525.Az

Poetik sözün möcüzəsi - Şair Əşrəf Veysəllinin 80 illiyinə


 

Poetik sözün möcüzəsi - <b style="color:red">Şair Əşrəf Veysəllinin 80 illiyinə</b>

Hörmətli qələm dostumuz Əşrəf Veysəlli!

Siz ədəbi yaradıcılığa hələ 60-cı illərdən başlamısınız. Yazılarınız haqqında Xalq şairləri Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Xalq yazıçısı İlyas Əfəndiyev, akademik Bəkir Nəbiyev, filologiya elmlər doktoru Vaqif Yusifli və başqaları fikir söyləmiş, şeirlərinizi böyük məhəbbətlə təqdir etmişlər.
 
İlk şeirlər kitabınız “Qayğı” 1972-ci ildə “Gənclik nəşriyyatı tərəfindən dərc edilmişdir. Bu kitaba o zaman çox məşhur olan “Hardasan” , “Küknar haqqında ballada”, “Təzadlar dünyası”, “Kiçik bir planet” və başqa şeirləriniz toplanmışdır. İkinci kitabınız “Təki səni duyan olsun” adlandı. O zaman yazdığınız “Bir gecəlik ayrılıq” lirik poemanız da bu kitaba daxil edildi və ədəbi ictimaiyyətin böyük marağına səbəb oldu. Şeirlərinizdəki orijinallıq, səmimiyyət, gözəllik, təravət, cəmiyyətdəki əyriliklərə dözülməzlik və mübarizə ruhu diqqəti cəlb edir. Siz əmək fəaliyyətinə orta məktəbi bitirib, bu gün işğal altında olan doğma Yuxarı Veysəlli kəndindəki yeddi illik məktəbin katibliyi ilə başlamısınız, sonra hərbi xidmətə çağırılmısınız. Hərbi xidmətdə ola-ola, ADU-nun şərqşünaslıq fakültəsinə qəbul imtahanlarını uğurla verərək, fars filologiyası şöbəsinə daxil olmusunuz. Ali təhsil aldıqdan sonra Sumqayıt şəhərindəki 35 saylı texniki peşə məktəbində tərbiyəçi müəllim, direktor müavini işləmisiniz.

Ayrı-ayrı vaxtlarda şahmat klubunun, Əli Kərim adına poeziya klubunun, Şəhər Mədəniyyət evinin, Dövlət Dram teatrının direktoru, Sumqayıt şəhər Mədəniyyət şöbəsinin müdiri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri vəzifələrində çalışmısınız.

Hazırda Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şöbəsində ictimai əsaslarla Məsləhət şurasına sədrlik edirsiniz.
 
Müxtəlif vaxtlarda “Ayrılığın üzü dönsün”, “Bu dünya belə qalmaz”, “Sumqayıtın qan yaddaşı”, “İki dostun bir ürəyi”, “Ürəyim Allah evidir”, “Dağlar, sizdə nəyim qaldı”, “Qarşıma sız çıxın” və başqa kitablarınız nəşr olunub. Şeirləriniz bir sıra xalqların dilinə tərcümə olunmuşdur. Sumqayıtda əbədi mühitin formalaşmasında sizin xüsusi xidmətləriniz var. Əməyiniz Müstəqil Dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşsünüz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu yaxınlardakı Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmusunuz.

Hörmətli qələm dostumuz Əşrəf Veysəlli! Sizi - bu gün də oxucuların maraq dairəsində olan sevimli şairimizi və publisistimizi anadan olmanızın 80 illik yubileyi münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, sizə sağlam həyat və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyi

Avtandil AĞBABA
Filologiya elmləri doktoru, professor

Tanınmış şair-publisist, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəllinin yaradıcılıq yolu poetik tapıntılarla dolu sirli-sehirli bir aləmdir. İlk qələm təcrübəsini 1953-cü ildə dərc etdirən Ə. Veysəllinin indiyədək çap olunmuş “Qayğı” (1971), “Təki səni duyan olsun” (1984), “Sumqayıtın qan yaddaşı” (1998), “Ayrılığın üzü dönsün” (1998), “Bu dünya belə qalmaz” (2000), “Ürəyim Allah evidir” (2008), “Dağlar, sizdə nəyim qaldı” (2015), “Qarşıma siz çıxın” (2015) və digər kitabları onun dəst-xəttinin özünəməxsus poetik nişanələridir. Öncə qeyd etmək lazımdır ki, Sumqayıt ədəbi mühitini Əşrəf Veysəllinin yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyildir. Başqa sözlə, onun poeziyasının parlaq və cazibəli fonunda Sumqayıt ədəbi mühitinin sənət keyfiyyətləri barədə daha dolğun və ətraflı məlumat almaq olar. Əlbəttə, biz bununla bu mühitin təşəkkülündə və formalaşıb inkişaf etməsində müxtəlif ədəbi nəslə mənsub Xasay Cahangirov, Mir Sabir, Xıdır Alovlu, Əvəz Lələdağ, Rafiq Yusifoğlu, Ofelya Babayeva, Almaz Sahilə, Gülnarə Cəmaləddin, Məmməd Namaz, Tofiq Məmməd, Feyzi Mustafa, Sabir Sarvan, Zirəddin Qafarlı, İbrahim İlyaslı, Ağəddin Mansurzadə, Rafiq Oday, Məmməd İlqar və adlarını çəkə bilmədiyimiz digər qələm sahiblərinin xidmətlərini qətiyyən kiçiltmək fikrində deyilik. Lakin mübaliğəsiz demək olar ki, çağdaş ədəbi prosesdə Sumqayıt ədəbi mühitinin özünəməxsus mövqe qazanmasında söz adamları arasında və birincilər sırasında Əşrəf Veysəlli dayanır. Digər tərəfdən onun müxtəlif vaxtlarda “Sosialist Sumqayıtı” qəzeti nəzdində fəaliyyət göstərən bədii şurada, Əli Kərim adına Poeziya klubunda və ədəbiyyatla bağlı digər mədəni-maarif işlərində çalışması, istedadlı gənclərə müntəzəm diqqət və qayğısı ədəbi mühitin inkişafına çox müsbət təsir göstərmişdir. Elə buna görədir ki, istər onun poeziyası, istərsə də publisistik yazıları həmişə birnəfəsə oxunub, oxucu heç vaxt “yoruldum” deməyib. Ədibin ilk qələm təcrübələrindən tutmuş bu günə qədər yazdığı əsərlərdə kövrək qəlbli bir insanın duyub düşündükləri elə həssaslıqla poetik şəkildə biçimlənir ki, hətta onun satirik və yumoristik məzmunlu şeirlərində də kövrək bir qəlbin döyüntüləri özünü hiss etdirir. Bu, onun poetik üslubunu, fərdi sənət keyfiyyətlərini müəyyənləşdirən ən önəmli göstəricidir. Bir məqalədə Əşrəf Veysəlli yaradıcılığının bütün təfərrüatları barədə söz demək, fikir yürütmək, əlbəttə, mümkün deyildir. Lakin biz şairin poeziyasının mövzu dairəsini, ədəbi-estetik istiqamətlərini yığcam şəkildə ümumiləşdirməklə onun yaradıcılığının müəyyən xüsusiyyətlərini səciyyələndirə bilərik.

Keçən əsrin 50-ci illərindən başlayaraq bu günə kimi Sumqayıta həsr olunmuş şeir və poemaların demək olar ki, əksəriyyətində şəhəri tikib yaradanların qadir əməyinin, Sumqayıtın əzəmət və gözəlliyinin təsvir və tərənnümü əsas yer tutur. Ə. Veysəllinin “Bənna dostuma məktublar” (1969) şeirini oxuyanda ilk baxışda adama elə gəlir ki, müəllif burada Sumqayıt fəhləsinin, ağır zəhmətə qatlaşan bənnanın obrazını yaratmaq istəmişdir. Lakin misraların sonrakı axarı oxucunu bu fikirdən daşındırır. “Dalğanın evi dəniz”, “ceyranın düzlər”, “tərlanın dağlar” olduğunu obrazlı şəkildə ifadə edən şair “taleyi, arzusu nura boyanan şəhərdə” minlərlə insanın çəkdiyi iztirabları, evsizlik dərdini dilə gətirir:

Mən evsiz qalmışam,
nədəndir, ey dost,
Məgər dəmirəm mən,
məgər daşam mən.
Ev - elə bir kiçik vətəndir, ey dost,
Deməli, vətənsiz vətəndaşam mən.

“Görəsən evsiz də insan olarmı?”, “sahildə, küçədə yatıb gecələyənlər” və sair kimi obrazlı ifadələr, “xoşbəxt cəmiyyətin”, “ədalətli quruluşun” görünməyən tərəflərini əks etdirir. Şair evsizlik dərdini dağılan ailələrin, xoşbəxt ola bilməyən insanların taleyi kimi mənalandırır. Müəllifin sənətkarlıq məharəti bundadır ki, o, evsizliyi adi məişət qayğısından cəmiyyətin qlobal problemi səviyyəsinə yüksəldir. Lirik qəhrəmanın vəhdət təşkil edən sərt və kövrək monoloqunda dərin bir ümumiləşdirmə vardır, bu ümumiləşdirmə fəlsəfi-estetik səciyyəsi ilə şeirin bədii siqlətini, sosial emosiyaları daha da gücləndirir:

Hardasa hələ də şəhərlər yanır,
Hardasa hələ də evsizik bu gün.
XX əsrlə necə dolanır,
Necə yola gedir evsizlik bu gün?!..

Bənddəki bədii sual və təzadlar, anafora və inversiyalar sosial ağrıları yeni çalarlarla zənginləşdirir.
Ədəbi mühitin bütün mərhələlərində gərgin yaradıcılıq axtarışları və poetik tapıntıları ilə seçilən Əşrəf Veysəllinin poeziyasında müharibənin insanlığa gətirdiyi bəlalar, bəşəri fəlakətlər şikəst bir döyüşçünün simasında maraqlı və yaddaqalan detallarla təsvir olunmuşdur. “Toyda bir qız oynayır” şeirində şair gözəlliyi ilə hamını məftun edən bir qızı təsvir edir. Şəlalə hörüklü, qara gözlü bu el gözəli rəqs etdikcə musiqiçilər də özlərini unudur, tarçı “canından çox sevdiyi musiqi alətini onun şümşad ayaqlarının altına atmaq istəyir”.
Süjetli lirikanın gözəl nümunələrindən olan bu şeirdə təbiətin özünü də heyrətə salan bu qız qəflətən əsərin lirik qəhrəmanının - keçmiş döyüşçünün qarşısında dayanıb onu rəqsə dəvət edir. Bu ana qədər sevincindən yerə-göyə sığmayan lirik qəhrəman dərin kədərə qərq olur, qıza deyə bilmir ki, mən oynaya bilmərəm, çünki “ayaqları ölüdür, geydiyi protezdir”. Müharibədən çox-çox sonra keçirilən bu el şənliyində toyun doğurduğu sevinclə qanlı döyüşlərin ağrı-acılarının arasındakı təzad müəllifin əsas qayəsinin poetik siqlətini ifadə edir. Ağır döyüşlərin birində yaralanıb qospitalda gözünü açan bu igid döyüşçünün yalnız ayaqları zədələnməmişdir, “onun gəzəcəyi yerlər, keçdiyi yollar da güllələnmiş, oynamaq istədiyi havalara, bəstələrə, hisslərə” düşmən gülləsi dəymişdir. Kədər və qüssə dolu bu hadisəni şair bəşəriyyətin tragik taleyi kimi mənalandırır. Müharibə insanları yalnız şikəst, ya da həyatdan məhrum etmir, onların mənəvi hisslərinə, humanist duyğularına, istedadına da zərbə endirir:

Bir vədə görmüşəm ki,
Boyum da qısalıbdır,
Boyuma güllə dəyib.
Sən demə cəbhələrdə
Oyunuma, havama,
Toyuma güllə dəyib.

Maraqlıdır ki, “boy”, “şəkil”, “toy”, “doğum günü”, “pencək” və sair kimi anlayışlar qeyri-standart poetik səciyyəsi ilə müharibə fəlakətlərinin qabarıq ifadəsinə çevrilir.

“Toyda bir qız oynayır” şeirində milli-estetik gözəlliklə müharibənin çirkin və eybəcər siması sənətkarlıqla qarşılaşdırılır. Lirik qəhrəman çəkdiyi mənəvi iztirablara, ağrı və məhrumiyyətlərə baxmayaraq, gözəlliyə təslim olur, mənəvi-əxlaqi dəyərlər onun humanist qəlbini ümid işığı ilə doldurur, yaşamaq eşqini daha da gücləndirir:

Dadıma çat, ay zaman,
İtənləri tap gətir.
Gəncliyim qar altında
Ərisə də, götür gəl!
Ayağım yer altında
Çürüsə də, götür gəl!

Lirik “mən”in bu arzusu “dünyanı gözəllik xilas edəcək” ideyasını Ə. Veysəllinin yaradıcılıq üslubuna məxsus poetik deyimlərdə bir daha təsdiqləyir.

Şairin “Poçtalyon qız” (1976), “Söyüdlər ağlayanda” (1989), “Təndir” (1979) və sair şeirlərinə də eyni keyfiyyət xasdır. Xüsusilə, “Təndir” şeirində arxa cəbhədə insanların çəkdikləri əziyyətlər, müharibənin gətirdiyi aclıq və ehtiyac obrazlı misraların axarında sənətkarlıqla ifadə olunmuşdur. Bolluq və bərəkət, əmin-amanlıq rəmzi olan təndir “qırx birdən qırx beşə az yansa da”, “vətənin beş əsgərini əjdahanın - aclığın əlindən almışdır”. Müəllif müharibə dövründə kənddə hökm sürən qıtlıq və aclığı, özünün uşaqlıqda çəkdiyi məhrumiyyətləri canlı xalq danışıq dilindən gələn zəngin məzmunlu metafora ilə bədiiləşdirmişdir:

Təndir bir qarnı tox, bir qarnı da ac,
Qızara-qızara saxlardı bizi.

Böyük Vətən müharibəsində milyonlarla insan həyatını itirdi. Maddi və mənəvi itkilərin miqyası bəşər tarixində indiyədək görünməmiş ölçülərlə müəyyən olunur. Bu itkilər yalnız faşist Almaniyası ilə keçmiş SSRİ arasında gedən müharibənin törətdiyi faciələr deyildi. Bu, həm də bəşəriyyətin faciəsi, bəşəri sivilizasiyaya vurulan qanlı zərbələr idi. Buna görə də Böyük Vətən müharibəsi mövzusu aradan onilliklər keçməsinə baxmayaraq, ciddi və aktual problem kimi ədəbi prosesin əsas mövzularından biri olaraq qalır. Sumqayıt ədəbi mühitində fəaliyyət göstərən şairlərin, o cümlədən, Əşrəf Veysəllinin poeziyasında bu mövzu milli və bəşəri səciyyəsi ilə seçilir. Bu səciyyə daha çox özünüdərk və lirik-psixoloji təhlilin zənginliyi ilə xarakterizə oluna bilər.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatında olduğu kimi, Sumqayıt ədəbi mühitində də müharibə mövzusu 1990-cı ildən bu günə qədər Qarabağ müharibəsinin təməlində dayanır və bununla əlaqədar olaraq yüzlərlə əsər yaranmışdır.

Bu mövzu Ə. Veysəllinin istər poetik, istərsə də publisistik yaradıcılığında ayrıca bir mərhələ təşkil edir. Bu, bir tərəfdən çağdaş ədəbi prosesin ümumi ahəngi və yaşadığımız dövrün ağrı-acıları ilə bağlıdırsa, digər tərəfdən şairin özünün şəxsi taleyi, fərdi yaşantıları ilə əlaqədar olub onun duyğu və düşüncələrinin bədii təcəssümüdür.

Doğma yurdun erməni işğalçıları tərəfindən əsarətdə qalması, “siyasət oyununda mat qalan Qarabağın” göynəyən yaraları onun şeirlərinin dərd yüklü misralarında elə kövrəkliklə ifadə olunur ki, oxucu da bu kövrək duyğuların içində nicat yolu axtaran şairin harayına qoşulur:

Atamın çağrışında,
Anamın göz yaşında,
A bağrımın başında,
Çat olan Qara bağım.

“Boş beşiyin laylası” şeirində körpəsi diri-diri yandırılan gənc ananın iztirab dolu monoloqu qanlı cinayətlər törədən erməni vandalizminə qarşı ittiham kimi səslənir. Bu şeiri oxuyandan sonra gözəlliyə Tanrı kimi baxan Cavidin “sürüklənən bəşəriyyət qadınla yüksələcək” kəlamı sanki güllə yağmuruna tutulub param-parça olur. Oxucu, şəxsən bu sətirlərin müəllifi inana bilmir ki, erməni olan yerdə həqiqətən “surüklənən bəşəriyyət qadınla yüksələ” biləcəkmi?!

Əvvəldə qeyd etdiyimiz kimi, şairin tənqidi ruhlu şeirlərində də bir həzinlik və kövrəklik duyulur. “Oynayırıq” şeirində həmin xüsusiyyət aydın görünür. Bu şeirdə müəllif “protez” ifadəsini tamamilə başqa bir məqamda acı kinayə ilə işlədir. Biganəlik, milli dərdlərə laqeyd münasibət istehzalı gülüşlə təzadlı deyimlərin biçimində təsvir və tənqid edilir:

Torpaq gedib, oynayırıq,
Papaq gedib, oynayırıq.
Bir də baxıb görürük ki,
Geydiyimiz protezdir,
Ayaq gedib, oynayırıq.

Bütün sənətkarların yaradıcılığında əbədi bir mövzu olan sevgi, məhəbbət hissləri Əşrəf Veysəllinin poeziyasının da mühüm bir istiqamətini təşkil edir. “Sevgi şeirləri yazıram hələ” - deyən müəllifin qələmə aldığı könül duyğuları, incə hisslər, gözəlliyə məftunluq poetik biçimli misraların axarında sirli-sehirli sevgi dünyasının unudulmaz cazibəsini oxucuya bəxş edir:

Layiqdir ki, o gül əllər gül dərə,
Könlüm qonar o dərdiyi güllərə,
Sevə-sevə bəslədiyi güllərə,
Ürəyimin dibçək olan vaxtıdır.

Lirik “mən”in mənəvi etirafları, ayrılığın doğurduğu iztirablar, vüsal həsrəti, bir sözlə, bakirə bir sevginin əlçatmaz gözəlliklərinin bədii ifadəsi olduqca səmimi təsir bağışlayır. Onu da qeyd edim ki, bu cür səmimiyyət Ə. Veysəlli poeziyasının ən ümdə və özünəməxsus sənət kredosunu müəyyənləşdirir. Elə buna görədir ki, sevgi, məhəbbət anlayışı onun yaradıcılığında öz humanist mahiyyəti ilə ədəbi-estetik bir ideala çevrilib daha geniş məzmun qazanır. Bu məqamda şair ulu Tanrının bəxş etdiyi bitib-tükənməz gözəlliklərə bir filosof gözü ilə baxır. Dünyaya, təbiətə vurğunluq, həssas bir qəlbin duyduqları fəlsəfi düşüncələrlə birləşib poetik harmoniya yaradaraq özünüdərkin özünəməxsus cəhətlərini nümayiş etdirir:

Gün düşür çöllərin qar sinəsinə,
Sular işım-işım işıldayırdı.
Sanki ulu Tanrı yer kürəsinə,
“Sevirəm” sözünü pıçıldayırdı.

İki bəndlik bu şeirdə şair səhərin açılmasını elə həssaslıqla, dərin sevgi ilə təsvir edir ki, insan “təzə pardaxlanmış çiçək kimi dünyanın” əzəməti qarşısında heyrətə düşür, yaşayıb-yaratmağın gözəlliyini sanki yenidən dərk edir.

Ümumiyyətlə, sadəlik və səmimilik, müasirlik, nikbinlik və özünüdərk hissləri, milli-mənəvi köklərə bağlılıq və digər keyfiyyətlər Əşrəf Veysəlli yaradıcılığının başlıca cəhətlərini müəyyənləşdirir. Başqa sözlə, diqqətə çəkdiyimiz və çəkə bilmədiyimiz digər ədəbi-fəlsəfi, bədii-estetik ölçülərdə Ə. Veysəllinin özü və sözü, şəxsiyyəti və poeziyası təzahür edir. Bu ölçülər öz kökləri ilə şairi ümumtürk ədəbi-mədəni düşüncəsinə bağlayaraq yüz illərdən süzülüb gələn sənət ənənəsini yeni poetik tapıntılarda, bənzərsiz deyimlərdə nümayiş etdirir:

Salam bu köhnə dünyaya,
Təzə gələn şairlərə.
Söz qanıb-mətləb anlayan,
Qədirbilən şairlərə.

Bir nəfəsə min ah çəkən,
Hər sözünə sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.

Əriyib sözə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.

“Salam” (2011) adlı bu üç bəndlik gəraylı fəlsəfi-ürfani, ideya - bədii xüsusiyyətləri ilə Yunis İmrə ruhunu xatırladır.

Əşrəf Veysəlli poeziyasında necədirsə, publisistik yaradıcılığında da eynilədir: sadə və səmimi, sünilikdən uzaq, yaşayıb-yaratmağın vurğunu. Onun “Atamın qonağı ola bilmədim”, “Xatirələrdən boylanan Vaqif”, “Ürəyi özündən boyük olan dost”, “Hacı Agəddin Mansurzadənin son sözləri”, “Qarabağda talan var” və digər publisistik məqalələri həyati detalların tipikliyi, təhkiyənin axıcılığı və ən başlıcası, poetik örnəklərlə bədiiləşən təsvirlərin özünəməxsusluğu ilə diqqəti cəlb edir. Həcmindən, mövzusundan asılı olmayaraq Ə.Veysəllinin bütün publisistik yazılarında yüksək vətəndaşlıq yanğısı, dosta sədaqət, yurd sevgisi, mənəvi saflıq, xeyirxahlıq və s. kimi insani keyfiyyətlər qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə, qələm dostları Feyzi Mustafa, Vaqif İbrahim, Ağəddin Mansurzadə haqqında yaratdığı portret-oçerklər Əşrəf Veysəllini bir şəxsiyyət və sənətkar kimi oxucu gözündə ucaldır. Bu yazılarda fəxrlə “Mən Azərbaycanlıyam!” - söyləməyə haqqı olan bir insanın qranit xarakterinin milli-mənəvi cizgiləri bütün aydınlığı ilə görünür. Bu, şair taleyinə açılan qapıdır ki, o xoşbəxtlik qapısından birinci olaraq Əşrəf Veysəllinin özü daxil olmuşdur və bu qapı heç vaxt örtülmür, hamının üzünə açıqdır.

Ömrünün səksəninci baharını yaşayan Əşrəf Veysəlli yaradıcılığının müəyyən mərhələlərini nəzərdən keçirməklə onun şeirə-sənətə yüksək sədaqət və sevgisinin bir daha şahidi olduq. Elə bu sevgi və sədaqət işığında o, yeni-yeni yaradıcılıq uğurları ilə oxucuların görüşünə gəlir, özünün və sözünün gəncliyini içində yaşada-yaşada gəncləşir.

 





05.03.2018    çap et  çap et