525.Az

Təhsil Nazirliyində müşavirə


 

Təhsil Nazirliyində müşavirə<b style="color:red"></b>

Təhsil Nazirliyində prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, aparılan islahatlar  barədə məlumat verib. O qeyd edib ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür. O cümlədən, ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Görülən işlərin davamı olaraq bu il də 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq.

C.Bayramov bildirib ki, son illərdə ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə məktəbəqədər təhsilin əhatə dairəsi daha da genişləndirilib. Təhsil Nazirliyi bütün ölkə ərazisində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən məktəbəhazırlığın əhatəliliyinin genişləndirilməsini prioritet hesab edir. 2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub və 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. Bu dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.

C.Bayramov çıxışında beynəlxalq PIRLS qiymətləndirilməsində azərbaycanlı şagirdlərin nəticələrinin 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462-dən 472 bala yüksəldiyini, bu il PISA beynəlxalq qiymətləndirilməsinin keçiriləcəyini qeyd edib. C.Bayramov, həmçinin, istedadlı uşaqların aşkar edilməsinin önəmini vurğulayaraq bildirib ki, həmin şagirdlərlə işin təşkili üzrə Olimpiadalara hazırlıq mərkəzləri fəaliyyətə başlayıb, beynəlxalq olimpiadalarda qazanılan medalların sayı artıb. Sevindirici haldır ki, beynəlxalq olimpiadalarda son 4 ildə qazanılan 116 medalın 58-i (50 faiz) region məktəblərinin payına düşür. Son illərdə Respublika fənn olimpiadalarına maraq xeyli yüksəlib. Belə ki, ötən il Respublika fənn olimpiadalarının birinci mərhələsində 30 min nəfərə yaxın şagird iştirak edib. Olimpiadalarda qazanılan medalların 55 faizi bölgə məktəblərinin payına düşüb ki, bu da təhsilin inkişaf dinamikasında regionların göstəricilərinin əhəmiyyətli artımından xəbər verir.  Bu il isə bilik yarışına 33 mindən çox şagird qatılıb.

C.Bayramov bu tədris ilində Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçiriləcəyini deyib.

Müşavirədə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov da çıxış ediblər.

Ceyhun Bayramov müşavirənin işini yekunlaşdıraraq prezident İlham Əliyevin konfransdakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2018-ci il üçün Fəaliyyət Planının hazırlanması, habelə təhsilin keyfiyyət göstəricilərinin daha da artırılması ilə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.

S.QARAYEVA

 





09.02.2018    çap et  çap et