525.Az

Azərbaycan Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşdır


 

Azərbaycan Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşdır<b style="color:red"></b>

Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafına böyük əhəmiyyət verir. Ölkəmizin qurumla əlaqələri çoxşaxəlidir və müxtəlif sahələri əhatə edir.

Bu əlaqələr hazırda siyasi, iqtisadi, həmçinin energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə inkişaf etməkdədir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan Avropa İttifaqı məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin etibarlı rolu daim yüksək qiymətləndirilir. Azərbaycanın ticarət dövriyyəsinin 46% Aİ-nin payına düşür. Avropa İttifaqı da Azərbaycanda ən böyük investorudur və son 10 ildə Aİ üzv ölkələr tərəfindən iqtisadiyyatımıza həm neft, həm də qeyri-neft sektorunda 20 milyard dollardan artıq sərmayə qoyulub.

Hazırda Azərbaycan və Aİ yeni strateji tərəfdaşlıq sazişi üzrə müzakirələr aparır. Bu sazişə dair həm Bakıda, həm də Brüsseldə görüşlər təşkil edilir. Sazişin bu il ərzində razılaşdırılması gözlənilir. Ötən həftə sonu Brüsseldə baş tutan Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının15-ci iclasında həm bu saziş, həm Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıldı. Xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda tərəflər, həmçinin, "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini,  iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparıblar. F.Mogereni yeni saziş üzrə danışıqların  tezliklə bitəcəyini və bu sənədin əməkdaşlığın daha da uğurlu inkişafına səbəb olacağına ümid etdiyini deyib.

Azərbaycan Aİ ilə ən müxtəlf sahələrdə əməkdaşlıq etsə də, təbii ki, ölkəmiz üçün vacib və əhəmiyyətli olan qurumun Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedir. Məlumat üçün bildirək ki,  ötən ilin noyabrında Brüsseldə baş tutan Şərq Tərəfdaşlığı sammitində qəbul edilən yekun bəyannamədə Azərbaycan daxil olmaqla bütün üzv dövlətlərin ərazi bütövlüyünə dəstək ifadə olunmuşdu. Mogerini keçən həftə Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bəyan etdi ki,  Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir. O bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır və Aİ bu əməkdaşlığa böyük əhəmiyyət verir.

İclasda Azərbaycanı narahat edən daha bir məsələ, Dağlıq Qarabağdakı separatçı qurumun təmsilçilərinin Avropa ölkələrinə səfərləri gündəmə gətirilib. E.Məmmədyarov bəyan edib ki, qanunsuz səfərlər Aİ ilə Ermənistan arasında readmissiya haqqında sazişin pozulması ilə müşayiət olunur. Nazir bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz qondarma rejimin təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri narahatlıq doğuran məqamdır: "Bu qəbildən olan səfərlər Avropa İttifaqı ilə Ermənistan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin və Şenqen viza rejiminin pozulması ilə müşayiət olunur. Bununla bərabər, Avropa İttifaqının üzv dövlətlərində olan hüquqi və fiziki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətləri ciddi narahatlıq doğuran başqa bir məsələdir".

O vurğulayıb ki, artıq 30 ilə yaxın dövrdür ki, Şərq Tərəfdaşlığı ölkəsi olan Ermənistan digər Şərq Tərəfdaşlığı ölkəsinin suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini hərbi işğal altında saxlayır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişənin həll edilməməsində əsas səbəbdir və regional sülh və təhlükəsizliyə ciddi təhdiddir: "Status-kvonun dəyişdirilməsi və münaqişənin danışıqlar yolu ilə tezliklə həllində ən maraqlı tərəf olaraq Azərbaycan beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə əlaqədar mövqeyini dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mövqeyi beynəlxalq təşkilatların çoxsaylı qərarları və müvafiq sənədləri, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunub. BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi təxirə salınmadan Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır".

Azərbaycan XİN ümumilikdə, iclasın nəticəsini müsbət qiymətləndirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası pozitiv, konstruktiv və işgüzar dialoq şəraitində keçib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. İclasda qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfəri ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açıb və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib: "Bakı-Tbilisi-Qars dəmir-yol xətti və ümumiyyətlə, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına və Cənub Qaz Dəhlizi və bu xüsusda TAP layihəsinə Avropa İttifaqının qəti dəstəyi bir daha ifadə olunub. Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olunub. İclas nəticəsində razılıq əldə olunub ki, təhlükəsizlik və nəqliyyat məsələləri üzrə Avropa İttifaqı və Azərbaycan arasında dialoq mexanizmi təsis edilsin".  

XİN rəsmisi bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin imkanlarını, əhəmiyyətini Aİ-də çox gözəl başa düşürlər və vacib bir nəqliyyat layihəsi kimi qiymətləndirirlər: "Ona görə də nəqliyyat sahəsində Azərbaycanla Aİ arasında əməkdaşlıq və dialoqu daha da gücləndirmək üçün belə bir dialoq mexanizmi yaradılır". 

Bu gün şübhəsiz ki, Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac  potensialı olan olan ölkə kimi tanınır. Hazırda Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Həmçinin, Aİ-yə üzv ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın iştirakı əhəmiyyətli hesab olunur. Mogerinin sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətinin bir hissəsidir və həm rəsmi Bakının, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. O qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Azərbaycanla Aİ arasında hər iki tərəfin maraqlarına cavab verən energetika sahəsində strateji əməkdaşlığa nümunələrdən yalnız biridir.

Bunlarla yanaşı, Azərbaycan mühüm coğrafi mövqeyə malikdir və Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat layihələri Avropa məkanı üçün böyük önəmə malikdir. Xüsusilə, Şərq-Qərb Nəqliyyat Dəhlizi Asiya ilə Avropa arasında bir körpü rolunu oynayacaq ki, burada da Azərbaycanın töfhələri misilsizdir.  Göründüyü kimi, Azərbaycan Avropa üçün olduqca vacib və əhəmiyyətli bir tərəfdaşdır. Aİ isə öz tərəfdaşı ilə daha möhkəm əməkdaşlıq üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində öz rolunu oynamalıdır.

PƏRVANƏ

 





13.02.2018    çap et  çap et