525.Az

Layla, Xocalım, layla...


 

Layla, Xocalım, layla...<b style="color:red"></b>

Anamın həzin laylası gecənin səssizliyinə qarışıb gözəl bir ahəng yaratmışdı. Günlərdir qorxu keçirməyimizə baxmayaraq, onun səsi insana sanki mənəvi rahatlıq bəxş edirdi.

Bu səsdə o qədər incəlik, zəriflik və inam hissi vardı ki, biz artıq özümüzü səsin sehrinə qapdırıb ətrafımızda baş verən bütün pislikləri, qorxunu, əzabı unutmuşduq. Anam öz laylası ilə bizi bu qəddar dünyadan alıb qarlı, boranlı yollardan, güllələrin, atəşlərin içərisindən keçirib heç zaman görmədiyimiz, hətta var olub-olmadığını belə bilmədiyimiz sirli-sehrli aləmə aparmışdı. Orda hər kəs sevinir, deyib-gülür, mahnılar oxuyur, bir-birini sevgiylə qucaqlayır. Havanı deyirsiz? Hava isə elə xoş, elə mülayimdir ki. Soyuq deyil, heç soyuq deyil. Şaxta da yoxdur, qar da. Heç külək də əsmir. Sadəcə həzin meh darayır saçlarımızı. Otların üzərində ayaqyalın qaçır, günəşə əl edir, quşlarla birgə nəğmələr oxuyuruq.

Anam hər gecə bizi yatırtmaq üçün mütləq layla çalardı və biz də elə o, oxumağa başlar-başlamaz yuxuya gedərdik. Bu gecə isə heç kim yatmayacaqdı. Bunu biz də bilirdik, anam da bilirdi. Heç üz-gözündən də bizi yatırtmaq istəyənə oxşamırdı. Ona görə də, həmişəkinin əksinə, bizi yatırtmaq üçün yox, oyaq saxlamaq və bizdə sabahın açılacağına inam hissi yaratmaq üçün layla deyirdi. Sabah isə açılacaqdımı? Bu qanlı, qadalı gecə bitəcəkdimi? Bitəcəkdi əlbət! Ancaq özüylə birgə nələrisə də aparacaqdı, bilirdim. Bəlkə də artıq aparmışdı. Məsələn, mən ayaqlarımı və ruhumu hiss etmirdim. Ayaqlarımı şaxta, ruhumu isə bu gecə şahidi olduqlarım dondurmuşdu. Bundan sonra mən bir daha uşaq ola biləcəkdimmi? Çətin ki...

Buz gecə qılınc kimi kəsirdi bədənimizi. Anamın laylası isə gecənin soyuğuna inad isidirdi ruhumuzu. Gecə uzandıqca uzanırdı... Dünya qaranlıq pərdəsini üstündən çəkməyə utanırdı sanki. Səhər gecənin vəhşətini bütün çılpaqlığı ilə göstərəcəkdi axı. Kəsilən başlar, yanan cisimlər, dəlik-deşik bədənlərin üstünü örtmüşdü qara pərdə utanırcasına. Sanki Günəş də bizim başımıza gətirilənlərdən qorxuya düşmüşdü, ya da küsmüşdü Yer üzündən. Gizləndiyi yerdən çıxmaq bilmirdi ki, bilmirdi.

Hardansa birdən Allah düşür yadıma. Nənəm həmişə deyərdi: “Heç vaxt sizə pislik edənə qarğış etməyin, bala. Qarğışın iki başı var, biri ona gedəndə, biri də sənə dəyə bilər. Həm də nə bilirsən, birdən Allahın xoş vaxtına düşər, qarğışın qəbul olar. Ondansa dua et ki, duan qəbul olsun”.

Görəsən, həmin gecə Allah o köməksiz insanların fəryadını, duasını, ah-naləsini eşitmişdimi?!

Mən ilk dəfə o gecə anlamışdım ürəyimin olduğunu: qaranlıq meşədə arxamızca gələn erməni dığasından gizlənmək üçün sığındığımız kolun arxasında qorxudan boğazımdakı döyüntünü hiss edəndə. Halbuki ürəyin sinəmizin sol tərəfində olduğunu demişdi atam, mənim ürəyim isə boğazımda atırdı. Birdən-birə sinəmi yoxlamaq, ürəyimin orda olub-olmadığını öyrənmək istəyi dolmuşdu içimə. Amma qorxmuşdum, əlimi tərpətsəm gözü dönmüş düşmənin hansısa səs eşidəcəyini, ya da lap elə əlimin küləyindən duyuq düşüb bizi tapacağından qorxmuşdum. Bu istəyimi də içimə atmışdım saysız-hesabsız hönkürtülərim kimi. Nə çətin dərd imiş, İlahi, səsim çıxar qorxusuyla hönkürtünü içinə atmaq, öz içinə ağlamaq...

Bütün gecə usanmadan, bezmədən yol gəlmişdik. Üstümüzə yağan güllələrdən, atəşlərdən gizlənə-gizlənə meşəni keçib Ağdama çatdırmışdıq özümüzü.

Laylanın həzin səsi ilə bağlanırdı gözlərim... Beynimdə isə bir sual dolaşırdı: “Bu qədər qarışıq, zülmlü gecədə anam bu laylanı kimə deyir? Bizə, göydən qan yağan gecəyə, qoyub gəldiyimiz evimizə, bizi kənddən çıxarıb özü isə düşmənlə üz-üzə qalan atama, yoxsa bu qədər böyük vəhşiliklə bizdən oğurlanan XOCALIYA?!”

 





26.02.2018    çap et  çap et