525.Az

Səfir: "2018-ci il Meksika və Azərbaycan üçün simvolik bir ildir"


 

Səfir: "2018-ci il Meksika və Azərbaycan üçün simvolik bir ildir"<b style="color:red"></b>

"Meksikanın Azərbaycandakı səfirliyi 2014-cü ilin oktyabrında açılıb. Bu il biz səfirliyin açılmasının dördüncü ildönümünü qeyd edirik. Mən özüm Bakıya üç il əvvəl, 2015-ci ilin may ayında gəlmişəm. Qısaca olaraq deyə bilərəm ki, bu illər ərzində ikitərəfli münasibətlərdə, o cümlədən, siyasi, iqtisadi, turizm, mədəniyyət sahələrində bir canlanma müşahidə olunub".

Bu fikirləri Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardani müsahibəsində deyib. O bildirib ki, 2016-cı ildə siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib, xatırlatmaq lazımdır ki, birinci raund 8 il əvvəl olmuşdu. Səfir vurğulayıb ki, ötən ilin oktyabrında Azərbaycan və Meksika təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar: "Müqavilə Azərbaycan tərəfindən təsdiqlənib və hazırda Meksikada Senat tərəfindən təsdiqlənmək üçün işlər aparılır. Bu razılaşma əlaqələrin inkişafına kömək edəcək və əməkdaşlığın hüquqi əsasını təmin edəcəkdir".

Səfirin sözlərinə görə, əməkdaşlığın inkişafı ölkələr arasında ticarət dövriyyəsinə də təsir göstərib: "Azərbaycan tərəfinin məlumatına görə, 2014-2016-cı illərdə ticarət dövriyyəsi 3 dəfə artaraq 7 milyon dollardan 22 milyon dollara çatıb, hazırda 2017-ci ilin nəticələrini gözləyirik.  Qeyd etmək lazımdır ki, 1993-cü ildən 2015-ci ilə qədər ölkələr arasında ticarət dövriyyəsinin orta hesabla 1,5 milyon dollar olub, qarşılıqlı olaraq səfirliklərin açılmasından sonra bu istiqamətdə artım qeydə alınıb.

2016-cı ildə Azərbaycan tərəfi Meksikada 50 növ məhsul alıb. Bunlar Meksika məhsulları ilə tanış olmaq üçün test məqsədi ilə alınıb. Meksika tərəfin məlumatına görə, 2014-2016-cı illəri arasında ticarət dövriyyəsi 2 milyon dollardan 11 milyon dollara qədər artıb, Azərbaycan və Meksikanın ticarət dövriyyəsi məlumatları arasındakı fərqə səbəb isə ticarətin 50 faizinin üçüncü ölkələr vasitəsilə həyata keçirilməsidir. Bu fərqin azalması üçün Meksika tərəfi Azərbaycanda distribyutorların müəyyənləşdirilməsi üçün danışıqlar aparır. Biz bilirik ki, əgər birbaşa təmaslar qurulsa, bu, Azərbaycana gətirilən məhsulların qiymətinə təsir göstərəcəkdir.

Ötən iyun ayında Azərbaycana gələn Meksika ticarət missiyası burada təqdim olunan müxtəlif məhsullar, o cümlədən,  souslar, şokoladlar təqdim etdi.  Azərbaycandan bənzər missiyası 2017-ci ilin dekabrında Meksikanı ziyarət edib. Bu il üçüncü ticarət missiyasının təşkil edəcəyi gözlənilir".

Səfirin sözlərinə görə,  ikitərəfli əlaqələrin inkişafı turizmə də təsir göstərib: "Biz Azərbaycanda keçirilən müxtəlif turizm sərgilərində iştirak etdik. Meksika dünyada turizm üçün ən məşhur 8 yerdən biridir. 2017-ci ildə ölkəyə 37 milyon turist gəlib. Bu il daha da çox olacaq. Turizm ÜDM-nin 9%-ni təşkil edir, dünya romantik turizminin 23%-i Meksika turizminin payına düşür. Dünyada lüks turizmə görə isə birinci yerdəyik. Dünya mirası sayılan 34 obyekt var ki, bunların da 27-si mədəni,  6-sı  təbii və 1-i qarışıq növdür.

Bu gün Bakıdan Mexiko şəhərinə texniki problemlərlə bağlı olaraq birbaşa uçuş yoxdur. Ancaq digər şəhərlərdən, məsələn, Frankfurt, Paris, London və Nyu-York vasitəsilə uçuşlar var. Hər il Meksikanın beynəlxalq hava limanı 50 milyon sərnişin qəbul edir.

Meksikanın turistlər üçün nə dərəcədə təhlükəsiz olmasına gəlincə, R.Labardini vurğulayıb ki, digər ölkələrdə olduğu kimi, Meksikada da cinayət hadisələri baş verir. Meksikada cinayət hadisələri əsasən narkotik maddələrin ticarətinə aiddir və yalnız şimalındakı bir neçə şəhərdə baş verir. Ölkənin qalan hissəsi sakitdir. 2006-cı ildə Meksikada narkotik ticarəti ilə güclü mübarizə başladı. Bu gün belə cinayətlərin sayı azalıb. Bakıya gəlməzdən əvvəl Mexikoda gecə gəzintiyə çıxdım, heç bir problem yox idi.

Digər tərəfdən, hər il 37 milyon turistin ziyarət etdiyi bir ölkə təhlükəsiz hesab edilə bilər".

Səfir bir müddət əvvəl Meksikanın bir neçə deputatının Dağlıq Qarabağa qanunsuz səfərlərinə də toxunub və deyib ki,  bu səfərdən sonra Meksikanın müvafiq strukturları ilə əlaqə saxlayıb,  məlum olub ki, buna heç bir icazə verilməyib: "Eyni zamanda, heç kimə bu barədə məlumat verilməyib. Üçüncüsü, bu səfər onların şəxsi təşəbbüsü idi. Nə Deputatlar Palatası, nə siyasi partiyalar, nə də Meksika hökuməti bu səfər haqqında heç nə bilməyib. Bu səfər aidiyyəti olan siyasi partiyaların, Deputatlar Palatasının, Meksika hökumətinin rəsmi mövqeyini əks etdirmir. Meksika tərəfinin belə səfərlərlə bağlı rəsmi bir xəbərdarlığı var. Meksika öz vətəndaşlarına Dağlıq Qarabağ və ətraf ərazilər də daxil olmaqla münaqişə zonasına ziyarət etməməyi tövsiyə edir və bildirir ki, həmin ərazilər Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarıdır və ora səfər etmək qadağandır".

Səfir onu da vurğulayıb ki, 2018-ci il hər iki ölkə üçün simvolikdir: "Bu il həm Azərbaycanda, həm də Meksikada prezident seçkiləri keçiriləcək. Meksika seçki institutları böyük iş aparacaqlar, çünki prezident seçkilərindən başqa,  millət vəkillərinin, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin seçilməsi gözlənilir. Meksika seçki sahəsində digər ölkələrlə təcrübə mübadiləsi edə bilər. Məsələn, bizdə 88 milyon nəfər seçicinin hər birinin seçici kartı var. Orada həmin şəxsin fotosu, barmaq izi, bütünlükdə 21 qoruyucu tədbir barədə məlumat var. Bu, insanlara seçkilərdə iştirak etmək hüququ verir".

PƏRVANƏ

 





22.02.2018    çap et  çap et