525.Az

Elazığda Anarın yubileyi geniş qeyd edildi


 

Elazığda Anarın yubileyi geniş qeyd edildi<b style="color:red"></b>

Xalq yazıçısı Anarın 80 illiyiylə bağlı Türkiyədə bir sıra tədbirlər nəzərdə tutulub. Bunların ilki bu günlərdə Elazığ şəhərində keçirilib.
 
"Firat" qəzetində "Azərbaycan Yazarlar Birliyi Başqanı Anar Rzayevin doğumunun 80 yılı dolayısıyla elimizdə də çeşidli etkinliklər düzənləndi" başlıqlı yazıda qeyd olunur: "Anar Rzayevin 2006 ilində Azərbaycandan gələrək açılışını yapdığı Elazığdakı kültür evi "Manas" "Doğumunun 80 ilində Anar" proqramı ilə vəfanın daha bir gözəl örnəyini kültür tarixinə yazdı. Proqram iki ölkənin qardaşlığını təmsil edən 2012-ci ildə Anarın da iştirakıyla açılan Azərbaycan parkında başladı. Tədbirin ikinci bölümü Kültür evi "Manas"da gerçəkləşdirildi. Yazar Bədrəddin Kələştemirin aparıcılığında gerçəkləştirilən proqram rejissorluğunu Şener Bulutun yapdığı, ssenarisini İmdat Avşarın yazdığı "Anarın ömür yolu" sənədli filmiylə başladı. Filmin ardından Bakıdan telefonla Anar proqrama qatıldı. Minnətdarlığını və mutluluğunu ifadə edən sözlərlə onun üçün düzənlənən bu proqrama qatılan şair və yazarları salamladı. Anardan sonra "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və professor-doktor Asif Rüstəmli ilə telefonla əlaqə quruldu. Hər iki söz və bilim adamı Anarın xidmət və başarılarından bəhs edərək ona uzun ömür dilədilər. Telefon konuşmalarının ardından sənətçi Fəthi Açıqgöz və oğlu Oğuz Açıqgöz Azərbaycan türkülərini təqdim etdilər".

Sonrakı məlumatda proqrama qatılan Firat Universiteti Türk dili və ədəbiyyatı bölüm başqanı professor, doktor Əhməd Buranın, Şükrü Qacarın, Təhsin Öztürkün və otuza qədər başqa şair və yazıçının adları verilir. Proqram iştirakçıların birlikdə oxuduqları "Çırpınırdı Qara dəniz" mahnısıyla tamamlanıb.

Tədbirlər haqqında eyni məlumatı dərc edən "Hakimiyyət" qəzeti bildirir ki, Elazığ Bələdiyyə başqanı Mücahit Yanılmaz Anarı kültür və sənət həyatımıza yapmış olduğu xidmətlərilə bağlı təbrik etdi. Tədbirlər haqqında məlumat daha geniş şəkildə və çoxlu şəkillərlə "Gün işığı" qəzetində də dərc edilib. "Gün işığı" qəzetinin başqa sayında isə Bədrəddin Kələştemirin Anar haqqında bir səhifəlik geniş yazısı dərc edilib. Xalq yazıçısının tərcümeyi-halı barədə Azərbaycan oxucularına yaxşı məlum olan faktları gətirən müəllif yazısını belə başlayır: "Anar üçün nə yapılsa azdır" diyoruz. Üzeyir Hacibəyli "Bəziləri sadəcə özü üçün deyil, bir millət, bir xalq üçün doğulur" - deyir. Anar böylə bir şəxsiyyətdir... Məhəmməd Əmin Rəsulzadə, Füzuli, Nuri paşa, "Çırpınırdı Qara dəniz", Almas İldırım, Bəxtiyar Vahabzadə və Anar bizləri birləşdirən dəyərlərdir".

Xəzər Şeir Axşamlarının qurucusu Şener Bulut deyir: "Anar Xəzər axşamlarının hamısında iştirak edən və qiymətli fikirlərindən yararlandığımız vəfalı bir dostdur".

Daha sonra Bədrəddin Kələştemir Anarın Elazığla bağlılığından söz açır: "Manas" yayınçılığının 4-6 may 2006 tarixindəki açılışında Anar bizləri yalqız buraxmadı, o tarixi günlərdə "Çağdaş Azərbaycan ədəbiyyatı" mövzusunda bir konfrans verdi. 11-13 aprel 2007 tarixində elimizdə gerçəkləşdirilən "Doğumunun 100 ilində Almas İldırım" etginliyinə qatıldı. "Elazığ çələngi" kitabı tanıtım toplantısını Anar dəstəklədi, bütün bu xidmətlərinə görə Firat Universiteti tərəfindən Fəxri doktor adıyla təltif edildi.

Anar Azərbaycan parkının açılışında deyirdi: "Gərək Çanaqqalada, gərəksə 1918-ci ildə Bakının qurtuluşunda Türkiyə ilə birlikdə hərəkət edən Azərbaycan bağımsızlığına qovuşduğu 1991-də Türkiyəni yanında gördü. Biz Azərbaycan türkləri Türkiyəyə minnətdarıq.

Əziz gözəl Elazığ,
səni görməyənlərə,
nə yazıq, nə yazıq".

 





16.02.2018    çap et  çap et