525.Az

Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası


 

RƏSMİ ƏMMAN QARABAĞ PROBLEMİYLƏ BAĞLI AZƏRBAYCANA DƏSTƏYİNİ İFADƏ EDİB

Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası <b style="color:red"></b>

Dünən İordaniyanın paytaxtı Əmmanda Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda Azərbaycanı iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev, İordaniya tərəfdən isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdiyi və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib. Nazir Ş.Mustafayev ölkələrimiz arasında 25 il əvvəl qurulmuş əlaqələrin hazırda mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib.

Vurğulanıb ki, Azərbaycan prezidenti İlham Əliyevin və İordaniya kral II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri ikitərəfli əlaqələrin inkişafında xüsusilə önəmlidir. Ş.Mustafayev qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe tutan İordaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq əlaqələri qurulub və müsbət istiqamətdə davam edir. Bildirilib ki, İordaniyanın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulması qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verə bilər. Azərbaycanın islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran Ş.Mustafayev 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu, Bakıda İordaniyadan idmançıların da iştirak etdiyi 4-cü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini xatırladıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan-İordaniya iqtisadi əməkdaşlığının genişlənməsinə də böyük imkanlar yaradır. İqtisadiyyat naziri indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 42 sənədin imzalandığını, hazırda elm, maliyyə, hava əlaqəsi, təhlükəsizlik, dənizçilik, vergi, kənd təsərrüfatı və digər sahələr üzrə 9 sənəd layihəsinin müzakirə mərhələsində olduğunu diqqətə çatdırıb.

Görüşdə Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafında müsbət rolu qeyd edilib. Bildirilib ki, hazırda Azərbaycanda ticarət və xidmət sahələrində 9 İordaniya şirkəti fəaliyyət göstərir. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya təşviqi mexanizmləri, sənaye parkları və Ələt Azad Ticarət Zonası barədə danışan iqtisadiyyat naziri iordaniyalı iş adamlarını bu imkanlardan yararlanmağa, Azərbaycana sərmayə yatırmağa dəvət edib.

İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.

Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb.

Səfər çərçivəsində iqtisadiyyat naziri Ş.Mustafayev İordaniyanın xarici işlər naziri Ayman Al Safadi ilə də görüşüb. Tərəflər arasında Cənubi Qafqaz və Yaxın Şərq regionlarındakı vəziyyətə dair qarşılıqlı məlumat və fikir mübadiləsi aparılıb. Nazir Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud vəziyyət barədə İordaniya tərəfini məlumatlandırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İordaniya tərəfinə bir daha təşəkkür edib.

İqtisadiyyat naziri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edib, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq əhəmiyyətli nəqliyyat və enerji layihələri barədə məlumat verib.

İordaniyanın Xarici İşlər naziri Ayman Al Safadi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

CEYHUN

 





22.02.2018    çap et  çap et