525.Az

“Zeytun budağı” - terrora qarşı Türkiyənin amansız mücadiləsi


 

TÜRKİYƏ SƏRHƏDLƏRİNİ TƏHDİD EDƏN TERROR QRUPLARININ SON NƏFƏSİNƏDƏK HƏRƏKATI DAVAM ETDİRƏCƏK

“Zeytun budağı” - <b style="color:red">terrora qarşı Türkiyənin amansız mücadiləsi</b>

Türkiyə Silahlı Qüvvələri 2016-cı il avqustun 24-də "Fərat Qalxanı” əməliyyatına başlamaqla regionda terrorizmə qarşı qətiyyətli mövqeyini ortaya qoydu.
 
Qısa müddət ərzində Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhəri IŞİD-dən təmizləndi. Fərat çayı boyu ərazilər Azad Suriya Ordusuna (ASO) təhvil verildi. Ərazinin qovulmuş sakinləri türkman və ərəblər öz yurdlarına dönməyə başladı. "Fərat Qalxanı" əməliyyatı 2017-ci ilin mart ayında uğurla başa çatdırıldı.

2017-ci ilin sonlarında İŞİD-in Suriyada fəaliyyətinə son qoyulmasından sonra kartlar yerini dəyişdi. Regionda bir terror şəbəkəsini digəri əvəz etdi. Türkiyənin regionda siyasi və hərbi üstünlüyünü əngəlləmək üçün ABŞ bölgədə silahlandırdığı PYD və YPG qruplarından istifadə etməyə başladı, İŞİD-dən boşaldılan ərazilərə kürd separatçıları yerləşdirildi. YPG həddini aşaraq türk tanklarına raket zərbələri endirdi. Nəticədə 3 türk əsgəri yaralandı, 1 əsgər isə şəhid oldu.

ABŞ və digər Qərb ölkələrinin silahlandırdığı, təlim keçdiyi kürd separatçıları açıq-aşkar Türkiyəni hədələməyə başladı. Əsəd hökumətinin mərkəzi hakimiyyətinin dağılmasından istifadə edən kürdlər özlərini Suriyanın sahibi sayır, əhalisinin 70 faizdən çox olan ərəblərin torpaqlarını ələ keçirirdi. Türkiyə isə Suriyanın parçalanmasına yol verməyəcəyini açıq bəyan edərək ölkənin sülhmeyilli müxalif qüvvələrini dəstəkləyir, Suriya xalqının mənafeyinə uyğun addım atırdı. Eyni zamanda, sərhədlərinin yaxınlığında yeni terror şəbəkəsinin meydan sulamasına imkan verməyəcəyini bildirdi. Maraqlıdır ki, vəziyyəti sakitliklə seyr edən Qərb Türkiyənin bu narahatlığını anlamaq istəmir, hətta “daha irəli getməyin, 20 kilometri keçməyin” bəyanatı verirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə sərhədlərini atəşə tutan, Afrindən Kulis, Hatay, Reyhanlı, Qaziantep kimi bölgələrə raket zərbələri endirən, dinc sakinlərin ölümünə səbəb olan bu özbaşınalığı bağışlamayacağını bildirdi. Siyasi Lider hələ ötən ilin sonlarında və 2018-ci ilin ilk günlərində hərəkatın hər an başladıla biləcəyini xəbərdar etdi. “Türkiyə sərhədi yaxınlığında ABŞ-ın dəstəyi ilə bir terrorçu ordusu qurulub. Bizim də işimiz terror ordusunu məhv etməkdir. Terrorçuların paltarlarındakı simvollarınızı sökün ki, terrorçularla bir yerdə olanları torpağa basdırmaq məcburiyyətində qalmayaq" deyən Ərdoğan dediyini yerinə yetirdi.

2018-ci il yanvarın 20-də “Fərat Qalxanı” əməliyyatından da uğurlu bir əməliyyat – “Zeytun budağı”na start verildi. Hərəkatın məqsədi və strateji hədəfləri də məlumdur: Türkiyə Afrindən öz ərazisinə yönəlmiş terror şəbəkəsini, konkret olaraq PYD və YPG-ni zərərsizləşdirmək. Bəzi Qərb ölkələri Türkiyənin uğurlu antiterror əməliyyatları aparacağına, “bu qədər dərinə gedəcəyinə” inanmırdı. Amma rəsmi Ankara 10 gündən artıq davam edən “Zeytun budağı” hərəkatı ilə dünyaya göstərdi ki, terrorun sonuncu yuvasına qədər irəliləyəcək. Rəcəb Tayyip Ərdoğanın bəyan etdiyi kimi, Suriyada oyun quranlar terror təşkilatının adını dəyişdirərək hiyləgərlik etdiklərini düşünürlər. “Bizim gözümüzdə adı nə olursa olsun, terrorçulardan ibarət hər cür təşkilatın adı terror təşkilatıdır. Narahat olmayın, terror təşkilatına güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər”.

Afrin əməliyyatı ilə Türk Silahlı Qüvvələrinin hərbi rəşadətini, gücünü də nümayiş etdirdi. Bu antiterror əməliyyatı ilə Türkiyə nəyə qadir olduğunu, “mehmetciyin və bordo-mavililərin” əvəzolunmaz və misilsiz hərbi şücaətini göstərmiş oldu. Xüsusilə də hava əməliyatlarında türk şahinlərinin dəqiq və çevik hava zərbələri, manevrləri dünyada ən çox diqqəti cəlb edən mövzulardan birinə çevrilib.

Bəzi Qərb ölkələri və KİV-ləri “Zeytun budağı” əməliyyatına kölgə salmaq üçün, Türk Silahlı Qüvvələrinin Suriyada “istila” apardığının təbliğatı ilə məşğuldur. Bu hal Türkiyənin terrora qarşı mübarizədə dostunu və düşmənini də ayırd etmək fürsəti əldə etməsinə səbəb oldu. Özünü Türkiyənin strateji müttəfiqi hesab edən ABŞ və NATO ölkələrinin ikilistandartları, Avropa Birliyinin saxtakar mövqeyi üzə çıxdı. Avropa hər zaman yalan vəd verərək terrorla mübarizədə Türkiyəni yarı yolda qoyub. Sakinlərinin 90 faizi ərəb və türkmənlərdən ibarət olan Minbic, Aziz, Afrin, Təl-Abyad və digər əraziləri ələ keçirmiş PYD-nin silahlıları buranın sakinlərini Türkiyəyə qaçmağa məcbur edib. Öz yurd-yuvalarından qovulan dinc sakinlər Türkiyədə pənah tapıblar, ərəb və türkmənləri 3 ildir ki, Türkiyə hökuməti qida və digər sosial şəraitlə təmin edir. Avropa isə qaçqınlara xəyanət edib, yardım əlini geri çəkib.

Hər zaman Türkiyənin yanında olan Azərbaycan öz qətiyyəti və dirənişi ilə Avropanın növbəti ikili standartlarını ifşa etdi. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Strasburqda keçirilən iclasda Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatını aparmaqda haqlı olduğunu, bu hərəkatı “istila” və “müdaxilə” kimi adlandıranlara qarşı sərt mövqeyini bildirdi. “Hamımız bu gün terrordan əziyyət çəkdiyimizi bilirik. Sadəcə Türkiyə deyil, Hollandiya, Belçika, İngiltərə, Fransa, Azərbaycan... Terror Avropanın sərhədindəki bir “xərçəngdir”. Əgər bir ölkə bu xəstəliyi əngəlləmək üçün əlindən gələni edirsə, biz bu ölkənin əməliyyatına “istila” və ya “müdaxilə” deyə bilmərik. Türkiyənin həyata keçirdiyi İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizədir. Terrorla mübarizənin tək yolu budur və Türkiyənin bunu bacaracağına inanıram”.

“Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Türkiyənin haqq səsinə səs verən Azərbaycan nümayəndə heyətinin bu cəsurluğu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qürur hissi və mətanətlə cavablandırıldı. Bütün dünya bir daha Azərbaycan və Türkiyənin qardaşlıq və birlik simvolu olduğunu gördü. Qərb anladı ki, Azərbaycan və Türkiyə münasibətləri bu gün bütün ölkələr üçün örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mehriban qardaşlıq münasibətləri dərinləşir. Türkiyənin problemi Azərbaycanın problemidir, sevinci sevincidir, kədəri kədəridir. Ona görə də terrordan əziyyət çəkən bu qardaş ölkələri haq yolundan heç bir qüvvə döndərə bilməz.

Baş nazirin müavini Bəkir Bozdağ bildirib ki, Suriyada baş verən hadisələr Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi baxımından son dərəcə mühümdür. Həmin bölgədə baş verənlər Türkiyənin sərhədini təhdid edir və bölgədə terror dəhlizinin yaradılması yolverilməzdir. “Terrorçu bir ordu yaradılıb dəstəklənməsi Türkiyənin sərhəd bütövlüyü baxımından açıq-aşkar hədədi. Türkiyə hər kəsi xəbərdar etdi, nə istədiyini çox aydın söylədi. ABŞ-a PKK terror təşkilatının Suriya qolu olan YPG-yə silah verməyin dedi. Bütün cəhdlərə baxmayaraq, tam əksi oldu. Türkiyə səbrinin son nöqtəsinə gəldi və hazırkı əməliyyatı başlatdı”.

Bəkir Bozdağ qeyd edib ki, Türkiyənin sərhədləri yaxınlığında terror dövlətinin yaradılmasına imkan verilməyəcək və ölkənin təhlükəsizliyinin qorunması baxımından Afrin hərəkatı və digər antiterror əməliyyatları davamlı olacaq. Türkiyənin müdafiə naziri Nurəddin Canık isə “Zeytun budağı” hərəkatının səbəblərini açıqlayarkən qeyd edib ki, PYD və YPG PKK-nın Suriya qoludur və eyni yerdən idarə edilir. Türkiyə İŞİD-ə və PKK-ya qarşı necə amansızdirsa, PYD və YPG-yə qarşı da eyni təsirli sərt addımlar atacaq. “Türkiyə terrora böyük zərbə vurur, terrorçular can verirlər. İŞİD kimi digər terror qruplarının da işi bitəcək”.

 





31.01.2018    çap et  çap et