525.Az

Böyük alim, diplomat və örnək insan


 

Böyük alim, diplomat və örnək insan<b style="color:red"></b>

Fəxr etdiyim, qürur duyduğum şəxsiyyətlərdən söz düşəndə göz önünə ilk gələnlərdən biri də Məmməd Novruz oğlu Əliyev olur.

Maraqlı və təəccüblü olan odur ki, Məmməd müəllimin şüurlu həyatını vərəqlədikdə orada qürur duyulmayan bir ana belə təsadüf edilmir. Adlı-sanlı Puşkin adına Tovuz şəhər orta məktəbini yüksək qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil almış, sonra sovet dönəmində laboratoriyası ən müasir avadanlıqla təmin edilən Kazan Universitetində aspiranturada oxumuş (1964-1969), 1969-cu ildə namizədlik dissertasiyası müdafiə edərək doğma universitetə qayıtmışdır.

O, elmin daşlı-kəsəkli yollarında irəliləmiş, dünya elm aləmində tanınmışdır. 1971-1972-ci illərdə Parisdə məşhur Ecole Normale Superiorda (LENS) Nobel mükafatı laureatı, lazerin yaradıcılarından biri akademik Alfred Kastlerin yanında işləmişdir. Buxarestdə, Parisdə, Grenoblda, Strasburqda, Varşavada, Poznanda, Kazanda, Novosibirskdə elmi konfranslarda, konqreslərdə məruzələrlə çıxış etmişdir. ABŞ-da, Fransada, Almaniyada, Polşada, Rumıniyada, Rusiyada 60-dan çox elmi məqaləsi çap olunmuşdur. Alim doğma Azərbaycan dilindən əlavə rus, alman, ingilis, fransız, ispan və türk dillərini də bilir və ixtisası üzrə bu dillərdə çıxan ədəbiyyatı elmi dövriyyəyə daxil edir və ondan bəhrələnir.

Professor Məmməd Əliyevin yerinə başqa birisi olsaydı, bəlkə də ədası yerə-göyə sığmazdı. Onu gənclik illərində, az sonra elmlər doktoru, kafedra müdiri (Tibb Universitetində - 1991-1992) olanda necə görmüşdüm, eləcə də qalır: sadə, təvazökar, tələbələrin sevimlisi...

Onu da deyim ki, Məmməd müəllimdən beş yaş böyük olsam da, namizədlik dissertasiyasını ikimiz də eyni ildə - 1969-cu ildə müdafiə etmişdik. Xarici Dillər İnstitutunu  bitirən kimi (1962) məni İraqa tərcüməçi işləməyə göndərmişdilər. O vaxta qədər ağlıma gəlməyən çox ciddi məsələləri dərk etməyə başladım. Ürəkağrısı ilə düşündüm: niyə müstəqil olmayaq, niyə dövlət başçımız xarici ölkələrə səfərlər etməsin, niyə himnimiz çalınmasın, niyə bayrağımız dalğalanmasın, niyə əcnəbi ölkələrdə səfirliklərimiz, səfirlərimiz olmasın?!

Dahi Səməd Vurğun demişkən, cahanda hər hökmü bir zaman verir. Şükürlər olsun ki, vaxt dəyişdi. Sovet quruluşu çökdü. Müstəqillik qazandıq. Arzularım yerinə yetdi. Türkiyədə səfirliyimiz açıldı. İlk səfirimiz isə eloğlum, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Novruz oğlu Əliyev oldu. Sevincimin həddi-hüdudu yox idi. Dövlətimiz Məmməd müəllimə böyük etimad göstərmişdi.

Türk yazarın "Ankarada bir diplomat" məqaləsində göstərildiyi kimi, professor Məmməd Əliyev Ankarada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri təyin olunanda bu sahədə nə səriştəsi, nə də təcrübəsi vardı. Lakin görkəmli alim və pedaqoq olması onun səfirlik karyerasında müstəsna rol oynadı. Türkiyədə sayılıb-seçilən bir diplomata çevrildi. Maraqlıdır ki, Türkiyədə Məmməd Əliyevlə  eyni vaxtda çalışan Özbəkistanın, Türkmənistanın, Qazaxıstanın, Qırğızıstanın səfirləri ona "Ağsaqqal" deyə müraciət edir, ondan məsləhətlər alırdılar.

O da maraqlıdır ki, Türkiyədə dövlət xadimləri və partiya rəhbərləri S.Dəmirəl, A.Türkeş, B.Ecevit, T.Ozal, T.Çillər, M.Yılmaz və başqaları ilə ən isti münasibətdə olub. Dünya şöhrətli alim, öndərimiz Heydər Əliyevin dostu, əslən İraq türkmanlarından olan İhsan Doğramacı onu qardaş hesab edirdi.

Ankarada Azərbaycan səfirliyinin binasının, eləcə də Azərbaycan Kültür Mərkəzinin tikilməsi bu münasibətlərin və Məhəmməd müəllimin zəhmətinin sayəsində mümkün olmuşdur.

Məmməd müəllim uzun müddət Türkiyədə (1992-2005) və İspaniyada (2005-2009) ilk səfirimiz vəzifəsində  Azərbaycanı ləyaqətlə təmsil edəndən sonra vətənə dönmüş, Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmışdır. Lakin təhsil aldığı, divarları arasında görkəmli alim və pedaqoq kimi yetişdiyi doğma Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ona müəllimi, akademik Bəhram Əsgərovun yaratdığı "Bərk cisimlər fizikası kafedrası"na rəhbərlik etməyi təklif edəndə, neçə illər bu qaynar mühitdən ayrı düşsə də, təklifi qəbul etməkdən çəkinmədi. Ona görə ki, həm elmdə, həm sadəlik və təvazökarlıqda Məmməd müəllimə oxşayan, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Aydın Kazımzadə kimi tələbələrinə arxalandı.

Yeri gəlmişkən, Aydın Kazımzadənin çox sanballı və ibrətamiz "Müəllimim və həmkarım" məqaləsindən hasil etdiyim qənaətlər çoxdur. Onlardan biri də odur ki, Məmməd müəllim əvvəllərdə olduğu kimi, indi də tələbələrin məhəbbət və hörmət obyekti, ümid istinadgahıdır. Bütün biliyini, zamanını, enerjisini tələbələrinə ərmağan edən müəllimin ümid istinadgahına  çevrilməsi hər kəsə nəsib olmayan böyük xoşbəxtlikdir.

Professor Məmməd Əliyev bir qərinəyə qədər diplomatik işdə (1992-2015) çalışdığına görə bəlkə  də əsərlərinin sayı başqa həmkarlarının əsərlərindən azdır. Lakin dünya şöhrətli Azərbaycan alimi Nəsrəddin Tusi elm adamını əsərlərinin kəmiyyətinə görə qiymətləndirmirdi. O yazırdı: "Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır".

Böyük alimin sözləri sanki görkəmli alim və pedaqoq, mərifət sahibi Məmməd Əliyevin boyuna biçilib.               

Dahi Nizami elm sahiblərinə yüksək qiymət verərək yazırdı:

Rütbələr içində seçilir biri,
Hamıdan ucadır alimin yeri.

Məmməd müəllim, uca alim yeriniz və 75 yaşınız mübarək olsun!

 





14.02.2018    çap et  çap et