525.Az

Uğursuz siyasət və bir nəşrin tarixçəsi


 

15 FEVRAL SOVET QOŞUNLARININ ƏFQANISTANDAN ÇIXDIĞI GÜNDÜR

Uğursuz siyasət və bir nəşrin tarixçəsi<b style="color:red"></b>

Keçmiş SSRİ. 70-ci illərin sonu. 18 yaşı tamam olmuş gəncləri əsgər aparırdılar.

Vətənpərvərlik, ata-ana sözünə itaət, rəhbərə hörmət ruhunda tərbiyə almış azərbaycanlı balalar da Vətən qarşısında borclarını vermək üçün əsgər libası geyinirdilər. Bu, adi hal idi. Əvvəlki nəsil elə bu sayaq geyinib faşistlərlə üzbəüz durmuşdu. İndi də onların övladları SSRİ deyilən ümumi vətənin müdafiəsi üçün xidmət etməli idilər. Xidmət də edirdilər. Amma vətən məfhumu yavaş-yavaş geniş miqyas alırdı. Sən demə, SSRİ-ni qorumaq üçün Əfqanıstanda yaranan "təhlükə"ni aradan qaldırmaq lazım imiş. Özü də sakitcə, evə göndərilən məktublarda bu barədə işarə belə etmədən, artıq-əskik yazmadan. 

1979-cu ildən başlayaraq Əfqanıstanda qulluq edən hərbçilərdən Azərbaycana əvvəlcə müəmmalı məktublar gəldi. Valideynlər şübhələnib hərbi komissarlıqlara müraciət etsələr də, ağlabatan izahat almırdılar. Əksinə, müəmmalı ruhda yazılmış məktublar, sonra "qara kağızlar", hərbçilərin müşayiətilə sink tabutlar axını başladı. Müşayiətçilər ona görə idi ki, gözlüksüz tabutlar açılmasın, artıq səs-küy olmasın. Əfqanıstanda beləcə qardaş qırğını ilbəil geniş "vüsət" alırdı. İki ölkə arasında dostluq, mehribanlıq, mədəni əlaqələr genişlənmək əvəzinə, Əfqanıstan SSRİ-yə sink tabutlar "ixrac" edirdi. 1979-1989-cu illərdə SSRİ-yə gətirilən tabutların statistikası belədir:

1979-cu ildə - 86

1980-ci ildə - 1484

1981-ci ildə - 1298

1982-ci ildə - 1948

1983-cü ildə - 1446

1984-cü ildə - 2343

1985-ci ildə - 1868

1986-cı ildə - 1333

1987-ci ildə - 1215

1988-ci ildə - 759

1989-cu ildə - 53

1979-1989-cu illər Əfqanıstandakı ümumi döyüşlərdə və keçirilən hərbi əməliyyatlarda Sovet ordusundan 15 min nəfərdən çox hərbçi həlak olub, 300 nəfər itkin düşüb, 6 min əsgər və zabit yaralanıb. Əfqanıstandan qayıtdıqdan sonra da 3203 sovet hərbçisi aldığı yaralar nəticəsində dünyasını dəyişib.

Əfqanıstan müharibəsində 7500 azərbaycanlı döyüşçü iştirak edib. Onlardan 208 nəfəri əməliyyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri itkin düşüb. 1400 nəfər azərbaycanlı döyüşçü vətənə qayıtdıqdan sonra mülki işlərdə xidmət edib. Azərbaycanın böyük təcrübəyə malik Əfqanıstan veteranlarının ölkənin Milli Ordusunun yaranmasında xüsusi rolu olub və onların əksəriyyəti Dağlıq Qarabağ uğrunda döyüşlərdə fədakarcasına döyüşüb.

1993-cü il noyabrın 2-də respublika prezidenti Heydər Əliyev televiziya vasitəsi ilə xalqa müraciət edərək Azərbaycanın bütün vətəndaşlarını həmrəyliyə, birliyə çağırdı. Bundan sonra Əfqanıstan döyüşçülərinin 4500 nəfəri bu çağırışa qoşuldu. Onlar torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün Milli Orduda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək qəhrəmancasına vuruşublar. Döyüşçülərdən 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfər itkin düşüb. Göstərdikləri qəhrəmanlıqlara görə Əfqanıstan döyüşçülərindən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər "Azərbaycan Bayrağı Ordeni", bir çoxu medallarla təltif edilib. İndinin özündə də keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan ordusunda müxtəlif yüksək rütbəli vəzifələrdə xidmət edirlər. Onlarla söhbətdə bildirilib ki, torpaqlarımızın azad edilməsi üçün hərb variantı seçilsə, onlar bir an belə düşünmədən düşmən üzərinə getməyə hazır olacaqlar.

Bəs insanlara ağrı-acı, fəlakət gətirən Sovet qoşunlarının Əfqanıstana yeridilməsi qərarını kim qəbul edib? Rəsmi Moskva özü həmin şəxslərin adını bəyan edib: Ali rəhbərlikdə təmsil olunan L.İ.Brejnev, D.F.Ustinov, Y.V.Andropov, A.A.Qromıko. 1985-ci ildən 1989-cu il fevralın 15-nə qədər Əfqanıstan müharibəsi dövrü M.S.Qorbaçovun hakimiyyəti vaxtına düşür ki, bu illərdə də özgə torpaqlarında 5000-dən çox gənc həlak olub.

Özgə torpaqlarına soxulmaqda "Şər imperiyası"nın kifayət qədər təcrübəsi var idi. Amma sovet ordusunun uzun illər boyu dünyanın bir çox ölkələrinə hərbi müdaxiləsi haqqında mətbuatımızda ətraflı yazılmadığından bu barədə gənclərimizə kiçik xatırlatmalar yerinə düşər:

Şimali Koreya - iyun 1950 - iyun 1953.

Macarıstan - 1956.

Əlcəzair - 1962-1964.

Misir Ərəb Respublikası - oktyabr 1962 - aprel 1963; oktyabr 1969 -   iyul 1972; oktyabr 1973 - aprel 1974.

Yəmən Ərəb Respublikası - oktyabr 1962 - aprel 1963.

Vyetnam - iyul 1965 - dekabr 1974.

Çexoslovakiya (Praqa) -1968.

Suriya - iyun 1967, oktyabr 1973.

Anqola - noyabr 1975, noyabr 1979.

Mozambik - noyabr 1975, noyabr 1979.

Efiopiya - dekabr 1977, noyabr 1979.

Hələ ölkədaxili - müttəfiq respublikalara hərbi müdaxilələri demirik. Çünki Alma-Atada, Tiflisdə, Bakıda, Qarabağda... sovet ordusunun törətdiyi cinayətlər oxuculara yaxşı tanışdır.

Hər cinayətkarın öz "dəst-xətti" olduğu kimi, imperiya ordusu da fərdi "üsluba" malik idi. Nəzərdə tutduğu məkana gecə qəflətən hücum edər, törətdiyi cinayətlərin üstünü məharətlə örtər, hadisə yerindən operativ şəkildə sivişərdi.

Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin qərarı ilə Əfqanıstan müharibəsində (1979-1989) həlak olmuş azərbaycanlılara aid xatirə kitabı hazırlanmalı idi. 1979-cu ildə həmin iş bu sətirlərin müəllifinə - Jurnalistlər Birliyi İdarə Heyətinin baş məsləhətçisinə həvalə edildi. Elə həmin vaxtdan günahsız qurbanlarla bağlı materialları araşdırarkən cəmiyyətin ən naqis xüsusiyyətlərindən - sosial ədalətsizlikdən doğan "prinsiplər" aşkara çıxdı. Biləcəri çağırış məntəqəsində, ayrı-ayrı rayon hərbi komissarlıqlarında ata-anaların övladlarını hərbi xidmətə yola salmaq istəmədikləri günlərdə dəhşətli faktlarla üzləşdim. Respublikamızdan Əfqanıstanda həlak olmuş 208 gəncin, demək olar ki, hamısı maddi-sosial baxımdan təminatsız ailələrin övladları imiş. Bir ailəyə Əfqanıstandan iki tabut gətirilib, başqa bir ailə isə övladının sink tabutunu alsa da, hərbi komissarlıq bu evin ikinci oğlunu zəlzələdən zərər çəkənlərə kömək üçün Ermənistana "sbora" yollayıb və o, təyyarədə qəzaya uğrayanlarla birlikdə həlak olub. Digər bir "əfqan"ın cənazəsi onun evinə deyil, Əfqanıstanda sağ-salamat xidmət etməkdə olan və ailəsi tamam başqa rayonda yaşayan dostunun evinə göndərilib...

1989-cu il oktyabrın 26-da Biləcəri hərbi çağırış məntəqəsində bir ananın televiziya jurnalistinə verdiyi müsahibə yadıma düşür. Ana: "Rayon hərbi komissarlığında oldum. Tək, min bir əziyyətlə boya-başa çatdırdığım oğlumun əsgərliyi harada keçirəcəyi üçün narahat olduğumu bildirdim. Hərbi komissarlıqdakı zabit məndən soruşdu: "Kənddə yaşayırsan?" Dedim: "Bəli". Zabit sözünə davam etdi: "Yəqin ki, toyuq-cücə saxlayırsan. Bax, axşam hinə 15 toyuq salırsan və səhər gəlib görürsən ki, onlardan 5-i ölüb. Buna kim cavabdehdir? Sən, mən, yoxsa Allah?"

Bu ananın və yüzlərlə digər valideynin narahatlığı əbəs deyilmiş. Əfqanıstanda "beynəlmiləl borcunu" yerinə yetirən sıravi əsgərlərə komandirlərinin qeyri-insani münasibəti "əfqanların" dilində əzbər olub. Mingəçevirli əsgər A.-nın öldürülməsinə aid yeganə və əsas sənəd adamı dəhşətə gətirir. 1980-ci il oktyabrın 29-da azərbaycanlı gənc əsgər asudə vaxtında əlindəki kiçik radioqəbuledicidə doğma musiqiyə qulaq asırmış. Bu, komandiri Artsıbaşevin xoşuna gəlmir və radionu söndürməyi tələb edir. Növbəti döyüşdə sağ qalıb-qalmayacağı barədə düşünən A. heç olmasa doğma musiqiyə doyunca qulaq asmaq niyyətilə radionun səsini azaldıb qulağına tutur. Bunu görən Artsıbaşey əlindəki avtomatı dəlisov hərəkətlə əsgərin sinəsinə dayayıb tətiyi çəkir... Hərbi tribunalın iclasına sədrlik edən ədliyyə mayoru İ.V.Şelkovoqov ehtiyatsızlıq üzündən cinayət törətmiş şəxslər üçün islah-əmək koloniyasında qalmaqla üç il müddətinə azadlıqdan məhrumetmə cəzası seçib.

Ordudan tərxis olunanların çoxu yaralı, psixikası sarsılmış vəziyyətdə qayıdırdılar. Artıq "Əfqanıstan" dəhşətini duyan valideynlər balalarının hətta şikəst qayıtmasına da sevinirdilər. Axı hər necə də olsa bu, sink tabut deyildi. Əlil əsgərlərin ata-anaları oğullarının salamat qayıtmasını bayram edirdilər. Ana elə fikirləşirdi ki, Allah onun duasını eşidib, rəhmi gəlib. Yəqin hər gün o, səhər də, axşam da xəlvətə çəkilib Allaha dua edirmiş: "İlahi, mənim balamı yağı gülləsindən qoru!"

Əlbəttə, ana bilmirdi ki, sərhədin o tərəfində - əfqan torpağında da bəlkə başqa bir ana üzünü Qibləyə tutub səhər-axşam Allaha dua edir, yalvarırdı: "İlahi, mənim balamı yağı gülləsindən qoru!”

Belə bir şəraitdə Əfqanıstanda həlak olmuş və ya itkin düşmüş soydaşlarımız barədə dəqiqləşdirilmiş material toplamaq çox müşkül idi. Təkcə zabit Rüfət Məmmədovun taleyinə aydınlıq gətirmək üçün (onun sink tabutu Bakıya gətirilsə də, anası oğlunun ölüm xəbərindən bir neçə ay sonra onun "İzvestiya" qəzetində dərc olunmuş fotosunu mənə göstərib, Rüfətin ölmədiyinə tam əmin olduğunu bildirdi) üç dəfə Moskvaya getməli oldum, orada Mərkəzi Televiziyanın "Utro" proqramı redaksiyasında, "İzvestiya" qəzetində, Ümumittifaq Hərbi Komissarlığında, SSRİ DİN-in Ümumittifaq Elmi-Kriminologiya Mərkəzində, SSRİ Ədliyyə Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Məhkəmə Ekspertizası kollektivində, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda... dəfələrlə oldum, sorğular apardım. Nəhayət, bütün şübhələrə son qoymaq məqsədilə Rüfətin məzarının eqzqumasiyasına böyük çətinliklər hesabına razılıq əldə etdim. Nəticə? Bütün şəhidlər kimi, Allah ona da rəhmət eləsin!

Bakıda 1989-cu il mayın 13-də Həzi Aslanov adına Zabitlər evinə toplaşmış rəhbər işçilərdən, müharibə veteranlarından, ictimaiyyət nümayəndələrindən və nəhayət, müharibədən yarıcan qayıtmış əsgərlərdən ibarət iştirakçılar üçün Əfqanıstan müharibəsilə bağlı bəzi müəmmalı məsələlərə işıq salına biləcək şərait yaranmışdı. Əfsus, belə olmadı, azərbaycanlı əsgərlərin intizamlı olmalarından... geniş söhbət açıldı. Respublikada onlara yeni imtiyazlar veriləcəyi vəd edildi. Əfqanıstan müharibəsinin labüdlüyünə şübhə ilə yanaşmağa cürət göstərənlərə bir-iki sözlə, "sanballı" mülahizələrlə cavab verildi. Ehtiyatda olan əsgər və zabitlərə "Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı paylandı. Bu toplantının birinci hissəsi Əbdürrəhman Vəzirova da eyni medalın təntənəli şəraitdə, sürəkli alqış sədaları altında verilməsi ilə bitdi. Yaxasında yeni medal parıldayan "qəhrəman" toplantının ikinci hissəsinə qalmayıb getdi. Görünür, işi çoxmuş, ola bilsin ki, "Qarabağ məsələsinin həllinə" tələsirmiş.

1989-cu il fevralın 15-də Moskva vaxtı ilə saat 10-da general-leytenant Qromov Amu-Dərya üzərindəki "Dostluq" körpüsündən keçərək Əfqanıstanı tərk edən guya son döyüşçü idi. Əslində sağ qalıb-qalmaması bilinməyən 300-dən çox sovet əsgəri yad ölkədə itkin düşmüşdü.

Əfqanıstan qurbanları haqqında material toplamaq üçün respublikamızın rayon və kəndlərini dolaşdım. Bu iş kiçik quşun dimdiyi ilə dən götürməyinə oxşayırdı. Material toplamaqda, fotoşəkil əldə etməkdə mənə rayon qəzetlərində işləyən həmkarlarım kömək edirdilər. Müdafiə Nazirliyinin zabiti Mehman Süleymanov materialların toplanmasında iştirakına və verdiyi mütəxəssis məsləhətlərinə görə xüsusilə fərqlənirdi. Beləliklə, "Ömrün qönçə çağında" adlandırdığım kitabı tərtib edib "Gənclik" nəşriyyatına verdim və... oraya dörd il sərasər ayaq döydüm. "Çap üçün kağızımız yoxdur", "Dozakl var ki..." sözləri məni boğaza yığmışdı. Amma bu müddət ərzində "Gənclik" dayanmadı, işlədi, kifayət sayda kitab da buraxdı. Təkcə başsız SSRİ başçılarının cinayətkar siyasətinin nahaq qurbanı olmuş Azərbaycanın kasıb balalarının ruhunu şad etməyə qeyrət çatmadı. Nəhayət, 1994-cü il yayın ortalarında qərara gəldim ki, əlyazmalarımı nəşriyyatdan götürüb münasib bir çap müəssisəsi tapım və vaxtilə Komsomolun Mərkəzi Komitəsinin qərarı ilə tərtib etdiyim kitabı da öz hesabıma buraxdırım. İki ay get-gəldən sonra nəşriyyatdan bəyan etdilər ki, "əlyazmaları itib". "Əfqanıstan qurbanları haqqında yazılmış kitabın izini-tozunu itirmək kimin üçün maraqlı imiş görəsən" sualına bir il cavab tapa bilmədim. Bir ildən sonra yenidən "Gənclik" nəşriyyatına müraciət edəndə kitabın əlyazması hansı küncdəsə "tapıldı". Çox sağ olsunlar ki, qaytardılar.

Bundan sonra Əfqanıstan veteranlarını birləşdirən cəmiyyətə, gənclər təşkilatlarına, dəxli olan və olmayan onlarla idarəyə və şəxslərə kitabın çapına görə müraciətim nəticə vermədi. Məmləkətdə "Ömrün qönçə çağında" kitabının çapı, görünür, heç kəsə lazım deyildi.

Yalnız 22 il sonra - 2012-ci ildə adının məxfi saxlanmasını istəyən bir mömin şəxsin maliyyə dəstəyi ilə kitab Bakıda "Elm və təhsil" nəşriyyatında işıq üzü gördü. Kitabda 190 "əfqan" haqqında qısa oçerk və çap üçün eyni ölçüdə hazırladığım fotoşəkil yer alıb. Kitabın tərtibi dövründə bir neçə hərbçinin ailəsi Azərbaycandan köçdüyündən məlumat əldə etmək mümkün olmadı. Nəşrdə 10 illik müharibədə itkin düşənlərin adları da göstərilib. Azərbaycanın Dağlıq Qarabağ əhalisindən Əfqanıstan döyüşlərində həlak olmuş hərbçilər barədə məlumat almaqdan ötrü DQMV rəsmilərinə, yerli mətbuat işçilərinə etdiyim müraciət isə cavabsız qaldı.

"Ömrün qönçə çağında" kitabının tərtibindən məqsəd mərhumların doğmalarının dərdini təzələmək yox, özgə torpağında nahaq qurban verilmiş soydaşlarımızın xatirəsini bacardığımız qədər yad etməkdir.

Şirməmməd NƏZƏRLİ
Yazıçı-jurnalist
[email protected] 

 





14.02.2018    çap et  çap et