525.Az

“Online vətənpərvərlik”


 

“Online vətənpərvərlik”<b style="color:red"></b>

Bu gün qlobal mühitdə ən təhlükəli savaş informasiya müharibəsi sayılır. Fikir versək əksər güclər bir-birlərini əzmək üçün ilk olaraq söz savaşına çıxaraq beynəlxalq aləmdə düşmənə mənfi münasibət formalaşdırmaq istəyirlər. Gənclərin informasiya müharibəsi haqqında təsəvvürləri isə bir-birinə zidd və fərqli inkişaf edir. Nəticə etibarıyla bu söz davasının qeyri-düzgün istiqamətləri cəmiyyətin düşüncələrinə mənfi təsir edir. Xüsusən sosial şəbəkələrdə aktivlik göstərən gənclər müxtəlif bəhanələrlə “like” yığmaq savaşına çıxırlar. Əlbəttə ki, qatı düşmənimiz olan ermənilərlə... Bu vəziyyət yetkin insanın əlində su atan tapanca tutmasına bənzəyir.

“Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyinin sədri Rövşən Bağırov qeyd edib ki, müasir cəmiyyətdə ölkələr müharibəni silahla deyil, daha çox informasiya ilə aparmağa üstünlük verirlər: “İndiki zamanda hansı ölkə özü haqqında daha çox informasiya ötürə bilirsə, o da müharibəni udmuş hesab olunur. Bu həm də təkcə ölkənin işi deyil, eyni zamanda hər bir vətəndaş yaşadığı ölkənin milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, dövlətçilik ənənələri haqqında mütəmadi olaraq məlumatlar paylaşmaqla öz mənəvi və vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bunun üçün internetin bizə verdiyi bütün texniki imkanlardan maksimum istifadə etməliyik. Təəssüflər olsun ki, xüsusən gənclər sosial şəbəkələrdə informasiya müharibəsi adı ilə marketinq rəqabəti aparırlar. Məsələn, erməni səhifələrində izləyici sayının çox olması onların üstünlüyü kimi başa düşülür və sosial şəbəkə istifadəçisi olan insanımızın bu rəqabətdə aktivlik göstərməsini tələb edirlər. Bu cür hallar sosial mühitdə çaşqınlıq yaradan yanlış mübarizə üsuludur.

R.Bağırov bildirib ki, hər kəs sosial şəbəkələrdən müəyyən məqsədlər üçün istifadə edir: kimi marketinq rəqabəti aparır, kimi PR-la məşğul olur, kimi də özündə əyləncə axtarır. Bütün bunlarla yanaşı hər kəs sosial şəbəkələrdə milli maraqların qorunması və təbliğatıyla da məşğul olmalıdır. Ermənilər əksər dillərdə özlərinin qədim xalq olduqlarını və işğal etdikləri Qarabağ torpaqlarının onlara məxsus olması haqqında yanlış məlumatları bütün şəbəkələrdə yayırlar və izləyici sayı da kifayət qədərdir. Ancaq izləyici sayının çox olmasını mən üstünlük hesab etmirəm, əsas odur ki, yerləşdirilən informasiya əsaslı, doğru və inandırıcı olsun. Əlimizdə erməni vəhşiliyini sübut edən kifayət qədər şəkillər, videolar və əsaslı sübutlar var. Sadəcə olaraq bunları dünya ictimaiyyətinə çatdırmaq və təbliğ etmək lazımdır. Bizim bəxtimiz onda gətirməyib ki, Rusiya və İran kimi qonşularımız var. Bu iki dövlət bizim tarixi düşmənlərimizdir. Zaman-zaman Azərbaycan torpaqlarını öz aralarında bölüblər. Rusiya Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaqla əslində bizə böyük bir problem yaradıb. Bu dövlətlərin, xüsusilə də Ermənistanın Azərbaycana qarşı təbliğat maşını hər zaman işləyir və biz bunlara heç olmasa informasiya müharibəsi ilə qalib gəlməliyik. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bütün mümkün üsullardan və vasitələrdən istifadə edilməlidir. Bunun üçün Azərbaycan hökuməti hər il çoxlu vəsait ayırır. Bu təbliğat təkcə ayrı-ayrı ölkələrdə diaspora fəaliyyəti ilə deyil, eyni zamanda internet məkanında özünü göstərməlidir. Vikipediya, google, youtube, bloqlar, sosial şəbəkələr kimi müasir vasitələrdən düzgün istifadə etməklə biz informasiya müharibəsində üstün mövqe qazana bilərik. Bunun üçün gənclərimizdə “online vətənpərvərlik” hissi formalaşmalıdır. Ümid edirəm ki, informasiya müharibəsində qalib gəlməklə biz torpaqlarımızı da azad edə biləcəyik”.

Xəzər İnternet İnstitutunun direktoru Rəşad Əliyev isə hesab edir ki, informasiya müharibəsi qurulmalı deyil, çünki biz müharibə etmirik, inkişaf edirik: “İnkişaf üçün müharibədən çox xeyirli, faydalı işlərlə məşğul olmaq lazımdır. Gənclərimiz son vaxtlar like xəstəsi olublar. Əslində o marketinq tərəfdən düzgün addımdır, çünki marketoloqlar hər şeyi rəqəmlərdə görürlər: “Filan yerdə on min adam var, bizdə niyə yoxdur?!” Nəticə isə sıfıra bərabərdir. Bu düzgün yanaşma deyil, effektiv nəticə göstərmək lazımdır. Belə nəticələr “like” yığmaqla əldə olunmur. Mövzudan kənar da olsa bir nümunə göstərim. Son zamanlar DYP təhlükəsizlik işlərini çoxaldıb, lakin buna baxmayaraq yol qəzaları da çoxalıb. Xəbər sistemləri üçün bu yaxşıdır, çünki çoxlu xəbər gəlir. Lakin bu qəzaların, bədbəxt hadisələrin qarşısını almaq lazımdır, bunun üçün müxtəlif sosial aksiyalar, yol qaydalarına riayət olunması üçün müxtəlif işlər görmək lazımdır. Gənclərimiz bu istiqamətdə kifayət qədər fəaliyyət göstərmirlər. Hay-küy etmək yox, nəticə göstərmək lazımdır. Bütün inkişaf etmiş ölkələr üçün əks təbliğat işləri gedir. Əgər bizə qarşı da təbliğat aparılırsa, demək ki, inkişaf edirik. Həmin dövlətlərə qarşı mübarizə aparmaq və cavablarını verməkdənsə, öz inkişaf yolumuzla irəliyə baxmalıyıq. İnformasiya müharibəsində üstün mövqe qazanmaq üçün biz o sahədə kadrlarımızı yetişdirməliyik. Təəssüflə qeyd edim ki, o sahədə hal-hazırda Azərbaycanda çox az sayda kadr var. Daha da inkişaf etmək üçün ordu yığmalıyıq, ordu üçün isə əsgərlərimizi gücləndirməliyik”.

Ceyhun ABASOV

 





21.06.2013    çap et  çap et