525.Az

Azərbaycan-Türkiyə-Ukrayna formatı yaradılır


 

"MƏQSƏD MÜƏYYƏN ÇƏTİNLİYƏ DÜŞMÜŞ DOST ÖLKƏYƏ DƏSTƏK GÖSTƏRMƏK, İQTİSADİ VƏ SİYASİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏKLƏ ONLARI BU VƏZİYYƏTDƏN ÇIXARMAQDIR"

<b style="color:red">Azərbaycan-Türkiyə-Ukrayna formatı yaradılır</b>

Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır. 

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev AZƏRTAC-a verdiyi açıqlamada bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək.

Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

"Yeni formatın yaranması bir daha sübut edir ki, Azərbaycanın iştirakı olmadan regional, beynəlxalq layihələr gerçəkləşdirilmir", - deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, məsləhətləşmələr zamanı üç ölkə arasında siyasi, iqtisadi, enerji, humanitar əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. Bu formatda yeni nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların, Xəzər və Qara dəniz hövzəsi ilə enerji resurslarının daşınmasının uğurla həyata keçirilməsi məsələləri müzakirə ediləcək.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Cənubi Qafqaz regionunda üçtərəfli formatların praktiki cəhətdən reallaşmasında aparıcı rol oynayan dövlətlərdən biri Azərbaycandır: "Dövlətimizin təşəbbüsü və iştirakı ilə reallaşan kifayət qədər üçlü format var. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan, eləcə də Azərbaycan-Rusiya-İran və digər formatlar mövcuddur. Bakı, Moskva və Tehranın iştirak etdiyi format daha işlək olması, səmərəliliyi ilə seçilir. Hətta ekspert dairələrində Türkiyənin bu formata qoşulacağı da proqnozlaşdırılır".

Mərkəz sədrinin sözlərinə görə, üçtərəfli qaydada əməkdaşlıq əlaqələrinin genişlənməsi və daha da dərinləşdirilməsi baxımından Azərbaycan-Türkiyə-Ukrayna formatı son dərəcə uğurlu təşəbbüsdür. O bildirib ki, gələcəkdə Azərbaycan-Gürcüstan-Ukrayna formatının yaradılması da aktualdır: "Çünki yaxın gələcəkdə Azərbaycan-Türkiyə-Ukrayna formatı çərçivəsində kommunikasiya xətlərinin reallaşdırılmasında Gürcüstan ərazisindən istifadə ediləcək".

Bu formatların Azərbaycanla Ukrayna arasında əlaqələrin genişlənməsinə hesablandığını deyən M.Əhmədoğlu bildirib ki, rəsmi Kiyev Rusiya ilə yaşadığı problemlərə görə müəyyən çətinliklər içindədir: "Rəsmi Moskvanın Ukraynaya qarşı tətbiq etdiyi sanksiyalar, nəqliyyat-kommunikasiya blokadasını yarmaq çox vacibdir. Burada söhbət təkcə iqtisadi dividentlərdən, daha çox gəlir əldə etməkdən getmir. Əsas məsələ müəyyən çətinliyə düşmüş dost ölkəyə dəstək göstərmək, iqtisadi və siyasi əməkdaşlığı genişləndirməklə onları bu vəziyyətdən çıxarmaqdır".

Əvvəllər də Moskvanın Kiyevə qarşı sanksiya alətlərini işə saldığını xatırladan politoloq qeyd edib ki, kənd təsərrüfatı məhsullarının biçim vaxtında Rusiya Ukraynaya dizel yanacağını göndərməyi dayandırmışdı: "Həmin dövrdə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Ukraynaya bir neçə vaqon dizel göndərilmişdi. Əslində, Azərbaycanın göndərdiyi yanacaq Ukraynadakı ab-havanı müəyyən edə bilməyəcəkdi. Çünki bu, Rusiyanın göndərdiyi dizellə miqyasına görə müqayisə oluna bilməzdi. Lakin istər-istəməz Kremldə başa düşdülər ki, Azərbaycanın Ukrayana yardım etmək, dəstək göstərməklə bağlı siyasi iradəsi var. Nəticədə Rusiya özü Kiyevə qarşı tətbiq etdiyi iqtisadi sanksiyanı aradan qaldırdı. Bu mənada, Ukrayna hazırda da müəyyən çətinliklərlə üz-üzədir. Belə bir şəraitdə Azərbaycanın Kiyevə yardım göstərməsi, bu imicini qoruması çox vacibdir".

Siyasi şərhçi Arzu Nağıyev də Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması təşəbbüsünü müsbət qiymətləndirir. O, SİA-ya bildirib ki, beynəlxalq iqtisadi, siyasi və digər sahələrdə Azərbaycan mühüm roy oynayan tərəfdaşa çevrilir: "Beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycanın aparıcı rol oynaması danılmaz faktdır. Məlumdur ki, bu dövlətlər arasında istər Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Ukrayna -Türkiyə formatında da birgə maraqlar mövcuddur. Bu, həm siyasi, həm ərazi bütövlüyü, həm də ən əsası iqtisadi maraqlardır".

A.Nağıyev hesab edir ki, bu təşəbbüs Azərbaycan, Türkiyə və Ukraynanın Şimal-Cənub, Qərb-Şərq layihələri çərçivəsində birgə fəaliyyətlərinə də təkan verəcək: "Yəqin ki, bu formatın yaradılması ilə bağlı yaxın gələcəkdə xarici işlər nazirləri çərçivəsində müzakirələr aparılacaq və sonradan yüksək səviyyədə qərarlar qəbul ediləcək".

Ceyhun ABASOV

 





20.02.2018    çap et  çap et