525.Az

Karate üzrə milli komandanın yeni məşqçiləri müəyyənləşdi


 

Karate üzrə milli komandanın yeni məşqçiləri müəyyənləşdi<b style="color:red"></b>

Azərbaycan Milli Karate Federasiyası milli komandanın məşqçi-idmançı heyətinin iştirakı ilə yığıncaq keçirib.

Federasiyadan verilən məlumata görə, tədbirdə idarə heyətinin qərarı ilə Əməkdar məşqçi Şahin Xudaverdiyev kişilərdən ibarət seçmə komandanın müvəqqəti baş məşqçisi təyin olunub. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynov və Rəşad Hüseynov isə baş məşqçinin köməkçisi vəzifələrini icra edəcəklər. Qadınlardan ibarət milli komandanın baş məşqçisi səlahiyyətlərini isə Anar Allahverdiyev icra edəcək.

Federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, eləcə də idarə heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli komanda üzvlərini təbrik edib, onlara uğurlar arzulayıblar. Federasiya rəhbərliyi ölkənin ali idman təşkilatları tərəfindən qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, daha effektli fəaliyyətin aparılmasının zəruriliyini bildirib.

Baş məşqçi vəzifəsinin icrasına başlayan Ş.Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimadı doğruldacağını, təcrübəsini yüksək nəaliyyətlər qazanmağa yönəldəcəyini söyləyib.

Yığıncaqda, həmçinin, milli komandanın qarşıdakı nüfuzlu yarışlara hazırlıq məsələləri müzakirə olunub.

CEYHUN

 





13.02.2018    çap et  çap et