525.Az

Əhməd Qəşəmoğlunun şeirləri


 

Əhməd Qəşəmoğlunun <b style="color:red">şeirləri</b>

sən ona oxşayırsan...
                         
... eşitsən qəfil ölmüşəm
çəkilib bir tərəfə, tənha
elə mənim  sözlərimlə
zildən bir ağı deyərsən...
heç olmasa bir saatlıq
qara paltar geyinərsən...

Ramiz demiş, hər kişinin
öləndən sonra
qara paltarlı bir qadının
göz yaşına ümidi var...

ömrüm boyu ürəyimdə
həsrəti yatan qadını,
neçə dəfə gül dəstəsi
almaq istədiyim qadını,
heç bir yanda tapmadığım,
heç adını tutmadığım,
kəlmə kəsmədiyim qadını,
çox olsa da ehtiyacım
ətrini duymadığım qadını
hardan tapım ki, ağlasın məni...

ümidsizəm...
ömrümə bir şey qalmadı...
qəlbimdəki o qadını
ha çağırdım, gəlmədi...
gecə-gündüz səssiz-səssiz
dedim ona:
mən sənsizəm... mən sənsizəm...

çox işim yarımçıqdı onsuz,
çox sevdam qalxmamış, solmuş...
kim bildi ki, tənhalıqda
qəlbim necə viran olmuş...

o olsaydı qəlbimdəki
tellər ona köklənərdi,
neçə sevgi dastanı, neçə uğur
yer üzünə gələrdi...
nəğmə-nəğmə dillənərdi...

nə olsun ki, o deyilsən
sənki ona oxşayırsan.

qəfil öldüyümü eşitsən
çəkilib bir tərəfə, tənha
elə mənim  sözlərimlə
zildən bir ağı deyərsən...

həm mənə ağı deyərsən,
həm də qəlbimdəki,
yer üzünə gəlməyən gözələ....

heç olmasa bir saatlıq
qara paltar geyinərsən...

ömrümün gözəl insanları

ürəyim sək-səkədə,
ömrüm təhlükədə...
dünyadan keçirəm indi...

...gecədən xeyli keçib,
küçənin ortasında təkəm.
kövrəlmişəm...

bu şəhərdəki
insanlar düşür yadıma.

bu şəhərdə
üç-beş insan var ki,
onlar yadıma düşdükcə,
təpər gəlir ürəyimə.
o doğma işıq

üzünə silah tuşlanmış
bir insan günündəyəm...
dövranın əlindədir silah...

görürəm zamanın ötdüyünü,
güllələrin sinəmi necə
                     al-qan etdiyini...

düşüb qaldığım yerdə
doğma bir işığı düşünürəm,
üz-gözümə çilənmiş qanın
sifətimə verdiyi
            yaraşığı düşünürəm.

...ömrüm  boyu
eşqinə üz tutub getdikcə getdim,
bir xəbər yox səndən,
                      yer üzündəmisən?

mən səni -
o doğma işığı  düşünürəm,
ömrüm həsrət qaldığı şirin
               bir çağı düşünürəm...

Kainat verəcək hökmünü adil

Yer üzü yaşamaz belə nizamla
Nizam dəyişəcək, yol dəyişəcək.
Kainat verəcək hökmünü adil
Əllərin üstündə əl dəyişəcək.

Bütün fəlsəfələr etmədən tərslik,
Çiçəklər olacaq ən gözəl dərslik,
Məhəbbət hər qəlbdə bir nur, üzərrik
Acı söz keçəcək, dil dəyişəcək.

İblisin hökmündən insan arınıb,
Axır biləcək ki, niyə yaranıb?
Uca kəhkəşəndən nümunə alıb
Allahın yolunda el dəyişəcək.

O vədə səmalar olacaq yerim,
Yenidən dillənər mənim hər şeirim,
Ruhumdan boy verər  o ilham pərim
Dövran dəyişəcək, il dəyişəcək.

inam

qıran qırır, quran qurur...
fələk də öz hörgüsünü
astaca, aramca hörür...

qıranlar pozur ahəngi,
ahəngə aparır
yer üzünü quran...

hələ
nadanlıq çox olduğundan
iblisin gümrah vaxtıdı...

amma
heç vədə yer üzünü tamam
qıranın əlinə verməz quran...

yaltaq adam

özündən yuxarı yaltaqlananlar
yaltaqlıq gözləyir aşağılardan.
bununla qəlbində rahatlıq tapır,
özünə afərin deyir də hərdən.

nə qədər kiçilsə, nə qədər ensə,
nə qədər hər əmrə, o ləbbeyk desə,
daha çox istəyir  ona baş əysin,
önündə inləsin, kim tabedirsə.

odur ki, yaltaqlıq təhlükəlidir,
iblisin işıqlar üstə əlidir.
hər əməl gözlə sən yaltaq adamdan,
qəlbi xərabədir, şirin, dilidir.

gecikdin...

üşümə qızılgülüm,
bağbanın olammıram...
nəhs düşübdü araya
ağrını alammıram...

sən bir günəş şəfəqi,
gah əlimdə, gah baqi.
eşq şərbəti ver, saqi!
yıxıldım, qalxammıram.

yağan nurmu, yağışmı?
ya bir cadu, qarğışmı?
ağ buludlar ağ daşmı?
üstümdən atammıram....

yar dedi: - dərdin gözəl,
sən vüsaldan üzmə əl,
en göylərdən, yerə gəl.
- gecikdin, gələmmirəm.....

yer üzünə nurun düşüb

yeri... yeri...
yer üzünə nurun düşüb,

bilsən hansı məqamdayam?
yadıma gözlərin düşüb.
nə olar, məni qınama
tellərin, əllərin düşüb.

sən göy üzünün qızısan,
elə səsindən bilinir.
ağ buludlar tən-tətənə tək
sənin yanınca sürünür...

ömrüm boyu qəlbimdəki
tellər belə dillənmədi,
heç bir vədə bu yer üzü
bu qədər doğma gəlmədi...

hər sözünlə ürəyimdə
say-hesabsız arzu qalxır,
nə biləsən indi Əhməd
burda nə qədər darıxır...

yeri... yeri...
yer üzünə nurun düşüb,

qəlbim eşqin alovunda

bilməzdim ki, kimsə məni
bu qədər  valeh edər,
talenin işinə bax,
gör hələ bir,  nələr edər?!

tellərindən, əllərindən,
dilbərim, bir nur qalxır...
şövq verir üz-gözündən, 
sənin dörd yanından axır

hansı sirrin işığıdı,
göyün hansı yerindən?
nə deyir sehrinlə axı, 
göylərin dərinindən?

kimsən belə? Bilməm.
yer üzündə neyləyirsən?
yer üzü dəysə xətrinə,
qurban elə məni sən.

Qüdrətin bilirsən ki, yar
Allahdan əmanətdi
Valeh eylədi hər kəsi,
biri də bu Əhməddi.

Gəl, nur içində

Ömrümə xoş gəldin, gəl nur içində,
Xərabə ömrümə bir həyat gətir.
Tulla bir tərəfə daşı, kəsəyi
Öz qəlbinə oxşar bir busat gətir.

Bir qəsr ucaldaq dağlar başında,
Dörd yanı bağ-bağat, ən zərif güllər.
Ağaclar boy versin nəğmələrin tək,
Bulaqları sənin qəlbinə bənzər.

Ağappaq  buludlar göm-göy səmada,
Baharın günəşi-nur yağışı tək.
Mən sənin qarşında - əmrinə tabe,
Sən mənim qarşımda ilahi mələk.

Muğamın ən şirin məqamı olaq,
Sözləri mən olum, avazı - sən ol.
Sənin hər bir nəğmən duamız olsun
Yerin,  kahkaşanın ta özü sən ol.

sən də sevdin, nur çiçəyi...

sən də sevdin, nur çiçəyi!..
sən də sevdin, gözün aydın!
o əlvan, ümman qəlbinlə
sənin kimi qəlbi ümman,
sənə heyran, sənə fəda
hər an sənə qurban olan
                             qəlbi sevdin...

yer üzünün güzgüsünə baxa-baxa qorxma belə...

tellərini dəstələ sən,
gözlərini sürmələ sən,
öz qəlbində bu sevgiyə
ən ilahi nəğmələri
                        bəstələ sən...

qəlbindəki o ümmanın telləriylə
hərdən bir
             söhbət elə sən...

ümman ümmana vurulub
bu eşqin toyu, düyünü
göyün üzündə qurulub...

duymursanmı, məlakələr
çiçək səpir göy üzünə,
çiçək səpir qəlbimizə...

yer üzünü yaddan çıxart,
vətənimiz göy üzüdü.

sən də sevdin nur çiçəyi!
sən də sevdin, gözün aydın!

Hələ şəfəq-şəfəq göy üzündəsən

Sübh üzü qalıbdı hüsnünə heyran,
Sənsə yuxudasan, göy üzündəsən.
Yataqda yayılıb tellərin ürkək,
Təbəssüm içində, gül mislindəsən.

Qəlbin arzu dolu, nurundan bəlli,
Mələklər aləmi sənin aləmin,
Hələ şəfəq-şəfəq göy üzündəsən,
Hələ uzaqlardan yol gəlir gəmin.

Ilahi aləmdə ilahi gözəli,
Qəlbinin hər teli nura köklənib,
İndi xəbərin yox, bu sübh üzü də
Sənə xeyir-dua verməyə gəlib.

Həvvanın ətri...

bir dağın döşündəydim,
dünya çıxmışdı yadımdan....

dünyaya yeni gəlmiş,
hələ Həvvası yaranmamış
Adəmin günündəydim...

Həvvanın ətri gəlirdi
çiçəklərdən, otlardan, səmadan....
göy üzüylə birdi qəlbim...

göy üzündə fırtınalar vardı,
                       ildırımlar vardı,
bir-birilə vuruşan buludlar vardı.
qəlbim bir ilahi sirrə,
ilahi duyğuya intizardı...

qəfildən yarıldı göy üzü,
axdı bir işıq lələyi..
ağappaq  bulud üstə
əl elədi 
             məlakələr mələyi...

bütün yer üzü itirdi özünü
buludların üstündəki
gözələ heyrətdən...

rəngbərəng
işıqlar axdı, nəğmələr axdı
yer üzündən göy üzünə...

buludun üstündəki gözəlin
gözəlliyi düşdü yer üzünə,
gözəlləşdi yer üzü...

əlimi uzatdım
əlinə tərəf, telinə tərəf,
ildırımlar töküldü
                 əlimin üstə...

itdi, batdı, yoxa çıxdı,
göylərin üzündən gəldi səsi:
- mən Həvva deyiləm,
          Həvva deyiləm...

 





17.02.2018    çap et  çap et