525.Az

Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevin yubileyi qeyd olundu


 

Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevin yubileyi qeyd olundu<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar, Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi sesiya keçirilib.

Akademiyanın rektoru, professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə keçirilən tədbirdə akademiyanın professor-müəllim heyəti ilə yanaşı Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Xalq artisti Elnarə Dadaşova və  digər qonaqlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan T.Əfəndiyev Azərbaycanın musiqi tarixində Qara Qarayevin əvəzsiz xidmətlərindən danışıb:

“Azərbaycan musiqi tarixinin ən yüksək zirvələrindən sayılan Qara Qarayev  xalqının qürur duyduğu  bəstəkar-alim, dünya musiqi mədəniyyətinin nadir simalarındandır. Görkəmli bəstəkar əvəzsiz bəstələrilə Azərbaycanı beynəlxalq aləmdə layiqincə tanıdıb.

Qara Qarayev bəstələrinin dahiliyi, möhtəşəmliyi şəksiz idi və bunu öz çıxışlarında Şestokoviç, Şedrin, Mazel,  Stravinski kimi zamanın böyük musiqiçiləri etiraf ediblər. Onun dərin məzmunlu, zəngin, böyük ümumiləşdirmə qüvvəsinə malik musiqisi ümumibəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir”.

Rektor onu da qeyd edib ki, Azərbaycanın elə guşəsi yoxdur ki,  orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin. Onun “Yeddi gözəl”, “İldırımlı yollarla”  baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun.

Daha  sonra G.Abdullazadə Qara Qarayevin  yaradıcılığından bəhs edən geniş məruzəsi çərçivəsində Tofiq Quliyevin Qara Qarayev haqqında yazdığı arxiv materialı olan məktubu tədbir iştirakçıları üçün oxuyub və Akademiyaya hədiyyə edib.

Elmi sessiyada Qara Qarayevin tələbələrindən olan E.Dadaşova da bəstəkar bağlı xatirələrini bölüşüb. Onun tələbəsi olmaqdan qürur duyduğunu deyib:

“Fəxr edirəm ki, bu böyük şəxsiyyətin tələbəsi olmuşam. Qara Qarayev Azərbaycan xalqının ziyalısı, təkrarsız, özünəməxsus şəxsiyyəti idi” .

Elmi sessiyanın sonunda akademiyanın T.Əfəndiyev  Azərbaycan Respublikası Prezidentinin  “Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi haqqında” sərəncamını rəhbər tutaraq akademiya tərəfindən xüsusi tədbirlər planının tərtib olunduğunu, həmin tədbirlərin il ərzində keçiriləcəyini bildirib.

 





14.02.2018    çap et  çap et