525.Az

Ermənistanln təccavüzkarlıq siyasəti 30 ildir davam edir


 

ELÇİN ƏHMƏDOV: “XOCALI SOYQIRIMI BƏŞƏRİYYƏTƏ QARŞI TÖRƏDİLMİŞ ƏN AĞIR CİNAYƏTLƏRDƏN BİRİDİR”

Ermənistanln təccavüzkarlıq siyasəti 30 ildir davam edir<b style="color:red"></b>

“Ermənistan dövləti artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasət həyata keçirir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1987-ci il ərzində S.Ayvazyanın tərtib etdiyi “Böyük Ermənistan” xəritəsi kiçik formatda Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) geniş yayılmağa başladı. Bu xəritənin sərhədləri 3 dənizin - Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz sahillərini əhatə edirdi”.

Bu sözləri “525”ə Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun Ermənistanın Azərbaycana qarşı 30 il ərzində davam edən ərazi iddiaları və hərbi təcavüzüylə bağlı danışarkən deyib. Onun sözlərinə görə,1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” otelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürmüşdü: “Həmin ilin oktyabr ayında İrəvanda Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi keçirildi. Bu da ermənilərin ərazi iddialarının həyata keçirilməsi yolunda atılan ilk addım oldu. 1988-ci il fevralın 20-də isə DQMV xalq deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqazidd və Konstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri həm SSRİ, həm də Azərbaycan SSR konstitusiyalarına zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi. Bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi. Bununla yanaşı, fevral ayında Ermənistandan azərbaycanlıların zorakılıqla qovulması da artıq kütləvi hala çevrilmişdi. Ayın 21-də ermənilər tərəfindən İrəvanda qalmış son məscid də dağıdıldı. Fevralın 23-də etnik təmizləmə siyasəti həyata keçirən ermənilər Ermənistan SSR-in Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etdilər.Nəhayət, 1988-ci il fevralın 24-də ilk qan töküldü. Ermənilərin uydurduğu kimi yox, əksinə, ilk qanı məhz ermənilər tökdülər. Əsgəran rayonunda Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirdikdən sonra Ağdam rayonunun sakinləri ilə Əsgəran sakinləri arasında Xankəndi-Ağdam yolunda qarşıdurma oldu, 19 nəfər yaralandı”.

E.Əhmədov 1988-ci il martın 24-də Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul etdiyini bildirib: “Qərarda göstərilirdi ki, vilayətdə sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə 500 milyon manat vəsait ayrılmışdı. Lakin qərar regionda sosial-iqtisadi inkişafın respublika vəziyyətindən doğmur, onun qəbul edilməsinə xüsusi ehtiyac duyulmurdu. Həqiqətən də baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların SSRİ rəhbərliyindəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.Artıq 1988-ci ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi silahlı hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı və dağıdıldı. 1988-ci ilin noyabr ayında ermənilər Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aksiyasını həyata keçirdilər. Noyabrın 22-dən dekabrın 7-dək olan müddətdə azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskəni boşaldılmış, nəticədə 200 mindən artıq azərbaycanlı Azərbaycana deportasiya olunmuşdu”.

Siyasi elmlər doktoru 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi” adı altında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdiyini deyib: “Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Komitənin tərkibi 5 nəfər rus, 2 nəfər erməni, 1 nəfər azərbaycanlıdan ibarət olub. SSRİ rəhbərliyi tərəfindən guya vəziyyəti sabitləşdirmək üçün A.Volski başda olmaqla DQMV-də yaradılan bu komitə millətlərarası münasibətlərin kəskinləşməsinin qarşısını almaq və regionda vəziyyəti sabitləşdirmək adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi müddətdə DQMV-də vəziyyət daha da kəskinləşdi. Komitənin sədri A.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə, gərginləşdirmək siyasəti yürütdü. Onun “fəal səyləri” nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən ittifaqın tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı. Həmin dövrdə SSRİ Plan Komitəsinin hesabat sənədlərində Dağlıq Qarabağ əslində on altıncı müttəfiq respublika kimi əlahiddə göstərilirdi.Nəticədə, Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi dövrdə Xankəndidən qovulmuş azərbaycanlıların öz doğma ev-eşiklərinə qayıtmasına nəinki təminat yaradılmadı, əksinə, vilayətin azərbaycanlılar yaşayan bir sıra kəndləri də komitənin “köməyi” ilə məqsədəuyğun şəkildə boşaldılır və vilayətin yaşayış məntəqələrindən qovulmuş azərbaycanlıların bir qismi Şuşaya pənah gətirirdilər. Ümumiyyətlə, A.İ.Volskinin “ciddi qayğısı” sayəsində vilayət demək olar ki, Azərbaycan hökumətinin nəzarətindən çıxmışdı”.

Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin düşmən ölkəyə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdiyini xatırladan professorun sözlərinə görə, 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi:“Birbaşa SSRİ rəhbərliyinin açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları - bayrağı, gerbi, himni dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi. Bu qərar bugünə qədər qüvvədədir”.

1990-cı il iyulun 25-də isə qanunsuz yaradılmış silahlı dəstələrin tərksilah edilməsi haqqında SSRİ prezidentinin “SSRİ qanunvericiliyi ilə nəzərdə tutulmamış silahlı dəstələr yaradılmasını qadağan etmək və silah qanunsuz saxlandığı hallarda onu geri almaq haqqında” fərman qəbul etdiyini bildirən E.Əhmədov SSRİ prezidentinin bu fərmanının düşmən ölkə rəhbərliyi tərəfindən qəbul edilmədiyini deyib: “Düşmən ölkənin yeni seçilmiş parlamenti elan etdi ki, sənəd Ermənistan, həmçinin, Dağlıq Qarabağ ərazisində hüquqi qüvvəyə malik deyil. Ermənistan rəhbərliyi SSRİ prezidentinin fərmanına cavab olaraq bildirdi ki, erməni silahlı qüvvələri silahları təhvil verməyəcəklər. Artıq Ermənistan təkcə Azərbaycana deyil, eyni zamanda, SSRİ-yə qarşı müharibə vəziyyətində idi. Lakin mərkəzin laqeydliyi və bir çox hallarda bilərəkdən hadisələrə prinsipial yanaşmaması erməniləri bir qədər də ruhlandırdı və daha böyük cinayətlərə sövq etdi.Bununla yanaşı, ermənilərin sovet ordusunun hərbi hissələrinə hücumu zamanı çox asanlıqla və maneəsiz olaraq silahları ələ keçirmələri onu göstərirdi ki, həmin silahlar onlara satılmışdı. Artıq mütəmadi hal alan hücum və basqınlarla silahların ələ keçirilməsinə mərkəzi hakimiyyət tərəfindən etinasızlıq göstərilir və bilərəkdən göz yumulurdu. Azərbaycanda isə əksinə, yanvar ayından fövqəladə vəziyyət tətbiq olunmuş və əhalidə olan quş tüfəngləri belə yığılmışdı.Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. 1988-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (4,4 min kvadratkilometr) Ermənistan silahlı qüvvələri tərəfindən bütünlüklə işğal edildi. Bununla yanaşı, bu dövrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanıs-Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən  dağıdıldı. İşğal olunmuş həmin ərazilərdən 6500 nəfər məcburi köçkün düşdü. Hazırda 699 kvadratkilometr ərazisi olan Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8 faizi işğal altındadı. 1990-cı ilin yanvar ayında isə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Kərki kəndinin işğal olunmasında Ermənistan ərazisindəki dislokasiya olunmuş SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun hərbçiləri də yaxından iştirak etmişdilər. Kərki kəndi də hazırda işğal altındadır”.

E.Əhmədov xatırlatdı ki, 1992-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan rəhbərliyi silahlı təcavüz nəticəsində Dağlıq Qarabağı, bu bölgənin hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi: “Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldı. Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın erməni icmasının “öz müqəddəratını təyin etmək” cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15 faizi) öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxardı. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olundu. Hazırda Azərbaycan ərazisinin 20 faizi (17,2 kvadratkilometr) Ermənistan silahlı qüvvələrinin işğalı altındadır”.

Siyasi elmlər doktoru vurğuladı ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir: “Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olub və bütün dünyada geniş əks-səda doğurub. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunub. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb”. 

Ceyhun ABASOV

 





20.02.2018    çap et  çap et