Müstəqil dövlətimizin mövcud qurumları içərisində fəaliyyətilə xüsusi diqqət çəkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6 illiyi tamam olur.
2012-ci il fevralın 13-də Prezident İlham Əliyevin fərmanına əsasən, müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun olaraq qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, eləcə də Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı ləğv edilərək onların bazasında sözügedən Dövlət Xidməti yaradıldı. Sözügedən qurum vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və digər sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu illər ərzində Səfərbərlik Xidməti hərbi xidmətə çağırış və səfərbərlik işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində ciddi fəaliyyət göstərib, müasir dövrün innovativ tələblərinə uyğun olaraq hərbi xidmət çağırışçıları üçün elektron yeniliklərin tətbiqini həyata keçirib. Artıq 3 ildir ki, Azərbaycanın rayon və şəhərlərində "Vətənin müdafiəsinə hazıram" adlı silsilə tədbirlər təşkil edilir. Həmin tədbirlərdə müharibə veteranları və əlilləri, şəhid ailələri, orta məktəb müəllimləri, əlaçı şagirdlər mükafatlandırılır, vətənpərvərlik ruhunda çıxışlar edilir. Eyni zamanda, orta məktəb şagirdləri tez-tez hərbi hissə və akademiyalara aparılıb praktiki olaraq hərbi xidmətin xüsusiyyətlərilə tanış edilir, zabitlik peşəsinə istiqamətləndirilirlər.
Aparılan məqsədyönlü təbliğat və görülən effektli işlər sayəsində ölkədə əsgərlərin hərbi xidmətə yolasalma və qarşılama mərasimləri təntənə ilə, yüksək əhval-ruhiyyədə keçirilir. Eyni zamanda, cəbhə xəttində atəşkəsin pozulması nəticəsində şəhid olmuş hərbçilərimizin dəfn mərasimlərinin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyi ilə birgə iştirak edir, şəhid ailələrinə daim dəstək olur.
Bununla yanaşı, Silahlı Qüvvələrimizin irimiqyaslı hərbi təlimlərində minlərlə hərbi qulluqçunun iştirakı bir daha onu göstərir ki, Səfərbərlik Xidməti bu sahədə qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirir. Belə ki, ehtiyatda olan hərbi qulluqçular operativ şəkildə təyin edilən hərbi hissələrə gətirilir və bu da hərbi təlimlərin yüksək səviyyədə həyata keçirilməsində müstəsna rol oynayır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadənin fikrincə, Silahlı Qüvvələrimizin əldə etdiyi zəfərlərin təməlində səfərbərliyin düzgün təşkili dayanır. Bu mənada, cəsarətlə söyləmək olar ki, bu gün Azərbaycan ordusunda yüksək hazırlıqlı, sağlam, vətənpərvərlik ruhu yüksək əsgər və zabitlər xidmət edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu istiqamətdəki uğurlu nəticələrin əldə edilməsində xüsusi rolu var. Sözügedən Xidmət ötən 6 il müddətində özünü vəzifəsinə böyük məsuliyyət və ciddiyyətlə yanaşan dövlət qurumu kimi təsdiqləyib: "Xidmət heyətinin yeni tələblər səviyyəsində formalaşdırılması, mövcud qanunvericiliyə uyğun səmərəli fəaliyyət ölkə rəhbərliyinin bu qurumun qarşısında qoyduğu vəzifələrin layiqincə yerinə yetirildiyini göstərir. Xidmətin fəaliyyətinin nəticəsi olaraq, artıq orduda xidmət keçməkdən yayınma halları son dərəcə azalaraq minimuma enib. Çünki Səfərbərlik Xidməti hərbi xidmət çağırışçılarının vaxtı-vaxtında qeydiyyata alınması, onların Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növləri üzrə təyin olunduqları hərbi hissələrə çatdırılması işini operativ və dəqiq yerinə yetirir".
Dövlət Xidmətinin keçən 6 il ərzində müvafiq sahədə ciddi dönüşə nail olunduğunu deyən A.Mirzəzadə qeyd edib ki, bu pozitiv reallıq qurum daxilində kadr siyasətinin düzgün aparılmasının, peşəkarlardan ibarət kollektivin formalaşdırılmasının göstəricisidir.
Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev bildirib ki, dövlətimizin rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizdə hərbi sistemin inkişafı üçün bütün zəruri addımları atır: "Azərbaycan dövləti, ölkəmizin başçısı hərbi sahənin, ordu quruculuğunun dayanmadan yüksəlməsinə, ən müasir standartlara cavab verməsinə böyük diqqət yetirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması da bu yoldakı ən uğurlu addımlardandır. Xidmət yaranandan sonra respublikamızda hərbi sistemin daha da təkmilləşməsi, müasir formada qurulması, hərbi çağırışçıların hazırlıq və məlumatlılıq səviyyəsinin artırılması istiqamətində olduqca mühüm işlər görülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrimizin tərkibində özünəməxsus yer tutur. Bu, ehtiyatda olan zabitləri çox sevindirir. Çünki biz də hər zaman özümüzü Silahlı Qüvvələrin və Səfərbərlik Xidmətinin tərkibində görürük".
Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin sözlərinə görə, Səfərbərlik Xidmətinin müasir hərbi çağırış sisteminin formalaşdırılması, səfərbərlik işinin təşkili, eləcə də gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində yürütdüyü fəaliyyəti olduqca təqdirəlayiqdir. Gənclərin hərbi xidmətə hazırlığı, yeni nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsilə bağlı görülən işlər artıq öz müsbət nəticələrini verir. Ölkənin bütün şəhər və rayonlarında gənclərin vətənə hərbi xidmət borcunu yerinə yetirməyə yola salınması, bununla bağlı tədbirlər keçirilməsi dəyərli ənənədir. Cəsarətlə deyə bilərik ki, ötən 6 ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində sürətli inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib". Prezidentin yürütdüyü siyasətə uyğun olaraq Səfərbərlik Xidməti rəisinin Qarabağ əlilləri, şəhid ailələri, müharibə veteranlarına xüsusi diqqət göstərdiyini deyən M.Mehdiyev bildirib ki, general-leytenant Arzu Rəhimov bölgələrdə qəbul keçirən zaman birinci növbədə bu kateqoriyadakı vətəndaşları qəbul edir və onların problemlərinin həllinin sürətlənməsində yardımçı olur.
Müasir həbri çağırış sisteminin formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyə işlərinin həyata keçirilməsində Səfərbərlik Xidmətinin fəaliyyətini yüksək qiymətləndirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu qurumun ictimaiyyət, media və QHT-lərlə konstruktiv əlaqələrini də qeyd edib: "Çağırış prosesində diqqət çəkən dürüstlük və şəffaflıq indi insanlarımız tərəfindən məmnunluqla qarşılanır. Bu sahədə aparılan islahatlar özünü doğruldur və arzu olunan nəticələri verir".
U.Rəhimoğlu vurğulayıb ki, Xidmətin xəttilə rayon və şəhərlərdə hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələri, o cümlədən, QHT-lər də dəvət alaraq həvəslə, fəal şəkildə iştirak edirlər: "Bu tədbirlər ordu ilə cəmiyyətimiz arasında çox səmimi və faydalı ünsiyyət vasitəsi olaraq vətəndaşlarda yüksək əhval-ruhiyyə yaradır".
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin fikrincə, ötən müddətdə əldə olunan yüksək nəticələr sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısına qoyulan öhdəlikləri layiqli şəkildə yerinə yetirib. Fəaliyyətinin bu 6 ili ərzində qurum ölkə rəhbərliyinin yüksək etimadını doğruldub və ictimaiyyətin təqdirini, rəğbətini qazanıb. E.Həsənli bildirib ki, Xidmətin fəaliyyətinin çox geniş və mürəkkəb sahəni əhatə etməsi bu qurumun rəhbərliyindən xüsusilə böyük məsuliyyət, sonsuz əzmkarlıq tələb edir: "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması, səlahiyyətlərinin genişləndirilməsi dövlətimizin başçısı tərəfindən vaxtında atılmış mühüm və uğurlu addım oldu. Əslində, bu 6 ildə Dövlət Xidməti daha uzun bir zamanda əldə oluna biləcək nailiyyətlər qazanıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də olduqca fəal və səmərəli iştirak edir. Qurumun bütün bu sahələr üzrə fəaliyyətinin həm dövlət rəhbərliyi, həm də cəmiyyətimiz tərəfindən bəyənilərək dəstəklənməsi günün sevindirici reallığıdır".
E.Həsənli hesab edir ki, böyük bir qurum olan Xidmətin fəaliyyətindəki davamlı uğurlar birinci növbədə rəhbərliyin yüksək səriştə və peşəkarlığından irəli gəlir: "Dövlət Xidmətinin həm orduya çağırış, həm də gənclərin hərbi xidmətə hazırlığı, yeni nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi naminə gördüyü işlər misilsiz önəm daşıyır".
Ceyhun ABASOV