525.Az

Azərbaycan Xalq Cümhuriyyəti və əlifba məsələləri


 

“SON TÜRK ƏLİFBASI” CÜMHURİYYƏTİN TƏŞƏBBÜSÜ KİMİ

Azərbaycan Xalq Cümhuriyyəti və əlifba məsələləri<b style="color:red"></b>

Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti (28 may 1918) istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdi.

Cümhuriyyətinin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük və əhəmiyyətli izlər buraxmışdı. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımları Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər kimi qiymətləndirmək olar. Siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.

Dövlətin mühüm atributlarından biri olan dövlət dili və əlifba məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Yenicə yaranmış Cümhuriyyət cəmi bir ay sonra 27 iyun 1918-ci il tarixli qərarı ilə o zaman türk dilini dövlət lisani türki adlanan Azərbaycan dilini dövlət dili elan etdi.

Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklorativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə olunurdu.

Qeyd etdiyimiz kimi, Cümhuriyyət höküməti qısa zaman kəsiyində dil, tədris və təhsillə bağlı bir çox qərarlar qəbul etmişdi. Azərbaycanda XIX əsrin sonlarında M.F.Axundovla başlayan ərəb əlifbasının islah edilməsi, yeni əlifbanın (latın) qəbulu kimi məsələlər XX əsrin əvvəllərində də aktuallığını saxlamaqda idi. Ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri Cümhuriyyət dövründə də çox qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasında latın əlifbasına keçirilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal yenə də Fərhad Ağazadə olmuşdur.

F.Ağazadə həmin dövr mətbuat səhifələrində tez-tez əlifba ilə bağlı məqalələrlə çıxış edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında məlumatlar verir, əlifba məsələsini mətbuatın diqqət mərkəzində saxlayırdı. Artıq əlifba məsələsinin kifayət qədər müzakirə obyektinə çevrildiyini görən hökümət məsələyə müdaxilə edir və 21 mart 1919-cu ildə hökümətin nümayəndəsi Xudadat bəy Məlik Aslanovun məruzəsi dinlənilir və nəticə olaraq 427 saylı “Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması haqqında” Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı qəbul edilir. Qərarda Xudadat bəy Məlik Aslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması xalq maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq xalq maarifi naziri yanında xüsusi komissiya yaradılır.

Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt müəyyən səbəblərdən (böyük ehtimal xəstəliyinə görə) komissiyanın iclaslarında iştirak edə bilmir. Buna baxmayaraq, F.Ağazadə öz fikirlərini “Azərbaycan” qəzetinin 1919-cu il 276, 278, 281, 294, 296 və 302-ci nömrələrində çap etdirdiyi “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində bildirir. O, bu yazılarında ərəb əlifbasının faydasızlığını sübut edir və inkişaf nail olmaq üçün latın əlifbasına keçidin yeganə düzgün yol olduğunu ciddi dəlillərlə əsaslandırır.

Hökümət tərəfindən yaradılan komissiyada 3 layihəyə baxılır. Bunlar: Abdulla bəy Əfəndizadənin, biri Məhəmməd ağa Şaxtaxtlının, biri də Abdulla Tağızadə ilə Mir Əbdüləziz Seyidovun birlikdə təqdim etdikləri layihələr idi.

Uzun müddət davam edəm müzakirələrdən sonra Abdulla bəy Əfəndizadənin layihəsi qəbul edilir və onun “Son türk əlifbası” adı ilə çapına icazə verilir. Layihənin ölkə miqyasında tətbiq edilməsi üçün parlamentə müraciət edilir. Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyət çevrilişi baş verir və layihə tətbiq olunmur.

Beləliklə, “Son türk əlifbası” tətbiq olunmamış qalır. Bu haqda Fərhad Ağazadə yazır: “Abdulla bəyin əsəri olan “Son Türk əlifbası” həm ərəb, həm də latın hərfləri ilə çap edilib ortalığa çıxmışdı isə də, aprel döndərişi səbəbilə məktəbə, məişətə tətbiq edilməyib, boş-boşuna əllərdə qalmışdı”. Təbii ki, bundan sonra müəyyən müddət əlifba məsələsi arxa plana keçir və məsələnin müzakirəsi müvəqqəti olaraq unudulur.

Cümhuriyyət dövründə dil, əlifba, tədrislə bağlı qəbul olunan qərarlar həmin dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Baxmayaraq ki, Cümhuriyyət 23 ay öz mövcudluğunu qoruya bildi, bunun  müqabilində həmin dövrdə qəbul olunan qərarlar sonrakı dövrdə dil və təhsillə bağlı bir çox məsələlərdə öz aktuallığını qoruyub saxladı.

Əsası Cümhuriyyət dövründə qoyulmuş əlifba məsələsində daha sonra praktik addımlar atılmağa başlanılır.

1921-ci ilin dekabr ayından başlayaraq N.Nərimanovun təşəbbüsü ilə, dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı əlifba məsələsində iki cərəyan yarandı. “Latınçılar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini israr edənlər) və “ərəbistlər” (ərəb əlifbasının islahı tərəfdarları). Yanvar ayının 13-də hər iki tərəfdən ayrıca komissiya yaradıldı. “Latınçılar” komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi. Fərhad Ağazadə (sədr), Xudadat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxtlı, Azad Əmirov, Əhməd Pepinov, və Hüseyn İsrafilbəyov. “Latınçılar” komissiyasına Fərhad Ağazadənin sədr seçilməsi onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi olduğunu göstərirdi. O dövrdə Azərbaycanda istifadə olunan ərəb əlifbasına müəyyən dəyişikliklər etməklə bu əlifbanın saxlanılmasının xeyli tərəfdarları olsa da, əlifbanın yeni latın əlifbası ilə əvəz olunmasını yeganə düzgün yol hesab edənlər daha sistemli və əsaslı dəlillər gətirməklə bu mübarizədən qalib çıxdılar.

O zaman “ərəbistlər” aşağıdakı 7 müddəanı ortaya qoyaraq latın əlifbasına keçidə heç bir ehtiyac olmadığını israr edirdilər.

- Hurufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsaydı, sabiqədə ərəblərin və indi də yaponların mədəniyyəti olmazdı. Firənglərin və ingilislərin də imlaları çətindir, fəqət onların da mədəniyyəti bundan müşkülə düşməmişdir.

- Ərəb hurufatının çətinliyindən farslar və ərəblər özləri heç bir şikayət etmirlər.

- Hərgah ərəb hurufatının təbdilinə ehtiyac vardırsa, latın hurufatına nə için tərcih verilsin? Başqası yaramazmı?

- Latın hurufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə gələcəkdir?

- Latın hurufatını camaət qəbul edərmi?

- Latın hurufatını qəbul edib-etməmək məsələsi için Azərbaycan Cümhuriyyəti dar bir yerdir. Yalnız burada qəbul edilərsə, islam millətlərindən ayrılmış qalar.

- Hərgah latın hurufatına ehtiyac vardırsa, bunun qəbulu inqilab yolilə deyil, təkamül yolilə icra etməlidir.

Məhz Fərhad Ağazadə bütün bu suallar üzrə kəsərli dəlillərlə bu fikirlərin səhv olduğunu və latın əlifbasına keçidin ən düzgün və qaçılmaz yol olduğunu sübuta yetirdi və faktik olaraq bundan sonra ərəbistlərin mövqeləri ciddi surətdə zəiflədi.

Bir neçə həftə ərzində keçirilən bu çox vacib müzakirələrin nəticəsi olaraq həm “ərəbistlər”ə, həm də “latınçılar”a öz vahid layihələrini hazırlayıb hökumətə təqdim etmək təklif edildi. “Ərəbistlər” vahid layihə hazırlaya bilmədilər, lakin “latınçılar” bir neçə müzakirələr keçirərək aprel ayında vahid layihə hazırlayıb hökumətə təqdim etdilər və bu layihə hökumət tərəfindən təsdiq edildi.

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi (AYTƏK) təşkil edildi. Komitənin yaradılmasında məqsəd dilimizi, yazı və oxu sistemimizi sadələşdirmək məqsədilə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi prosesini tənzimləmək və həyata keçirmək idi. Komitənin ilk tərkibi 5 nəfərdən ibarət idi. Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov.

Komitənin dəqiq yaranma tarixi, ilk tərkibi, sədrin seçilməsi və bir sıra başqa məsələlərlə bağlı konkret arxiv materiallarına rast gəlmədik, olan materiallar arasında isə xeyli uyğunsuzluqlar var. Müxtəlif mənbələrdə komitənin yaranma tarixi olaraq müxtəlif tarixlər göstərilir. Komitənin keçirdiyi iclasların protokolları da bu tarixlərin hansının doğru, hansının yanlış olduğu haqqında dəqiq mənzərə yaratmır.

Komitənin ilk sədrinin kimliyi haqqında da qarışıq məlumatlar var. Məsələ ilə bağlı dərc olunmuş bütün mənbələrdə komitə sədrinin Səməd Ağamalıoğlu olduğu göstərilsə də, arxiv materialları bü məsələyə tam aydınlıq gətirir. Komitənin 1922-ci ildə müxtəlif təşkilatlarla çoxsaylı yazışma sənədlərindən, o cümlədən, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlunun özünün imzası ilə aparılmış yazışmalardan tam aydın olur ki, 1922-ci ilin noyabr ayının 20-nə qədər komitənin sədri Fərhad Ağazadə olmuş, Səməd Ağamalıoğlu isə komitənin fəxri və siyasi sədri olmuşdur. 1922-ci ilin noyabrın 20-dən etibarən (Fərhad Ağazadənin ayağının təşrih olunması ilə bağlı), sədr vəzifəsini müəyyən müddət Abdulla Tağızadə icra etmiş və təxminən 1923-cü ilin mart ayında Səməd Ağamalıoğlu komitəyə sədr seçilmişdir. Bundan sonra Fərhad Ağazadə komitənin sədr müavini, nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Komitənin yaranmasıyla, yeni əlifba hərəkatı daha sistemli, daha planlı şəkildə həyata keçirilməyə başladı.

AYTƏK-nin 14 iyul 1922-ci ildə Fərhad Ağazədənin sədrliyi ilə keçirilən iclasında Azərbaycanın rayonlarında və Azərbaycandan kənarda komitənin bir sıra yerli təşkilatlarının yaradılması məsələsi müzakirə edilir və çox keçmir ki, komitənin aşağıdakı yerli təşkilatları yaradılır.

1922-ci ildə Şuşada, Qazaxda, Tovuzda, Gəncədə, Şəkidə, Ağdamda, Şəmkirdə, Zaqatalada, Göyçayda, Ağdaşda, Sabirabadda, Salyanda, Şamaxıda, eləcə də Azərbaycandan kənarda Türküstanda, İrəvanda, Tiflisdə, 1923-cü ildə Qubada, Cəbrayılda ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsində bu komitə həlledici rol oynadı və Yeni Türk əlifbasının düzülüşü müəyyənləşdirildi. Bu əlifba qəbul edilərkən təqdim edilən 4 layihədən Abdulla Ta-ğızadə və Mirəziz Seyidovun layihəsi daha çox istifadə edilmişdi (Qalan 2 layihə Abdulla Əfəndizadə və Məhəmməd Şaxtaxtlının layihələri idi). Burada bir məqama diqqət yetirək. 1919-cu ildə Maarif Naziri yanında yaradılan komissiyada müzakirə edilən 3 layihədən biri məhz Abdulla Tağızadə və Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi. Lakin o zaman bu layihə deyil, Abdulla Əfəndizadənin layihəsi əsas olaraq götürülmüşdü. Göründüyü kimi, keçən 2 il ərzində Abdulla Tağızadə və Mirəziz Seyidov hər biri öz layihəsini hazırlamış, “latınçılar” komissiyasında öz layihələrinin əsasən qəbuluna nail ola bilmişdilər. Ümumiyyətlə, latınlaşma uğrunda mübarizə bir hərəkat şəklini aldığı vaxtdan, bu prosesin sonuna qədər bir sıra şəxslər, o cümlədən, Fərhad Ağazadə, Məhəmməd Ağa Şaxtaxtlı, Həmid bəy Şaxtaxtlı, Abdulla Əfəndizadə, Abdulla Tağızadə, Mirəziz Seyidov müxtəlif layihələr təklif etməkdə daha fəal olmuşlar. Adı çəkilənlərdən hər birinin öz əlifba layihəsi olmuşdur.

Aparılan işlər nəticəsində “Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbası ilə bərabərhüquqlu və 1924-cü il 27 iyun tarixli qərarla məcburi və dövlət əlifbası hesab olundu”.

Bundan başqa, Azərbaycan SSR 1925-ci ildə qəbul etdiyi “Yeni türk əlifbası haqqında IV Ümumazərbaycan Sovetlər qurultayının” qərarını qeyd edə bilərik. Yeni türk əlifbası haqqında olan qərarda, 1925/26-cı tədris ilindən bütün 1-ci pilləli məktəblərdə yeni türk əlifbası tətbiq edilsin ki, hər il növbəti qruplara keçdikcə səkkizillik müddətin sonunda, yəni 1932/33-cü tədris ilində, bütün 1-ci, 2-ci pilləli məktəblərdə tədris yeni türk əlifbası üzrə aparılması qeyd olunmuşdu. Yeni əlifbaya keçidin baş tutmadığı qruplarda səkkizillik müddət ərzində tədrisin köhnə əlifba üzrə aparılması da həmin qərarda qeyd olunmuşdu.

Həmin qərarın sonrakı bəndlərində göstərilirdi ki, yeni əlifba üzrə aparılan nəşriyyat işinin gücləndirilməsi üçün bu işlə məşğul olan bütün müəssisələrə öz nəşrlərinin müəyyən faizini (hissəsini) yeni əlifba ilə buraxmaq və bütün mətbəələrə müəyyən miqdarda yeni türk şrifti almaq təklif edilsin. Bundan başqa, qərarın digər bölmələrində Azərbaycan mərkəzi dövlət müəssislərində və qəzalarda dəftərxana işlərinin (kargüzarlığın) yeni əlifba üzrə aparılması məqsədilə dövlət müəssisələri üçün bu əlifbanın öyrənilməsi üzrə kurslar təşkil etmək və digər hazırlıq işlərinin aparılması kimi məsələlərdə də öz əksini tapmışdı.

Həmçinin, qeyd olunan qərarda bütün Azərbaycan türk mətbuatının (nəşriyyat işinin) yeni əlifbaya gələcək keçidi məsələsi və yeni əlifba qarşısında duran mühüm vəzifələri nəzərə alaraq, Azərbaycanın mərkəzində Bakı şəhərində hərftökmə müəssisəsinin təşkil edilməsi kimi məsələlər qeyd olunmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq hakimiyyəti dövründə Azərbaycan (türk) dili ilə bağlı gördüyü işlər və qəbul olunmuş qərarlar həm Cümhuriyyət dövrü üçün, həm də ondan sonrakı dövr üçün çox əhəmiyyətli qərarlar idi. Cümhuriyyət XIX əsrin sonlarından əlifba və dillə bağlı başlayan hərəkatı, bütün prosesləri ümumiləşdirərək dil sahəsində konkret addımlar atmışdı. Əlbəttə, qəbul olunan bu qərarlarda və onları tətbiq edilməsində çatışmazlıqlar görə bilərik, hansı ki, bu da çox təbii idi. Çünki yeni qurulmuş Cümhuriyyətin qarşısında elə ciddi məsələlər var idi ki, qeyd olunan müddət ərzində dillə bağlı nəzərdə tutulan sonrakı qərarlar da yarımçıq qaldı. Bütün bu qeyd etdiklərimizə baxmayaraq, əminliklə deyə bilərik ki, Cümhuriyyətin 23 aylıq mövcudluğu ərzində dil sahəsində gördüyü işlər nəinki həmin dövrdə yalnız Azərbaycanda, hətta bütün türk dünyasında gələcəkdə dillə bağlı yerinə yetirilməli işlə üçün çığır açdı və sonrakı proseslərə öz müsbət təsirini göstərdi. Hətta Cümhuriyyət dövründə qəbul olunan qərarların əhəmiyyətini biz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay zamanı orda müzakirə olunan məsələlərdə də görə bilərik. Məhz 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay zamanı qəbul olunan və bütün türk dünyasında istifadə olunan “Birləşdirilmiş türk əlifbası” adı verilən əlifba məhz A.Əfəndizadənin  “Son türk əlifbası” əsasında hazırlanmışdı. Hətta bu gün həm Azərbaycanda, həm də bütün türk dünyasında (latın əlifbasının istifadə edildiyi-E.İ.) istifadə olunan latın əsaslı əlifba bir neçə işarə fərqi ilə Cümhuriyyət dövründə A.Əfəndizadənin hazırladığı əlifba əsasında tərtib edilmişdi.

 





05.03.2018    çap et  çap et