525.Az

Məcburi sığorta borcları tam məbləğdə silinə bilər


 

MİLLİ MƏCLİSDƏ "MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA SAHƏSİNDƏ BORCLARIN TƏNZİMLƏNMƏSİ HAQQINDA" QANUN LAYİHƏSİ MÜZAKİRƏ EDİLİR

Məcburi sığorta borcları tam məbləğdə silinə bilər <b style="color:red"></b>

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə dünən keçirilən birgə iclasında "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qanun layihəsi barədə məlumat verib. Nazir müavini qeyd edib ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Nazir müavini bildirib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. Onun  sözlərinə görə, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. İ.İsayev qeyd edib ki, məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar da var. Onun sözlərinə görə, bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur. Nazir müavini vurğulayıb ki, bunun da 282,6 milyon manatı əsas borclar, 81,8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir. İ.İsayev deyib ki, bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Sənədə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin  müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

Onu da qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

Müzakirələr zamanı isə millət vəkili Elmira Axundova  qanun layihəsi ilə bağlı bir narahatlığını dilə gətirib. O, çıxışında əslində dövlət sosial sığorta sahəsində borcların  yaranmasının və bu səbəbdən onların silinməsinin bir o qədər qəbulolunan bir hal olmadığını deyib: "Axı, hansı səbəbdən həmin borclar ödənilməyib, 12 il ərzində həmin haqları ödəməli olan şəxslər, qurumlar niyə bunu  etməyiblər? Bu, axı, insanların pensiyası, onların pensiya təminatı deməkdir?! Əslində, həmin qurumlar, həmin haqları ödəməyən hüquqi səxslərlə bağlı vaxtında ciddi tədbirlər görülməliydi. Onlar cəzalandırılmalıydı. Düzdür, ölkədə müxtəlif məsələlərlə amnistiya siyasəti həyata keçirilir, yəni vergi amnistiyası yönündə addımlar atılır. Bu da bəzi insanlarda, qurumlarda arxayınçılığa, məsuliyyətsizliyə gətirib çıxarır. Amma yenə də qeyd edirəm ki, onlar niyə vaxtında həmin sığorta haqlarını ödəməyiblər,  niyə məsuliyyətsizlik göstəriblər? Bu,  heç bir halda düzgün hal deyil. Eyni zamanda, dediyim kimi, bu cür güzəştlər müəyyən kateqoriyadan olan insanlarda, sahibkarlarda növbəti dəfə məsuliyyətsizliyin yaranmasına gətirib çıxarmayacaq ki?"

İ.İsayev də cavabında bir daha borcların silinməsinin pensiya təminatı ilə bağlı məsələyə problem yaratmayacağını deyib: "Həqiqətən də bu borcların silinməsi lazımdır, bu, olmalıdır. Bunun maliyyə təminatı, pensiyaçıların pensiya təminatı məsələsinə heç bir təsiri olmayacaq. Ancaq mən də vergi amnistiyası ilə bağlı iradı haqlı hesab edirəm.  Çünki bu məsələ dünyada da bir o qədər yaxşı qarşılanmır. Yəni tez-tez vergi amnistiyası yönündə addımların atılması düzgün sayılmır. Amma bu gün ortada belə bir amnistiya layihəsi də yoxdur".

Kamil HƏMZƏOĞLU

 





21.02.2018    çap et  çap et