525.Az

Həmsədrlərdən qətiyyətsiz mövqe


 

"GƏRGİNLİYİ ORTADAN QALDIRMAQ VASİTƏÇİLƏRİN VƏZİFƏSİDİR"

Həmsədrlərdən qətiyyətsiz mövqe<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şoferin (ABŞ) növbəti dəfə regiona səfər ediblər.

Vasitəçilər ilk danışıqlarını Bakıda aparıblar. Həmsədrlərin prezident İlham Əliyevlə görüşü keçirilib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də iştirak etdiyi qəbulda Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb. Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.

Bakıdakı görüşlərini yekunlaşdıran həmsədrlər Ermənistana yollanıblar. Onları İrəvanda işğalçı ölkə rəhbəri Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan qəbul edib. Bu görüşdə də həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvar görüşü zamanı əldə olunan razılaşmaları müzakirə edib, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin potensialının genişləndirilməsi üzrə məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha sonra vasitəçilər işğal olunmuş Dağlıq Qarabağ bölgəsində gediblər. Həmsədrlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətlə tanış olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Regiona səfərini yekunlaşdırdıqdan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yekun bəyanatla çıxış ediblər. Vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırıblar.

Bildirilib ki, fevralın 9-11-də həmsədrlər Dağlıq Qarabağda Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcərdə konkret yerləri ziyarət ediblər.

Həmsədrlər 2017-ci ilin oktyabr ayında Cenevrə sammitində, eləcə də Vyana və Sankt-Peterburqdakı görüşlərdə qoyulmuş bütün öhdəliklərin vicdanla yerinə yetirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Bəyanata görə, həmsədrlər son zamanlar təmas xəttində insanların ölümündən dərin narahatlıqlarını ifadə ediblər. Vasitəçilər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa, atəşkəs rejiminə əməl etməyə, eləcə də təhrikedici bəyanatlar və təxribat xarakterli hərəkətlər etməməyə çağırıblar.

Habelə bəyanatda qeyd olunub ki, həmsədrlər bir daha bəyan edirlər ki, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsiplərinə əsaslanan Helsinki aktına dayanaraq münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə kömək etməkdə israrlıdırlar. Həmsədrlər hazırkı seçki dövrü nəzərə alınmaqla tərəflərin intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayır.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə budəfəki turist səfəri də başa çatıb: "Həmsədrlər Bakıda, İrəvanda və Xankəndidə olublar. Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlama onların yerlərində saydıqlarının ən bariz nümunəsidir. Ortaq bəyanatda vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırlar. Gərginliyi ortadan qaldırmaq onların vəzifəsidir. Bunun üçün həll planı işə düşməlidir. Bu olmayınca, gərginlik əlbəttə ki, azalmayacaq".

E.Şahinoğlunun sözlərinə görə, həmsədrlər İrəvanda olanda Ermənistan prezidenti Serj Sarkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki, bəs Azərbaycan prezidenti son çıxışında Zəngəzur və İrəvan xanlığının geri alınacağını deyib və guya bu fikir gərginliyə xidmət edir: "Elə görünür, həmsədrlər ortaq bəyanatlarında "gərginlik azaldılmalıdır" deyərkən bunu nəzərdə tuturmuşlar. Reallıqda "İrəvan və Zəngəzuru geri qaytaracağıq" psixoloji savaşın tərkib hissəsidir. Necə ki, Ermənistan prezidenti xülyasını dilə gətirərək deyir ki, "Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq", bu iddiaya qarşı da Azərbaycan prezidenti Dağlıq Qarabağla yanaşı, Ermənistan torpaqlarını da geri almağın zəruriliyini vurğulayır".

Milli Məclisin deputatı Sahib Alıyev isə qeyd edib ki, prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışında səsləndirdiyi fikirlər Ermənistana əsl vəlvələ salıb: "Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir". Ölkə başçısının bu fikirləri sosial şəbəkədə, yazılı və elektron mediada günün ən çox danışılan hadisəsinə çevirilib. Ermənistanın siyasi isteblişmentində yer alanların bəziləri bizi yenə Altaya göndərir, özlərinə xas primitivliklə bunu daxili auditoriyaya hesablanmış seçkiqabağı sözlər kimi qiymətləndirirlər. Ancaq Ermənistan parlamentinin vitse-spikeri Şarmazanov, Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan kimi tiplərin cavabını elə ağlı başında olan ermənilərin özləri veriblər. Bununla bağlı erməni saytlarında gedən yazılardan birində bildirilir ki, İlham Əliyevin bu fikri taktiki gediş deyil. Çünki Azərbaycan seçiçisi üçün hazırda bundan daha aktual məsələlər var. Prezident İlham Əliyevin İrəvan xanlığı, Zəngəzur, Göyçə mahallarıyla bağlı səsləndirdikləri bir strategiyadır və o, bunu reallaşdırmaq əzmindədir".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





13.02.2018    çap et  çap et