525.Az

"Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ikinci oxunuşa tövsiyə olundu


 

"Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ikinci oxunuşa tövsiyə olundu<b style="color:red"></b>

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən birgə iclası keçirilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyində 10 məsələ olub. MM-in Əmək və sosial siyasət komitəsinin gündəliyində isə 14 məsələ olub ki, onlardan biri "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsi (ikinci oxunuş), digəri isə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" yeni qanun layihəsidir.

Komitələrin birgə iclasına sədrlik edən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli fevralın 19-da ölkə Prezidenti tərəfindən Qarabağ müharibəsi iştirakçıları, veteranları, 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə bağlı 3 mühüm sənədin imzalandığını bildirib. Onun sözlərinə görə, məlum sənədlər Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin müharibə əlilləri, şəhid ailələrinə necə böyük həssaslıq və diqqətlə yanaşıldığının növbəti əyani təzahürüdür: "Bu kateqoriyadan olan insanlar hər zaman diqqət mərkəzindədir. Onların problemlərinə daim həssaslıqla yanaşılır. Dünənki sənədlər də bunun əyani təsdiqidir. Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının, xüsusilə, həssaslıqla yanaşılması tələb edilən vətəndaşlarının yanındadır".

H. Rəcəbli sonra gündəlikdəki "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsinə toxunaraq bildirib ki, birinci oxunuşdan sonra sənədə millət vəkillərinin irad və təklifləri nəticəsində bir sıra dəyişikliklər edilib. Komitə sədrinin sözlərinə görə, növbəti oxunuşlarda da adıçəkilən sənədə bir sıra bəzi dəyişikliklər edilə bilər: "Qeyd edim ki, 8 fəsil 40 maddədən ibarət olan layihədə ilk oxunuşda fərqli olaraq bir sıra dəyişikliklər edilib. Yeniliklərdən biri odur ki, müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyesterini elektron formada aparır. Layihəyə əsasən, əlilliyi olan şəxslərin reyesterinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Digər bir yenilik odur ki, əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyət tətbiqindən imtina ediləcək".

Sözügedən komitənin üzvü Musa Quliyev isə əlillərin məşğulluq məsələsinin qanun layihəsində konkret göstərilməsini istəyib. O bildirib ki, bu məsələdə yenə qeyri-müəyyənlik davam edir: "Mən bu məsələ ilə uzun illərdir məşğul oluram. Ömrümün az qala 30 ili əlillərlə bağlı məsələlər təşkil edib. Onların problemlərinə mən daha çox bələdəm. Ona görə də əlillərin işlə təmin olunması, məşğulluq məsələsi öz həllini tapmalıdır. Bu məsələdə qeyri-müəyyənlik olmamalıdır".

H. Rəcəbli də öz növbəsində qeyd edib ki, məlum qanun layihəsi 4 il ərzində hazırlanıb, bir sıra çətinliklərdən sonra müzakirələrə gəlib çıxıb:

"Mən də hesab edirəm ki, Musa müəllimin dediklərində həqiqət var. Amma qeyd edilən təklif bu qanundan daha çox, məşğulluqla bağlı qanunun predmetidir. Çox sevindirici haldır ki, məşğulluqla bağlı yeni redaksiyada hazırlanmış qanun layihəsinin də paralamentə göndərilməsi nəzərdə tutulur".

M. Quliyev çıxışında həmçinin,  Xocalı soyqırımı iştirakçıları ilə bağlı məsələ qaldırıb. Millət  vəkili deyib ki, qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir, amma hələ də qanunvercilikdəki bir məsələ yanlış olaraq qalmaqdadır: "Qanunvericilikdə Xocalı soyqırımı zamanı əlil olan, yaralanan insanların milli münaqişə nəticəsində bu hallarla üzləşdiyi qeyd olunur. Bu, "milli münaqişə" ifadəsi çox yanlış və bizim ziyanımıza olan bir  məsələdir. Sabah ermənilər bunu əllərində bayraq edib deyəcəklər ki, baxın, özləri bunu yazıb, Xocalı soyqırımı olmayıb, bunu biz törətməmişik, bu faciə milli münaqişənin nəticəsidir və sairə. Ona görə hesab edirəm ki, bu ifadə tezliklə qanunvericilikdən çıxarılmalıdır".

Müzakirələrdən sonra bütün qanun layihələri plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





21.02.2018    çap et  çap et