525.Az

"Bitməmiş son"un təqdimatı oldu


 

"Bitməmiş son"un təqdimatı oldu<b style="color:red"></b>

"Azərkitab" Kitab Təbliğatı Mərkəzində yazıçı, publisist Seymur Şeydayevin "Bitməmiş son" kitabının təqdimat mərasimi keçirilib. Kitaba yazıçının "Bitməmiş son" povesti, "Uduş", "Bir yeşik alma", "Fil Tahir və ya bir balon çaxır" hekayələri daxil edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin aparıcısı telejurnalist İlham Tumas təqdimatı keçirilən kitab haqqında məlumat verib.

Mərkəzin layihə rəhbəri Mirisrafil Sabir Həsənov vurğulayıb ki, mövzusu real həyatdan götürülən bu cür əsərlərin vaxtaşırı müzakirəsi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə, mütaliə marağının artmasına kömək edəcək. Yazıçının obrazları həyata münasibətlərinə və xarakterlərinə görə bir-birindən çox fərqlənir. Müəllif bu obrazları maraqlı təhkiyə ilə ayrı-ayrı fərdlər və şəxsiyyətlər kimi təqdim edə bilib. Seymur Şeydayev sözə həssaslıqla yanaşıb, koloritli, sadə, aydın dillə mükəmməl bədii portret yaradıb.

Yazıçı istər povestində, istərsə də hekayələrində həyat hadisələri ilə təbiət hadisələri arasında ciddi bağlılıq olduğunu inandırıcı bədii rənglərlə təsvir edib. Onun ən böyük uğuru isə milli mənəvi dəyərlərə sadiq qalmasıdır.

Kitaba "Ön söz"ü Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov yazıb, nəşrin redaktoru Allahverdi Məmmədovdur.

 





13.02.2018    çap et  çap et