525.Az

Gender bərabərliyi və media


 

Gender bərabərliyi və media<b style="color:red"></b>

Avropa Şurasının Bakıdakı ofisi "Azərbaycanda gender bərabərliyi və media azadlığı" mövzusunda yeni layihə təklifini milli tərəfdaşlar və beynəlxalq təşkilatlarla müzakirə etmək üçün bu yaxınlarda dəyirmi-masa təşkil etdilər.
 
Bununla əlaqədar, görüşdə Prezident Administrasiyası, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin müvafiq nümayəndələri iştirak edirdilər.

Müasir dövrün aktual məsələsi olan gender bərabərliyi mövzusu və mediada qadının rolu məsələləri müzakirə olundu.

Adətən, "kişi" və "qadın" sözləri sifət kimi işlənəndə, bioloji fərqləri vurğulayaraq, eyni zamanda, qiymətləndirmə mənasını da daşıyır. Çox vaxt "qadın" keyfiyyətləri törəmə keyfiyyətlər, ikinci dərəcəli keyfiyyətlər kimi anlaşılır, kişi baxışları həmişə başlanğıc nöqtəsi, əsas norma rolunu oynayır.

Ümumiyyətlə, gender bərabərliyi ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva etsə də, bəziləri gender bərabərliyini feminizmlə eyniləşdirir. Gender bərabərliyi cəmiyyətdə daha çox qadınlara sahib çıxmaq, onlara xüsusi diqqət göstərmək kimi xarakterizə edilir. Əslində, bunlar tamam fərqli anlayışlardır. Çünki sadalananlar hüquqi yox, etik müstəvidən yanaşmadır. Əslində, sözügedən anlayışlar tamam fərqlidir. Feminizm qadın hüquqlarını önə çəkirsə, gender bərabərliyi bu ayrı-seçkiliyin əleyhinə çıxır, cinsindən asılı olmayaraq insanların eyni hüquqa malik olması düşüncəsini müdafiə edir.

Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. İstər cəmiyyətdə, ictimai həyatda, istərsə də ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Bu prosesi daha da sürətləndirmək, daha da optimallaşdırmaq üçün bir sıra qanunlar qəbul edilib, tədbirlər planı həyata keçirilib və keçirilməkdədir.

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin "Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur.

Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Hazırda Azərbaycanda qadınlar bütün sahələrdə vəzifə sahibidirlər. Qadın millət vəkilləri, siyasətçilər, hərbçilər, eləcə də bir çox başqa qadın vəzifə sahibləri kifayət qədərdir. Düzdür, bizdə bu proses tam başa çatmayıb. Diqqət etsək görərik ki, konfliktlər, zorakılıqlar az deyil. Amma bir məsələ də var ki, bütün bunlar daha çox məişət müstəvisində cərəyan edir. Ailədaxili məsələlərdə bəzən kişilər qadının müstəqilliyini qəbul edə bilmir. Yaxud qadınlar 20 il əvvəl kişilərin hansısa məsələdə dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul etmirlər. Düşünürəm ki, zaman keçdikcə bu məsələlər öz həllini tapacaq.

Təmsil etdiyim Azərbaycan Dillər Universiteti haqqında isə bunu qeyd edə bilərəm ki, kollektivimizin böyük əksəriyyətini qadınlar təşkil etdiyi üçün gender berabərliyi nəinki qorunur, hətta bu prosesə xidmət etmək, inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər də həyata keçirilir.  Hətta bizim jurnalistika ixtisasında təhsil alan tələbələrimiz arasında qızlar üstünlük təşkil edir. Lakin xüsusilə də, media aləmində nə qədər eyni hüquqda söz sahibi olsalar da, bir o qədər də söz deməyə, fikir bildirməyə cəsarətlidirlərmi? Bu sualın cavabı da maraq doğurur. Yəni onu vurğulamaq istəyirəm ki, burada həm də klassik, psixoloji, genetik faktorlar da özünü göstərir. Bəzən bərabərhüquqlu olduqlarını bildikləri halda da özünəinam, özgüvən hissi, tam hamını nəzərdə tutmasaq da, əksər qadınlarda kişilərə nisbətən daha zəifdir.

Əsas mənzərə özünü xəbərçilikdə də göstərir. Belə ki, kişilər daha çox "hard news"la çıxış edirlər, nəinki qadınlar, jurnalistikada daha çox qadınların müraciət etdikləri janrlar nisbətən yumşaq "pink" janrlar olur.

Qadın media nümayəndələri tədqiqat və xəbərlə əlaqədar olaraq, ailə-uşaq səbəbilə xarici səfərlərə daha az gedir. “New-York Times” qəzetində dərc olunan Claire Cain Millerin "The Motherhood penalty and the fatherhood bonus" məqaləsi də buna ən gözəl nümunə hesab oluna bilər.

Bu baxımdan, ADU-da maarifləndirmə işləri davam etdirilir. Belə ki, "Gender Studies", "Gender linguistics", "Gender roles" tipli seçmə fənlər də tələbələrə təklif olunur və tədris olunur. Bu il jurnalistika ixtisasında təhsil alan tələbələrimizə "Gender, media and journalism" adlı seçmə fənnin təklif olunması nəzərdə tutulur. Ümumiyyətlə isə bu sahə üzrə yeni tədris kursu proqramının hazırlanması fikrini dəstəkləyirik. Jurnalistika ixtisasında təhsil alan tələbələrimizə əsas fənn kimi "Woman Journalism" və ya "Gender Journalism" fənləri tədris olunması onların bu sahədə maariflənməsi üçün ən optimal variantlardan biri kimi hesab oluna bilər.

Sonda Azərbaycan qadının, həqiqətən də, necə sürətli inkişaf yolunu keçdiyini təsdiqləmək və həmin mənzərəni göz önündə canlandırmaq üçün Cəfər Cabbarlının "Qızıma" adlı şeirindəm bir neçə misranı xatırlatmaq istəyirəm:

Fikrini vermə nə elmə, nə də ürfana, qızım!
Çoxdur elmin zərəri din ilə imana, qızım!
Oxuyub elmi, evin eyləmə virana, qızım!
Yoxdur elmin səməri qövmi-müsəlmana qızım!
Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə
Qələmi xarici məzhəb kimi alma əlinə.
Vurma ləkə daha, allahı sevərsən, elinə.
Elm bir şeymi verə mənfəət insana, qızım?!
Nə rəvadır salasan möhnətə qəmsiz başını.
Edəsən xalqın arasında xəcil qardaşını.
Get bişir evdə, bala, düşbərəni, bozbaşını,
Verginən meylini xingalə, fisincanə, qızım!

Vüsalə AĞABƏYLİ 
Azərbaycan Dillər Universiteti, Filologiya və jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





01.03.2018    çap et  çap et