525.Az

“Azərbaycanda qarşılıqlı etimada əsaslanan milli və dini münasibətlər sistemi formalaşıb”


 

“Azərbaycanda qarşılıqlı etimada əsaslanan milli və dini münasibətlər sistemi formalaşıb” <b style="color:red"></b>

Müsahibimiz fəlsəfə elmləri doktoru Sakit Hüseynovdur. Söhbətimizin məğzini islam dininin Azərbaycanda yayılması, müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində, ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində Heydər Əliyevin, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rolu, dinlərarası və mədəniyyətlərarası dialoqun davamlı inkişafa təsiri təşkil edir.

– Sakit müəllim, söhbətimizə tolerantlığın mahiyyətinə ümumi rakursdan nəzərə salaraq başlamağınızı istərdik.

– Elmi ədəbiyyatlarda tolerantlıq (hərfən dözümlülük) dini və milli müxtəlifliyin etirafı və ona hörmətlə yanaşılması kimi şərh edilir. Qərbdə tolerantlıq problemi ilk dəfə orta əsrlərdə yaranıb və əxlaqi fəzilət, qeyri-xristian və yaxud bidətçi ehkam, ayin, inancların etirafı kimi nəzərdən keçirilib. Dini tolerantlığın geniş şəkildə şərh edilməsinə məşhur xristian ilahiyyatçı Foma Akvinalının “Teologiyaların külliyyatı” əsərində rast gəlmək olar. Yeni dövrdə tolerantlıq problemini ilk tədqiq edən ingilis filosofu Con Lokk “Tolerantlıq haqqında öyüdnamə” əsərində tolerantlığı əsl, həqiqi kilsənin mühüm səciyyəsi kimi əsaslandırmağa cəhd edib. Lokk hesab edir ki, əgər dində məhəbbət, iltifat və mərhəmət yoxdursa, o həqiqi sayıla bilməz. Qərbi Avropada tolerantlıq probleminə Nikolay Kuzanlı, Piko Mirandola, Erazm Rotterdamlı kimi mütəfəkkirlər də xüsusi diqqət yetiriblər. Protestant Reformasiyası da tolerantlığı dəstəkləyib. Tolerantlığın sonrakı tədqiqi Hobbs, Bentam, Tokvil, Volter, Didro, Smit, Mill, XX əsrdə isə Zimmel, Nükom və Frankfurt məktəbinin nümayəndələrinin adı ilə bağlıdır. Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq bir neçə növdə ola bilər; başqa din mənsubuna ( xristian-müsəlman, müsəlman- buddist, xristian-buddist) qarşı tolerantlıq, başqa təriqət nümayəndələrinə qraşı tolerantlıq (katolik-protestant, protestant- pravoslav, sünni-şiə), sektant hərəkatlarına qarşı tolerantlıq, inanclı ilə inacsız ( mömin-ateist) arasındakı tolerantlıq və sair. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas prinsipidir. Eyni zamanda təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir.

Ümummilli lider Heydər Əliyevin də tolerantlıq haqqında çox dəyərli fikirləri var: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm də dövlətlərarası, millətlərarası, münasibətlərin bir çox cəhətlərinə aiddir...O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”.

– Fikrinizcə, Azərbaycandakı tolerantlıq hansı prinsiplərə söykənir?

– Azərbaycana gəldikdə qeyd etmək lazımdır ki, ölkəmiz tarixən milli və dini baxımdan tolerant ölkə olub. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəyə gələn xarici qonaqlar təsdiq edib və etməkdədirlər. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq (Azərbaycan ərazisində yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq şərtilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməyib və dini qarşıdurma olmayıb. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşıb, insanlar əmin-amanlıq şəraitində yaşayıb, burada yüksək tolerantlıq mühiti hökm sürüb.

– Yəqin razılaşarsınız ki, ölkəmizdə bu cür yüksək tolerantlıq mədəniyyətinin formalaşmasında islam dininin böyük rolu var?

– Tamamilə doğrudur. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olub. Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub sazlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz rol oynadığını vurğulayan Prezident İlham Əliyev bu fikri belə şərh edib: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşıb. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma haları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır”. “Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda keçən il Bakıda təşkil olunan I Beynəlxalq Bakı Forumunda iştirak edən Misirin tanınmış “Əl-Əhram Əl-Arabi” həftəlik jurnalının baş redaktor müavini Süzi Əl- Qineydinin məqaləsi də təsadüüfi qələmə alınmayıb. Müəllif Bakıdan Misirə qayıtdıqdan sonra “Bakı tolerantlıq və günəş şəhəridir” adlı məqaləsində Azərbaycanda mövcud olan dini tolerantlıq vəziyyətini işıqlandırıb. Süzi Əl-Qineydi Bakıda olduğu müddətdə Azərbaycanda mövcud olan dini durumla şəxsən tanış olub, xalqımızın tarixi, mədəniyyəti və iqtisadi inkişafı ilə maraqlanıb, eyni zamanda torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu məqalədə önə çəkib, lakin bütün bunlara rəğmən hazırkı şəraitdə Azərbaycanın dini tolerantlığa örnək olan bir ölkə olduğunu çalışdığı jurnalda belə cümlələrlə ifadə edib: “Azərbaycan kimi ölkədən yaxşı örnək götürə bilərik. Azərbaycan xalqı 1990-cı illərdə daxili parçalanmalarla dolu ağır mərhələni uğurla qət etməyə müvəffəq olub. Eyni zamanda həmin mərhələdə Azərbaycanın 20 faiz torpaqları da Ermənistan tərəfindən işğal olunub. Ermənistanın separatçı rejimi Dağlıq Qarabağ regionunun müstəqilliyini elan edib. Buna baxmayaraq bu müstəqillik heç bir dövlət tərəfindən tanınmayab və həmin region beynəlxalq hüquqa görə, Azəybaycanın ayrılmaz tərkib hissəsi hesab olunur. Bu regionun erməni silahlı qüvvələri tərəfindən işğalı hələ də davam edir. Bütün bunlara rəğmən, Azərbaycan dini və irqi tolerantlığın nümunəsi olmağı bacarıb”.

Onu da qeyd edək ki, son dövrlərdə ölkəmizin din və mədəniyyətlə bağlı bir çox nüfuzlu tədbirlərə ev sahibliyi etməsi bir tərəfdən beynəlxalq aləmdə Azərbaycanın siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də respublikamızın beynəlxalq aləmdə dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır.

(ardı var)

Sevinc MÜRVƏTQIZI

 





20.06.2013    çap et  çap et