, sirr-soraqsınız.

Başına dolanım qoca dünyanın,

Biz qurtaran yerdə – sizlər varsınız!

28 fevral 2013.

Şəmkir, Dəllər-Cəyir

 

Qara qarğa,

sənin neçə yaşın var?

 

Yurda gəldim, sən də gəldin qəfildən,

Nələr keçdi xəyalımdan, biləsən!

İllər ötür, oxuyursan hələ sən,

Qara qarğa, sənin neçə yaşın var?

 

Hər ağacın qoynu sənə bir xana,

Burda məni gözləyərdi bir ana.

Könlün olsun könlüm kimi virana,

Qara qarğa, sənin neçə yaşın var?

 

Çəmən idi bu yerlərin yanı bəs,

Sən gördüyün o insanlar hanı bəs?

Avazından zara gəldim, bəsdi, bəs!

Qara qarğa, sənin neçə yaşın var?

 

Yerdə gəzib, göydə qanad çalırsan,

Güzarını hara gəldi salırsan.

Biz gedirik, sən sonraya qalırsan,

Qara qarğa, sənin neçə yaşın var?

 

Hicran nədi bilməmisən hələ sən,

Öldüm getdim, səni görüm öləsən!

Gərək elə mən gələndə gələsən,

Qara qarğa, sənin neçə yaşın var?!

 

Üşüməsə tər çiçəklər solarmı,

Bəxtəvər gül ləçəyini yolarmı,

Üç yüz il də ömür sürmək olarmı –

Qara qarğa, sənin neçə yaşın var?!

 

Ömür keçdi, qocalıram ha, demə,

Yaxşı-yaman gördüyünə “qa” demə.

Dediyini, aman gündü, ta demə –

Qara qarğa, sənin neçə yaşın var?!

27-28 fevral.

Şəmkir, Dəllər-Cəyir

 

Köhnə soyuducu

 

Zamana qovuşur saat da, an da,

Uzaq həqiqətlər yaxın xəyaldı.

Köhnə soyuducu yol kənarında

Yadıma qəmli bir hekayət saldı.

 

Şəmkirdə olmuşdu çox illər əvvəl,

Xəyala gələndə fikir də çaşır.

Dünənə yetməyir uzandıqca əl,

Ürək yüklənəndə, vaxt yaxınlaşır.

 

İnsana hər zaman gülmür arzular,

Kim deyir uşaqlıq dərddən uzaqdı?

Ömrün baharı var, ömrün qışı var,

Gün var ki güneydi, gün var  sazaqdı.

 

Qayğısız uşaqlar, qəmsiz uşaqlar

Gizlənpac oynadı günün bir günü.

Kim bilir qarşıda axı nələr var,

Kim öncədən bilir, de, öldüyünü?

 

Biri kol dalında, birisi ağac,

Hərəsi bir yanda daldalandılar.

İndi tapacağam!

Tez ol, gizlən, qaç!

Hər sadə sözdə də bir zabitə var.

 

Birdən qanad çalır ölüm mələyi,

Köhnə soyuducu sanki “gəl!” – deyir.

Qopur fırtınası, əsir küləyi,

İnsana son sözü tək əcəl deyir.

 

Köhnə soyuducu – ölüm beşiyi,

Qaçıb bu beşikdə gizlənir uşaq.

Dostları axtarır evi, eşiyi,

Ölüm harda tapır – əcələ bir bax!

 

Çöldən açılaydı gərək qapısı,

Gizlənən can verir, tapan ləngiyir.

Burda yorğun düşür uşaqlar hamsı,

Orda “öldüm!” – deyib, nəfəs təngiyir.

 

Unuda bilmirəm bu hekayəni,

Atını hər yerdə çapıbdı ölüm.

İşə bax – ən güclü o gizlənəni

Bağlı sandıqda da tapıbdı ölüm...

Fevral 2013

 

 





17.06.2013    çap et  çap et