525.Az

Polkovnik İsrafil bəyin xatirələri - Azərbaycan Xalq Cümhuriyyəti-100


 

Polkovnik İsrafil bəyin xatirələri - <b style="color:red">Azərbaycan Xalq Cümhuriyyəti-100</b>

1932-ci ilin payızında özünü “Baş qərargah polkovniki” kimi təqdim edən İsrafil bəy Varşavada Şimali Qafqaz dağlıları Xalq Partiyasının mətbu orqanına - Azərbaycan-türk və rus dillərində çap olunan “Kafkasiya dağlıları-Qortsı Kafkaza” jurnalının redaksiyasına məktubla müraciət etmişdi.

Əvvəlcə bir neçə kəlmə məhdud partiya maraqlarından çox ümumqafqaz mövqeyində dayanan “Kafkasiya dağlıları-Qortsı Kavkaza” jurnalı haqda.

Jurnalın nəşrinə 1929-cu ildə Parisdə başlanmışdı. Onun 1-29-cu sayları Fransa paytaxtında, 30-50-ci sayları isə Varşavada çap olunmuşdu. 1934-1939-cu illərdə nəşrini “Şimali Kafkasiya-Severnıy Kavkaz” adı ilə davam etdirmişdi. Beşiyi başında Şimali Qafqaz dağlılarının knyaz Elmurza Bekoviç-Çerkasskiy (adıgey),  Barasbi Baytuqan (osetin) kimi tanınmış ictimai-siyasi xadimlərinin dayandığı nəşr Azərbaycan siyasi mühacirətinin Avropadakı irsini və fəaliyyətini öyrənmək baxımından da mühüm qaynaqlardan biridir. “Bizim dağlı sıralarımızda türk ünsürü əhəmiyyətli yer tutur” - etirafında bulunan jurnal öz səhifələrində Qafqazın aparıcı milli-siyasi qüvvəsi kimi xarakterizə etdiyi Azərbaycan  mühacirəti nümayəndələrinə geniş yer  ayırırdı.

Görünür, bu amili nəzərə alan İsrafil bəy də Azərbaycan Cümhuriyyəti ordusu haqqındakı qeydlərini ictimaiyyətə təqdim etmək üçün “Kafkasiya dağlıları-Qortsı Kavkaza” jurnalını seçmişdi.

Bəs dörd ordunun (Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Polşa Respublikası, Hitler Almaniyası) zabiti olmuş İsrafil bəy  kim idi?

İsrafil bəy Məhəmmədnəbi oğlu İsrafilov (İsrafil bəy Məhəmməd, İsrafil bəy Yadigarov, (polyak hərbi mənbələrində Bey Muchamed İsrafil, Bey İsrafil Yedigar), İsrafil bəy İsrafilbəyli kimi  də tanınır) 1924-cü ildə Polşa ordusunda xidmətə başlayarkən yazdığı tərcümeyi-halda göstərdiyinə görə, 1888-ci ildə Tiflisdə anadan olmuşdu. Rus ordusuna bir neçə yüksək rütbəli zabit (o cümlədən, M.F.Axundzadənin dostu, general-leytenant İsrafil bəy Yadigarov, 1815-1885) vermiş məşhur Yadigarovlar ailəsinə mənsubluğunu təxmin etmək mümkündür. Tiflis kadet korpusunda təhsilini tamamladıqdan sonra 1910-cu ildə podporuçik rütbəsi ilə hərbi xidmətə başlamışdı.

Birinci Dünya müharibəsində Varşava altında avstriyalılara qarşı vuruşmuşdu. 1915-ci ildə eskadron komandiri kimi Qafqaz cəbhəsinə göndərilmişdi. Daha sonra döyüş yolu Odessadan, ingilislərlə çiyin-çiyinə vuruşduğu Fars körfəzindən keçmişdi. 1916-cı ildə rotmistr rütbəsi ilə Qafqaz süvari diviziyasının tərkibində Rumıniya cəbhəsinə göndərilmişdi. 1918-ci ilin baharından yenicə təşəkkül tapan Azərbaycan ordusundə xidmətə başlamışdı. Təxminən eyni vaxtda Gürcüstan ordusunda xidmət keçməsi, hətta 1918-ci ilin dekabrında gürcü-erməni müharibəsində gürcü tərəfdən iştirakı haqqında məlumat da mövcuddur. Lakin istər bu, istərsə də guya hərbi xidmətdən tam uzaqlaşıb doğma kəndinə çəkilməsi haqqındakı versiyanı (N.Yaqublu) həqiqətə uyğun saymaq qeyri-mümkündür. Çünki xatirələrindən də göründüyü kimi, o, 1918-ci ilin ikinci yarısından etibarən qurulmaqda olan Azərbaycan milli ordusunda aparıcı simalardan biri idi. Bakının erməni-bolşevik işğalından azad olunması uğrunda mübarizədə yaxından iştirak etmişdi.

Milli hökumətin süqutu yüzlərlə silah və əqidə yoldaşı kimi İsrafil bəyi də dilemma qarşısında qoymuşdu: ya vətənini işğal etmiş bolşeviklərin tərəfinə keçməli, ya da onlara qarşı əks cəbhədə dayanmalı idi. İsrafil bəy çətinlik və məhrumiyyətlərlə dolu ikinci yolu seçmişdi. 1924-cü ildə tale onu Polşaya aparıb çıxarmışdı. Burada Polşa ordusunda (Voysko Polskoe) müqavilə əsasında xidmətə başlamışdı. 1926-1928-ci illərdə Varşava Ali Hərbi Məktəbində təhsil almışdı. Əvvəlcə 36-cı piyada alayında xidmət etmişdi. 1939-cu ilin yazında isə artıq Qrodno şəhərində yerləşən 29-cu piyada diviziyasında qərargah zabiti idi. Podpolkovnik rütbəsində Polşa ordusunun 11-ci süvari alayında xidmət etməsi haqda da məlumat  mövcuddur.

Bolşevik rejiminə sonsuz nifrət keçmiş rus ordusunun və milli orduların bir sıra zabitlərini Hitler Almaniyası ilə əməkdaşlıq yoluna çəkmişdi. Polkovnik İsrafil bəy də belələrinin sırasında idi. Amma onu hitlerçilərin Avropa ağalığı xülyasından daha çox vətəni Azərbaycanın yenidən istiqlalına qovuşması düşündürürdü. Bu məqsədlə də 1943-cü ildən Berlində Şərq nazirliyi yanında fəaliyyət göstərən Azərbaycan komitəsinə rəhbərlik etmişdi. Eyni zamanda,  hərbi əsirlərdən ibarət 162-ci Türküstan piyada diviziyasının 314-cü piyada alayına komandanlıq etmişdi. 1944-cü ilin dekabrından  vaffen ştandarterfürer (rus ordusunda podpolkovnik) rütbəsində III Reyxin Qafqaz hərbi birləşməsinin “Azərbaycan” döyüş qrupunun komandiri idi. 1945-ci ilin martında Berlindəki Azərbaycan Milli Komitəsinin hərbi məsələlər üzrə müşaviri idi.

İsrafil bəy müharibənin sonunu Amerikan işğal zonasında qarşılamışdı. Lakin bu sovet xüsusi xidmət orqanlarının cəngindən qurtarmağa imkan verməmişdi. Amerikalılar azərbaycanlı zabiti SSRİ-yə qaytarmışdılar. Onu Azərbaycana gətirib Bakı Hərbi Dairəsinin tribunalında mühakimə etmişdilər. İsrafil bəy irəli sürülən “vətənə xəyanət” ittihamı ilə razılaşmamışdı. Çünki nə SSRİ-ni, nə də keçmiş Sovet Azərbaycanını özünə vətən sayırdı. Amma buna baxmayaraq, haqqında ölüm hökmü çıxarılmışdı - tələsik hökm eyni tələskənliklə də yerinə yetirilmişdi. Azərbaycan Cümhuriyyəti ordusunun qurucularından biri 1945-il iyulun 11-də Bakıda güllələnmişdi.

Azərbaycan ordusunun yaranma prosesi haqda bildiklərini yazmağı ona 1923-cü ildən siyasi mühacir kimi İstanbulda yaşayan və mühacir qüvvələri vahid ideya ətrafında birləşdirməyə çalışan Məhəmməd Əmin Rəsulzadə tövsiyə etmişdi. Bu, 1931-ci ildə, hər ikisinin Azərbaycan davasını Polşada davam etdirdikləri dövrdə baş vermişdi.

İsrafil bəy özü xatirələrini “Kafkasiya dağlıları - Qortsı Kavkaza”  redaksiyasına göndərərkən  bu barədə jurnalın naşiri və redaktoru, əski silah yoldaşı knyaz Elmurza Bekoviç-Çerkasskiyə yazırdı:

“Mərhəmətli cənab redaktor! 1920-ci ildə Azərbaycan bolşevik işğalına uğrayandan sonra iki ilə yaxın müddət ərzində İran, Ərəbistan, Hindistan və Misirdə səfil-sərgərdan gəzib dolaşandan sonra nəhayət İstanbula gəlib çıxdım. Burada 1923-cü ilin əvvəllərində Azərbaycan milli təşkilatının rəhbəri Məhəmməd Əmin bəy Rəsulzadə mənə müraciət edib Azərbaycan ordusu haqda xatirələrimi yazmağımı istədi.  Xahişi yerinə yetirdim; amma görülən işi tam və dolğun saymaq olmaz, çünki əlimin altında lazımi material yox idi”.

Polkovnik İsrafil bəy böyük hörmətlə yanaşdığı M.Ə.Rəsulzadənin xahişini dərhal yerinə yetirmişdi. Nəticədə Cümhuriyyət dövrü hərb tariximizin diqqətəlayiq bir sənədi ortaya çıxmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ordusunun 100 illiyinin bayram olunduğu ərəfədə sadəcə yaddaşa əsaslanaraq yazılmış və milli ordumuzun çətin doğuluş prosesini göz önündə canlandıran xatirələri  rus dilindən tərcümədə “525-ci qəzet”in oxucularına təqdim edirəm.

Yanvar, 2018, Budapeşt.

“Azərbaycan ordusu haqda xatirələr”

İSRAFİL BƏY

“Məlum olduğu kimi, Cənubi Qafqazın digər müsəlmanları kimi azərbaycanlılar da çarizm dövründə hərbi mükələfiyyət hüququna malik deyildilər. Bunun müqabilində isə xəzinəyə xüsusi vergi ödəyirdilər. Dövlət Dumasındakı təmsilçilərimizin hərbi mükəlləfiyyət hüququnun azərbaycanlılara da şamil edilməsi ilə bağlı dönə-dönə səsləndirilən çağırış və müraciətlərinə baxmayaraq,  rus hökuməti bu tələbimizi daim cavabsız buraxırdı. Heç şübhəsiz, belə münasibətin səbəbi bizim coğrafi vəziyyətimiz - qardaş türk dövləti ilə sərhəddə yaşamağımız idi. Birinci Dünya müharibəsinə qədər vəziyyət bu qayda ilə davam etdi. 1914-cü ildə müharibə başlananda isə hökumət azərbaycanlı döyüşçülərdən Tatar süvari alayı adı ilə tanınan hərbi birlik  formalaşdırmağa qərar verdi. Tatar alayı böyük knyaz Mixail Aleksandroviçin komandanlıq etdiyi Qafqaz yerli diviziyasının tərkibinə daxil idi. Alay tezliklə Qərb cəbhəsində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla ad çıxardı.

İnqilab başlanandan, çar II Nikolay taxt-tacdan imtina edəndən sonra Müvəqqəti hökumət əlahiddə Zaqafqaziya müəslman korpusunun təşkilinə icazə verdi. Korpusa komandanlıq general-leytenant Ə.Şıxlinskiyə həvalə olundu. Mən həmin dövrdə rumın cəbhəsində batalyon komandiri idim. Müvəqqəti hökumətin yaratdığı şəraitdən istifadə edib Qafqaza, general Ə.Şıxlinskinin sərəncamına gəldim. Lakin müsəlman korpusunun yaradılması istiqamətindəki fəaliyyətimiz zamanı yalnız korpusun özünün və diviziya qərargahlarının təşkili ilə kifayətlənməli olduq. Çünki Müvəqqəti hökumət süqut etdi və Rusiyada hakimiyyət  Leninin rəhbərliyi altındakı  bolşeviklərin əlinə keçdi.

Qafqazda hadisələr qeyri-adi sürətlə inkişaf edirdi. Bolşevizm Qafqaz xalqları üçün tamamilə yad bir anlayış idi. Bölgə özünün yeni tarixi yoluna qədəm qoymuşdu. Zaqafqaziya Seymi yaranmış, 1918-ci ilin baharında isə dörd Qafqaz dövləti - Şimali Qafqazda Dağlılar Respublikası, Cənubi Qafqazda isə Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları müstəqilliklərini elan etmişdilər. Bütün Qafqazda bolşevizmlə mübarizə başlanmışdı.

Azərbaycanda bolşevizm yalnız keçmiş çar hakimiyyətinin sistemli şəkildə rus ünsürləri ilə doldurmağa çalışdığı Bakıda güclü idi. Digər şəhərlərdə rus əhali nəzərəçarpacaq dərəcədə az idi. Ona görə də həmiş yaşayış məntəqələrini çox tez bir zamanda ruslardan təmizləmək mümkün oldu. Bu işin öhdəsindən təxminən o ərəfədə böyük müharibə cəbhəsindən geri dönən və gənc respublikanın yeganə hərbi gücü kimi çıxış edən Tatar süvari alayı gəldi. Alayın ən yaxın köməkçilərindən biri kimi tərkibinə əsasən tələbələrin və ziyalıların daxil olduğu “Yaşıl qvardiya”nın formalaşdırılması işinə də başlanışdı. Adını çəkdiyim “Yaşıl qvardiya”ya komandanlıq mənə həvalə edilmişdi. Süvari dəstənin komandiri isə polkovnik S.Rəfibəyli idi. Gürcü hökuməti bizim sərəncamımıza zirehli qatar göndərmişdi

Sayca o qədər də böyük olmayan bu qüvvə ilə Bakı üzərindəki nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat hazırlığına başlandı. Qısa müddətdə Bakı yaxınlığındakı Biləcəri stansiysına qədər bütün Azərbaycan bolşeviklərdən təmizləndi. Vəziyyətin belə şəkil aldığını görən bolşeviklər çar Rusiyasının dönə-dönə istifadə etdiyi sınanmış üsula - millətləri bir-biri ilə qarşı-qarşıya qoymaq  taktikasına əl atdılar. Nəticədə Bakıda və Şamaxıda daha çox “mart hadisələri” kimi tanınan təəssüf doğurucu olaylar baş verdi. Erməniləri müsəlmanların üzərinə qaldıran bolşeviklər birincilərlə əlbir olub adıçəkilən hər iki  şəhərdə müsəlman əhalini qılıncdan keçirdilər. Buna müvazi şəkildə erməni könüllüləri Bakını əldə saxlamağa çalışan bolşeviklərə qoşulub onların gücünü daha da artırmağa çalışırdılar. Nəticədə artıq Hacıqabul stansiyasına qədər irəliləməyə nail olmuş azsaylı dəstəmiz şiddətli döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qaldı. Nəticədə Azərbaycanın ikinci paytaxtının - Gəncənin də bolşevik işğalı altına düşmək təhlükəsi yarandı. Vəziyyəti belə görən hökumətimiz əsgəri qüvvə göndərilməsi xahişi ilə Türkiyəyə üz tutdu. Türkiyə qartalları ən böhranlı anda özlərini yetirdilər. Bolşeviklər artıq Gəncə yaxınlığındakı Müsüslü stansiyasına qədər irəliləməyə nail olmuşdular. Köməyə gələn türk hərbi hissələri bizim dəstə ilə birləşib bolşeviklərin hücumunu dayandırdılar, iki həftədən sonra isə onları yenidən Hacıqabul stansiyasına qədər geri çəkilməyə məcbur etdilər. Piyada hissələrimiz türk quru qoşununun tərkibində vuruşurdular. Özümə gəldikdə isə zirehli qatarın komandiri idim.

Şiddətli döyüşlərdən sonra nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı birləşmiş türk-azərbaycanlı hərbi hissələr tərəfindən azad edildi.

Həmin vaxta qədər müvəqqəti paytaxt Gəncədə yerləşən hökumət Bakıya köçdü. Artilleriya generalı S.Mehmandarov hərbi nazir vəzifəsinə gətirildi.

Mudros anlaşmasının qüvvəyə minməsi ilə türklər Azərbaycan tərk etdilər. Paytaxtımız ingilislər tərəfindən tutuldu. Hərbi nazirlik Gəncəyə köçməyə məcbur oldu. Milli ordunun təşkilinə də  bu zamandan başlanıldı.

Qərargah və hərbi hissələrin formalaşdırılması zamanı nümunə kimi köhnə rus ordusunun nizamnamə və ştat tərkibi əsas götürülürdü. General Ə.Şıxlinski hərbi nazirin müavini, general H.Səlimov isə Baş qərargah  rəisi təyin olundular. Baş qərargahın növbətçi generalı vəzifəsinin icrası general Ə.Qaytabaşıya tapşırıldı. Tezliklə Baş qərargahın bütün şöbələrinin təşkili  sona çatdırıldı. Hərbi nazir general Mehmandarov Gəncədə hələ türklərin zamanında fəaliyyətə başlayan hərbi məktəbin işini yenidən qurdu. Polkovnik Ş.Kəsəmənski hərbi məktəbə rəis təyin edildi.

General İ.Usubov Ağdamda Birinci piyada diviziyanı formalaşdırmağa başladı. Diviziyanın qərargah rəisi vəzifəsinə polkovnik S.Rəfibəyli gətirildi. Bu diviziyanın tərkibinə 1-ci Cavanşir, 2-ci Zaqatala və 3-cü Gəncə piyada alayları daxil idi. 1-ci Cavanşir alayının komandiri vəzifəsi mənə həvalə olundu. 2-cı Zaqatala alayına polkovnik A.Dibirov, 3-cü  Gəncə alayına isə şahzadə S.Qacar Mirzə rəhbərlik edirdilər (1919-cu ilin baharında 3-cü Gəncə alayının komandiri vəzifəsinə həmin vaxta qədər Krım Respublikasının ordusunda xidmət edən və türklər Azərbaycandan çıxandan sonra Bakıya qayıdan polkovnik C.Kazımbəy təyin edildi). Keçmiş Tatar süvari alayı isə genişləndirildi və onun əsasında iki alay yaradıldı: 1-ci Tatar süvari alayı və 2-ci Qarabağ süvari alayı. Gəncədə kiçik zabitlər hazırlamaq üçün tədris batalyonu təşkil edildi. Ağdamda eyni qaydada pulemyotçular üçün tədris komandası yaradıldı, polkovnik R.Şıxlinski isə artilleriya briqadasını formalaşdırmağa başladı. Daha bir yenilik Gəncədə istehkamçılar məktəbinin açılması idi. 1918-ci ildə bir qrup gürcü, dağlı və polyak zabiti Azərbaycana gəlib bizim hərbi hissələrdə xidmət etməyə başladılar və milli ordunun qurulması işinə böyük töhfə verdilər.

General-leytenant M.Sulkeviç (Polşa tatarı, əslən Vilno şəhərindədir) Baş qərargah rəisi təyin edildi. Tezliklə o,  Baş qərargahın yenidən qurulmasında və operativ məsələlərdə ciddi dönüşə nail oldu. Polkovnik Dunin-Martinkeviç (polyak) dağ-süvari artilleriya divizionunun komandiri kimi lap əvvəldən milli orduda xidmətə qəbul olunmuşdu. Azərbaycan bolşevik işğalına uğrayana kimi  bolşeviklərlə bütün qarşılaşmalarda ən fəal şəkildə iştirak etmişdi.

General M.Sulkeviç general H.Səlimovla birlikdə hərbi hissələr üçün yekun ştat vahidlərini işləyib hazırladılar. Hər diviziya (istər süvari, istərsə də piyada) 3 alaydan təşkil olunurdu. Piyada alayı  4 atıcı rota və hər biri 8 pulemyotla silahlanmış 3 pulemyot rotası, atlı kəşfiyyatçı dəstəsi, istehkamçılar rotası, rabitə komandası və sıra təliminə cəlb edilməyən hərbi qulluqçular rotası daxil olmaqla 3 batalyondan  ibarət idi. Bundan başqa, hər bir alayın yanında batalyonlardakı əsgərlərin hesabına formalaşdırılan tədris komandası və musiqiçilər bölüyü fəaliyyət göstərirdi. Batalyonlardakı süngü sayı (burada əsgər sayı nəzərdə tutulur - V.Q.) 650 nəfərə çatırdı. Süvari alaylarda və artilleriya hissələrində ştat vahidi köhnə rus ordusunda olduğu kimi idi.

İstər piyada, istərsə də süvari diviziyalar birbaşa Baş qərargah rəisinin tabeliyinə verilmişdi (Azərbaycan ordusunda Baş qərargah rəisi bir qayda olaraq hərbi təlimləri təşkil edirdi, Ümumi qərargah rəisi isə səfərbərlik məsələləri, ordunun yerdəyişmələri və s. kimi operativ işləri həyata keçirirdi). Ştatların yenidən təşkili məqsədi ilə general H.Səlimova kömək məqsədi ilə hərbi nazirin əmrinə əsasən 1-ci piyada diviziyasının komandiri general İ.Usubovun rəhbərliyi altında komissiya yaradılmışdı. Polkovnik R.Şıxlinski ilə mən həmin komissiyanın üzvü idik.

Bu məsələ ilə əlaqədar imzalanan əmrə əsasən, 1919-cu ilin fevralında  biz üç nəfər silahlı qüvvələrin yenidən təşkili komissiyasının üzvü kimi Ağdamdan Gəncəyə, hərbi nazirin sərəncamına yollandıq. General İ.Usubov diviziyanı general M.Əfəndiyevə təhvil verdi. Sonuncunun ölümündən sonra isə diviziyaya komandanlıq general C.Şıxlinskiyə həvalə olundu. Mən də 1-ci Cavanşir alayını polkovnik Q.Sofiyevə verdim (daha sonra həmin alaya komandanlığı ondan polkovnik S.Rəfibəyli təhvil aldı). Komissiyanın işi 1919-cu il aprelin sonuna qədər davam etdi. Bundan sonra general İ.Usubova 2-ci piyada diviziyasını təşkil etmək tapşırığı verildi. Onun qərargah rəisi vəzifəsinə  polkovnik Mahmud bəy Zeynal təyin olundu. İlk vaxtlar diviziyanın tərkibinə 4-cü Quba alayı daxil idi. 5-ci Bakı piyada alayının təşkili isə mənə həvalə olunmuşdu. İşlər Azərbaycanın paytaxtında - Bakı şəhərində aparılırdı. Beləliklə, mən 1-ci Cavanşir alayı ilə vidalaşdım və 5-ci Bakı alayının komandiri vəzifəsini təhvil aldım.

1919-cu il iyunun əvvəlində hökumət Hərbi nazirliyin Gəncədən Bakıya köçürülməsini mümkün saydı. Nazirlik paytaxtda yerləşəndən sonra hərbi hissələrin formalaşdırılması və təlimi daha sürətli qaydada aparılırdı. Burada 5-ci Bakı alayının təşkilində batalyon komandirləri-podpolkovnik Siamanişvili və podpolkovnik Kutetaladzenin mənə yaxından kömək göstərdiklərini xüsusi qeyd etməliyəm. Onlar yorulmaq nə olduğunu bilmədən gecə-gündüz böyük həvəs və enerji ilə işləyirdilər. Nəticədə iki ay yarımdan sonra alay rus hərbi hissələrini tərksilah etmək və rus əhali arasındakı narazılığı yatırtmaq məqsədi ilə Lənkəran yürüşünə çıxanda alay böyük dözümlülük və nümanəvi hərbi hazırlıq baxımından gənc Azərbaycan ordusuna şöhrət gətirdi.

2-ci piyada diviziyası ilə eyni vaxtda 3-cü Şəki süvari alayının və 2-ci artilleriya briqadasının formalaşdırılmasına başlanmışdı. Bunlardan başqa, Azərbaycan ordusunun sərəncamında 2 zirehli qatar, 6 zirehli avtomobil və 8 hidroplan vardı. “Kars” və “Ərdəhan” hərbi gəmilərindəki toplar təmir olunub döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.

1919-cu il avqustun 15-də tərkibinə 5-ci Bakı piyada alayı, 5-ci Bakı süvari alayı və 2-ci artilleriya briqadası daxil olan hərbi birliklər Lənkərana yürüşə çıxmaq əmrini aldı. Dəstənin rəisi general Səlimov Hacıqabul stansiyasını hərbi birliklərin toplanış məntəqəsi təyin etmişdi.

Komandiri olduğum 5-ci Bakı piyada alayı yürüşə başlamazdan əvvəl Baş qərargahın növbətçi generalı telefonla mənə zəng vurub baş nazir Nəsib bəy Usubbəyli, Milli Şuranın sədri, Müsavat partiyasının lideri Məhəmməd Əmin bəy Rəsulzadə və hərbi nazirin gündüz saat 3-də alayın səfər hazırlığı ilə tanış olmağa gələcəklərini xəbər verdi. Təyin olunmuş vaxtda alay tam yürüşə tam hazır vəziyyətdə sıraya düzülmüşdü. Tezliklə Azərbaycan milli marşının sədaları altında yüksək qonaqları qarşıladıq.  Alay onların qarşısından nizami qaydada hərbi marşla ötüb keçəndən sonra baş nazir və hərbi nazir əsgərlərə  nitqlə müraciət etdilər. Hərbi nazir nitqində qarşıdakı yürüşün alayın ilk hərbi əməliyyatı olduğunu, onun nəticələrinin təkcə hərbi hissənin özü deyil, bütün ordu üçün son dərəcə böyük  əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.

Ertəsi gün sübh saat 5-də alay yola çıxdı. Adamda elə təəssürat yaranırdı ki, sanki həmin gecə şəhərin əhalisindən bir nəfərin də  gözünə yuxu getməyib. Küçələr insanlarla dolu idi. Kişilər, qadınlar, uşaqlar hərbi hissələri alqışlarla yola salırdılar. Hər tərəfdən “Yaşasın!” sədaları ucalırdı. Açıq pəncərələrdən gənc əsgərlərin başına gül ləçəkləri səpələyirdilər.

Axşam toplanış məntəqəsində - Hacıqabul stansiyasında yürüşə çıxan bütün əsgəri birliklər  bir araya gəldilər.

Ardı var

“Kafkasiya dağlıları - Qortsı Kavkaza”
1932, № 31, s.13-18

 





12.02.2018    çap et  çap et