525.Az

Ümumdünya Ticarət Təşkilatı: "UNEC-lə əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir"


 

Ümumdünya Ticarət Təşkilatı: "UNEC-lə əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir"<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat Nazirliyinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzrə ekspertləri ilə görüş keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən ekspertlər Marius Bordalba və  Anar Kərimov Azərbaycanın ÜTT-yə üzvlüyü istiqamətində görülən işlərdən danışıb, üzvlükdən sonrakı fəaliyyətlə bağlı müzakirələr aparılıb. Tərəflər Azərbaycanın ÜTT-yə üzvlük məsələsində universitetlərin rolu barədə fikir mübadiləsi aparıblar. UNEC-lə əməkdaşlığın mühüm rol oynayacağını bildirən ekspertlər, fəaliyyət istiqamətlərini açıqlayıblar. UNEC nəzdində ÜTT Referans Mərkəzinin yaradıldığına diqqət çəkən M.Bordalba həmin mərkəzin ÜTT üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ə.Muradov UNEC-də yüksək akademik potensiala malik ekspertlərin çalışdığını bildirərək, Xarici Ticarətə Dəstək və Digital Marketinq mərkəzlərinin fəaliyyətindən danışıb. O, İqtisadiyyat Nazirliyinə və bu istiqamət üzrə aparılan işlərə dəstək layihələrinin hazırlanmasında UNEC-in yaxından iştirak edə biləcəklərini qeyd edib.

Görüşdə, həmçinin, treninqlərin keçirilməsi, tələbələrlə maarifləndirici tədbirlərin təşkili də müzakirə olunub.

S.QARAYEVA

 





15.02.2018    çap et  çap et