525.Az

“Nə ömür əbədi, nə həsrət bitən...”


 

AFAQ ŞIXLININ POEZİYASI HAQQINDA DÜŞÜNDÜKLƏRİM

“Nə ömür əbədi, nə həsrət bitən...”<b style="color:red"></b>

Nəsib NƏBİOĞLU
Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı  

Şairə Afaq Şıxlının şeirlərilə ilk tanışlığım bir neçə il əvvəl Moskvada olub. Tədbirlərimizin birində təmkinlə irəli çıxdı və yeni şeirlərini oxudu. Sonra da mənə bir ülvi məhəbbətlə yoğrulan, ətirli dağ çiçəklərindən hörülmüş nəğmə çələnginə bənzəyən “Səni düşünürəm” adlı şeirlər kitabını verdi.

İlk eşitdiyim şeiri məhəbbət mövzusunda yazdığı “Həsrətim” adlanırdı.

Sən məndən aralı, mən səndən uzaq,
Mən səni sevmişəm belə, həsrətim!
Zalım ayrılıqdan nə qədər yazaq?!
Dönmüşəm bir susuz gülə, həsrətim!

Şeiri dinləyərkən nədənsə mənə elə gəldi ki, Afaq təkcə öz hisslərini, duyğularını yox, həm də bizim, eləcə də bütün ətrafımızda olan neçə sevən qəlbin hisslərini, duyğularını poetik ifadə edib.

Afaq Şıxlının şeirlərini oxuduqca, eşq mülkünə ayaq basan aşiqin halına yanırsan, gah yüksələn, gah enən, gah açıq, gah duman içində olan fikirlərinin əlində az qala əsir-yesir olursan. Kimsənin səni anlamayacağını bildiyindən tənha qalmaq istəyirsən, dərdlərinlə baş-başa qalmaq keçir xəyalından, üzünü göylərə çevirib ulu tanrıdan bütün sevənlərə uğur diləyirsən.

Məhəbbət mövzusu Afaqın poeziyasında mühüm yer tutur. Şairənin şeirləri kövrək, incə duyğulardan yoğrulub və sevgi odu ilə ürək dediyimiz bir təndirdə bişib sanki. Onlar neçə il öncənin aşiqlərinin, qaynar gəncliyinin, sevib-sevilmək, xoşbəxt yaşamaq ehtirası ilə alışıb-yanan adamların qarşıdakı ümid dolu günlərinin həzin nəğməsidir. Bu şeirləri dinləyəndə adama elə gəlir ki, dünya çalxalanıb çirkinlikləri kənara atacaq, özün də, duyğuların da saflanacaq və bu duyğular səni həmişə saf və təmiz saxlayacaqdır.

Sən – yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə ötəri naxış deyilsən!
Sən – mənim ömrümün beşinci fəsli,
Nə bahar deyilsən, nə qış deyilsən...

Bu misralarda həyat, sonsuzluq, sevgi, axarlılıq və ümdəsi – yenilik və təravət var.

Afaq Şıxlı şeirlərini həm sərbəst, həm də ənənəvi formada yazır. Belə yazılan hər iki şeir forması mənim üçün əzizdir. Nə yaxşı ki, o hoqqabazlıq etməkdən uzaqdı. Ənənəvi formada yazdığı şeirləri oxuyanda bir daha qənaətə gəlirsən ki, A.Şıxlı ədəbiyyat nəzəriyyəsini gözəl bilir və bu biliyə sökənəklik ona, heca vəznində uğurlu əsərlər yaratmağa imkan verir. Sərbəst şeirlərini oxuyanda isə, bu üslubun gözəlliyinə vurulmaya bilmirsən. Ən başlıcası isə odur ki, onun şeirləri səmimidir. Həsrət inam və ümidə qarışır onun misralarında:

İstəməzdim sevdan adlı bu yuxudan oyanmaq,
Aramızda yavaş-yavaş dan sökülür, deyəsən...
Bu dəfəki ayrılığa asan oldu dayanmaq,
Bu ayrılıq sahilləri niyə mənəm, niyə sən?

 Yaxud: 
Deyir kama yetir bu gün diləklər,
Bizim də arzumuz göyə ərz ola!
Sonunda qovuşa sevən ürəklər...
Tanrıdan bu gecə məni arzula!

 Afaq Şıxlı yaradıcılığında  doğma yurd, doğma ocaq həsrəti, taleyüklü problemlərimizə əsl övladlılıq, ülvi sevginin tərənnümü mühüm yer tutur. Şeirləri, dünyaya gözəl və nikbin baxışların bəhrəsi kimi təravətli və cazibədardır.

Onsuz da qürbətdə yaşadığımdan yamanca kövrəkdi qəlbim. Bir kövrək, bir incə misra tutur məni, uzun-uzadı çalxalayır qəlbimi, həzin, qəmli bir nəğmə kimi ruhumu oxşayır. Bəzən bir söz yuxumu ərşə cəkir, saatlarla özümə gələ bilmirəm. Əslində hər bir şair belə olmalıdır.

Yenə axşam düşüb, qərib bir axşam...
Qərib ürəklərin dolduğu vaxtdı.
Uzaqdan baxana bu – adi yaşam,
İçindən çəkənə – bir qara baxtdı.
 
Ulduzsuz səmanı bürüyübdü sis,
Dolmuş gözlərimə görünmür ay da.
İllərdi gümana aldanırıq biz:
“Bəlkə bu baharda..., bəlkə bu yayda...”

İncə qəlbə malik, təbiət gözəlliklərindən məst olan, çeşmələrin nurunda durulan, ulduzların ətəyindən yapışan, haqqın ardınca baş götürüb qəribliyə üz tutan Afaq xanım, bizim hər birimizi gəncliyimizə, ötən çağlarımıza qaytarır, haraylayıb doğulub boya-başa çatdığımız yurda, kəndə-kəsəyə, müqəddəs torpağımızın ziyarətinə aparir, ümumi dərdlərimizi dilləndirir...

Ay Afaq, dilindən düşməyir Vətən!
Eşqinlə qismətin gələcəkmi tən?
Nə ömür əbədi, nə həsrət bitən...
Qürbətdə puç olan zamana heyif!
lll
İncimirəm, məni yanlış qananlardan,
İncimirəm, həsəd çəkib yananlardan,
İncimirəm, dediyini dananlardan,
Öz dilini,
Millətini,
Vətənini dananlardan inciyirəm!

Tanıdığımdan bəri Afaqın şeirlərindəki duyğuları özümünkü hesab etdim. Bir daha inandım ki, nə qədər ki, insanlıq var, insanlar var sevgi də var olacaq. Onun şeirləri də sevən qəlblərə hakim olacaq, əbədiyaşarlığıyla seviləcək, yaddaşlarda qalacaqdır. Düzdü, hər bir insan kimi şairlərin də ömür yolu var. Özümün ömür yoluma boylananda onun da bircə an olması qənaətinə gəldim... yamanca qısaymış. Lakin Afaqın şeir dünyasıyla tanış olduqda, şairin gümanının gerçəkləşəcəyinə inandım – biz sözlərimizlə yaşayırıq və yaşayacağıq!

Afaq Şıxlı artıq püxtələşmiş şairdir, bədii yaradıcılığıyla həm milli, həm də beynəlxalq ədəbi mühitdə tanınmaqdadır. Onun şeirlərindəki yüksək vətəndaşlıq mövqeyi, ideyalılıq və vətənpərvərlik onun yaradıcılıq yolunu müəyyənləşdirərək, ucalığa səsləməkdədir. Bu il şairə üçün çox məhsuldar və uğurlu il olub: Azərbaycanda, redaktoru və ön söz müəllifi gözəl şairimiz Məmməd İsmayıl olan “Ömrümün beşinci fəsli” adlı yeni şeirlər kitabı və Türkiyədə, istedadlı türk yazarı İmdat Avşar tərəfindən tərcümə edilmiş “Dostlarım, mənə də bahar göndərin!” adlı seçilmiş şeirlərdən ibarət toplusu işıq üzü görüb. Bundan əlavə şairə dəfələrlə müxtəlif şəhərlərdə şeir simpoziumlarında və konfranslarda iştirak edərək uğurlar qazanır və harada olur-olsun Azərbaycanın adını ucaltmaqda davam edir.

Afaq Şıxlının insanı dağ çiçəkləri kimi məst eləyən misralarını hər oxuduqca bu qənaətə gəlirəm ki, o zaman ilk eşitdiyim və sevdiyim “Həsrətim“ şeiri mahir qələmlə nəzmə çəkilmış ulvi duyğularımızdır. İnanıram ki, bundan sonra da, hələ neçə-neçə könül mülkü onun sevgi şeirləri ilə isinəcək. Həsrətdən, hicrandan yorulanları, həsrət içində yaşayanları öz şeirləriylə ümidlə yaşamağa səsləyəcək.

Bu günlərdə ömrünün 44-cü baharını qeyd edən şairəmizə arzum odur ki, Azərbaycan poeziyasında öz səsi, öz sözü olan Afaq Şıxlı parlaq sənət yolu keçsin, ədəbiyyatda, doğulduğu yurda – Azərbaycan poeziyasına nəhəng korifeylər bəxş etmiş Qazax elinə və Şıxlı soyadına layiq yer tutsun. Mən bunun məhz belə də olacağına inanıram! Və şairənin mənə göndərdiyi ən son şeirlərindən birini onun çoxsaylı oxucularına ərmagan etmək istəyirəm:

Bir gün azdırın məni!
İtirin ilim-ilim!
Azadlıq dillərində çalınan nəğmələri
mən də dinləyə bilim!
Məni elə azdırın
bilinməsin ünvanım.
Bəzi xoşbəxtlər kimi gecə rahat uyuyub,
sabah sakit oyanım!
 
Yer tapmıram özümə!
Yolumda min bir çığır...
Haraya üz tuturam
Ümidlərim sarsılır, duyğularım ağrıyır.
Etibarım çat verib, –
yaxşı bildiklərimin gör neçə üzü varmış!
Mənə məni tanıdan şəffaf aynaların da
əyrisi, düzü varmış...
 
Nolar azdırın məni,
ay bəxtəvər xəyallar!
Ağ atlı səadətim
bəlkə itdiyim yerdə gəlib mənə rast ola!
Ruhum üsyanlarına bəlkə son qoya bilə!
Bəlkə qəlbimin gözü sevincdən doya bilə?!
 
Neçə ki, itməmişəm
tapmayacam özümü,
Yaşaya bilməyəcəm
ürəyim istəyəntək ürəyimdən keçəni.
Qayğısız xəyallarım,
Qorxusuz xəyallarım,
Getdiyiniz yerlərdə bir gün azdırın məni!

 





25.06.2013    çap et  çap et