525.Az

ADU-da "Azərbaycan Demokratik Respublikasının dil siyasəti" mövzusunda tədbir


 

ADU-da "Azərbaycan Demokratik Respublikasının dil siyasəti" mövzusunda tədbir <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "Dilimiz və mənəviyyatımız" layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş "Azərbaycan Demokratik Respublikasının dil siyasəti" mövzusunda tədbir keçirilib.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifi olduğu "Dilimiz və mənəviyyatımız" layihəsi çərçivəsində gələcəkdə "Dil və fəlsəfə", "Dil və ədəbiyyat", "Dil və mədəniyyət" kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev 1918-ci ilin Azərbaycan xalqının tarixində yaddaqalan hadisələrlə zəngin olduğunu bildirib. Məhz həmin ilin 28 may tarixində Şərqdə ilk demokratik respublikanın yarandığını xatırladan professor bunu bütün Şərq xalqlarının həyatında ictimai-siyasi hadisə kimi xarakterizə edib. Professor əlavə edib ki, Xalq Cümhuriyyətinin yaranması bütün Şərqə sübut etdi ki, xalq əsarətdə olmasa güclü inkişafa nail ola bilər. A.Babayev daha sonra AXC dövründə dil siyasəti və təhsil sahəsindəki islahatlar barədə danışıb, ana dilimiz haqqında verilən qərarlar və onların əhəmiyyətindən söz açıb.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov bildirib ki, AXC 23 aylıq hakimiyyəti dövründə bir çox ciddi qərarlar qəbul edib. Bunlara nümunə olaraq Azərbaycan (türk) dilinin dövlət dili kimi qəbul edilməsi, Darülfunun (Bakı Universitetinin) açılmasını göstərmək olar. O, eyni zamanda, AXC dövründə qəbul olunmuş "Son türk əlifbası" və türk dünyasındakı əlifba proseslərindən danışıb.

S.QARAYEVA

 





22.02.2018    çap et  çap et