525.Az

Cənub Qaz Dəhlizinə maraq artır


 

“TÜRKMƏNİSTANIN LAYİHƏYƏ QOŞULMASI AZƏRBAYCANIN BÖLGƏDƏKI ROLUNU DAHA DA ARTIRACAQ”

Cənub Qaz Dəhlizinə maraq artır<b style="color:red"></b>

Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihə üzrə görülən işlərə nəzər yetirmək, gələcək planları müzakirə etmək məqsədilə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Rumıniya və Türkmənistan nümayəndələrinin də iştirak etməsi layihənin yaxın gələcəkdə miqyasının, əhatə dairəsinin daha da genişlənəcəyindən xəbər verir.

Tədbirdə çıxış edən prezident İlham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir: “Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra - 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzalayıb və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını alıb. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”.

Dövlət başçısı qeyd edib ki, 1994-cü il faktiki olaraq Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi olub: “Bu, həmçinin, Azərbaycanı dünya ictimaiyyətinə təqdim edib, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neft və qaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açıb və Azərbaycanın etibarlı tərəfdaş olduğunu və investorlar üçün maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında olduğunu nümayiş etdirib. Mən, sadəcə olaraq, xatırlatmaq istərdim ki, bizim bütün əsas neft və qaz müqavilələrimiz parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun kimi imzalanır. Bu da investorların investisiyalarına maksimum təminat verir. İki il keçəndən sonra - 1996-cı ildə “Şahdəniz” qaz kondensatı layihəsi üzrə müqavilə imzalanıb və hazırda “Şahdəniz” hələ ki, Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bu da bizim tariximizdə mühüm hadisə olub, çünki bu, bizə yenidən milyardlarla investisiya cəlb etməyə kömək edib və Azərbaycan neft istehsal və ixrac edən ölkədən qaz istehsal və ixrac edən ölkəyə də çevrilib”.

Prezident hesab edir ki, gələcəkdə Azərbaycan əlavə həcmdə resurslara malik olacaq: “Bu gün biz beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə yeni layihələr, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyirik. Xüsusilə tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır. Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır. Həmçinin böyük qaz potensialı olan iki yataq - “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur - 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən xeyli çox olur”.

İlham Əliyev əminliklə vurğulayıb ki, Avropanın uzunmüddətli enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycana müsbət nəticələr verəcək.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç isə çıxışında bildirib ki, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox böyükdür: “Hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir, daha dəqiq desək, istifadə etdiyimiz təbii qazın 69 faizini və neftin 89 faizini idxal edirik. Biz enerji resurslarının əsas hissəsini Rusiya, Norveç və Əlcəzairdən alırıq. Lakin biz yeni mənbələrə, yeni tərəfdaşlara, yeni marşrutlara və Avropadakı enerji sistemlərinə daxil olacaq yeni təchizata üstünlük veririk. Biz Avropa İttifaqının hər bir üzvünün və ya tərəfdaşının ən azından 3 fərqli təbii qaz mənbəyinə çıxışının olmasını istəyirik. Çünki biz yüksək keyfiyyətli enerji təhlükəsizliyinin bu cür olacağını başa düşürük”.

M.Şevçoviç qeyd edib ki, Xəzər regionundan, Azərbaycandan gələn təchizata çox güvənirlər: “Bu ilin sonuna kimi ilk qazın Azərbaycandan Türkiyəyə nəql olunacağını gözləyirik. Ümid edirik ki, bu, bizim yekun məqsədimizə zəmin yaradacaq. Məqsəd isə Xəzər hövzəsindən gələn qazın 2020-ci ilə qədər Avropaya çatdırılmasıdır. Sonra isə Azərbaycan qazına ehtiyacı olan bütün ölkələrə qazı çatdırmaq üçün Avropa İttifaqı daxilində və Avropadakı tərəfdaşlarımızla çalışacağıq”.

Məsələ ilə bağlı fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, toplantıda Maroş Şevçoviç vacib fikir səsləndirib: “Mən təsdiqləyə bilərəm ki, biz Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib”. Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatlarını və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir: “Bu gün isə türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək olur. Bununla bağlı Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də danışıqlar aparılıb və razılığa gəlinib”.

Mərkəz sədri hesab edir ki, Maroş Şevçoviçin bu sözləri Azərbaycan, Türkiyə və Avropa İttifaqı üçün əhəmiyyətlidir: “Çünki Türkmənistan qazının Azərbaycana və Avropaya çatdırılması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Buna Rusiya və İran imkan vermir və gələcəkdə də mane olmağa çalışacaq. Rəsmi Bakı isə bu məsələyə görə, Tehran və Moskva ilə münasibətlərini gərginləşdirmək istəmir. Əgər Avropa İttifaqı bu məsələni Türkmənistanla həll etsə və Moskva ilə Tehranın təzyiqlərini neytrallaşdıra bilsə, Azərbaycan Türkmənistan qazının TAP və TANAP-la daşınmasına dəstək verəcək. Türkmənistan qazının bu boru xətləri ilə daşınması Azərbaycanın bölgədəki rolunu daha da artıracaq. Ancaq bu olmasa belə, həmin boru xətləri ilə daşınacaq Azərbaycan qazı da kifayət edəcək. Biz öz məsələmizi həll etmişik, qalanı Brüssellikdir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə Azərbaycanın kapital yatırması bugünə qədər mübahisə predmetidir: “Əsas arqument ondan ibarətdir ki, 40 milyard ABŞ dolları dəyərində olan (həm “Şahdəniz-2”, həm də 3 ayrı boru kəmərinin toplam qiyməti) layihənin reallıqda özünü doğrultması şübhəlidir. Buna görə də belə kapitalyönümlü layihənin reallaşdırılmasına indiki şəraitdə “hə” deyib riskə getmək olmazdı. Onlara qısa cavab həmişə bu olub ki, belə olan təqdirdə “Şahdəniz-2” layihəsi gerçəkləşməyəcəkdi, Azərbaycan ancaq “Şahdəniz-1” ilə kifayətlənməli olacaqdı. O zaman həmin qrupdan olanlar qeyd edirdilər ki, “Şahdəniz-2” layihəsini işləmək vacibdir, ancaq boruların çəkilişində Azərbaycan iştirak etməməliydi. Mavi yanacağı öz sərhədində xaricilərə təhvil verib məsələyə nöqtə qoya bilərdik. Yəni təklif edirlər ki, Azərbaycan qaz siyasətini Türkmənistan kimi aparsaydı, daha yaxşı olardı. Ancaq dünyada qaz ehtiyatlarına görə 4-cü yeri tutan Türkmənistanın bu gün məhz belə siyasət nəticəsində hansı vəziyyətə düşdüyü hər kəsə məlumdur”.

İ.Şaban bildirib ki, Azərbaycana “Şahdəniz-2” layihəsindən gələn gəlirlər 3 kateqoriya üzrə çeşidlənəcək: “Qazın satışı; kondensatın satışı; nəqletmədən gələn gəlirlər”.

Ceyhun ABASOV

 





18.02.2018    çap et  çap et