525.Az

Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti - 100


 

AZƏRBAYCANIN DAXİLİ İŞLƏR NAZİRİ BEHBUD XAN CAVANŞİR (1877-1921)

Cümhuriyyət qurucuları - <b style="color:red">Azərbaycan Cümhuriyyəti - 100 </b>

(Əvvəli 26-sı yanvar sayımızda)

Behbud xan Cavanşir öz fəaliyyətində Azərbaycan Cümhuriyyətinin qonşu dövlətlərlə ticarət və sənaye sahəsindəki əlaqələrinə böyük diqqət yetirirdi.

Onun Ticarət və sənaye naziri olduğu dövrdə Azərbaycan və Gürcüstan arasında 1918-ci ilin dekabr ayının 26-da çox əhəmiyyətli müqavilə imzalandı. Həmin müqaviləni Azərbaycan hökuməti tərəfindən B.Cavanşir, Gürcüstan hökuməti adından isə Azərbaycanda Gürcüstanın diplomatik nümayəndəsi Nikolay Karcivadze imzalamışdılar. Həmin müqavilədə aşağıdakı mühüm bəndlər nəzərdə tutulmuşdu: "1) Azərbaycandan Gürcüstana, eləcə Gürcüstandan Azərbaycana yüklərin dəmiryoli ilə rüsumsuz daşınması müəyyənləşdirilir; 2) Azərbaycan hökuməti neft və neft məhsullarının həmçinin bir milyon puddan artıq olmamaqla, Gürcüstan əhalisinin ehtiyacları üçün daşınmasına icazə verir.Daşınan neft və neft məhsullarının miqdarı müqavilə müddətində iyirmi milyon pud həcmini ötməməlidir... 5) Eyni qaydada Gürcüstan hökuməti də Gürcüstandan Azərbaycana əhalinin ehtiyacı üçün olan daş kömür və digər materialların daşınmasına icazə verir...".

Bütövlükdə 19 maddədən ibarət olan bu müqavilənin bağlanması ilə hər iki ölkənin əhalisinin zəruri mallarla təminatına imkan yaranırdı. Həmin müqavilədə Gürcüstan tərəfi çörəyin, qəndin və dərinin rüsum alınmadan aparılmasına razılaşmasa da, digər materialları Azərbaycana rüsum ödənilmədən aparmaq hüququna malik idi.

1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başlayır. B.Cavanşir də Parlamentin üzvü olur. O, Parlamentdə "Bitərəflər" fraksiyasında təmsil edilirdi. 1919-cu ilin oktyabrında həmin fraksiyada parçalanma olduğundan Behbud xan Cavanşir, Bəhram Axundov və Əbdüləli bəy Əmircanov müstəqil bitərəflər qrupu yaradırlar.

Behbud bəy Cavanşirin Parlamentdəki çıxışlarına ən çox 1919-cu ildəki iclaslarda rast gəlmək mümkündür. Onun 1919-cu ilin 18 oktyabrında Parlamentin səksən beşinci iclasındakı yürütdüyü fikirlər önəmlidir.

Parlamentdə "Gömrük idarələrindən alınan vergilər barəsində" Maliyyə Naziri hüququnun genişləndirilməsi haqqında" 11-ci məsələ olaraq müzakirə edilir. Bu haqda ilk məlumatı M.Hacınski izah etdikdən sonra Ə.Cövdət bəy əlavə fikrini bildirir. Sonra söz B.Cavanşirə verilir. O, deyir: "Möhtərəm məbuslar! Bu qanun ki, var idi - məmləkətə gələn mallara gömrük qoyulurdu ki,əvvəla vergi alındığı zaman, haradan nə qədər mal gətirildiyi məlum olsun. Saniyən də mal az gətirilsin. Fəqət indi siyasət dəyişmişdir. Onsuz da mal az gətirilir. O zaman hər tərəfdən çox mal gətirən olurdu. Rəqabət var idi. Gömrüyün də təsiri olmurdu. İndi isə gömrük gömrük qoymaq sui-təsir edir. Ona görə belə ixrac olunan mala nə qədər istəyirsiniz, gömrük təyin ediniz. Amma idxalata gömrük qoymağın məmləkətə xeyri yoxdur. Çünki gömrük qoyduqda həm mal azalır, həm də baha olur".

B.Cavanşir izahdan sonra fikrini belə yekunlaşdırır ki, idxalata gömrük qoyulmasın, mal ucuz olsun və camaat ondan faydalansın.

B.Cavanşirin çıxışından sonra A.Aşurov, M.Hacınski də çıxış edib fikirlərini bildirirlər. Parlament üzvlərinin qərarı ilə bu qanun layihəsi müzakirədən çıxarılıb maliyyə-büdcə komissiyasına göndərilir.

1919-cu ilin noyabrın 10-da Azərbaycan Parlamentinin doxsan altıncı iclası keçirilir. İclasda dinlənilən məsələlərdən biri də "Etimadnamə Komissiyasının məruzəsi"dir (Rüstəmbəyli - red.). Onun çıxışından sonra Ə.Qarayev, S.M.Qənizadə, M.Ə.Rəsulzadə, Ə.C.Pepinov, Kravçenko, M.Mahmudov, M.Şeyxzamanov çıxış edirlər. Təklif  səsə qoyulsa da, qəbul olunmur. Belə olduqda B.Cavanşir çıxış edərək deyir: "Əfəndilər, burada Əhməd bəy dedi ki, Zəngəzurdan 3 şəxs gəlib, hərə cürbəcür adam tərəfindən qol çəkdiribdir. Orada milli komitə yoxdur, bir cəmiyyət vardı ki, kasıblara kömək edirdi, ondan sonra Şeyxzamanov buyurdu ki, Zəngəzur belə gəldi, belə getdi, əvvəlinci gündən ki, biz Gəncədə idik, Dondarlı və Zəngilan bir yerdə idilər. O vaxt da Dondarlı gəlib iştirak edibdir və öz seçkilərində bir nəfər yüzbaşı Parlament üzvlüyünə qəbul göndərmişlərdi. Buraya gələndə o adam "İttihad" firqəsinə daxil olmuş və sədrimiz izahat veribdir ki, bu seçki düz deyil, o gərək öz yerində təhqiq olunsun".

Sonra B.Cavanşir belə təklif edir ki, Parlamentə üzvün ya xalq, ya da yerli komitələr tərəfindən seçilməsi aydınlaşmalıdır, əziyyət çəkilməsin.

Parlamentin 1919-cu ilin 27 noyabrında keçirilən yüz birinci iclasında 600 milyonluq "emissiya məsələsi" ilə məsələnin müzakirəsi davam etdirilir. Əsas məruzəçi S.Ağamalıoğlu olmadığından, Y.Əhmədzadə məruzə edir. Onun məruzəsindən sonra ilk olaraq Q.Qarabəyli, Malxazov, S.Ağamalıoğlu (o, sonradan iclasa gəlib - red.), Ə.Cövdət, M.Əfəndizadə, M.Ə.Rəsulzadə çıxış edirlər.

Müzakirə olunan məsələyə B.Cavanşir belə münasibət bildirir: "Möhtərəm məbuslar! Bir məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da maliyyəsiz yaşamaz. Məmləkət üçün müəyyənləşmiş maliyyə siyasəti lazımdır. Görək bu, varmı?.. Heç bir dövlətdə bizim dövlət qədər dövlət yoxdur. Bizim pullarımızın Gürcüstan və Ermənistan pullarından heç fərqi yoxdur, bəlkə onlardan qiymətlidir. Lakin maliyyə siyasətimiz yoxdur. Buna görə də pulumuzun qiyməti düşür. Bu gün 600 milyon pulu patriotizm və siyasət nöqteyi-nəzərilə gərək qəbul edək. Ola bilməz ki, pul buraxıla və xərc oluna və siz də onu qəbul etməyəsiniz. Məmurların məvacibi verilmirsə, əlbəttə bu barədə daxildə iğtişaş əmələ gələr. Amma görək hökumət bu işin başında duranların patriotizmi barəsində hanki işləri bizə təsdiq etdirəcək. O qanunlar ki, nazirlərə verilibdir, o qanunlar onlar üçün mütləq olmalıdır".

B.Cavanşir çıxışında ölkənin idarə olunması üçün təcrübəli adamların önə çəkilməsini əsas sayır. O, vacib bir məqamı da vurğulayır: "Məmləkətin xəzinəsini saxlamaq, bir şəxsin öz evini saxlaması kimidir".

B.Cavanşir çıxışında ölkəyə müxtəlif səbəblərdən gəlib məskunlaşmış insanlardan, onların dövlətə fayda verməsi vacibliyindən danışır: "Buraya hər tərəfdən qaçıb gələnlər, məsələn Denikindən, bolşevikdən qaçmışlar, ticarət ilə çalışırlar. Onlar nə əsgər verirlər, nə də məmləkət ilə bir əlaqələri vardır. Onların fikirləri cürbəcür pisliklər ilə məmləkəti batırmaq və nəticədə əzməkdir. Vaxta ki, siz bizim içimizdə olursunuz, bolşevikdən, menşevikdən qaçıb, burada yaşayırsınız, heç olmazsa bizə kömək ediniz. Onun bir azını da bizə veriniz".

Hökumətdə tutduğu  vəzifələrdən uzaqlaşdıqdan sonra o, əsas fəaliyyətini Parlamentdə davam etdirir. Eyni zamanda o, 1919-cu ilin iyulun 18-də "Dəyanət" kommersiya şirkəti açır və xarici ticarətlə məşğul olur.

B.Cavanşir təhsil aldığı Almaniyadan yumşaq buğda növləri gətirib Qarabağda əkinçilikdə istifadə etmişdi. Maraqlıdır ki, Qarabağa ilk avtomobili gətirən və bu bölgənin yollarını abadlaşdıran da B.Cavanşir olmuşdu.

O, 1918-1920-ci illərdə Bakıda təntənəli "Azərbaycan gecələri" konsertinin və bir çox cəmiyyətlərin təşkili də onun adı ilə bağlıdır.

Bəzi araşdırmalarda B.Cavanşirin də M.Hacınski ilə birlikdə Sovet Rusiyası ilə yaxınlaşmaq, diplomatik münasibətlər qurmaq cəhdləri qeyd olunur.

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra peşəkar mühəndis kimi tanınan və xariclə güclü əlaqələri olan B.Cavanşir neft sənayesi sahəsində çalışmışdır. Həmin ilin sonunda N.Nərimanov onu müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. B.Cavanşir yolüstü İstanbulda həmyerlisi Ə.Ağaoğlunun evində qalır. Bir gecə küçə ilə gedərkən arxadan Daşnaksütun partiyasının üzvü Torlakyan tərəfindən atılan güllə ilə qətlə yetirilir.

Tanınmış tədqiqatçı V.Quliyevin "Ağaoğlular" kitabında həmin hadisəni Əhməd bəyin qızı Sürəyya xanım belə təsvir edir: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək, atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi. Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir, xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən onlar evimizi tərk edib "Pere Palas" mehmanxanasında yerləşdilər. Ertəsi gün səhər tezdən Behbud xanın axşam "Pere Palas" mehmanxanasına gələrkən, bir erməni tərəfindən vurulduğunu eşitdik".

B.Cavanşirin qətli ilə bağlı aparılan məhkəmə prosesindən aydın olur ki, o, İstanbula 1921-ci ilin iyun ayının 25-də həyat yoldaşı Tamara Velkovskaya (o, rus xanımı idi), qardaşları Surxay və Cəmşidlə birlikdə gəlib. B.Cavanşirin həyat yoldaşının məhkəmədəki ifadələrindən məlum olur ki, o, qatili gördükdə onun bir neçə gün əvvəl onunla Təpəbaşı baxçasında qarşılaşdıqları yadına düşür. Məlum olur ki, erməni terrorçu onları izləyirmiş.

(ardı var)

 





01.02.2018    çap et  çap et