525.Az

“Azərbaycanda qarşılıqlı etimada əsaslanan milli və dini münasibətlər sistemi formalaşıb”


 

“Azərbaycanda qarşılıqlı etimada əsaslanan milli və dini münasibətlər sistemi formalaşıb”<b style="color:red"></b>

Müsahibimiz AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dinşünaslıq və mədəniyyətin  fəlsəfi problemləri şöbəsinin müdiri, Fəlsəfə elmləri doktoru Sakit Hüseynovdur. Söhbətimizin məğzini islam dininin Azərbaycanda yayılması, müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində, ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində Heydər Əliyevin, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rolu, dinlərarası və mədəniyyətlərarası dialoqun davamlı inkişafa təsiri təşkil edir.

 – Azərbaycanda tolerantlıq mədəniyyətinin yüksək inkişafının həm də islam dini ilə bağlı olduğunu qeyd etdiniz. Söhbətimizin bu yerində islamın Azərbaycanda yayılması, intişar tapması ilə bağlı fikirlərinizi bilmək istərdik.

– Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan islam dünyasının bir parçası olaraq Qafqazda ən böyük müsəlman respublikası sayılır. Digər Qafqaz xalqları kimi Azərbaycan xalqı da tarixən həmişə öz milli-mənəvi və dini dəyərlərinə sadiq olub, öz adət-ənənələrinə ehtiramla yanaşıb. Son illərdə islam dini, islam sivilizasiyası haqqında yeni-yeni tədqiqat əsərlərinin sayı çoxalıb, bu sahədə keçirilən beynəlxalq konfrans və simpoziumların coğrafiyası genişlənib. Xüsusən, islam mədəniyyətinə diqqətin artması ABŞ-da baş verən 2001-ci il sentyabr hadisəsindən sonra daha da mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Araşdırmalar göstərir ki, son illərdə, xüsusən, islamın tarixi mahiyyəti, dünya mədəniyyət tarixində islamın oynadığı rol, onun bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miqyasda keçirilən elmi konfransların və simpoziumların müzakirə obyektinə çevrilib.

Qeyd edək ki, Qafqazda islamın yayılması, əsasən, Azərbaycandan başlayır və Azərbaycan tarixinin böyük bir hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan Qafqazda islam dəyərlərinin, islam sivilizasiyasının yayılması və inkişaf etməsində xüsusi rol oynayıb. Məlumdur ki, islam dininin dünyanın müxtəlif bölgələrində yayılması ilə bağlı uzun illər belə bir fikir formalaşıb ki, guya islam dini “qılınc gücünə”, “zorakı yolla” yayılıb. Hətta, xüsusən, Azərbaycanda insanların şüurunda tarixən belə bir ifadə formalaşıb ki, “biz qılınc müsəlmanıyıq”. Yəni, ərəb-islam qoşunları islamı bizlərə guya “qılınc gücünə” qəbul etdiriblər. Lakin tarixi mənbələr və dünyada tanınmış şərqşünas alimlər islamın zorakılıqla yayılmadığını təsdiq ediblər. Məsələn, şərqşünas akademik Bartold yazırdı ki, islam zorakılıqla yayılmayıb, bu dinin yayıldığı ərazilərdə nə xristianlar, nə zərdüştlər təqibə məruz qalmayıblar. İslam dininin Azərbaycanda və bütövlükdə Qafqazda yayılması prosesində zorakılığın olmaması və bu prosesin siyasi müqavilələr yolu ilə həyata keçməsi faktı bir çox elmi ədəbiyyatlarda öz geniş ifadəsini tapıb. İslamın dünyanın müxtəlif bölgələrində yayılması zamanı zorakılığa yol verilməməsi haqqında göstərişlər olduğunu bir çox tarixçi alimlər öz əsərlərində şərh ediblər. Müəyyən mənbələrə istinad edən Azərbaycanın din alimlərinin əsərlərində də belə faktlara rast gəlmək olur. Məsələn, Şeyxülislam Allahşükür Paşazadə məşhur ərəb tarixçisi Yaqut əl-Həməviyə istinad edərək göstərib ki, ərəblər Qafqazda yerli əhali ilə bağladıqları müqavilələrdə öhdəlik götürürdülər ki, “əhalidən heç kim öldürülməyəcək, əsir edilməyəcək, atəşgədələrdən heç biri dağıdılmayacaq, əhaliyə bayramlarda öz rəqslərini ifa etməyə, əvvəllər nə edirdilərsə, onu etməyə mane olmayacaqlar”.

XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çarizm burada öz müstəmləkəçilik siyasətini daha da dərinləşdirmək üçün bəzi tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlərdən biri yerli əhalinin-azərbaycanlıların dini əqidəsinə təsir göstərmək, onları həm hüquqi-siyasi, həm də mənəvi- psixoloji cəhətdən rus çarizminin müstəmləkəçilik qaydalarına tabe etdirməkdən ibarət idi. Rus çarizminin Qafqazdakı müstəmləkəçilik siyasətində din amilindən istifadə etməsini Şeyxülislam Allahşükür Paşazadə belə şərh edib: “İranın və Türkiyənin müsəlman dövlətləri  olduğunu nəzərə alan və onların Qafqaz müsəlmanlarına daha çox təsir göstərə biləcəyindən ehtiyat edən Rusiya hökuməti burada həm şiəliyin, həm də sünniliyin nüfuzunu müəyyən qədər məhdudlaşdırmaq siyasəti yeridirdi. Xristianlığın təbliğini gücləndirmək və bu məqsədlə Türkiyədən və İrandan minlərlə erməninin və Rusiyadan müxtəlif bidətçi təriqətlərin nümayəndələrinin Azərbaycana köçürülməsi, Qafqaz müsəlmanlarının Türkiyə, İran və ərəb ölkələrindəki həmməzhəbləri ilə əlaqələrinin məhdudulaşdırılması, Məkkə, Mədinə, Məşhəd, Kərbəla, Nəcəf kimi müqəddəs yerlərə ziyarətlərin qarşısını almaq cəhdləri, müxtəlif islam mərkəzlərinin və müsəlman nüfuz sahiblərinin göstərişlərini Qafqaz müsəlmanları üçün heç bir səlahiyyəti olmaması barədə rəsmi qərarlar, din xadimlərinin qonşu dövlətlərin nəfinə fəaliyyət göstərməkdə günahlandırılıb. Qafqazdan çıxarılması və sair bu siyasətin tərkib hissəsini təşkil edirdi”.

– Köçürülmə siyasətindən danışdınız. Bu köçürülmələrdə əsas məqsəd nə idi və nəticəsi necə oldu?

– Qeyd etdiyim kimi, azərbaycanlıların dini əqidəsinə və mənəvi –psixoloji dəyərlərinə təsir edərək onların ruslaşdırılması və getdikcə xristianlaşdırılması məsələsi XIX əsrin əvvəllərində rus çarizminin qarşısında duran ən vacib məqsədlərdən olub. Azərbaycanlıların “ruslaşdırılması” və “xristianlaşdırılması” məqsədi ilə çar hökuməti bu dövrdə Rusiyanın və Ukraynanın mərkəzi quberniyalarından Şimali Azərbaycana xeyli malokan, duxobor və digər təriqətlərdən olan ailələr köçürüb. Məsələn, təkcə, 1833-1843-cü illərdə Rusiyadan Azərbaycana köçürülənlərin hesabına burada 20-yə qədər kənd yaranıb. Bu köçürmələrdən sonra Azərbaycan kəndlilərinin demoqrafik vəziyyətində, həyat tərzində, məişət sferasında müəyyən dəyişikliklər baş verdi ki, bu da yerli əhalinin mənəvi-psixoloji baxışlarında öz əksini tapmaya bilməzdi. Məsələn, yerli əhali Azərbaycana köçürülən ruslara – “hakimiyyət dairələrinə yaxın adamlar” kimi yanaşmağa, gəlmələr isə yerli əhalini “geri qalmış tatarlar” adlandırmağa başladılar. Bəzən isə gəlmələrlə yerli əhali arasında milli məişət zəminində müəyyən münaqişələr yaranırdı. Öz müstəmləkəçilik planlarını hər vasitə ilə möhkəmləndirməyə çalışan çar çinovnikləri xalqın dini-mənəvi dəyərlərinə, minillik əqidəsinə, milli adət-ənənələrinə ciddi təsir göstərməklə azərbaycanlıları ruslaşdırmaq planlarını həyata keçirə bilmirdilər. Əksinə, çarizmin yerlərdəki nümayəndələri xalqa qarşı nə qədər özbaşınalıq edirdilərsə, əhali arasında onlara qarşı narazılıq getdikcə artırdı.

– Müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində, ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində ümummilli lider Heydər Əliyevin rolu ilə bağlı ən çox hansı məqamları önə çəkərdiniz?

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





21.06.2013    çap et  çap et