525.Az

Dünya gücləri Qarabağda müharibə riskini anlayır, amma...


 

Dünya gücləri Qarabağda müharibə riskini anlayır, amma...<b style="color:red"></b>

ABŞ-ın Milli Kəşfiyyatının bir neçə gün əvvəl yaydığı  "Dünya üzrə təhlükənin qiymətləndirilməsi" hesabatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da risklər vurğulanıb.

Milli Kəşfiyyatın direktoru Daniel Koutsom tərəfindən hazırlanan hesabatda qeyd edilib ki, Dağlıq Qarabağ ətrafındakı gərginlik Ermənistanla Azərbaycan arasında genişmiqyaslı bir hərbi münaqişəyə səbəb ola bilər. Bu cür vəziyyət isə Rusiyanı öz regional müttəfiqini dəstəkləməyə cəlb edə bilər.

Sənədin Qarabağa həsr olunmuş hissəsində o da vurğulanıb ki, hər iki tərəfin kompromisə gəlməməsi, təzyiqi artırması, Azərbaycanın sabit hərbi modernləşməsi və Ermənistanın yeni rus silahları əldə etməsi 2018-ci ildə böyük miqyaslı hərbi əməliyyatlara gətirib çıxarmaq ehtimalı yaradır. Milli Kəşfiyyatın direktoru hesab edir ki, Kreml bütün keçmiş Sovet İttifaqı ölkələrinə öz təsirini genişləndirməyə çalışacaq: "Özünün  növbəti mümkün prezidentlik müddətində Vladimir Putin Rusiyanın sərhədlərindən kənarda nəticə əldə etmək üçün daha aqressiv və opportunis bir xarici siyasət aparacaq".

Həmçinin, Gürcüstan, Ukrayna münaqişəsi ilə bağlı da hesabatda nikbinlik yer almayıb. Belə görünür ki, dünya gücləri Qarabağ münaqişəsinin alovlana bilməsi riskini anlayır, amma bu riski önləyəcək hər hansı addımlar atmırlar. Eyni zamanda, bu hesabat Qarabağ münaqişəsinin həlli ilə bağlı 2018-ci il üçün də ümidləri azaldır. Baxmayaraq ki, münaqişə 30 ilə yaxındır davam edir, münaqişənin nizamlanmasına cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədləri heç bir irəliləyişə nail ola bilməyib. Hələ indi cəbhədə, təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsini müzakirə edirlər. Hansı ki, bu da Azərbaycanın maraqlarına cavab verən bir təklif deyil. Əksinə, Ermənistanın status-kvonu davam etdirməsinə təkan verir. 

Yeri gəlmişkən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlayan erməni təcavüzkar separatizminin 30 ilinə dair XİN-in yaydığı açıqlamada qeyd edilib ki, Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazilərinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu anlamla münaqişənin həlli prosesində iştirak edir.  Vurğulanıb ki,  rəsmi Bakı bir daha Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə işğal və etnik təmizləmə siyasətini dayandırmağı və münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməyi, beynəlxalq öhdəliklərini yerinə yetirməyi və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb edir.

 Politoloq Fikrət Sadıqov hesab edir ki, əsas məsələ işğalçı dövlətə təzyiq göstərməkdir. Bu, baş vermədikcə, hansısa çağırışlar, müharibə riski ilə bağlı xəbərdarlıqlar da heç bir nəticə verməyəcək: "Əməli işə keçmək, təzyiqlər etmək  lazımdır. Başqa yol mümkün deyil. Sülh danışıqları illərdir aparılır, amma biz nəticə görmürük".

Politoloq bildirib ki, Qarabağda müharibənin hər an alışa biləcəyi riskini tək ABŞ Milli Kəşfiyyatı deyil, hər kəs yaxşı başa düşür: "Necə ki, aprel ayında biz buna şahid olduq. ABŞda Minsk qrupunun həmsədr dövlətidir. Artıq illərdir ki, regiona səfərlər edən həmsədrlər hər zaman olduğu kimi, bu dəfəki səfər zamanı da fəaliyyətlərini tərəfləri təmkinli olmağa və atəşkəs rejiminin qorunmasına diqqət verməyə səsləməklə bitirmiş oldular. Lakin əsas məsələ bu deyil. Əsas məsələ işğalçı dövlətin yerini göstərmək, düşmən tərəfə təzyiq edərək onları beynəlxalq hüquq normalarını riayət etməyə məcbur etməkdir".

Politoloqun sözlərinə görə, həmsədrlərin sülhməramlı bəyanatları bəzən Azərbaycan və Ermənistanın bərabərləşdirilməsinə səbəb olur: "Halbuki burada Azərbaycan işğala məruz qalıb və 20 faiz torpaqları düşmən tapdağındadır. Həmsədrlər bunu çox yaxşı dərk etsələr də, əməllərində bunu göstərmirlər. Onların belə bəyanatları müsbət nəticəyə gətirib çıxara bilməz. Əgər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində real vasitəçidirsə, o zaman həmsədrlər öz funksiyalarını yerinə yetirməklə problemin həllinə dair real təklif və ideyalar irəli sürməlidirlər. Bizim onlardan başqa gözləntimiz yoxdur".

F. Sadıqov qeyd edib ki, həmsədrlərin fəaliyyətlərinin arxasında ikili yanaşma dayanır: "Nədənsə, Avropda hər hansı separatçı bir hərəkət yarandıqda onlar dərhal ayağa qalxaraq bunun qarşısını almağa çalışırlar. Kataloniya hadisələri bunun əyani sübutdur. Digər misal Fransanın özündə Korsika və digər separatçı rejimlərin olmasıdır ki, onların baş qaldırılmasına imkan verilmir. Bütün bunları nəzərə aldıqda, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçi fəaliyyətlərində ikilistandartların mövcud olduğunu görməmək mümkün deyil. Görünür, ermənilərin uzun illərdir özlərini yazıq, hər şeydən təcrid olunmuş xalq kimi göstərmək fəaliyyətləri öz nəticəsini verə bilib. Yəqin bu fəaliyyətin nəticəsidir ki, onlara qarşı heç bir addım atılmır".

Dağlıq Qarabağ münaqişəsinin həllində son dövrlər müəyyən dinamikanın müşahidə olunduğunu söyləyən politoloq vurğulayıb ki, artıq aparıcı dövlətlər Azərbaycanın regionda yeri və rolunun nədən ibarət olduğunu başa düşüblər: "90-cı illərin əvvəlləri ilə müqayisə etsək, ölkəmizdə həyata keçirilən güclü beynəlxalq siyasətin nəticəsində artıq Azərbaycanla hesablaşılır, mövqeyi nəzərə alınır. Azərbaycanın dünya ölkələri arasında, yeri və rolu yüksək qiymətləndirilir. Bunun özü tarixi prosesdir. Biz bundan istifadə edərək hücumedici diplomatik addımlarımızı bundan sonra da daha güclü şəkildə atmalıyıq".

F. Sadıqov qeyd edib ki, hazırda Rusiya və Ermənistanda seçki prosesinin keçirildiyini nəzərə alsaq, indiki dövrdə Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbul olunmasını gözləmək düzgün olmaz: "Seçki bütün ölkələr üçün gərgin dövrdür. Bu baxımdan düşünürəm ki, seçkidən əvvəl problemin həlli ilə bağlı böyük müqavilə və saziş imzalanmayacaq. Amma buna baxmayaraq, Azərbaycan öz mövqeyindədir və bütün ölkələrə də bu vəziyyətlə barışmayacağını bildirməkdə davam edir. Biz torpaqlarımızın azad olunması istiqamətində əlimizdən gələni edəcəyik. Bunu həm həmsədrlər, həm Ermənistan, həm də Rusiyanın siyasi xadimləri də yaxşı başa düşür. Onlar anlayır ki, problemin həlli ilə bağlı fəaliyyət nümayiş etdirməlidirlər. Bu baxımdan mənə elə gəlir ki, əsas məsələlər seçkidən sonrakı dövrdə başlanacaq".

PƏRVANƏ

 





16.02.2018    çap et  çap et