525.Az

"Jomard Publihsing" adlı onlayn elmi nəşriyyat yaradıldı


 

YUSİF QASIMOV: "MƏQSƏDİMİZ AZƏRBAYCANIN ELMİ NÜFUZUNU DAHA DA YÜKSƏLTMƏKDİR"

"Jomard Publihsing" adlı onlayn elmi nəşriyyat yaradıldı<b style="color:red"></b>

Azərbaycanda "Jomard Publihsing" adlı onlayn elmi nəşriyyat yaradılıb.

Elektron nəşriyyatın təsisçisi və ideya müəllifi "Azərbaycan" Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımovun verdiyi məlumata görə, "Jomard Publihsing" regionda ilk və yeganə onlayn nəşriyyatdır.

O qeyd edib ki, Azərbaycanda müxtəlif elm sahələri üzrə yeni elmi jurnalların təsis edilməsi və onların dünya elmi mühitinə inteqrasiyası hələ xaricdə olarkən düşündüyü məsələlərdən olub: "Layihəm İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun da diqqətindən kənarda qalmayıb və dəstəklənib. 2016-cı ildə "Müasir texnologiyalar və mühəndislik" (Modern Technology and Engineering), "Qabaqcıl riyazi modellər və tətbiqləri" (Advanced Mathematical Models & Applications), "Biologiya və yer elmlərində nailiyyətlər" (Advances in Biology & Earth Sciences), "Kənd təsərrüfatı və baytarlıq elmlərində tədqiqatlar" (Research in: Agricultural & Veterinary Sciences), "Kardioloq" (The Cardiologist), "Yeni dizayn ideyaları" (New Design Ideas), "Yeni materiallar, birləşmələr və tətbiqləri" (New Materials, Compounds and Applications) adlanan sırf elmi jurnallar təsis edilib.

Jurnalların elmi istiqamətlərini seçərkən bir neçə mühüm amilə diqqət yetirdik: elm sahələrinin Azərbaycanda ənənəvi bazalarının yoxluğu, elmi istiqamətlərin aktuallığı və ölkəmizdə bu sahələrdə çap məhsullarının az olması və ya heç olmaması. Bu məsələnin başqa bir önəmli təfəri də var. Alimlərimizə çap olunduqları jurnalların səviyyəsi ilə bağlı qoyulan tələblər artdıqca, onlar məqalələrini xarici, nüfuzlu, mötəbar bazalarda indekslənən jurnallarda çap etdirməyə can atırlar. Bu zaman onlar müəlliflik hüquqları ilə bağlı müəyyən sənədlərə imza atmalı olurlar. Bu isə ölkəmizdə istehsal olunan əqli məhsulun kənara axmasına səbəb olur. Belə jurnalları özümüz nəşr etməklə, nəinki bu prosesin qarşısını ala bilərik, həm də başqa ölkələrin elmi nəticələrini, innovativ həllərini ölkəmizə cəlb edə, onları sənayemizin inkişafına yönəldə bilərik".

Y.Qasımov bildirib ki, hər bir jurnal Fransada ISSN mərkəzində qeydiyyatdan keçirilir: "Jurnalların tərtibatı, dövrülülüyü, redaksiya heyəti, əhatə etdiyi sahələr və başqa məsələlər bu mərkəzin ciddi tələblərini ödəməlidir. Bundan sonra uyğun sahə üzrə dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlərdən ibarət redaksiya heyəti, rəyçilər bazası formalaşdırılır. Bu alimlərin arasında Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Gürcüstan və s. kimi ölkələrin akademikləri, digər ölkələrin uyğun profilli elmi müəssəsələrinin rəhbərləri, dünyada tanınmış alimlər var. Daha sonra jurnalı dünya elmi mühitinə təqdim edir və alimləri öz məqalələrini çap üçün təqdim etməyə dəvət edirik. Jurnalın sonrakı uğuru, onun alimlər tərəfindən qəbul edilməsi, tanınmış alimlərin elmi məqalələrinin çap edilməsi üçün bir platformaya çevrilməsi kimi məsələlər redaksiya heyətinin apardığı siyasətdən, daxil olan məqalələrin rəy prosesinin şəffaf və obyektiv təşkili siyasətindən asılıdır. Bu proseslər əslində hər bir elmi jurnalın taleyini müəyyən edir. Biz beynəlxalq COPE (Çap Etikası Komitəsi) təşkilatının üzvüyük və çap siyasətimizi formalaşdırarkən onun prinsiplərini əsas götürürük. Bu təşkilatın sənədlərində müəlliflərin, redaktorların və rəyçilərin fəaliyyəti üçün etik prinsiplər öz əksini tapıb".

Nəşriyyatın təsiscisi əlavə edib ki, yaratdıqları elmi jurnalların ən ciddi elmi indeksləmə bazalarına daxil etməyi, ehtiyac duyulduqca yeni sahələr üzrə jurnallar təsis etməyi düşünür: "Bu istiqamətdə olacaq bütün təklifləri müzakirə etməyə hazırıq. Məqsədimiz Azərbaycan elmini dünyada layiqincə təmsil etmək, ölkəmizin elmi nüfuzunu daha da yüksəltməkdir".

Ceyhun ABASOV

 





13.02.2018    çap et  çap et