525.Az

Deputat Vilnüsdən səsləndi: "Metsamor" ciddi təhlükə mənbəyinə çevrilib"


 

Deputat Vilnüsdən səsləndi: "Metsamor" ciddi təhlükə mənbəyinə çevrilib"<b style="color:red"></b>

Millət vəkili, GUAM Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli Baltik Assambleyasının (BA) alternativ və bərpa olunan enerji məsələlərinə həsr olunmuş müzakirələrində iştirak etmək üçün Litvanın paytaxtı Vilnüs şəhərinə səfər edib.
 
Tədbirdə Avropa Komissiyasının "Bütün avropalılar üçün təmiz enerji" adlı enerji paketi layihəsi təqdim olunub. Baltik dövlətlərində elektrik enerjisinin istehsalı və Avropa şəbəkələri ilə uyğunlaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi ilə əlaqədar məsələlər, eləcə də bu sahədəki beynəlxalq təcrübə geniş müzakirə olunub.
 
Həmin tədbirdə Ə. Məsimli "Azərbaycanda alternativ enerji: mövcud vəziyyət və inkişaf imkanları" mövzusunda çıxış edib.
 
Ə. Məsimli öz çıxışında bildirib ki, Azərbaycanın neft və qazla zəngin olması təbii surətdə həmin ənənəvi enerji mənbələrinin elektrik enerjisi istehsalı və ixracının strukturundakı xüsusi çəkisinə təsir edir: "Bir tərəfdən, ənənəvi enerji mənbələri hesabına Azərbaycan elektrik enerjisinə olan tələbatından xeyli artıq istehsal gücü yaratmaqla, həm yerli tələbatı ödəyir, həm də elektrik enerjisi eksportu imkanlarını da genişləndirir. Bunun nəticəsində "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji dəhlizi neft və qaz ixracı dəhlizi olmaqla yanaşı, həm də elektrik enerjisi ixracı dəhlizinə də çevrilib.
 
Eyni zamanda, Azərbaycanın təbii-iqlim şəraiti ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına da elektrik enerjisi hasilatını indikindən qat-qat yüksək səviyyəyə qaldırmaq üçün çox böyük və perspektivli mənbələr rolunu oynaya bilər. Belə ki, il ərzində günəşli saatların sayı Rusiyada 500-2000 saat arasında, GUAM ölkələri olan Ukraynada - orta hesabla 1900 saat, Gürcüstansa 2600 saat, Moldovada 2200 saat, Baltikyanı ölkələrdən Latviyada 1800 saat, Litvada 1900 saat, Estoniyada- 1700 saat, Azərbaycanda isə 3000 saata yaxındır. Azərbaycanın Abşeron yarımadasında və Xəzər dənizi boyu hissələrində küləkli günlərin sayı 270 gündür. Bu əsasda Xəzər dənizi sahili boyu və dağlıq ərazilərdə külək elektrik stansiyası tikməklə dünyada ən ucuz elektik enerjisi mənbəyi olan küləyin gücündən daha geniş planda faydalanılacaq. Bundan əlavə, müasir 4G texnologiyasının tətbiqi əsasında Bakının bərk məişət tullantılarının emalı əsasında da elektrik enerjisi hasil olunur".

Ə. Məsimli öz çıxışında bildirib ki, Azərbaycanın neft və qazla zəngin olması ilə əlaqədar olaraq, hazırda ölkəmizdə elektrik enerjisi istehsalı daha çox karbohidrogen xammalı mənbələrindən asılıdır: "Elektrik enerjisi istehsalında hələ ənənəvi enerji mənbələri olan neft və xüsusən də qazdan geniş istifadə olunur və olunacaq. Amma neft və qaz tükənən enerji mənbələri olduğundan, Azərbaycan da alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının artırılması dövlətin strateji prioritetlərindən birinə çevrilir. "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycanda 100-ə yaxın alternativ elektrik enerjisi istehsalı obyektlərinin yaradılması nəzərdə tutulur. İndiyədək bu istiqamətdə zəruri işlər görülüb və 2020-ci ilə ölkəmizdə alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalı ümumi istehsalda payının 2 dəfədən çox artırılıb 20 faizə çatdırılması proqnozlaşdırılır".
 
Ə. Məsimli sonra deyib ki, dünyada alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalı sürətlə artır: "Həmin enerji növlərinin maya dəyəri isə sürətlə aşağı düşdüyündən, rəqabət qabiliyyəti də artır və bu da istehsalın sürətlə genişləndirilməsini sərfəli edir. Bu gedişlə alternativ enerji alternativsiz olub, nəinki neft və qazı, xeyli dərəcədə həm də atom enerjisini də əvəz edəcək. Azərbaycanlı deputatı bu məsələdən danışarkan tədbir iştirakçılarınn diqqətinə çatdırıb ki, ötən əsrin 70-ci illərində istismara verilmiş Ermənistanın Metsamor Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və həm də çox seysmik bir zonada yerləşir. Ona görə də Ermənistanın Metsamor Atom Elektrik Stansiyası region üçün birbaşa ciddi  təhlükə mənbəyinə çevrilib". Bununla əlaqədar olaraq Ə. Məsimli beynəlxalq ictimaiyyəti, beynəlxalq qurumları, o cümlədən, Avropa İttifaqını bu məsələyə diqqəti artırmağa və Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının bağlanması, təhlükəsiz yolla istismardan çıxarılması üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırıb.

Kamil HƏMZƏOĞLU

 





13.02.2018    çap et  çap et