525.Az

Ermənistan mətbuatı: "İlham Əliyevin çıxışı praqmatik siyasi əsasa malikdir"


 

PREZİDENTİN İRƏVAN VƏ ZƏNGƏZURU TARİXİ AZƏRBAYCAN TORPAQLARI ADLANDIRMASI VƏ AZƏRBAYCANLILARIN BU DOĞMA YERLƏRƏ DÖNƏCƏYİNƏ ƏMİNLİK İFADƏ ETMƏSİ DÜŞMƏN ÖLKƏDƏ TƏŞVİŞ YARADIB

Ermənistan mətbuatı: "İlham Əliyevin çıxışı praqmatik siyasi əsasa malikdir"<b style="color:red"></b>

Fevralın 8-də Astara-Astara dəmir yolu xətti vasitəsilə Rusiyadan yola salınan ilk test qatarının İrana çatması Ermənistanda dərin narahatlıq hissi ilə qarşılanıb.
 
Keçən ilin sonlarında istifadəyə verilən Bakı-Tblisi-Qars dəhlizindən sonra Şimalla Cənubi birləşdirən dəmir yolu xəttinin İrəvandan keçməsinə nail ola bilməyən işğalçı ölkə bu marşrutda Azərbaycanın həlledici rol oynamasını həzm edə bilmir. Məsələyə geniş yer verən erməni mətbuatı nəqliyyat dəhlizinin reallaşmasını Ermənistana vurulan növbəti zərbə kimi qiymətləndirir.

"1in.am" saytında yer alan məqalədə qeyd olunub ki, İran, Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirən və "Şimal-Cənub" nəqliyyat layihəsinin əsas tərkib hissəsi olan bu marşrut Ermənistanın siyasi və iqtisadi izolyasiyasını daha da gücləndirir. Azərbaycanın bu amili gizlətmədiyini, əksinə bu layihənin iqtisadi üstünlükləri ilə yanaşı, rəsmi Bakının İrəvanı təcirdetmə siyasəti ilə üst-üstə düşdüyünü dəfələrlə vurğuladığını qeyd edən sayt yazır ki, faktiki olaraq Ermənistan bütün regional inteqrasiya layihələrindən məhrum olmaqla öz suverenliyini itirmək təhlükəsi ilə üz-üzə dayanıb. Bunu özləri üçün alçaldıcı vəziyyət kimi qiymətləndirən düşmən ölkə KİV-i nəticə etibarilə Rusiyanın təzyiqi altından çıxa bilməmələrinin üzüntüsünü yaşamaqdadır. Erməni mediası bütün bu uğursuzluqları Serj Sarkisyan hakimiyyətin Dağlıq Qarabağ siyasəti ilə əlaqələndirir. Qeyd olunub ki, rəsmi İrəvanın status-kvonun qorunub saxlanılmasına hesablanmış siyasəti heç də rasional deyil: "Bu, yarıtmaz siyasət Ermənistanı günü-gündən geriyə aparır. Azərbaycan isə iqtisadiyyatını daha da gücləndirir, demoqrafik göstəricilərdə fərqi daha da artırır. Qarabağ münaqişəsinin mövcudluğu, sərhədlərin bağlanması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı inkişaf mənbəyindən məhrum edir. Azərbaycan isə bütün regional layihələrdə açar rolunu oynayır, öz əhəmiyyətini daha da artırır. Milyardlarla dollar gəlir əldə edən Azərbaycan əzilən Ermənistan üçün böyük təhlükəyə çevrilir. Bütün bunlar Sarkisyan hakimiyyətinin qeyri-rasional, yarıtmaz siyasətindən xəbər verir". Ona görə də, sayt hesab edir ki, Ermənistan Dağlıq Qarabağ siyasətində rasional dəyişikliklərə əl atmalı, münaqişənin həllini yubatmaqdansa, kompromislər haqda düşünməli, sürətli addımlar atmalıdır: "Vaxt Ermənistanın əleyhinə işləyir".

Demoqraf Artan Markosyan bildirib ki, vəziyyət bu cür davam edərsə, Ermənistan əhali nüfuzu baxımından 90-cı illərin göstəricilərinə qayıdacaq.

Ermənistan Statistika Xidmətinin məlumatlarına görə, hazırda ölkədə 2 milyon 972 min 9 yüz insanın yaşadığı deyən demoqraf  keçən illə müqayisədə əhalinin 13 min 2 yüz nəfər azaldığını deyib. O qeyd edib ki, ötən illər ərzində müşahidə olunan azalma tempi əhalinin getdikcə azalmasına səbəb olur: "Xaricdə yaşayan ermənilərin ölkəyə qayıtmasını şərtləndirəcək islahatlar aparılmır. Belə olan halda, demoqrafik vəziyyət daha da pisləşəcək".

Ermənistanın bu vəziyyətə düşməsini bilavasitə Dağlıq Qarabağ münaqişəsinə görə, Azərbaycanın hazırkı hakimiyyətinin apardığı siyasətlə əlaqələndirən düşmən ölkə mətbuatının gündəmində olan mövzulardan biri də Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi İlham Əliyevin növbəti prezident seçkilərində iştiraka qərar verməsiylə bağlıdır. Erməni KİV-i prezident İlham Əliyevin YAP-ın qurultayında tarixi Azərbaycan torpaqlarıyla bağlı çıxışına xüsusi yer verib. Dövlət başçısının İrəvan və Zəngəzuru tarixi Azərbaycan torpaqları adlandırması və azərbaycanlıların bu doğma yerlərə dönəcəyinə əminlik ifadə etməsi düşmən ölkədə təşviş yaradıb. İşğalçı dövlətin ekspert dairələrində İlham Əliyevin qətiyyətli çıxışının praqmatik siyasi əsasa malik olduğu qeyd olunmaqla, buna dəlalət edən əsas səbəblər kimi, Ermənistan hakimiyyətinin utancverici siyasəti, erməni əhalisinin sürətlə ölkəni tərk etməsi nəticəsində yaranan demoqrafik böhran göstərilir. Onlar belə qənaətdədirlər ki, əgər Serj Sarkisyanın yarıtmaz siyasəti davam edərsə, söylənənlər heç də uzaq olmayan tarixdə reallığa çevrilə bilər.

Ceyhun ABASOV

 





13.02.2018    çap et  çap et