525.Az

Onlar yeddi qardaş idi... - Xalq şairi Fikrət Qoca yazır


 

Onlar yeddi qardaş idi... - <b style="color:red">Xalq şairi Fikrət Qoca yazır</b>

Mən dünyaya gələndə yeddi əmim vardı. İlk qardaşın ilk oğlu mən idim.

Atam Göyüş bir il sonra Tibb İnstitutuna daxil oldu, həm işləyir, həm də oxuyurdu. Vətən müharibəsi başladı. Atamgil dövlət imtahanlarını vaxtından əvvəl verib əsgərə yollandılar. Atam əsgərə gedən axşam anama pıçıldadıqları hələ də qulağımda səslənir:

- Gözləmə, Xara, uşaqları da götür, get kəndə.

- Hara, hansı kəndə?

Bu illər ərzində iki qardaşım da olmuşdu. Səhhət və Vaqif. Atam bir müddət susdu. Doluxsunmuşdu, udqundu.

- Özün bil hansına...

Atam anamı götürüb qaçmışdı. Ailələr hələ küsülü idi. Anamgil Zərdabda olurdu. Atamgil Ağdaşda.

- Ağdaşa gedərəm, bəs ev-eşik...

- Az... Nə ev-eşik, üç uşaqnan. Əlli kilo yükə icazə verirlər. Uşaqları, vacib pal-paltarı götür, vəssalam. Qapıya qıfıl vur, çıx get!

- Məktub yaz ha...

- Yerimiz-yurdumuz bəlli olan kimi yazacam.

- Özünü qoru.

- (Atamın səsi tutuldu) Eh... Nə? Nə deyim, fikirləşmə məni, uşaqları, özünü fikirləş. Atan gəlsə, get onnan. Orda rahat olar. Məhərrəm, Nadir, Söyün də gedib.

- Bıy, hara?

- Əsgərə, hara gedəcəklər. Özüm sənə demədim.

- Nigaran qalma bizdən... Ev-eşiyi yığışdırım, gedim poyuza bilet alacam. Bircə sən...

- Məni... məni fikirləşmə. Gələcəm. Mütləq. Qorxma... Gələcəm.

"Poyuz" (qatara "poyuz" deyirdik) sözünü eşidən kimi o bədheybət şey gözümün qabağına gəldi. Qara tüstü buraxa-buraxa, qışqıra-qışqıra gəlir. Bütün bədənim titrədi. Dayananda da fısıltısı aləmi götürdü. Pilləkənləri də elə hündür idi ayağım nədi, heç əlim də pilləkənə çatmırdı. Ən qorxduğum şey "poyuz" idi  düşünürdüm ki, nə vaxtsa mən o qatara minə bilməyəcəm. Qatar çıxıb gedəcək. Mən atasız-anasız o vağzalda qalacam...

Ağdaşda üç kiçik əmim qalmışdı, İmran, Adil, Zülfüqar. Müharibəyə dörd qardaş getdilər, ikisi müharibədə qaldı, cavan qaldılar, qocalmadılar. Müharibələri qurtarmadı. Atam yaralandı, tez qayıtdı. Məhərrəm əmim müharibə qurtarandan bir ay sonra gəlib çıxdı.

Atam da, qalan əmilərim də yaşadılar, qocaldılar, mənim qorxduğum o "poyuza" minib bir-bir getdilər.

Onları yola salmağa gəlib çata bilmədim. Getdim. Gedib gördüm ki, o "poyuz" onları aparıb, yalnız havada tüstüsü, istisi qalıb.

Sonuncu əmim Zülfiqar idi. Yenə zəng oldu.

- Alo... Fikrət əmi..

- Hə, bala! Eşidirəm.

- Zülfüqarın oğlu Elburusdu.

- Buyur, oğul.

- Vallah heç bilmirəm necə deyim. Bilirəm xəstəsən. Amma deməsəm də olmaz - nə bilim ey...

- Nə olub! De...

- Atam rəhmətə gedib. Bu gün üçüdü. Hər halda bilməyin yaxşıdı.

- Bəs niyə indiyə kimi mənə deməmisiz?

- Nə bilim, qardaşınız, bacınız gəlmişdi. Dedilər, xəstəsən. Biz də bilirik xəstəsən. Düşündüm, onlar deyər...

Yenə getdim, yenə əmimdən başqa hamını gördüm...

Əzizlərim, deyiləsi sözü insana vaxtında deyin. Əsl həkim xəstəyə onun vəziyyətini olduğu kimi deməlidi. Dost, qohum xüsusilə deməlidi. Görsən ki, sarsaqlayıram, üzümə de! De ki, "sarsaqlayırsan". Yaşım çoxdur, mənə hörmət edirsən? Sən mədəni şəkildə de. Məni çox sevirsənsə, mütləq de, niyə mənim biabır olmağıma göz yumursan?! Niyə mənə kömək etmirsən?! Lap küçədə biri axmaq hərəkət edir. Heç tanımırsan. Bu ölkə sənindi. Bu küçə sənindi. Bu adam da sənin vətəndaşındı, həmyerlindi, yanından necə biganə keçib gedə bilirsən?! Yaxşını alqışlayın, sevinin. Kobudluğu tənqid edin. Bu vətən bizim evimizdi.  Bu vətəndəki hər kəs bizim vətən adlı bu ailənin, Azərbaycanın övladlarıyıq. Yaxşısı-yaxşı, pisi pis övladdı. Azərbaycan bir ailədi. Ailədə hamı əzizdi. Qananı da, qanmazı da. Hamı bir-birinin həkimi olmalıdı. Rəhbəri də, fəhləsi də, siyasətçisi də, əkinçisi də, lap oğrusu da bilməlidir ki, Azərbaycan onun öz evidir. Ağlı bütöv olan adam öz evindən oğurluq eləməz. Deməli, bu insana palisi xəstəyə baxan həkim kimi yanaşmalıdı. Sağaltmaq niyyəti ilə yanaşmalıdı. Bunları sizə niyə deyirəm? Allaha şükür, hamınız təhsil görmüsünüz. Başa düşürsünüz mən nədən və nələrdən danışmaq istəyirəm.

Hər bir gedən ağsaqqal, ya qarasaqqal bizimlə bağlı xatirələrin qoynunda gedir. Gedənin xatirələri ömrümüz boyu yol yoldaşımız olur. Biz bir yerə yığılanda o insan haqqında xatirələr də cəmləşir. O insan dirilir, məclisimizdə iştirak edir. Heç olmasa buna görə belə günlərdə bir yerə yığılmalıyıq.

Allah gedənlərə rəhmət eləsin, qalanlara bir-birinə qarşı məhəbbət, hörmət versin!

 





08.02.2018    çap et  çap et