525.Az

Yusifzadələrin Xoşbəxti və ya dəniz dərinliyinin dağ ucalığı


 

Yusifzadələrin Xoşbəxti və ya dəniz dərinliyinin dağ ucalığı<b style="color:red"></b>

Son illər vaxtaşırı - hər ay, demək olar ki, bir neçə dəfə görüşdüyüm bu gülərüz, ünsiyyətcil (və məşhur!) insan haqqında az qala hər görüşdən sonra əlimə qələm alıb nə isə yazmaq istəyirəm. Ancaq hər dəfə tərəddüd hissləri həmin istəyin qarşısını alır...

Ona görə ki, Xoşbəxt müəllim kimi şəxsiyyətlər haqqında, Mirzə Cəlil demiş, ya gərək yaxşı yazasan, ya da ümumiyyətlə yazmayasan.

Axır ki, özümdə cəsarət tapıb bu böyük (və sevimli) insanın "portret"ini yaratmağa mütəvaze bir qərar verdim...

...Xoşbəxt Yusifzadə 1930-cu ilin yanvarında Xəzər dənizinin qızıl qumlu sahillərində - Pirşağıda anadan olub. Gözünü açanda görüb ki, dünyanın bir tərəfi qurudu, bir tərəfi su... Fikirləşib ki, görəsən böyüyəndə suda işləmək yaxşıdı, ya quruda?.. Fikirləşib, fikirləşib... Və birdən öz- özünə deyib ki, "adə, quru nedü, su!.. Təmizlikdi, genişlikdi, dünyanın dörddən üçüdü... Hələm- hələm adamın da yeri deyil..."

Azərbaycan Sənaye İnstitutunu qurtaran kimi özünü "atıb" dənizə - "Dənizneft" Birliyinə... Və 1954- cü ilin bir yaz günü görüb ki, "Gürganneft" trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqudur. Elə o vaxtdan, rəsmi məlumatlarda deyildiyi kimi, dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından, rəhbərlərindən biridir. Və ARDNŞ-ə gələnə qədər (1994) hansı idarədə işləmişdirsə, həmin idarənin adında "neft" sözü ilə yanaşı "dəniz" sözü də var...

Ona görə də Xoşbəxt müəllimin adı çəkiləndə, adamın yadına ilk növbədə neft düşür, özü də dəniz nefti - dünyanın ən ətirli, ən enerjili, tarixdə ən çox ad çıxarmış nefti"... Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, Xəzər dənizində nə qədər neft varsa, Xoşbəxt Yusifzadədən yaxşı bilən yoxdur.

Bir dəfə Xoşbəxt müəllimdən soruşdum: "Siz, doğrudan, dənizin harasında nə qədər neft var, bilirsiz?"

Çox gözəl, ürəyə yatan, nə deyəcəyini əvvəldən təxmin eləməyə imkan verən gülüşü var. Güldü. Və şirin bakılı ləhcəsilə: "Adə, qulağ as, - dedi, - mən də namizədlik müdafiə eliyirdim, həyat yoldaşım da... O danışdı, danışdı, sonra lampanı elektrik cərəyanına qoşdu, yandı... Şura üzvləri dedilər: "Əla!" Mən danışdım, danışdım... Soruşdular ki, sən dediyin yerdə dəqiq neft var? Dedim, ehtimal eləyirəm... Onu dəqiq kim bilir, bütün əlamətlər göstərir ki, var... Lapma deyil ki, qoşasan cərəyana, yansın, desinlər, əla!.."

Xoşbəxt müəllimlə Ali Atestasiya Komissiyası Rəyasət Heyətinin iclaslarında tanış olmuşam. Filologiya üzrə ekspert şurasının sədri idim. Onun da, mənim də cavan vaxtlarımız idi. Mən istəyirdim ki, rəyasət heyətinin üzvlərində təqdim etdiyim dissertasiya işi (və onun müəllifi) barədə elə geniş təsəvvür yaradım ki, həm əlavə suallar çıxmasın, həm də iş təsdiq olunsun. Lakin bütün cəhdlərimə baxmayaraq, əksəriyyəti texniki elmlər üzrə mütəxəssis olan rəyasət heyəti üzvləri bəzən elə suallar verirdilər ki, dissertasiya bir tərəfdə qalırdı və məcbur olurdum ki, "ədəbiyyat" adlanan (və hər kəsin bir cür başa düşdüyü) hadisənin mahiyyətini anladım... Belə vəziyyətlərdən birində Xoşbəxt müəllim özünü saxlaya bilmədi:

- Adə, - dedi, - dissertasiya müdafiə eliyən adam bu döyül e... Sualı buna nöşün verirsüz?.. Görürsüz bu yazuğ deyir ki, yaxşı işdü, təsdiğ elüyek getsün...

Sonra üzünü mənə tərəf çevirib soruşdu:

- Düz demirəm?..

Onsuz da haldan düşmüşdüm, hər cümlənin hər sözünü izah eləməyə halım qalmamışdı... Xoşbəxt müəllimə:

- Helədü, - deyib rahat nəfəs aldım.

Sonralar görüşəndə hərdən mənə deyirdi ki, adə, bu Maskvada-zadda ağır işdər olur müdafiə üçün, göndərey get onnarı müdafiə elə...

Xoşbəxt müəllim elmin (və elm adamının) xeyirxahıdır... Ancaq bir həddə qədər... O həddə qədər ki, ordan sonra artıq elm qurtarır... Və bu xeyirxahlığı da həm ürəkdən eləyir, həm də çalışır ki, eşidən-bilən olmasın; kimsə özünü onun qarşısında borclu, gözükölgəli saymasın...

Ən dəyərli xüsusiyyətlərindən biri də elmdə, sənətdə, ümumən həyatda görülən yaxşı işlərə səxavətlə qiymət verməsi, adamı həvəsləndirməsi, ruhlandırmasıdır ki, mən bunun dəfələrlə şahidi olmuşam... Bir dəfə səhər- səhər mənə zəng eləyib soruşdu: "Adə, sən Asif Rüstəmlini tanıyırsan?.." "Yaxşı tanıyıram, - dedim. - Ədəbiyyatşünasdı. Cəfər Cabbarlını indi ondan yaxşı bilən yoxdur..." "Elə onu deyirəm, bayaq televiziyada Cəfər Cabbarlıdan danışırdı, çox xoşuma gəldi..." Dedim: "Xoşbəxt müəllim, sizin bu rəyinizi ona çatdıraram"... Əvvəl "həri?" dedi, sonra əlavə etdi ki, "yox, onun telefon nömrəsini ver, özüm danışım"... Bir- iki gün keçdi, Asifi gördüm. Xoşbəxt müəllimin zəngi onu o qədər sevindirmişdi ki, həmin telefon danışığından aldığı təəssüratı təsvir etməyə söz belə tapa bilmirdi...

Rəyasət heyətinin son iclaslarının birində Vəli müəllim (AAK-ın sədr əvəzi Vəli Hüseynov) görkəmli şərqşünas, akademik Vasim Məmmədəliyevi yetmiş beş yaşı münasibətilə təbrik edib sözü qəflətən Xoşbəxt müəllimə verəndə o, əvvəl- əvvəl diqqətlə Vasim müəllimə baxdı, sonra soruşdu: "Vasim müəllimin neçə yaşı oldu dediniz?.." Hamı bildi ki, Xoşbəxt müəllimin zahirən sadəlövh görünən sualının altında nə isə bir mətləb yatır. Və yer- yerdən cavab verdik: "Yetmiş beş!.." Güldü, güldü, sonra dedi: "Adə, mənim yanımda hələ uşağdı ki, onun haqqında nə deyə bilərəm?.." Və ardınca Vasim müəllimin elmi, ictimai fəaliyyəti, şəxsiyyəti barədə çox gözəl, yadda qalan sözlər söylədi.

Ümumiyyətlə, Xoşbəxt müəllimin çox koloritli, mükəmməl və sirayətedici nitq zövqü ilə yanaşı, həm də dil-üslub texnologiyaları barədə öz xüsusi mövqeyi, təsəvvürləri var... Bir dəfə soruşdu ki, biz nə üçün "zəhmət olmasa" deyirik... "Adə, düz döyül axı... Müraciət etdiyimiz şəxs zəhmət çəkməli olacaq... Belə çıxır ki, bəri başdan onun zəhmətinə hörmətsiz yanaşırıq, ya da qarşısında şərt qoyuruq... Yəni zəhmət olmasa bu işi gör, olsa görmə..."

İndiyə qədər fikirləşirəm, ancaq hələ də Xoşbəxt müəllimin bu sualına az-çox tutarlı bir cavab tapa bilmirəm...

Xoşbəxt müəllim, sözün həqiqi mənasında, nə qədər "texnokrat" olsa da, fəlsəfi təfəkkür sahibidir. Və bu özünü ən çox onda göstərir ki, hansısa məsələ ilə əlaqədar danışanda nə təfərrüata gedir, nə də təfsilata; çalışır ki, birbaşa mətləbi desin... AAK Rəyasət Heyətinin iclaslarında da söhbətə, adətən, o vaxt qarışır ki, birdən mətləbə xələl gələ bilər.

Xoşbəxt Yusifzadə bir sıra fundamental tədqiqatların müəllifidir ki, buraya "Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub- qərb qanadının neftli obyektlərinin səmərəli işlənməsi və istismarı məsələləri" (1960), "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" (1987) əsərlərindən əlavə, "Azəri", "Çıraq", "Günəşli", "Əşrəfi", "Qarabağ", "Şahdəniz", "Abşeron", "Ümid"... yataqlarının kəşfi daxildir... Bu genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatına nə qədər böyük fayda verdiyini bir anlığa təsəvvürə gətirməyə çalışsaq, görərik ki, Xoşbəxt müəllimin özü də milli sərvətdir. Və təsadüfi deyil ki, hələ çox gənc yaşlarından - 60-cı illərin əvvəllərindən başlayaraq çox böyük dövlət mükafatlarına, fəxri adlara, orden və medallara layiq görülmüşdür ki, onların arasında müstəqil Azərbaycanın "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri, heç şübhəsiz, xüsusi məna-məzmun daşıyır...

Dünyanın bir dağ ucalığı var, bir də dəniz dərinliyi... O dərinliyə enə bilməsən o ucalığa da yüksələ bilməzsən... Və məşhur mahnıda deyilir ki, "dünya mərdlər dünyasıdı", ona görə də məsləhətdi ki, "ərənləri min yaşasın!.."

 





31.01.2018    çap et  çap et