525.Az

“Mən dünyada olmayanda...”


 

“Mən dünyada olmayanda...”<b style="color:red"></b>

Filologiya elmləri doktoru, əhli qələm İslam Qəriblinin Lerik bölgəsində yaxşı tanınan, sayılıb-seçilən kişilərdən biri olan, indi öz haqq dünyasına qovuşmuş Şahmirzə Əliyev haqqında kitab yazdığını eşitmişdim. Müəllif o kişini yaxşı tanıyanlardan birisi kimi mənim də təəssüratlarımı öyrənmək istədi. Və bu yazı da beləcə ərsəyə gəldi.

... Bu gəldi-gedər dünyada kişilər olub ki, öz axirət dünyalarına heç bir nigaranlıq, narahatlıq keçirmədən arın-arxayın köç ediblər. Nədən ki, ömürləri boyu gördükləri işləri, əməlləri sarıdan arxayın olublar, necə ki, böyük şairimiz Məhəmməd Hadi deyib:

Məzarında yaşar ol kimsə rahət,
Ki, ondan yetməmişdir xalqa zəhmət...

Neçə il bundan qabaq öz haqq dünyasına qovuşan, bizim Lerikdə yaxşı tanınan Şahmirzə müəllim də belə kişilərdən idi.

Şahmirzə müəllimlə bağlı sözümə başlamamışdan əvvəl etiraf edim ki, elə ilk gənclik illərimdən, 1977-ci ildə dağlar diyarı Lerikdə o zamankı quruluşun dəbdə olan, arzu edənlərin çoxu üçün bəlkə də əlçatmaz bir təşkilatda, Rayon Komsomol Komitəsində fəaliyyətə başladığım dövrdən həyatda var olduğu günəcən o kişi, yaxşı mənada, mənim təbliğatçım, təəssübkeşim idi.

Şahmirzə müəllim haqqında yazmaq istəyəndə ilk yadıma düşənlər də elə bunlar oldu; o insan bu gün də onu yaddaşlarda yaşadan, xoş məqamlarla xatırladan bir ömür yaşamışdı.

Olduqca maraqlı, səmimi, müdrik adam idi Şahmirzə müəllim. Bir adamı həmişəlik unudulmaz edəcək bütün insani keyfiyyətlər var idi onda.

... Atamla çoxdanın tanışıydılar. 1942-ci ilin mart ayında alman faşistləri ilə savaşa Lerikdən birlikdə yola düşmüşdülər. Əvvəlcə Naxçıvanda təlim-toplantı məntəqəsində silahla rəftar etmək qaydalarını öyrənəndən, Vətənə şərəflə, rəşadətlə xidmət etmək barədə müqəddəs əsgəri and içdikdən sonra kişiləri bir-birindən ayırıb hərəsini bir cəbhəyə, döyüş meydanına yollamışdılar. Şahmirzə müəllim də, atam da 1941-45-ci illərin o qanlı-qadalı müharibəsində kişi kimi döyüşüb Lerikə qələbə ilə qayıtmışdılar. Vücudlarında gəzdirdikləri müharibənin ağrılı-acılı izlərini daşıyan qəlpələr də bunun sübutu idi. O qəlpələrə sığal çəkib, yanıqları bəhanə gətirərək xidmətdən yayınıb geriyə dönmək fikrinə düşməmişdilər. Qələbənin özünü və çapıqlarını da elə çiyinlərindəki paqonlar kimi hərbin sonunadək daşımışdılar. Şahmirzə müəllim sonralar özü tez-tez bunu dilə gətirib qürrələnərdi də... Sinəsini bəzəyən orden-medallara işarə edib: “Şahmirzə əmi, maşallah, nə çox orden-medalınız var” - deyənlərə qımışa-qımışa: - Əşi, hələ bundan ikiqat artığını (öz yaxınlarına “dəmir-dümür” deyərdi) bədənimdə gəzdirirəm, - deyə şəstlə cavab verərdi.

Şahmirzə müəllim qohum-əqraba, övlad kölgəsinə sığınan-sığışan kişilərdən deyildi.

Şahmirzə Əliyevin o məğrur duruşuna, əzəmətli görkəminə, mənalı həyat yoluna və bu gün də ehtiramla anılmağına oğlanlarından - Demokritdən tutmuş lap gəncliyində alimlik məqamına ucalan, ölkəmizin ali qanunvericilik orqanı Milli Məclisin üzvü olmuş, hazırda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsində işləyən Firdovsi Əliyevəcən heç kəsin dəxli yoxdu. Ağayanalığı, ləyaqəti də, dəyanəti və sədaqəti də, ehtiram və hörmət ünvanına çevrilməsi də - bütün bunlar hamısı o kişinin öz halalca haqqıydı.

1996-cı ildə o zaman İkinci çağırış Milli Məclisə seçkilər zamanı Lerik-Lənkəran dairəsindən deputatlığa namizədliyini verən oğlu Firdovsi müəllimin təbliğat kampaniyasına bir ata kimi Şahmirzə müəllim də fəal qoşulmuşdu.

Deputatlığa namizədin tərcümeyi-halı, kimliyi sualına Firdovsi müəllimin öz şəxsi keyfiyyətləri ilə bahəm, elə bəri başdan, təkcə “Şahmirzə müəllimin oğludur” deməyi kifayət edirdi və bütün təqdimatların cövhərində əslində, bu anlam da var idi.

Firdovsi Əliyev deputat seçilən kimi, heç deputat mandatını almamış, atası Şahmirzə müəllim uzun illərdən bəri çox uğurla çalışdığı Təhsil Şöbəsində öz inspektor vəzifəsi ilə vidalaşdı. İşdən çıxıb evə döndü, necə deyərlər, xanənişin oldu.

Lerikdə ali təhsil almış ilk ziyalılardan olan Əməkdar müəllim Şahmirzə Əliyev bütün məziyyətləri ilə elə özüydü: - Gözəl pedaqoq, yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənən dövlət qulluqçusu, nümunəvi ailə başçısı, ləyaqətli ata, qeyrətli vətəndaş və el ağsaqqalı!

İllər öncə bir hekayə yazmışdım: “Köhnə kişilər!” və həmin hekayəmə özlüyümdə belə bir epiqraf da “uydurmuşdum”: “Bilmirəm “filankəsin atasıyam”, - deyib qürrələnən valideyn daha çox xoşbəxtdir, ya “bəhmənkəsin oğluyam”, - deyib lovğalanan övlad!”

İndi inamla, tərəddüd etmədən deyirəm ki, o zamankı bu düşüncəmin ən etibarlı cavabı Şahmirzə müəllimin övladları ilə haqlı qüruru, övladlarının da öz ataları sarıdan halal öyünmək imtiyazlarıdır...

Söz sərrafı idi Şahmirzə müəllim, yeri gələndə bəlağətlə danışmaq məharəti vardı.

Çöhrəsindən gülüş əskik olmayan bu canlı-cüssəli kişi ən ağır məsələ ilə bağlı söhbətləri elə başlayıb-elə yekunlaşdırardı ki, oturub əhvallaşa-əhvallaşa bir də ayılıb görərdin ki, sonu müşkül o söhbəti çoxdan müzakirə edib zərərsiz və elə tərəflər üçün də ortaq faydalı bir yerdə bitirib.

lll

Şahmirzə müəllim uzun müddət müxtəlif vəzifələrdə olmuşdu. Bütün vəzifələrdə də öz saflığını, təmizliyini qorumuşdu. Onun üçün vəzifənin qayəsi bu idi: elinə-obasına ləyaqətlə xidmət! Təmiz ad, haqqı nahaqqın ayağına verməmək!

Şahmirzə müəllim saf, elə bu saflığına görə də suyu az qala üfürə-üfürə içən rəhbər məmurlardan idi. Ötən əsrin ortalarında, guya ki, “əyər-əskiyi düzəltmək üçün” partiyanın məlum çağırışları ilə Şahmirzə müəllim də rayon təhsil şöbəsində illər boyu uğurla çalışdığı inspektor vəzifəsindən əl çəkmiş, geridə qalan təsərrüfatları dirçəltmək üçün “otuzmininci”lərin sırasına çağrılıb rayonun ucqar bir kəndində kolxoz sədrliyinə getmişdi. Şahmirzə müəllim kimi, necə deyərlər, əli-ətəyi düz bir adamın orada kolxoz sədri seçilməsi, əlbəttə, o illər həmin kənddə gözləri haram tikədə olanların xoşuna gəlməmişdi. Fikirləşirlər ki, düzüb-qoşub kişiyə necə qara yaxsınlar... Və beləcə, ağıllarına nə gəlirsə, əllərinə qələm alıb yazırlar ki, vay-aman, bəs sədr kolxozun mal-qarasının qulaqlarındakı, dövlət təsərrüfatına məxsus qeydiyyat sırğalarını qopartdırıb və o heyvanları da öz şəxsi naxırına qatıb.

Təbii ki, o məktub “anonim” - imzasız olsa da, verilən “məlumat”da o illər ciddiyə alınası məqamlar da vardı və bu cəhətdən müdaxilə edib araşdırmaq, aydınlaşdırmaq zərurəti yaradırdı.

İş belə gətirir ki, məlumatdan xəbər tutan Şahmirzə müəllim həmin gün yorğun-arğın işdən evə qayıdıb mal-qarasına da baş çəkib gözdən keçirir və tövləsindəki inəklərindən birinin qulağını cırılmış görür.

Kişinin dalağı sancır... Ailədən oğul-uşağı, kənddən-kəsəkdən naxırçını-küvənçini çağırtdırıb danışdırır. Məlum olur ki, kişinin halalca inəklərindən biri qızdırıb, naxırçı da heyvanın qulağını çərtib qan alıbmış. Bunu görüb-duyan bədxahlar məgər fürsəti fövtə verərdilərmi? İçlərinin qara-qurasını, kir-pasını bulaşdırırlar ağ kağıza və yollayırlar “üzüyuxarı”. İndi gəl sən bunu sübut elə ki, iş başqa cür olub!

Şahmirzə müəllimin artıq dirçəlib ayağa duran həmin inəyə rəhmi gəlsə də, bədxahlarına, necə deyərlər, əşyayi-dəlil olmaması üçün heyvanı kəsməyi uyğun görür.

İnək kəsilir, soyulub əti pay-pay edilib qohum-qardaş, qonum-qonşu arasında bölüşdürülür.

Durduğu yerdə inəyin güdaza getməsinə bais olanlar “əşyayi-dəlil”in ortadan çıxdığının fərqinə varanda pərt olurlar. Öz məkrli niyyətlərini təkrar göyərtmək üçün yeni bir plan qururlar. İnəyin ətinin tam yerbəyer olduğuna, kəlləsindən başqa heç nə qalmadığına əmin olandan sonra Şahmirzə müəllimgilə gəlirlər. Ordan-burdan söz salandan sonra: - Şahmirzə müəllim, eşitdik inək kəsmisən, dedik, bəlkə bizə də bir pay verəsən, evimizdə qazan asılsın”, - dil tökməyə başlayırlar.

Şahmirzə müəllim qımışaraq, özünəməxsus eyhamla:

- A kişilər, ay pir olmuşlar, bir az ayıq-sayıq olaydınız da, - deyir, - inəyin o ətindən neçə qapıya pay yolladım, bəs siz harda qalmışdınız?...

Ət payından onsuz da əllərini çoxdan üzən, amma yenə öz bəd niyyətlərinin ardında olan “qonaqlar”:

- Əşi, ay Şahmirzə müəllim, əliaçıqlığınıza yaxşı bələdik, ət qalmayıb-qalmayıb, nə olar, canınız sağ olsun! Amma bəs kəllə-paçaya nə gəlib... Heç olmasa, inəyin başını bizə verin, aparıb xaşlama eləyib yeyək, - deyə dil tökür, yalmanırlar.

Eh, o da Şahmirzə müəllim idi, “qonaqlar”ın bəd niyyətini çoxdan, həm də dəqiq anladığı üçün, onları  zəndlə süzərək ikrahla: - İnəyin nəyi vardı ki, bala, sağlam heyvan idi! Günahı mərdimazarın boynuna, inəyi elə o başına görə kəsmədimmi? - deyir.

Bizdən, dinimizdən olmayanda nə olar, oz inancında rəhmət olsun çar İkinci Aleksandra. Şeyx Şamili dustaq edib at belində Rusiyanın o zamankı paytaxtına, Peterburqa aparırlar. II Aleksandr da o məqamda Çuquyevdə hərbi manevrə baxışdaymış. Ona xəbər çatdırırlar ki, Şamil əsir halda öz başının dəstəsilə buradan gəlib keçəcək. Çar baxışı yarımçıq kəsib Şeyx Şamilin qabağına çıxır, atdan düşür. Şamil də həmçinin... II Aleksandr Şamillə görüşür, onu bağrına basıb çiynindən öpür və hökmdarın dilindən tarixə yazılası bu sözlər çıxır: “Mən çox şadam ki, igid düşmənimlə şəxsən tanış oluram!”...

İndi haradan tapasan belə düşmənləri...

Amma inanıram ki, bu əhvalatlar, belə söhbətlər və xatirələr, aradan illər keçsə də, dildə-ağızda gəzə-gəzə, gələn nəsillərə ötürüləcək və bəlkə, insanı yaşadan həm də elə bunlardır.

Sözümün bu yerində mən yenə Şahmirzə müəllimin indi uzaq illərin o tayından boylanan ciddi, ağayana  obrazını görürəm. Qeybətdən, dedi-qodudan çox uzaq adam olan Şahmirzə müəllimin xətrinə dəyən, boz ilan kimi onu sancmaq istəyənlərə şəstlə dediyi bu sözlər az qala Lerikdə zərb-məsələ çevrilib: “Mənim yatacağım məzar da torpağa bir zinət olacaq, a bala!”

lll

Ömür yolu sübut edirdi ki, Şahmirzə müəllim taleyi gətirən insanlardan idi və ulu Tanrı belə bir qisməti, söz yox ki, sevimli bəndələrinin alnına yazır. 

Sözümün əvvəlində dediyim kimi, Şahmirzə müəllim ötən əsrin 1941-45-ci illərinin od-alovu içərisindən keçmişdi. Gözünün qabağında neçə-neçə cəbhə yoldaşı düşmən gülləsinə tuş gəlib həyatını itirmişdi. Şahmirzə müəllim davadan qayıdıb ailə qurmuş, oğul-uşaq yiyəsi olmuşdu. Amalı dövlətinə, xalqına xidmət, elinə-obasına layiqli bir vətəndaş, ata kimi isə vətəninə layiqli övladlar böyütmək idi. Bütün bunlar Şahmirzə müəllimə qismət oldu. Və bu taleyə layiq idi!..

lll

Bizlərlə od-ocaq qonşusu Xanəgah kəndində zəmanəmizdən qabaqkılarını, ötüb keçənlərini, keçmişlərini eşidib bildiyim, bizim dövrümüzə düşənlərini isə görüb tanıdığım bir ailə var: Mirzəmməd kişinin ailəsi. Oğlanlarından Vəkil adlı biri dava illərində Şahmirzə müəllimlə cəbhə yoldaşı olmuşdu. Bax, Şahmirzə müəllim Mirzəmmədin kişinin oğlu Vəkildən elə şövqlə danışırdı ki, o qanlı-qadalı illərdə olub-keçənləri, ağır anları sanki təzədən yaşayırdı. “Vəkil çox qüvvətli, güclü oğlan idi, pəhləvan kimiydi”, - deyirdi. - “İki atla yedəyə qoşulub daşınan topu Vəkil təkbaşına çəkib aparırdı. Oğul idi ey, oğul, əsl igidi!”

Şahmirzə müəllim danışardı ki, döyüşlərin birində düşmənin atdığı top mərmisi Vəkilin ayağını dibindən qopardı. Vəkil isə yerə düşmüş ayağını qucağına alaraq salamat ayağının üstündə, atıla-atıla düşmənə tərəf getməkdəydi.

Söhbətin bu yerində Şahmirzə müəllim dərin bir ah çəkib köks ötürərdi: “Hayıf... Mən özümü yetirənə qədər dayanammadı, yıxıldı... Düşmən pulemyotundan atılan güllələr onu yerə sərmişdi”. Gözləri nəmlənən Şahmirzə müəllim o hadisəni elə yerli-yataqlı, canlı danışardı ki, dinləyənlər də özlərini həmin an döyüş meydanında hiss edərdilər...

lll

Şahmirzə müəllim haqqında bu müxtəsər söhbətimi yekunlaşdırarkən burasını da qeyd edim ki, o, zəhmətdən, çətinlikdən qorxub-çəkinməyən, hər işdə qabağa durmağı sevən kişilərdən idi.

Onunla bir iş-məslək yoldaşlığım da olmuşdu, Rayon Xalq Nəzarəti Komitəsinin sədri işlədiyim illərdə ünvanı bəlli, müəllifi məlum bir şikayət ərizəsini, təcrübəsinə, bilgisinə və etibarına güvənərək, Şahmirzə müəllimi dəvət edib, birlikdə araşdırmışdıq. Mən o bilməcə-bulmaca məktubun araşdırılmasına - səhər erkəndən Lerik qəsəbəsindən başlayıb, Nislinin, Həzovinin yanı üstəki sərt, şiş qayaların arası ilə Savalanla göz-gözə dayanan Rəzgov yaylasına qalxıb, gün uzunu Anzolu kənd natamam orta məktəbində var-gəl edib, Rvarudda axşamlayıb, Mondigahdan gecəykən ötdüyümüz, min günün yaşamına bərabər o bir günə elə bu cümlə kimi uzun “Arıtsan, sel olar kor bulaqdan” adlı uzun bir hekayə həsr etmişəm.

İstəyənlər tapıb oxuyarlar...

lll

Beləcə, o boy-buxunlu, şax qamətli kişi haqqında bu kiçik qeydlərimi bitirər-bitirməz, xəyallarımı ötənlərdən bu günə qaytarmaq istəyilə, həmişə əlimin altında olan köhnə radionun düyməsini sıxdım. İşə bax ki, radio dalğalarında da  ovqatıma uyğun bir musiqi sədalandı, muğam ustası Arif Babayevin ifasında həzin bir mahnı səsləndi: “Mən dünyada olmayanda...”

Şahmirzə müəllim bu mahnını dinləmişdimi? Bilmirəm... Yalnız onu bilirəm ki, o kişinin, əzəməti, məğrurluğu ilə yanaşı, həm də kövrək təbiəti vardı. Söz-sov sərrafı, duyğulu insan idi. Və həmin mahnıda deyildiyi kimi, indi cismən bu dünyada olmayan Şahmirzə müəllim təkcə doğmalarının, qohum-qardaşının yox, bütün onu tanıyanların, bircə dəfə də olsa, ülfət-ünsiyyət quranların yaddaşında öz işıqlı siması ilə qalırsa, deməli, yenə də yaşayır, yenə də bizimlədir.

6 fevral 2018-ci il
Şabran

 





12.02.2018    çap et  çap et