525.Az

Səlim Müslümov Dünya Bankının sosial müdafiə üzrə missiyasıyla görüşdü


 

Səlim Müslümov Dünya Bankının sosial müdafiə üzrə missiyasıyla görüşdü<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, görüş ölkəmizdə sosial müdafiə, o cümlədən, sosial yardım və pensiya siyasətlərində son irəliləyişlər barədə missiyanın məlumatlar əldə etməsi, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində gələcək birgə fəaliyyət istiqamətlərinin müzakirə olunması məqsədi daşıyıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son illərdə atılan addımlar, həyata keçirilən sistem xarakterli islahatlar barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, ölkədə idarəçilik və əhaliyə xidmət praktikasının yeni çağırışlara uyğun şəkildə və innovasiyalara, elmi-texnoloji yeniliklərə istinad şəraitində modernləşdirilməsi prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafını stimullaşdıran uğurlu islahatlar proqramının əsas prioritetlərindən biridir: "Bu prioritet əsasında son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sistem xarakterli islahatlar nəticəsində artıq milli əmək və sosial müdafiə sisteminin geniş əhali kontingenti ilə təmasların mövcud olduğu bütün aktual sahələri avtomatlaşdırılmış infrastruktur üzərində fəaliyyət göstərir. Azərbaycanda əmək münasibətləri, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılan və səmərəli idarəetməni, şəffaf xidmətlər şəbəkəsini formalaşdıran elektron sistemlər BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dünyanın qabaqcıl təcrübələri kimi dəyərləndirilib. Elektron sistemlərin qurulması nəticəsində vətəndaşların müvafiq xidmətlərdən məmurlarla kontaktlar qurmadan, şəffaf və onlayn rejimdə faydalanmasına imkan yaradılıb. Hazırda nazirliyin 30-a yaxın elektron xidməti fəaliyyət göstərir və həmin xidmətlərə böyük sosial tələbin ifadəsi kimi, təkcə son bir ildə onlardan 1 milyon 123 min dəfəyə yaxın, indiyədək isə 24 milyon dəfə istifadə olunub".

S.Müslümov aparılan islahatların Dünya Bankı tərəfindən maraqla izlənilməsi və dəyərləndirilməsindən razılığını ifadə edib.

Missiyanın rəhbəri, Dünya Bankının aparıcı iqtisadçısı Aleksandra Posarak ölkəmizin sosial müdafiə sistemində yeni irəliləyişlərin şahidi olduğunu, bu sistemdə səmərəliliyin və şəffaflığın, ünvanlılığın təmin edilməsi yönündə pozitiv proseslərin davam etməsindən məmnunluğunu ifadə edib. O, Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatları dəstəklədiyini və nazirliklə uğurlu əməkdaşlığını davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Görüşdə ölkəmizdə sosial müdafiə sahələrində aparılan islahatların, yeni elektron sistemlərin tətbiqinin nəticələri, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində görülən işlər müzakirə olunub, bu layihə üzrə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

CEYHUN

 





13.02.2018    çap et  çap et