525.Az

Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln


 

Amerikanın xilaskar peyğəmbəri - <b style="color:red">Abraham Linkoln</b>

(Əvvəli ötən şənbə sayımızda)

Fort Samter və Vətəndaş müharibəsinin başlanması

Vəzifəsinə başladıqdan az sonra Linkoln Samter qarnizonundan mesaj aldı ki, ərzaqla təmin olunmasalar və ya köçürülməsələr, qısa müddətdə acından öləcəklər. Linkoln hərəkət etməyi bir aylıq müddətə təxirə saldı. Ona bu məsələ barədə bir-birinə zidd olan məsləhətlər verilirdi.

Linkoln düşünürdü ki, əgər müharibə başlasa, təbii olaraq orduları qaldırmaq, gəmilər qayırmaq lazım gələcəkdir. Vahid ölkədə birləşmək prinsipi, həm də əgər ABŞ Fransa və İspaniya ilə müharibəyə girsə, bütün amerikalılara öz təsirini göstərəcəkdir.

Qoca Eyb dərc etdirdiyi proklamasiyada Virciniya da daxil olmaqla bütün ştatları ona qoşun göndərməyə çağırdı. Bəziləri isə buna gülürdü, əgər Merilend Birlikdən getsə, hökumət Vaşinqtonu tərk etməli olacaqdı. Əgər paytaxt qiyamçılara uduzulsaydı, Linkolnun impiçmentini tələb edən, həm də bunun uğuruna ümid bəsləyən bir hərəkat başlayacaqdı. Əgər Linkoln vəzifədən getsəydi, hakimiyyəti Syuard ələ keçirəcəkdi. Paytaxt da Harrisburqdan şimalda olan bir yerə köçürüləcəkdi. Beləliklə, Şimali Amerika Respublikasındakı xaosu heç bir yolla dayandırmaq mümkün olmayacaqdı.

General Skott, Dövlət katibi Syuard və digərləri ona təlqin edirdilər ki, fort tərk edilsin. Syuard başa düşürdü ki, faktiki olaraq fortdan əl çəkiləcəkdir. Digər tərəfdən, Respublikaçıların çoxu təkid edirdi ki, hansısa bir zəiflik göstərilsə, bu, partiyaya və Birliyə bədbəxtlik gətirəcəkdir. Nəticədə Linkoln iki yüngül ekspedisiya hazırlamağa göstəriş verdi, onlardan biri Fort Samter, digəri isə Floridadakı Fort Pikvis üçün idi. O, Samter fortunu yalnız ərzaqla təmin etmək sahəsindəki öz cəhdini Cənubi Karolina qubernatoruna da bildirdi.

Linkolnun ekspedisiyası gələnə qədər Konfederat hökuməti mayor Andersondan tələb etdi ki, qarnizon fortdan çıxsın, o isə bunu rədd etdi. 12 aprel 1861-ci ildə sübhçağı Konfederat batareyaları limana atəş açdı. 4 iyulda Linkoln Konqresslə görüşəndə, bunu hökumətə qarşı hücum kimi qiymətləndirib, “silahlı münaqişənin başlandığını” bildirdi. Konfederat nümayəndələri isə özlərinin atəş açmalarına baxmayaraq, Linkolnun özünü əsl təcavüzkar kimi ittiham etdilər.

Linkoln Birliyi qoruyub saxlamaqda qətiyyətli idi. O, Konfederata qarşı dayanmalı idi və belə nəticəyə gəldi ki, Samterdə də dayanış gətirmək lazımdır.

Linkoln bundan əvvəl uzun müddət Nümayəndələr Palatasının üzvü olmuş qoca Franklin Blerlə söhbət edəndə o, Prezidentə demişdi ki, sən Fort Samteri axıra qədər əldə saxlamalısan. Sən ona ərzaqla kömək edəndə, qiyamçılar atəş açacaqlar. O vaxt sən güc vasitəsilə Birliyi bərpa etmək hüququna malik olacaqsan. Qoca siyasətçi hər şeyi əvvəlcədən düzgün təsəvvür etmişdi və bildirmişdi:

- Mister Prezident, qalib niyə və necə udduğunu və ya özünün təcavüzkar olub-olmadığını izah etməyə heç vaxt ehtiyac duymur.

Prezident cavabında ona dedi ki, mən azlığın prezidentiyəm. İndi mən düşünməliyəm ki, bu azlıq məni necə seçmişdir. Kanada və Meksika sərhədləri arasında yalnız mən tam hüquqlu prezidentəm. Syuardı və Çeyzi seçicilər ona görə rədd etdilər ki, ictimaiyyət onları düz və ya səhv olaraq bir abolyutsionist, müharibəyə can atan adamlar kimi gördü. Ona görə də partiya və sonra millət mənə tərəf döndü. Kentukkidən, qul sahiblərindən tutmuş, sərhəd ştatlarında olan adamlara qədər - mənim arvadım da Kentukkidəndir - hamı deyirdi ki, o, (Linkon özünü nəzərdə tuturdu) quldarlığın genişlənməsinə imkan verməyəcəkdir. Lakin həm də quldarlığın inkişaf etdiyi ştatlarda onun ləğv edilməsi üçün hakimiyyətə malik olmayacaqdır. Məhz bu ümidlə onlar mənə səs verdilər ki, mən öz dediklərimə əməl edəcəyəm və sülhü qoruyub saxlayacağam.

Ancaq bunu da xatırlatmaq olardı ki, üç il əvvəl Linkoln Senat üzvlüyünə namizəd olanda demişdi ki, “mən inanıram ki, bu hökumət yarıqul və yarıazad olmağa daim dözə bilməz”. Linkoln indi bu fikrini onunla izah edirdi ki, mən hələ irəlini görmürdüm. Gözləmirdim ki, ev yıxılacaqdır. Bu, o demək idi ki, o, Birliyin parçalanmasını gözləmirmiş.

Linkoln Blerin böyük təcrübəsinə işarə edərək ona dedi:

- Siz o adamlardan birisiniz və düşünürsünüz ki, mən Friportda hakimə qurduğum tələyə o da düşmüşdür.

Prezident Duqlasla olan debatını nəzərdə tuturdu. Bir qədər sonra Linkoln yaxınlaşan daha ciddi təhlükəni və reallığı görməyi bacardı və Çeyzə demişdi ki, əgər biz Fort Samterə əlavə kömək göndərsək, mütləq müharibə olacaqdır.

Fort Samter yaxınlığında baş verən hadisə Cənubda da, Şimala bərabər bir effekt yaratdı. Cənub da Şimala qarşı birləşdi. Bir ay tərəddüd etmiş 4 qul ştatı ayrılmaq haqqında dekret verdi.

Ağ Evin qırmızı otağındakı iclasda Linkoln cibindən bir sənəd çıxarıb dedi:

- Mən istəyirəm ki, siz bəzi şeyləri eşidəsiniz. Bu, Proklamasiyadır. (Həmin sənəd sonralar 13 aprel Proklamasiyası kimi məşhurlaşdı).

Mən əsas maddələri oxuyacağam. Karolina, Corciya, Alabama, Florida, Missisipi və Luizianadakı elementlər qanunun icra edilməsinə maneçilik törətdiklərinə görə onların məhkum edilməsi ilə sənədi başlayacağam. “Execution” sözü ingilis dilində həm icra etmək mənasını verdiyi kimi, həm də “edam etmək” mənasında işlədildiyindən, senator Duqlas bu sözü eşitdikdə diksindi. Duqlasın qanunun icra edilməsi barədəki sualına Linkoln cavab verdi ki, bəli, hakim, bu and mənim bastionumdur (qalamdır), mənim qalxanım və mənim “qılıncımdır”. Mən Birliyi qoruyub saxlamağı, mühafizə və müdafiə etməyi onlara bəyan edəndə, onların artıq heç bir seçimi yox idi.

Duqlas deyəndə ki, Virciniya da Birlikdən çıxır, bəs Merilend necə? Linkoln buna cavab verdi ki, o, Merilendi güc tətbiq etməklə saxlamağa hazırlıq görmüşdür. Mən bunu bacarmasam, biz bu şəhəri (Kolumbiya mahalında yerləşən Vaşinqtonu nəzərdə tuturdu) itirəcəyik. Merilendin qubernatoru bizimlədir. Kentukkinin qubernatoru isə ayrılmağın xeyrinə iş aparır. Bizim qəhrəmanımız mayor Anderson da kentukkilidir. Mayor Fortu dünən rəsmi olaraq Birləşmiş Ştatlar ordusunun himayəsinə qaytarmışdır.

Duqlas Linkolna dedi:

- Sənin mənə Friportda qazdığın dərin qəbirdən sonra - və mən mister Devisə bənzəmirəm, heç də lənətə gəlmiş səfeh də deyiləm, - şübhələnirəm ki, sən manevr edirsən. Müharibə gələcəkdir, mister Prezident.

Linkoln buna belə cavab verdi:

- Bəli, o, artıq gəlmişdir.

Duqlas:

- Beləliklə, sən indi respublikanı yenidən yaratmaq üçün heç bir şansa malik deyilsən.

Linkoln həmsöhbətinə diqqətlə nəzər yetirib dedi:

- Sənin şirin və qartalın millətin hansısa əcdadının izi ilə getməyə dözə bilməz. Sənin böyük adamın “fərqlənmək üçün susuzluqdan yanır, alovlanır”. Və güman ki, o, buna nail olacaqdır. Lakin qulların azad olunması hesabına və ya azad adamları qula çevirmək hesabına. Mən çıxışımı da belə bir ümidlə bitirdim ki, biz Corc Vaşinqtona qayıdacağıq və heç vaxt onun prinsiplərini pozmayacağıq. Mən görəcəyəm ki, biz Respublikaçılarıq, sizin hamınız isə Demokratsınız. Mən baniləri təqlid etməyə əks ola bilmərəm.

Sonra o, narazılıqla Duqlasa dedi:

- Eh, hakim! Belə də davam elə və sən, həqiqətən də, şirin nərə çəkməsini eşidəcəksən.

Cənubun liderləri də başlanğıcda müharibə variantını gözləmirdilər. Onlar fikirləşirdilər ki, ölkəni vətəndaş müharibəsinə deyil, Konstitusiya böhranına gətirib çıxaracaqlar. Lakin Samterdə top atəşlərinin səsi eşidildikdə, bu atəşi cənublular atmışdılar, yeni niyyətlər meydana çıxdı və coşan ehtiraslar bütün ölkəni bürüdü.

11 ştat ayrıldıqda parçalanma prosesi dayandı. Konfederasiyanın qalan 4 qul ştatını - Delaveri, Merilendi, Kentukki və Missurini öz tərəfinə çəkmək cəhdləri isə fayda vermədi.

Beləliklə, Şimal 23 ştatdan, Cənub isə 11 ştatdan ibarət olmaqla, özlərinin yeni mövcudluğuna başladılar. Şimalın əhalisi 22 milyondan çox idi, ayrılan ştatların əhalisi isə 9 milyon nəfərə qədər idi. Bir sıra amillər nəzərə alındıqda Şimalın qalib gəlməsi ehtimalı daha böyük idi.

Fort Samterdəki atəş əvvəldən gözlənildiyi kimi, azad ştatların ərazilərində vətənpərvərlik canlanması yaratdı. Şimalın bir müsbət cəhəti də onun xarici əlaqələrinə əsaslanırdı. Böyük Avropa dövlətlərindən təkcə biri Cənubu tanısaydı, Linkolnun elan etdiyi Cənub limanlarının blokadası bir andaca dağılardı. Linkoln administrasiyası diplomatik işi məharətlə aparırdı.

Linkolnun ilkin niyyəti nə müharibə başlanmasına provokasiya etmək, nə də sülhü dəstəkləmək idi. Birliyi qoruyub saxlamaq üçün o, hər şeyə hazır idi, hətta sülhü qorumağa da şad olacaqdı. Lakin həm də yalnız qısa müddətdə davam edəcəyini güman etdiyi müharibəni başlamağa da risk etməyə hazır idi. Cənub limanlarının blokada olunmasını bəyan etməsi onun mühüm qətiyyətli addımlarından biri idi. Bundan əvvəl isə qoşun toplamaq barədə ştat qubernatorlarına çağırış etmişdi. O, strateji plana və orduya başçılıq etmək üçün komanda sisteminə malik olmağa hələ də ehtiyac duyurdu.

General Skott ona bir neçə yaxşı məsləhət vermişdi. O, təklif etmişdi ki, Virciniyadakı Konfederat qoşunları ilə döyüşə girilməsin, Missuri çayı üzərində nəzarət ələ keçirilsin və Cənubu sıxışdırmaq üçün blokada daha da möhkəmləndirilsin. Lakin Linkoln Skottun müqayisəli qaydada passiv və qan tökülməməsini nəzərdə tutan “Anakonda” planına az etibar edirdi. O, başa düşürdü ki, müharibə əgər qalib gəlmək üçün aparılırsa, aktiv vuruşmalardan keçməlidir. Ona görə də Skottun ideyasına düzəliş edib, Virciniya cəbhəsində birbaşa irəliləməyə göstəriş verdi, lakin onun niyyəti baş tutmadı, döyüş məğlubiyyətlə nəticələndi, Federal qüvvələrin 21 iyul 1861-ci ildə Bull Randa (Öküz qaçışı) darmadağın edilməsi ilə başa çatdı.

Ordunun müxtəlif yerlərdə irəliləməsi, yunionistləri dəstəkləmək və onların köməyindən istifadə etmək barəsindəki planı ona əsaslanırdı ki, Şimal sayca böyük qüvvəyə malikdir, düşmənin isə üstünlüyü qüvvələrini mərkəzləşdirməkdə böyük bacarığa malik olması idi və bundan ilkin dövrlərdə səmərəli istifadə edirdi. Şimal düşmənə artıq qüvvə ilə müxtəlif cəhətlərdən eyni bir vaxtda təhlükə törətməli idi. Dəniz donanmasının blokadası ilə birlikdə bu, Linkoln strategiyasının mahiyyətini təşkil edirdi.

Müharibə Prezidenti hərb elmini öyrənməyə məcbur etmişdi. O, demək olar ki, hər gün Konqressin kitabxanasına adam göndərir, oradan ona oxumaq üçün lazım olan kitablar gətirilirdi. O, belə qərara gəlmişdi ki, müharibə heç də siyasətdən fərqli deyildir. Bunu məhz məşhur alman hərb nəzəriyyəçisi Karl fon Klauzevits demişdi: “Müharibə başqa vasitələrlə aparılan siyasətdir”.

Ağ evin Kabinet otağında müşavirə gedirdi. Müdafiə naziri Kemeron prezidentin sualına cavab verdi:

- Biz bütövlükdə orduda, müxtəlif məşq səviyyələrində 310 min adama malikik, bu, dünyanın ən böyük ordusu deməkdir.

Əsgərlərin çoxu könüllülər idi və azacıq ixtisasa sahib olan zabitlər onları dövrün həqiqi ordusuna çevirirdi.

(Ardı var)

 





05.03.2018    çap et  çap et