525.Az

Sarkisyanın Münhendəki yalanı


 

Sarkisyanın Münhendəki yalanı <b style="color:red"></b>

Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhükəsizlik Konfransında çıxışı zamanı növbəti dəfə təxribat xarakterli bəyanatlar verməklə, Azərbaycan və Türkiyənin ünvanına ittihamlar səsləndirməklə, tarixin saxtalaşdırılmasına cəhd göstərdi.

Sarkisyandan bundan artığını gözləmək də mümkün deyil. Əlinə düşən istənilən beynəlxalq tribunadan yalanlar səsləndirib, işğalçılıq siyasətini ört-basdır etmək artıq Sarkisyanın "siyasətinin" əsasını təşkil edir. Necə ki, AŞPA-nın yanvar ayında keçirilən qış sessiyasında 40-dan çox ölkənin deputatlarının, rəsmi şəxslərin qarşısında çıxışı zamanı Dağlıq Qarabağa dair qəbul edilmiş bütün beynəlxalq qətnamələri danmağa çalışdı. Həmin qətnamələr arasında təkcə BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının, digər beynəlxalq təşkilatarın deyil, həmçinin, Avropa Şurasının da sənədləri var.

Mühhendə  də Sarkisyan öz "dəsti-xəttinə sadiq" qaldı. Azərbaycanın  torpaqlarını işğal altında saxlamağa davam edən ölkənin başçısı nədənsə ölkəmizin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini "Helsinki ruhunu açıq şəkildə pozmaq" (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının əsas sənədi olan Helsinki Yekun Aktı nəzərdə tutulur) kimi dəyərləndirib, amma öz fikrini izah etməkdən yayınıb. Azərbaycanın bu məsələdəki bəlli mövqeyi Sarkisyana yaxşı məlumdur. Ona görə də işğalçı dövlətin prezidenti izahat verməkdən yayınıb.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllini və öz tarixi torpaqlarının işğaldan azad edilməsini, ərazi bütövlüyünün bərpasını istəyir. Bununla bağlı Bakının qətiyyətli mövqeyi var. Ölkə rəhbəri hər zaman bəyan edib ki,  Azərbaycan bir qarış torpağını belə qarşı tərəfə güzəştə getməyəcək. Sarkisyan isə görüntü xatirinə danışıqlara qatılaraq, münaqişənin həllinin maksimum uzanmasına çalışır. Münaqişənin uzanması həm də cinayətkar Sarkisyanın hakimiyyətinin ömrünü uzadır. Çünki Qarabağ onun hakimiyyətdə qalmasının əsas kartına çevrilib. Azərbaycanın tarixi torpaqlarında yaradılan separatçı qurumu erməni dövləti kimi təqdim etməyə çalışan Sarkisyan buna nail olmayacağını anladığı üçün status- kvonun saxlanılması üçün bütün hiylələrini işə salıb.

Sarkisyan Münhendə utanmadan Azərbaycan prezidenti İlham Əliyevin azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmalarının vacibliyi haqqında söylədiyi fikirləri də təhrif edib və bunu Azərbaycanın Ermənistanın paytaxtına qarşı ərazi iddiası kimi qələmə verib. Əslində isə fakt ortadadır. Azərbaycanın dövlət başçısı Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürməyib.

Prezident YAP-ın qurultayındakı çıxışında deyib: "Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

Sarkisyanın çıxışında Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinə də toxunub, amma qurumun Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı mövqeyi barədə sadəcə susub. Ermənistan Türkiyə protokolları ilə bağlı da yalan açıqlama verən Sarkisyan çox uzağa gedə bilməyib. Belə ki, konfransın panel sessiyasında iştirak edən gənc azərbaycanlı diplomat Sədi Cəfərovun sualı qarşısında çıxılmaz vəziyyətə düşüb və həmişəki kimi sualdan yayınıb. Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi S. Cəfərov  bu gün Cənubi Qafqazda böyük layihələrin həyata keçirildiyini və Ermənistanın bütün regional enerji və nəqliyyat layihələrindən kənarda qaldığını deyib. Bunun səbəbinin isə Azərbaycan ərazilərinin işğalı olduğunu vurğulayıb: "Mən də əslən Qarabağdanam. Siz anlayırsınız ki, münaqişə həll olunmadan, əhali Azərbaycanın suverenliyi altında həmin ərazilərə qayıtmadan Ermənistan həmin layihələrdən pay sahibi ola blməyəcək. Ermənistan bu layihələrə nə zaman qoşulmağı planlaşdırır və mən evimə nə vaxt dönə biləcəyəm?"

Sarkisyanın cavabı isə yenə də yalanlardan ibarət olub. O, Azərbaycan prezidentinin fikirlərini təhrif edib, İrəvanın 2800 illik tarixi olduğunu, erməni xalqının ən azı 5000 ildir ki, öz tarixi torpaqlarında yaşadığını deyib. Sarkisyanın tarixi necə saxtalaşdırmasından asılı olmayaraq bütün faktlar ortadadır. Tarixi təhrif etmək, saxtalaşdırmaq mümkün deyil. Düzdür, Sarkisyandan başqa yanaşma, mövqe də gözləməyinə dəyməz. Amma bu cür yanaşması ilə ilk növbədə öz xalqını aldatdığının fərqində olmalıdır.

PƏRVANƏ

 





21.02.2018    çap et  çap et