525.Az

İraq türkmanlarının lideri: "Fərqli bir Azərbaycan gördüm"


 

"ÖZÜMÜZÜ SİZİN BİR PARÇANIZ OLARAQ GÖRÜRÜK"

İraq türkmanlarının lideri: "Fərqli bir Azərbaycan gördüm"<b style="color:red"></b>

İraq türkmanlarının lideri, Türkməneli partiyasının sədri, sabiq millət vəkili Riyaz Sarıhkaya Azərbaycana səfər edib.

Səfər zamanı R.Sarıkahya Bakıda bir sıra partiyaların rəhbərləri, QHT nümayəndələri ilə görüşüb, əməkdaşlıq imkanlarını müzakirə edib.

R.Sarıkahya həm də bu il İraqda keçiriləcək parlament seçkilərində namizəd olaraq türkman partiyalarının vahid siyahısında yer alıb.

O, təəssüratlarını "525-ci qəzet"lə bölüşüb. 

- Azərbaycanın türkmanların qəlbində çox önəmli bir yeri var. Çünki türkmanlar azərbaycanlılarla eyni dildə danışan, eyni mədəniyyəti bölüşən insanlardır. Bizim inanclarımız, adətlərimiz,  mədəniyyətimiz, dilimiz eynidir. Ona görə də özümüzü Azərbaycanın bir parçası olaraq görürük. Uzun illər idi ki, Azərbaycana gəlmək istəyirdim. Ancaq bilirsiniz ki, Səddam dönəmi, sonra Amerikanın İraqdakı türkmanlar əleyhinə fəaliyyəti, kürd partiyaları, İŞİD imkan vermədi ki, Kərkükdən kənara çıxıb xaricə gedək. Səddam dövründən sonra ölkədən kənara ilk çıxdığım yer məhz Azərbaycandır. Burada öz soydaşlarımızla bir araya gəlməkdən çox şad oldum, fərqli hissslər yaşadım. Bir sıra siyasətçilərlə görüşdüm, sanki illərdir ki, bir-birimizi tanıyırıq. Bizim düşüncəmiz eynidir, çox böyük oxşarlıqlar gördüm. Böyük türk dünyasının bir parçasıyıq. Hər iki tərəfdə Türkiyəyə böyük sevgi var. Hər iki tərəfin düşüncəsi sülhə, sevgiyə, barışa köklənib. Mən düzü bu qədərini gözləmirdim. Çox gözəl, dəyərli insanlarınız var. Biz illərlə İraqda terrorla qarşı-qarşıya qaldıq,  insanlarımız böyük savaşın içində oldular. İraq insanı duyğu baxımından bir az daha sərt oldu, toplum olaraq da bir-birinə və başqalarına qarşı da sərtdir. Azərbaycanda isə bunun əksini gördüm. Bu, ölkənin gələcəyi üçün çox önəmlidir. Mədəniyyətə, elmə, sənətə önəm verilməlidir. Azərbaycanda bütün bunları görmək məni çox sevindirdi. Əlbəttə, hər ölkənin, o cümlədən, Azərbaycanın, Amerikanın, Türkiyənin, Rusiyanın da problemləri, çətinlikləri var.  Və bu, normaldır. Azərbaycan bu problemləri siyasi yolla həll edir və bu, daha yaxşı bir yoldur. Azərbaycanın gələcəyinin çox parlaq olacağına inanıram. Bakı olduqca gözəl şəhərdir. Öz gözəlliyinə görə, Avropa şəhərlərini belə, üstələyir. Buna sevindik, qürur duyduq.

Ailəni qorumaq çox önəmlidir, İraqda evlənən hər üç cütlükdən biri 6 ay sonra ayrılır. Təbii ki, qalan üçdə birində isə problemlər olur. Ailə millətin təməli üçün çox önəmlidir. Bunlar sağlam olarsa, millət də sağlam olacaq. Azərbaycanda ailə bağlarının daha sıx olmasını arzu edirik. Azərbaycanlı qardaşlarımız başqa millətlərə qarşı çox mehribandır. Bu da önəmlidir. Azərbaycana Allah bütün gözəllikləri verib. Əlverişli coğrafi mövqeyi, yeraltı, yerüstü sərvətləri var, inşallah, bütün bunlar Azərbaycan insanının daha zəngin yaşamasına gətirib çıxaracaq. Türk millətinin güclü olmasının insanlığa da faydası var. İnsanlığı sülh, barış gətirir. Çox arzu edirik ki, gələcəkdə türk birliyini görək, türk dövlətləri bir birlik altında olsun. Avropa İttifaqı kimi. Türk dövlətlərinin vətəndaşları bir-birlərinə rahat gedib-gələ bilsinlər, problemləri həll etsinlər. Bu, çox vacibdir. Çünki illərlə türk milləti arasında divarlar çəkildi, bu da insanlarımızı yadlaşdırdı. Ortaq bir dilin olması vacibdir. Məsələn, ərəblər də fərqli danışır, tunislini heç başa düşə bilməzsən, iraqlı da fərqli ləhcədə danışır. Amma siyasətçilər vahid bir ləhcə ilə danışır və hamısı bir-birini başa düşür. Qazaxıstanlı niyə özbəkistanlı ilə rusca danışsın? Türk insanı, aydınları arasında dialoq aparmaq üçün vahid türk ləhcəsini öyrənməlidirlər.

Azərbaycanlı gəncin hədəfi daha böyük olmalı, daha böyük düşünməlidir. Buranı ziyarət etmək məni daha da ümidləndirdi. Fərqli bir Azərbaycan gördüm. Əhali az, ərazi kiçik olsa da, beyinlər, düşüncələr, ruhlar daha böyükdür.

Hesab edirəm ki, Azərbaycanın İraqla əlaqələri hər iki ölkənin inkişafı üçün daha güclü olmalıdır. İraq vətəndaşları dincəlmək, gəzmək üçün Türkiyəyə və Azərbaycana gəlir. Çünki ərəb ölkələrinin çoxu iraqlılara qapılarını bağlayıb. Misirə, İordaniya gedə bilmirik. Amma bir iraqlı Türkiyəyə və Azərbaycana rahat gedir, bu, çox önəmlidir. Vizalar aradan qalxarsa, daha yaxşı olar və hər iki ölkənin mənafeyinə cavab verər. Mən azərbaycanlı qardaşlarımızdan çox ümidliyəm, əlaqələrimizin daha da inkişaf edəcəyinə inanıram.

- Bakıda nə kimi görüşlər keçirdiniz və nəticələr sizi qane etdi?

- Biz Azərbaycandakı partiyalarla tanış olmağı çoxdan istəyirdik, indi nəsib oldu. Azərbaycan Liberal Demokratik Partiyası (ALDP) ilə əməkdaşlıq haqqında müqavilə imzaladıq. İki partiya bir- birinin təcrübəsindən istifadə edib, fayda görə biləcək. Bu, həm də xalqlarımızın mənafeyinə xidmət edir. Bəzi problemləri müzakirə etdik. ALDP sədri Fuad Məmmədovdan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşlər oldu. Şahidi olduq  ki, partiyaların hamısının məqsədi Azərbaycan xalqına xidmət etməkdir. Siyasəti yaxşı bilən xalqlar insanlar qazanır, pulu olan yox. Bəzi körfəz ölkələrinin çox pulu var, amma siyasəti yaxşı bilmədikləri üçün siyasəti yaxşı bilən avropalılar onlardan istifadə edirlər. Partiyalar xalqı, dövləti tanıtmaqda bir körpüdür. İraqda 6 türkman partiyası var, onlar da zaman-zaman Bakıya gələr və burdakı partiyaları da dəvət edərik.

İraq səfirini də ziyarət etdik, o da iki ölkənin əlaqələrinin güclü olmasını istəyir. Biz də bunu arzu edirik. Bu işdə türkmanların üzərinə böyük vəzifə düşür. Çünki həm dilimiz eynidir, həm də türkmanlar sevə-sevə bu işə öz töhfələrini verərlər.

- Riyaz bəy, Şəhidlər xiyabanını, Xocalı abidəsini də ziyarət etmisiniz. Bu günlərdə Azərbaycanda Xocalı soyqırımının növbəti ildönümü anılır. Türkmanlar bu tarixlərlə bağlı nə kimi məlumata sahibdirlər?

- Azərbaycanın dərdi Kərkükdəki, Təlafərdəki türkmanların dərdidir, bizim də dərdimiz sizin dərdinizdir. Biz son illər Kərkükdə Xocalını anma mərasimləri təşkil edirik. Düşmənlərin, o cümlədən, ermənilərin  hər zaman bizim topraqlarımızı işğal etmək planı olub. Ermənilər tarix boyu bu düşüncədə olub. Onlar işğal siyasətindən imtina etməlidirlər. Azərbaycanlı qardaşlarla sülh içində yaşamaq üçün işğal etdikləri torpaqlardan çəkilməlidirlər. Ermənilər sonsuza qədər bu siyasəti davam etdirə bilməyəcəklər, ədalət öz yerini tapacaq.

Biz Azərbaycanın yaşadığı bu faciələrlə bağlı o illər qəzetlərdə görüb, oxuyub  çox mütəssər olmuşduq. Gedib ziyarət edəndə də çox mütəssər olduq. Şəhidlər müqəddəsdirlər, Allah Azərbaycan bir də belə günlər yaşatmasın.

- İki ay sonra İraqda parlament seçkiləri keçiriləcək. Türkmanlar bu seçkilərdən nə gözləyir?

- Seçkilər İraqda yeni bir mədəniyyətdir. Səddam zamanı seçkilər olmayıb. İraqda partiyalarla bağlı da sıxıntı var, yəni partiyalar çox rəngli deyil. Sadəcə ərəb, kürd türkman, sünni ərəb və s. İraqda insanların seçkilərə inamı yoxdur. Seçim düşüncəsi bizim üçün ərəblərdən fərqlidir. Biz seçkilərdə çox yaxşı iştirak etməliyik. Çünki türkmanın milli haqları var. Seçkilərə qatılanda milli haqlarının bir çoxunu əldə edib, qoruya bilir. Amma ərəbin milli haqqı deyilən bir şey yoxdur, bu, sadəcə proqramdır. Ərəbin milli haqqı dövlətidir, xalqın çoxu ərəbdir, ona görə əldə edəcəyi bir milli haqqı yoxdur. Amma türkmanların əldə edəcəyi çox milli haqqı var. Biz Mosulda, Kərkükdə, Tuzhurmatıda, Bağdadda seçkilərə qatılacağıq. Türkmanların çox olduğu yerlərdə seçkilərdə iştirak edəcəyik. Ənbarda, Nəcəfdə, Kərbalada qatılmayacağıq. Türkmanlar seçkilərə Kərkük Türkman Cəbhəsi siyahısı ilə gedir. Siyahıdan kənar da qoşulanlar var, onlara da uğurlar arzu edirik. İraq konstitusiyası kağız üzərində türkmanlara gözəl haqlar verib, amma realda yoxdur. İraq parlamentində 330 millət vəkili var, onun 10 nəfəri türkmandır və bu,  çox azdır. İraqda üç milyon türkman yaşayır, deputatların sayı ən azı 40 nəfər olmalıdır. Türkman millət vəkili gərək çox çalışsın, çünki biz həm də milli haqlarımız üçün mübarizə aparmalıyıq. Mən deputat seçilsəm, Bağdadda xidmətimi davam etdirəcəm, seçilməsəm, partiya başqanı kimi Kərkükdə millətimə, xalqıma, türk dünyasına xidmətimi davam edəcəm.

- Builki seçkilərdə neçə türkman millət vəkili seçilə bilər?

- Biz 15 nəfərin seçilə biləcəyini gözləyirik, amma dediyim kimi, 40 olmalıdır. Təlafərdən İŞİD-ə görə qaçanlar geri dönmədilər, onlar Türkiyədə,  İraqın başqa şəhərlərində yaşayırlar, bu da nəticələrə təsir göstərəcək. Çünki başqa yerlərdə çadırlarda yaşayıb, seçkilərə qatılmaq mümkün deyil. Seçimə qatılmaq üçün elektron kart çıxarmaq lazımdır ki, bu da asan bir proses deyil. İraq yorğun bir dövlətdir,  düzəni pozulub. İŞİD-dən qaçan təlafərlilərin üçdə bir  geri döndü, qalanları yox. Ərazidə elektrik, infrastruktur, su yoxdur,  təhlükəsizlik təmin edilməyib, ona görə gedənlər qayıtmaq istəmir. Üçdə birinin dönəcəyini gözləmirik. Çünki onlar həm ölkədən kənarda, həm digər şəhərlərdə yaşayırlar. Uşaqları məktəbdə oxuyur, özlərinə bir iş qurublar, yəni geri qayıtmaları gözlənilən deyil. Heç olmasa, üçdə ikisinin qayıtması vacibdir. Biz bunu gözləyirik.

PƏRVANƏ

 





02.03.2018    çap et  çap et