525.Az

Təhsil naziri Azərbaycanın Ştutqartdakı fəxri konsulu ilə görüşdü


 

Təhsil naziri Azərbaycanın Ştutqartdakı fəxri konsulu ilə görüşdü<b style="color:red"></b>

Bugün təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ilə görüşüb.

525.az xəbər verir ki, qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsi çərçivəsində görülmüş işlərdən söhbət açıb. Nazir bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində İqtisadi İnkişaf Nazirliyi ilə birgə müvafiq müzakirələr aparılıb və hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu söyləyən təhsil naziri bunun üçün həyata keçiriləcək hazırlıq tədbirlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinin və müvafiq işçi qrupunun yaradılmasının zəruriliyinə toxunub.

Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü bildirib və təhsil sahəsindəki qarşılıqlı əlaqələrin əhəmiyyətindən bəhs edib. Peşə təhsili sisteminin yüksək səviyyədə inkişafının sosial-iqtisadi tərəqqi baxımından oynadığı rola toxunan qonaq ölkələrimiz arasındakı əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili sahəsində ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanmasının zəruriliyini bildirib. O.Hauzer Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib, layihənin işçi qrupunun yaradılmasından sonra prosesin daha da sürətlənəcəyinə əmin olduğunu söyləyib.
Daha sonra layihənin icrası ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin vaxtında fəaliyyətə başlaması üçün dərsliklərin, tədris proqramlarının hazırlanması, həmin təhsil ocağında çalışacaq müəllimlərin təkmilləşmə kurslarına cəlb olunması ilə bağlı təkliflər səsləndirilib.

S.QARAYEVA

 





04.10.2012    çap et  çap et