525.Az

Minsk qrupundan real təkliflər gəlmir


 

"HƏMSƏDRLƏRİN FƏALİYYƏTİ İKİLİ STANDARTLAR ÜZƏRİNDƏ QURULUB"

Minsk qrupundan real təkliflər gəlmir<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şoferin (ABŞ) regiona reallaşdırdıqları sonuncu səfər də ciddi nəticə verməyib.

Vasitəçilər Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla keçirdikləri görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparıb. Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.

Bakıdakı görüşlərini yekunlaşdırdıqdan sonra həmsədrlər İrəvanda işğalçı ölkə rəhbəri Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla danışıqlar aparıblar. Bu görüş daha çox Ermənistan prezidenti Sarkisyanın şikayətləri ilə yadda qalıb. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında tarixi Azərbaycan torpaqları ilə bağlı qətiyyətli çıxışının düşmən ölkə rəhbərliyi və cəmiyyətində yaratdığı dərin narahatlığı gizlədə bilməyən cinayətkar rejim rəhbəri beynəlxalq ictimaiyyətin gözündə erməniləri məzlum xalqın nümayəndələri kimi göstərməyə çalışıb.

Daha sonra vasitəçilər işğal olunmuş Dağlıq Qarabağ bölgəsində gediblər. Həmsədrlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətlə tanış olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Regiona səfərini yekunlaşdırdıqdan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yekun bəyanatla çıxış ediblər. Vasitəçilər həmişəki kimi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırıblar. Həmsədrlər 2017-ci ilin oktyabr ayında Cenevrə sammitində, eləcə də Vyana və Sankt-Peterburqdakı görüşlərdə qoyulmuş bütün öhdəliklərin vicdanla yerinə yetirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Həmsədrlər, həmçinin, son zamanlar təmas xəttində insanların ölümündən dərin narahatlıqlarını ifadə ediblər. Vasitəçilər tərəfləri gərginliyin azaldılması üçün əlavə addımlar atmağa, atəşkəs rejiminə əməl etməyə, eləcə də təhrikedici bəyanatlar və təxribat xarakterli hərəkətlər etməməyə çağırıblar.

Təəssüflərdirici faktdır ki, həmsədrlər "bir addım önə, iki addım geriyə" strategiyasını növbəti dəfə davam etdiriblər. Əgər ötən səfərlərdə vasitəçilər ərazi bütövlüyü məsələsini, torpaqların işğaldan azad edilməsinin zəruriliyini dilə gətirirdilərsə, indi xalqların öz müqəddəratlarını təyin etmək prinsipini də münaqişənin həllinin əsas elementlərindən biri kimi səsləndirməkdə israrlı olduqlarını ortaya qoyurlar.

Həmsədrlər bir daha bəyan ediblər ki, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsiplərinə əsaslanan Helsinki aktına dayanaraq münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə kömək etməkdə israrlıdırlar.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır: "Bunun üçün BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir. Təcavüz aradan qaldırılmalı, məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılmalıdır. Daha sonra prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycan dövlətinin tərkibində muxtariyyət statusu verilməsi məsələsinə baxıla bilər. Dünyanın müxtəlif ölkələrində - Rusiya, ABŞ və digərlərində bu cür quruluşlar mövcuddur".

Ermənilərin 100 il əvvəl Azərbaycanın qərb torpaqlarında dövlət yaradaq öz müqəddəratlarını həll etdiklərini deyən ekspert bildirib ki, ölkə ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək: "Əgər Qarabağda hansısa erməni Azərbaycan dövlətinin daxilində yaşamaq istəmirsə, Ermənistana çıxıb gedə bilər".

Azərbaycanın multikultural ölkə olduğunu deyən E.Həsənli ölkəmizdə bütün xalqlara bərabər hüquq çərçivəsində yaşamaq, fəaliyyət göstərmək, sərbəst şəkildə öz dini rituallarını yerinə yetirmək üçün yüksək səviyyədə şəraitin yaradıldığını bildirib.

QHT sədri hesab edir ki, aprel döyüşləri Azərbaycanın düşmən qarşısında müqayisəolunmaz gücünü əyani şəkildə ortaya qoyub: "Sülh danışıqlarının heç bir nəticə vermədiyi təqdirdə, Azərbaycan qısa müddət ərzində işğal altındakı torpaqlarını geri qaytara bilər. Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan hakimiyyətinin başına ağıl qoymalıdırlar".

Ekspert qeyd edib ki, Ermənistanın iqtisadiyyatı günü-gündən zəifləyir: "Belə bir şəraitdə əhali çıxış yolunu birdəfəlik xarici ölkələrə üz tutmaqda görür. Bu da Ermənistanda dərin miqrasiya böhranın yaranmasına səbəb olur".

İşğalçı ölkə rəhbəri Serj Sarkisyanın reallıqdan uzaq adam olduğunu deyən E.Həsənli bildirib ki, o, cinayətkardır: "Sarkisyan Xocalı soyqırımına imza atıb, əli dinc azərbaycanlıların qanına batıb".

Ekspert hesab edir ki, Ermənistan təxribatlara davam etsə, danışıqlarda qeyri-konstruktiv mövqeyindən əl çəkməsə, aprel hadisələri təkrarlana bilər: "Azərbaycan bu dəfə düşmənə daha sarsıdıcı zərbələr endirəcək. Danışıqların səmərə vermədiyi halda, hədəf güc yolu ilə torpaqların işğaldan tam azad edilməsi olacaq".

Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, həmsədrlər tərəfləri təmkinli olmağa və atəşkəs rejiminin qorunmasına diqqət verməyə səsləməklə fəaliyyətlərinin bitdiyini düşünürlər. O, SİA-ya bildirib ki, vasitçilərin əsas vəzifəsi işğalçı dövlətin yerini göstərmək, düşmən tərəfə təzyiq edərək onları beynəlxalq hüquq normalarını riayət etməyə məcbur etməkdir.

F.Sadıqovun fikrincə, həmsədrlərin belə bəyanatları müsbət nəticəyə gətirib çıxara bilməz: "Vasitəçilərin sülhməramlı bəyanatları bəzən Azərbaycan və Ermənistanın bərabərləşdirilməsinə səbəb olur. Halbuki Azərbaycan işğala məruz qalıb və torpaqlarının 20 faizi düşmən tapdağındadır. Həmsədrlər bu reallığı çox yaxşı dərk etsələr də, əməllərində göstərmirlər. Onların belə bəyanatları müsbət nəticəyə gətirib çıxara bilməz. Əgər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində real vasitəçidirsə, o zaman həmsədrlər öz funksiyalarını yerinə yetirməklə problemin həllinə dair real təklif və ideyalar irəli sürməlidirlər. Bizim onlardan başqa gözləntimiz yoxdur".

Politoloq bildirib ki, həmsədrlərin fəaliyyətlərinin arxasında ikili yanaşma dayanır: "Nədənsə, Avropda hər hansı separatçı bir hərəkət yarandıqda onlar dərhal ayağa qalxaraq bunun qarşısını almağa çalışırlar. Kataloniya hadisələri bunun əyani sübutdur. Digər misal Fransanın özündə Korsika və digər separatçı rejimlərin olmasıdır ki, onların baş qaldırmasına imkan verilmir. Eyni zamanda, İspaniya, Böyük Britaniyada mövcud separatçı rejimlər yerində boğulur. Bütün bunları nəzərə aldıqda həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçi fəaliyyətlərində ikili standartların mövcud olduğunu görməmək mümkün deyil. Görünür, ermənilərin uzun illərdir özlərini yazıq, hər şeydən təcrid olunmuş xalq kimi göstərməsi öz nəticəsini verə bilib. Yəqin bu fəaliyyətin nəticəsidir ki, onlara qarşı heç bir addım atılmır".

Dağlıq Qarabağ münaqişəsinin həllində son dövrlər müəyyən dinamikanın müşahidə olunduğunu deyən politoloq vurğulayıb ki, artıq aparıcı dövlətlər Azərbaycanın regionda yeri və rolunun nədən ibarət olduğunu başa düşüblər: "90-cı illərin əvvəlləri ilə müqayisə etsək, ölkəmizdə həyata keçirilən güclü beynəlxalq siyasət nəticəsində artıq Azərbaycanla hesablaşılır, dölvətimizin mövqeyi nəzərə alınır. Azərbaycanın dünya ölkələri arasında, yeri və rolu yüksək qiymətləndirilir. Bunu özü tarixi prosesdir. Biz bundan istifadə edərək hücumedici diplomatik addımlarımızı bundan sonra da daha güclü şəkildə atmalıyıq".

F.Sadıqov qeyd edib ki, hazırda Rusiya və Ermənistanda seçki prosesinin keçirildiyini nəzərə alsaq, indiki dövrdə Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbul olunmasını gözləmək düzgün olmaz: "Seçki bütün ölkələr üçün gərgin dövrdür. Bu baxımdan düşünürəm ki, seçkidən əvvəl problemin həlli ilə bağlı böyük müqavilə və saziş imzalanmayacaq. Amma buna baxmayaraq, Azərbaycan öz mövqeyindədir və bütün ölkələrə də bu vəziyyətlə barışmayacağını bildirməyə davam edir. Biz torpaqlarımızın azad olunması istiqamətində əlimizdən gələni edəcəyik. Bunu həm həmsədrlər, həm Ermənistan, həm də Rusiyanın siyasi xadimləri yaxşı başa düşür. Onlar anlayır ki, problemin həlli ilə bağlı fəaliyyət nümayiş etdirməlidirlər. Bu baxımdan mənə elə gəlir ki, əsas məsələlər seçkidən sonrakı dövrdə başlanacaq".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





15.02.2018    çap et  çap et