525.Az

"Qanun layihəsi əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir"


 

"Qanun layihəsi əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir"<b style="color:red"></b>

"Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlər özəl sektorun milli iqtisadiyyatda rolunun artmasına səbəb olmaqla, sahibkarlığın sosial sığorta sistemində iştirak səviyyəsinin də yüksəlməsinə imkan verib. Dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və təşəbbüsü kimi, hazırlanan yeni "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında" qanun layihəsi də sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq, aparılan islahat tədbirləri pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsində və vətəndaşların gələcək pensiya təminatının formalaşmasında sığortaedənlər və sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyətini artırıb: "Belə olan şəraitdə ölkədə sahibkarlıq mühitini inkişaf etdirmədən və onlar üçün əlverişli şərait yaratmadan sosial müdafiə sisteminin əhatəliyinin artırılmasına və sosial sığorta ödənişlərinin tam toplanmasına nail olmaq mümkün deyil. Xüsusilə son illərdə qloballaşan dünyada baş verən ciddi iqtisadi və siyasi hadisələrin fonunda yaranan maliyyə böhranını və onun mənfi təsirlərini maksimum zəiflətmək, qeyri-neft sektorunun inkişafına sahibkarlıq subyektlərinin stimullaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması vasitəsi ilə dəstək verərək ölkədə sosial sığorta sisteminin maliyyə dayanıqlığını təmin etmək üçün məcburi dövlət sosial sığorta borclarının tənzimlənməsinə ehtiyac var.

"Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında" qanun layihəsi də əlverişli sığorta mühitinin yaradılmasına, fərdi uçot sistemində nəzərə alınmayan, məhkəmə qərarlarının olmasına baxmayaraq hazırkı tarixədək əsasən obyektiv səbəblərdən ödənilməyən məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsinə xidmət edir". E.Babayev qeyd edib ki, layihədə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub: "Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə də gözlənilən məqsədə kifayət qədər nail olunmayıb".

E.Babayev vurğulayıb ki, ümumilikdə, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur: "Qanun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən, 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək. Bu isə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə imkan verəcək, belə borcları gələcəkdə yaratmamağa sövq edəcək. Eyni zamanda, bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaq".

CEYHUN

 





21.02.2018    çap et  çap et